Məhkəmə qərarları › İş №2(3-8)-442/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-442/2026

23.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-442/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış əmək dövrü üçün əməkhaqqı tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rəhimli Lalə Elxan qızından və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı, onun nümayəndə və vəkili Vəkil, cavabdeh Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət məktəbinin nümayəndəsi nümayəndə3 və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron- Xızı Regional Mədəniyyət İdarəsinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı itarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbi tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış əmək dövrü üçün əməkhaqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin direktoru nümayəndə3 ##.##.2025-ci il tarixli, ** saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin məktəbə “müəllimə” vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə əməkhaqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2002-ci ildə əmək fəaliyyətinə başlamış, ##.##.2011-ci ildə Abşeron rayonu Saray qəsəbə incəsənət məktəbinə müəllim vəzifəsinə işə qəbul olunmuş, ##.##.2025-ci ildə Abşeron rayon Saray qəsəbə uşaq incəsənət məktəbinin müəllimi vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad olunmuşdur. Ümumi iş stajı 14 il 4 ay təşkil edir. İddiaçı həmin məktəbdə işlədiyi müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşmış, daim intizamlı olmuş, əmək funksiyalarını vaxtında və vicdanla yerinə yetirmişdir. Rəhbərlik tərəfindən bir dəfə belə cəzalandırılaraq intizam məsuliyyətinə cəlb olunmamış, daim kollektivin hörmət və etiramını qazanmışdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində musiqi və incəsənət sahəsində təhsilin keyfiyyətinin aparılması və müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin atestasiya prosesi həyata keçirilməyə başlanılmış, bu məqsədlə iddiaçı da attestasiya olunacağı barədə xəbərdarlıq məktubuna imza etməklə müvafiq bildirişi alaraq xəbərdar edilmişdir. Daha sonra ##.##.2025-ci il tarixində attestasiya keçirilmiş və nəticədə guya attestasiya komissiyasının 5 üzvünün 2-nin lehinə, 3-nün isə əleyhinə verilmiş qərarı ilə iddiaçının “iş fəaliyyətinə uyğun olmaması” barədə qərar qəbul edilmiş və müvafiq attestasiya vərəqəsi doldurulmuşdur. Attestasiya zamanı iddiaçı sualların çoxuna cavablar versə də, qərəzli olaraq əleyhinə 2 səs verilmişdir. Yəni atestasiya qərəzli keçirilmiş, atestasiya vərəqəsinin 7-ci bəndində göstərilmiş suallara verilmiş cavablar da əleyhinə səslə qiymətləndirilmiş, verilmiş cavablar attestasiya vərəqəsində qeyd edilməmiş, sanki hədəf müəllimləri bilərəkdən attestasiyadan kəsmək və onları işdən çıxarmaq olmuşdur. Attestasiya Komissiyasının qərəzliliyi audio-video yazı ilə tam təsdiq oluna bilər. Elə həmin tarixdə də, yəni ##.##.2025-ci il tarixdə iddiaçıya attestasiyadan keçmədiyi bildirilmiş, bunun sadəcə bir imtahan olduğunu, heç kimin işdən çıxarılmayacağını bildirmişlər. Lakin daha sonra keçirilmiş attestasiyanın nəticələri əsas götürülərək iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmamasına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) cavabdehin ##.##.2025-ci il tarixli, ** saylı əmri ilə xitam verilmiş və o vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə, həmçinin Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə ##.##.2001-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya Komissiyasının sədri iddiaçının bu vəzifəyə yararsız olduğunu bildirmişdir. Halbuki o, 14 il 04 aydır ki, həmin məktəbdə müəllim vəzifəsində çalışmışdır. Əgər iddiaçı bu vəzifə üçün yararsız idisə, 14 il 04 ay ərzində orada necə işləmişdir? Burdan aydın şəkildə görünür ki, rəhbərliyin məqsədi onu tutduğu vəzifəyə uyğunluğunu yoxlamaq deyil, əsassız iddialarla və bəhanə ilə, qərəzli şəkildə onu işdən uzaqlaşdırmaq olmuşdur. Halbuki iş yerlərinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələrinin ləğv edilməsinə yol verilmir. Belə ki, Əmək Məcəlləsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək Məcəlləsinin 70-ci maddəsində dəqiq göstərilmişdir. