Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-449/2026 14.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X2 və X3 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, cavabdeh Cavabdeh işə baxılıb iş yekunlaşana kimi nəzərdə tutulan, ödənilən məhkəmə dövlət rüsumlarının (hal-hazırda iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödədiyi 100 (bir yüz) manat məhkəmə dövlət rüsumunun) və gələcəkdə ödənilə biləcək məhkəmə dövlət rüsumlarının, həmçinin cavabdehin sentyabr ayından başlayaraq mənzildən çıxmadığı hər ay üçün kirayə xərclərinin 300 manatdan hesablanaraq müəyyən edilmiş məbləğin (bu günə qədər sentyabr və oktyabr ayları üçün iddiaçıya ödənilməmiş kirayə haqqı hər ay üçün 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat təşkil edir) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Daşınmaz əmlakın reyestr nömrəsi 309012001134-05301-093035 olmaqla 1421020416 qeydiyyat nömrəsi ilə ##.##.2021-ci ildə qeydiyyata alınmışdır. Cavabdeh Cavabdeh baş vermiş hadisəyə qədər tanımamış, onunla qohumluq və hər hansı formada yaxın tanışlıq münasibətləri olmamışdır. Belə ki, iddiaçı ailə vəziyyəti ilə bağlı həmin ünvan 2 ünvanında yerləşən sənədlə bir otaqlı, faktiki iki otaqlı əşyasız, yalnız kombi sistemi olan mənzilini kirayəyə vermək qərarına gəlmişdir. Ona görə də mənzilin açarını Oktaya vermişdir. Bir müddət sonra, ## #### 2025-ci il tarixdə Oktay iddiaçıya zəng edərək bildirmişdir ki, mənzilə kirayəçi tapmışdır. Oktay da iddiaçının iştirakı olmadan mənzilin açarını həmin qadına təhvil vermişdir. Təxminən avqust ayının 13-də gecə saat 04:45 radələrində iddiaçıya zəng gəldi, zəng edən polis əməkdaşı olduğunu və 3-cü Polis Bölməsindən zəng etdiyini bildirdi. Həmçinin bildirdi ki, “mənzilinizdə hadisə baş vermişdir, evdə səs-küy var, səs-küyə gəlmişlər, ama halhazırda səs-küy kəsilmişdir, bölməyə gəlin». İddiaçı da həmin şəxsə uzaq məsafədə, Sumqayıt şəhərindən kənarda olmağı barədə məlumat vermiş, polis əməkdaşı isə əvəzində “gəlməlisiniz, evinizdə cinayət hadisəsi baş verə bilər, qapını açmırlar” - söyləmişdir. İddiaçı zəngi dayandırıb, Cavabdeh zəng edərək nə hadisə baş verdiyini, polisin ona zəng etdiyini bildirmişdir. Cavabdeh isə cavabında bildirmişdir ki, özü evdə deyil, evdə olan onun bacısıdır, ona qapını açmağını söyləyəcyini bildirmişdir. Amma zəng etməsinə baxmayaraq qapı açılmadı. İddiaçı da polis əməkdaşına qapını sındırmalarını bildirmiş, lakin polis əməkdaşı bildirmişdir ki, iddiaçı olmadan olmadan qapını sındıra bilməyəcəklərini bildirmişlər. İddiaçı məcbur qalıb 102 xidmətinə zəng vurub, hadisə barədə məlumat vermiş və səsinin yazılmasını, qeydə alınmasını xahiş etmişdir. Sonra təkrar Cavabdeh zəng vurub «səndə bil, mənzilin qapısı sındırılacaq, qapını açın» demişdir. Bundan sonra Rəqsanə bildirmişdir ki, qapıda heç kim yoxdur. 5-10 dəqiqədən sonra Rəqsanənin polisin yanında olduğu barədə məlumat almışdır. Baş vermiş hadisəyə görə bir gün sonra rayondan qayıtmış və polisin dəvətinə əsasən 3-cü Polis Bölməsində olmuş və izahat yazmışdır. Cavabdeh da, ilk dəfə həmin vaxt 3cü Polis Bölməsində görüb və tanımışdır. Baş vermiş hadisədən sonra məsuliyyəti dərk edərək narahat olduğu üçün Cavabdeh mənzilini boşaltmasını və mənzilin açarını təhvil verməsini tələb etmişdir. Hətta Cavabdeh bildirmişdir ki, tərəfindən vasitəçiyə ödənilmiş 100 (bir yüz) manatı, mənzil kirayə xərci olaraq ödədiyi