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun gəlmədiyi haqqında qərar qəbul edərsə, işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır. İşəgötürənin belə imkanları olmadıqda və ya işçi başqa işə keçirilməkdən imtina edərsə, onda onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləğv edilə bilər. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçıya hər hansı münasib iş təklif edilməmiş, iddiaçı başqa işə keçməkdən imtina etməmişdir. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən tərəfindən iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən vəzifədən azad olunması əsassız olmuşdur. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı itarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia tələbi təmin edilmiş, cavabdeh Saray Qəsəbə Uşaq İncəsənət Məktəbinin ##.##.2025-ci il tarixli, ** saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, iddiaçı İddiaçı əvvəlki iş yerinə (Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbi) və vəzifəsinə (Xor-dirijor müəllimi) bərpa edilməsi, ##.##.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əməkhaqqının cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbi tərəfindən iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən bəzi suallara cavab verildiyi halda cavablandırılmadığı qeyd olunmuş, verilmiş cavabın səhv və ya düz olduğu qeyd edilməmiş, “zəif” kateqoriyasına aid edilmişdir. Belə ki, İddiaçı attestasiya imtahanlarında çəkilmiş videogörüntülərə aid CD-disk materialının tədqiqi zamanı aşkarlanmışdır ki, iddiaçı tərəfindən “12. A dur D7?” və “13. Ölçülər?” suallarına müəyyən cavablar verilsə də, həmin sualların cavabında düzgün və ya yanlış cavab olduğu qeyd olunmadan, sadəcə “cavablamadı” kimi qeyd olunmuşdur. Əlavə olaraq, iddiaçıya Cahangir Cahangirovun oratoriya yaradıcılığı barədə sual verilmiş, iddiaçı tərəfindən bu sual cavablanmış, lakin attestasiya vərəqində həmin sual, eləcə də suala verilmiş cavab öz əksini tapmamışdır. Bundan əlavə komissiya üzvləri tərəfindən iddiaçıya verilmiş sualları cavablamaq istərkən ona cavab verməyi üçün kifayət qədər şərait yaradılmamış, sözü kəsilmiş, bu səbəbdən cavablamaq cəhdləri baş tutmamış, bununla da obyektivlikdən uzaq yanaşma, qərəz müşahidə olunmuş, iddiaçının lehinə 2, əleyhinə 3 səs verilmişdir. Həmçinin attestasiya vərəqindən görünür ki, iddiaçının attestasiya keçirilən vaxta 14 il 04 ay əmək stajı mövcuddur. Attestasiya komissiyasının qərəzliliyi audio-video yazı ilə tam təsdiq olunur. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilməlidir. Bu qanunvericilik aktlarında attestasiyanın ədalətli və obyektiv keçirilməsi, işçilərin peşəkarlığının düzgün qiymətləndirilməsi nəzərdə tutulur. Həmçinin, attesatasiya komissiyanın işçilərə qarşı qərəzsiz yanaşması və qiymətləndirmə zamanı hər hansı mənfi mövqeyin nümayiş etdirilməməsi vurğulanır.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.3, 65.1, 65.3, 65.5, 65.6,65.7, 67.1, 67.2, 67.5,70, 288,300.1-ci maddələrinə, “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2001ci il tarixli, ** nömrəli qərarının 1.2, 2.4, 2.6, 2.7, 3.1, 3.2,3.3-cü bəndlərinə istinad edərək iddianı təmin etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbi tərəfindən apellyasiya şikayəti verilərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı itarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öncədən imtahanın keçiriləcəyi haqda məlumatlandırılmış və imtahana hazırlaşması üçün suallar verilmişdir. Bu müddət ərzində iddiaçının imtahana normal qaydada hazırlaşması, peşə bacarıqlarını və biliklərini nümayiş etdirməsi üçün kifayət qədər imkan yaradılmışdır. Eləcə də attestasiya komissiyası tərəfindən keçirilmiş imtahan zamanı iddiaçıya verilən suallar xüsusi çətinlik kəsb etməyən, sadə və peşə fəaliyyəti ilə birbaşa bağlı olan mövzulardan ibarət olmuşdur. Buna baxmayaraq iddiaçı İddiaçı həmin sualları cavablandırmaqda acizlik göstərmiş, lazımi bilik və hazırlığını ortaya qoya bilməmişdir. Hansı ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixində keçirilmiş attestasiya imtahanından Attestasiya vərəqəsindən də göründüyü kimi verilmiş bəsit sualları cavablandıra bilməmiş və leyhinə 2, əleyhinə 3 səs toplamaqla attestasiya imtahanından kəsilmiş və qanunla müvafiq qaydada keçirilmiş attestasiyanın nəticələri əsas götürülərək iddiaçının əmək müqaviləsinə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin ##.##.2025-ci tarixli, 81№-li əmrinə əsasən elə həmin tarixdən ƏM-nin 70-ci maddəsini “c” bəndinə əsasən işdən azad edilməsi əmr edilmişdir. “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli, ** nömrəli qərarının 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Əlavə olaraq vurğulanmalıdır ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən attestasiya imtahanından yaxşı nəticə göstərməyən müəllimlər üçün ödənişsiz təlim keçirilmiş və iddiaçı İddiaçı keçirilmiş təlimlərdə iştirak etmiş və daha sonra təkrar imtahanda iştirak etmişdir. Lakin buna baxmayaraq iştirak etdiyi hər iki imtahandan ixtisası ilə bağlı verilmiş suallar qarşısında acizlik göstərmiş, ixtisasına aid sualları cavablandıra bilməmiş və olduqca aşağı nəticə göstərmişdir. Buna görə də iddianın işə bərpa barəsində hissəsi rədd edilməli olduğundan, işə bərpa edilməli olmayan iddiaçının iş buraxması məcburi hesab edilə bilməz və ona məcburi işburaxmaya görə əmək haqqı ödənilə bilməz. Eləcə də iddiaçı ##.##.2025-ci il tarixdə Abşeron * saylı Mediasiya Təşkilatına müraciət etmiş, ##.##.2025ci il tarixdə İlkin Mediasiya Sessiyasında İştirak Edilməməsi barədə arayış tərtib edilmişdir. Bundan 5 ay sonra iddiaçı məhkəmədə “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış əmək dövrü üçün əməkhaqqı” tələbinə dair iddia qaldırmışdır. Qeyd edirik ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Tərəf mediasiya təşkilatına müraciət etdiyi vaxtdan müddətin axımı dayanır və mediasiya arayışı aldığı vaxtdan isə müddətin axımı başlayır. Belə olan halda iddiaçı işə bərpa tələbi ilə 1 aylıq iddia müddətini ötürdükdən xeyli sonra, yəni noyabr ayında məhkəməyə (işdən çıxarıldıqdan təxminən 05 ay sonra) müraciət etdiyindən iddia tələbi əsassızdır və Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026cı il tarixli qətnaməsi ləğv edilməlidir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Həmçinin hazırda direktor vəzifəsini müvəqqəti icra edən şəxs orta təhsilli müəllimədir. Hüquqi savadı olmadığından müddətin ötürülməsindən, proseslərin gedişindən anlayışı olmadığı üçün birinci instansiya məhkəməsinin gedişində lazımı məqamları vurğulaya bilməmişdir. Xüsusi olaraq qeyd edir ki, iş üzrə mütəxəssis dəvət olunmalı və onun iştirakı ilə İddiaçı attestasiya imtahanlarında çəkilmiş videogörüntülərə aid CD disk materialı tədqiq edilməli idi. Lakin iş üzrə mütəxəssisin iştirakı olmadan CD disk materialı ilə tanış olunmuşdur. Məhkəmə araşdırması zamanı sübutların qiymətləndirilməsi ədalətlilik, tərəflərin bərabərliyi və qərəzsizlik prinsipləri əsasında aparılmalıdır. Lakin konkret halda mütəxəssis qismində çıxış edən şəxsin iştirakı olmadan məhkəmə iclası keçirilərək CD disk tədqiq edilmişdir. Bu isə sübutların obyektiv və hərtərəfli araşdırılması prinsipinə ziddir. Nəticə etibarilə, məhkəmədən xahiş olunur ki, zərurət yarandığından Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ixtisaslı mütəxəssisin təyin edilməsi məsələsinə baxılsın. Hesab edir ki, yalnız tərəfsiz və peşəkar yanaşma əsasında verilmiş izahat iş üzrə həqiqətin müəyyən edilməsinə xidmət edə bilər və məhkəmənin ədalətli qərar qəbul etməsinə zəmin yaradar.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin nümayəndəsi nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, attestasiya komissiyası imtahan götürmüş, attestasiya vərəqəsində nəticələr qeydə alınmış, həmin nəticələrə görə müəllim öz vəzifəsinə uyğun deyildir. Eyni zamanda iddia müddəti ötürülmüşdür. Buna görə də iddianın təmin olunmamasını xahiş edir. Birinci instansiya məhkməsində məhkəmə prosesində iştirak etmiş, müddətin tətbiqi barədə ərizə verməmişlər. Videogörüntülərlə tanış olmadığından suallara verilmiş cavabla attestasiya vərəqəsindəki uyğunsuzluqlar barədə məlumatı yoxdur. Müəllim xordirijor ixtisası üzrə təhsil aldığından müəllimi dərs saatı ilə təmin etmək məqsədilə ona xor-dirijorluğun əsasları fənninin tədrisi həvalə olunmuşdur. Attestasiya komissiyası qiymətləndirmə aparıb, qiymətləndirmə ilə bağlı suala cavab verə bilməz. Müəllim təlimə də göndərilib, lakin imtahandan keçməyib, ondan sonra məktəbə qarşı iddia qaldırıb. Özü də imtahanda iştirak etmiş, komissiya üzvünün tələbi ondan ibarət olub ki, müəllim yalnız bir notu eşidərək dominant septakkordu qursun, yəni pianoya toxunmadan özü oxusun. Septakkord özü 3-4 səsdən ibarətdir, lakin iddiaçı pianoda bütün notları ifa edir, ona görə də komissiya üzvü öz narazılığını bildirir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, apellyasiya şikayətinin dəlili iddia müddətinin tətbiqi ilə bağlıdır. Lakin birinci instansiya məhkəməsində cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməyib. Bununla yanaşı, attestasiya imtahanı zamanı iddiaçı suallara cavab versə də, attestasiya vərəqəsində həmin suallara cavab veriımədiyi qeyd olunmuşdur. Attestasiya qaydalarına uyğun olaraq suallara cavab ya doğru, ya da yanlış olmalıdır, lakin attestasiya komissiyasının üzvləri “qismən cavab verdi” kimi qaydalara uyğun olmayan ifadələrdən istifadə etmişlər. İmtahan zamanı komissiya üzvləri bir suala cavabı almamış, növbəti suala keçərək iddiaçının cavablarını dinləməmiş, bununla da, düzgün cavab verdiyi sualları gözardı etmiş, ona qərəzli münasibər göstərmişlər. İddiaçı 14 il həmin vəzifədə çalışıb, hazırda başqa gəlir yeri yoxdur, subaydır, anası ilə birgə yanaşır. Əgər iddiaçı öz vəzifəsinə uyğun olmasa idi, 14 ildir həmin vəzifədə işləməsinə şərait yaradılmazdı. İddiaçıya bəstəkarlar barədə sual verildikdən dərhal sonra digər bir komissiya üzvü tərəfindən sadalanan bəstəkarlardan biri barədə sual verilir, həmin suala cavabını yekunlaşdırmamış dərhal başqa bir sual verilmiş və əvvəlki suala cavab yanlış olaraq qeydə alınmışdır. Attestasiya vərəqəsinə nəzər salınsa görünər ki, iddiaçının ona verilən sualları düzgün cavabladığını görən komissiya üzvləri artıq onun ixtisasına aid olmayan suallar verməyə başlamış, qərəzli mövqe sərgiləyərək öz vəzifəsinə uyğun olmaması barədə nəticəyə gəlmişlər. Məktəbin digər iki müəllimini müdafiə etmişdir əlehinə, 5 səs verilmiş müəllim işə bərpa olunub, necə ola bilər ki hazırki məqamda müəllim 3 səslə işdən azad olunsun. Eyni zamanda, qarşı tərəf müəllimin ona verilmiş suallardan neçəsinə düzgün cavab verdiyi halda imtahandan keçə biləcəyi barədə suala da cavab verə bilmir. Məktəbin digər müəllimləri məhkəmənin qərarı ilə işə bərpa olunmuş, lakin məktəb həmin qərarlardan apellyasiya şikayəti verməmişdir, görünür ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı qərəz olmuşdur. MİQ imtahanının attestasiya imtahanına aidiyyəti yoxdur. İddiaçı susmayıb, suallara cavab verməyə çalışıb. Sualların xeyli hissəsinə cavab verdiyi halda iddiaçının lehinə 2 səs verilməli deyildi. Attestasiya vərəqəsi mövcud olsa da, attestasiya nəticələrinə uyğun müəssisə rəhbərliyinin qərarı və onun qəbul olunduğu tarix mövcud deyil. İşəgötürən həmin qərarı qəbul etmədən, işçi ilə müqaviləsinə xitam vermişdir. Hazırda qarşı tərəfdən həmin qərarın məhkəməyə təqdim edilməsini tələb edir. Mütəxəssis rəyi ilə tanışdır, rəydə ziddiyyətli məqamlar var, mütəxəssis birinci abzasda hüquqlarını müdafiə etdiyi şəxsin musiqiçi kimi bacarığının qənaətbəxş olduğunu bildirsə də, sonda isə orta-aşağı kimi qiymətləndirərək komissiyanın rəyi ilə razı olduğunu bildirmişdir. Rəyin yalnız birinci abzası ilə razıdırm, digər hissələrlə razı deyil. Əgər 10 suala 7 doğru cavab verilmişdirsə, ona 2 lehinə, 3 əleyhinə səs verilməməlidir. Hesab edir ki, qiymətləndirmə ilə bağlı qaydalara düzgün əməl edilməmişdir, iddia müddətinin ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsində ərizə verilmədiyindən həmin dəlil də əsassızdır, odur ki, apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, hazırda əlavə heç bir tələbi yoxdur, sadəcə işinə bərpa olunmaq istəyir. Solfecio üzrə dərs demişdir, sonuncu ildə xor dərsini ona həvalə ediblər, imtahanı da həmin fənn üzrə götürüblər. A dur D7 ilə bağlı verilmiş suala əsasən səsli oxumalı idi, lakin həyəcanlı olduğundan ilk olaraq pianoda notu tutub daha sonra oxumaq istəyib, ilk olaraq oxumağına imkan verməsələr də, sonra oxuyub və düzgün ifa etdiyini bildirdilər. Cahangir Cahangirovun oratoriyası barədə imtahan zamanı sual verilsə də həmin sual və suala cavab attestasiya vərəqəsində qeydə alınmayıb. İfa etdiyi əsərin bəstəkarı barədə verilən suala cavaba versə də attestasiya vərəqəsində bu barədə qeyd yoxdur. Ölçülər barədə suala düzgün cavab versə də, qeyd olunmayıb. O, tələbələrinə hansı şəkildə izah edirsə, imtahan zamanı da A dur D7 barədə suala o şəkildə cavab vermişdir. Müəllim ilk olaraq pianoda ifa etməli daha sonra isə səsli oxumalıdır. Azərbaycanda ilk dövlət xoru barədə sualı cavablamışdır. İmtahanda çox həyəcanlı olmuşdur, səsli oxumalı olduğum məqamda oxuya bilməmiş, lakin Adur -u qurmuşdur, rəydə də bu haqda qeyd olunub.

13. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin nümayəndəsi nümayəndə1 bildirdi ki, videogörüntülərlə tanış olmadığından attestasiya vərəqəsində qeyd olunanlarla bağlı uyğunsuzlar barədə məlumatı yoxdur. İmtahan zamanı verilmiş suallara yalnız mütəxəssis düzgün cavab verə bilər, bu baxımdan qarşı tərəfin vəkilinin izahatı ilə razı deyil. Komissiya 5 nəfərdən ibarətdir, hər bir üzv öz sahəsinə aid suallar ünvanlayır, yekunda öz verdiyi suallara uyğun bal verir, yekunda 3 əlehinə, 2 lehinə səslə kəsilənlər yenidən təlimə cəlb olunur, test və müsahibə imtahanından keçdikdən sonra işə davam edir. Komissiya üzvlərinin verdiyi sualların sayı dəyişə bilir. İddiaçı attestasiya vərəqəsində cavablamadığı qeyd olunan sualları cavablamış olsa idi, imtahandan keçərdi. Mütəxəssis rəyində hər şey açıq-aydın qeyd olunub, mütəxəssis iddiaçının musiqiçi kimi bacarığının ümumi qənaətbəxş olduğunu, müvafiq suallara cavab verə bilməməsinin təəssüf doğurduğunu, sonda da komissiyanın rəyi ilə razılaşdığını bildirmişdir. Müəllimin neçə bal topladığı təqdirdə imtahandan keçə biləcəyi barədə suala gəldikdə, bu barədə məlumatı yoxdur. 2 lehinə, 3 əleyhinə səs toplamış müəllimlər təlimlərə cəlb edildikdən sonra test imtahanı verir, testdən uğur qazananar yenidən üz-üzə imtahana buraxılırlar, həmin imtahandan uğur qazandıqları təqdirdə müəllimlik fəaliyyətlərinə davam edirlər.

İşdə olan sübutlar

14. AB-II ****** nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1997-ci ildə Sumqayıt musiqi texnikumuna daxil olmuş, ##.##.2001-ci ildə xor dirijorluğu ixtisası üzrə tam kursu bitirmiş, dövlət ixtisas komissiyasının ##.##.2001-ci il tarixli qərarı ilə ona xor dirijoru, musiqi və solfecio müəllimi ixtisası verilmişdir.

15. ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı ##.##.2011-ci il tarixdə Abşeron rayonu Saray qəsəbə uşaq incəsənət məktəbinin nəzəriyyə şöbəsinə müəllim vəzifəsinə işə qəbul edilmiş, ##.##.2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

16. Attestasiya vərəqəsindən görünür ki, ##.##.2025-ci il tarixdə Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət məktəbinin xor-dirijor müəllimi İddiaçı attestasiyada iştirak etmiş, attestasiya nəticələrinə görə o, tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Həmçinin attestasiya vərəqəsində İddiaçı verilən suallar və cavabları hissəsində “1. İştirakçı əsərlərini zəif (xaric) drijorluq etdi. 2. Əsərini orta səviyyədə ifa etdi. 3. Partiyaları zəif göstərdi. 4. R.Hacıyev yaradıcılığı? - cavabladı. 5. V.Adıgözəlov yaradıcılığı? -cavabladı. 6. Ü.Hacıbəyli muğam operaları? - cavabladı. 7. Azərbaycanda ilk dövlət xoru? -cavablamadı. 8. Üzdən oxu nümunəsini orta səviyyədə ifa etdi. 9. Eyni adlı qammalar və parallel qammalar haqqında?- cavabladı. 10. A dur? cavabladı. 11. Diyezli qammalar ardıcıllığı? - cavabladı. 12. A dur D7? - cavablamadı. 13. Ölçülər? cavablamadı. 14. Ölçülərdə drijorluq? - cavablamadı. 15. Rekviem nədir? cavabladı. 16. Heydər oratoriyası kimindir? - cavablamadı. 17. Çahargah xoru hansı operadandır? cavablamadı. 18. Bayatı şiraz muğamını kim yazıb xor üçün? cavablamadı. 19. Müasir bəstəkarlar? - cavablamadı” ifadələri qeyd olunmuşdur.

17. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin ##.##.2025-ci il tarixli, ** saylı əmrindən görünür ki, Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin Attestasiya komissiyasının ##.##.2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və ##.##.2025-ci il tarixli * nömrəli protokolu əsasında Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin müəllimi İddiaçı ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı qanunvericiliyə uyğun olaraq son haqq-hesabının ödənilməsinin təmin edilməsi əmr edilmişdir.

18. Azərbaycan Milli Konservatoriyası tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət məktəbinin müəllimi İddiaçı bir musiqiçi kimi bacarığını ümumən qənaətbəxş hesab etmək olar. Buna komissiya üzvlərinin rəyi (lehinə 2, əleyhinə 3) əsaslı sübutdur. Lakin hər bir dirijorun bilməli olduğu bəzən elementar səviyyəli tapşırıqların öhdəsindən gələ bilməməsi əlbəttə ki, təssüf doğurdu. Dirijorluq qabiliyyəti, intonasiya bacarığı orta səviyyədədir. Komissiyanın “5/4 ölçüsünü necə dirijorluq edərsiniz?” sualının cavabını verə bilmədi, lakin Adur-da D7 oxuya bilməsə də, səbəb olaraq zil registr olduğunu gətirdi və eyni akkordu komissiyanın tapşırığına əsasən C səsindən oxudu və həll etdi. Bununla da, məhz bu suala cavabın öhdəsindən qismən gəlmiş oldu. Təəssüf doğuran məqamlardan biri də iddiaçının Azərbaycan xor sənətinin təşəkkülündə orijinal istiqaməti təşkil edən “Cahargah” və “Bayatı Şiraz” xorunun bəstəkarlarını tanımaması və müasir bəstəkarlıq məktəbi barədə informasiyasının tamamən olmaması idi. Beləliklə, Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət məktəbinin müəllimi İddiaçı ümumi bacarığını ortaaşağı qiymətləndirərək, komissiyanın qərarı ilə tam razı olduğunu bildirmək istəyir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi 2.3. Həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67.2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2. a) Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

70. “c”. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları:

1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 1.6. Azsaylı müəssisələrin işçilərinin attestasiyasını yuxarı orqanların attestasiya komissiyaları keçirir. Bu müəssisələrin siyahısını tabe olduqları qaydada yuxarı təşkilatlar müəyyən edir; 2.4. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 3.1. Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 3.2. Attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; 3.3. Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. 3.5. Yuxarı icra orqanları attestasiyanın düzgün keçirilməsinə rəhbərliyi təmin edir və nəzarəti həyata keçirir, kadrların attestasiyası işini təkmilləşdirmək, attestasiya işini dərindən öyrənmək, təhlil edib ümumiləşdirmək əsasında müsbət təcrübənin yayılması üzrə tədbirlər görür.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsu qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri:

22. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı itarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı itarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir.

24. Məhkəmə kollegiyası ilk öncə iddia müddətinin ötürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Cavabdeh tərəfindən isə birinci instansiya məhkəməsində iş baxılarkən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verilməmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilini əsassız hesab etmişdir.

25. Bununla yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və gəldiyi nəticənin əsaslandırılması ilə razılaşmayaraq qeyd edir ki, iddianı təmin edən birinci instansiya məhkəməsi iddiaçının attestasiya zamanı müəyyən sullara cavab verməsinə baxmayaraq, attestasiya kommissiyasının iddiaçıya qarşı qərəzli olması nəticəsinə gəlməklə iddianı təmin etmişdir. Lakin, iş materiallarında olan attestasiya vərəqəsinə görə isə atesstasiya zamanı iddiaçı ona verilmiş suallardan 7 sualı cavablamış, 8 sualı cavablamamış, zəif drijorluq etmiş, partiyaları zəif göstərmiş, əsəri və üzdən oxu nümunəsini orta səviyyədə ifa etmişdir. Məhkəmə kollegiyası attestasiya komissiyasının gəldiyi nəticənin obyektivliyinin müəyyən edilməsi üçün mütəxəssis təyin etmiş və əldə edilmiş Azərbaycan Milli Konservatoriyasının ##.##.2026-cı il tarixli mütəxəssis rəyi ilə iddiaçının ümumi bacarığının orta-aşağı səviyyədə olması qiymətləndirilərək, attesstasiya komissiyanın qərarının düzgün olmasına dair rəy verimişdir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır.

26. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı itarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

27. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı itarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar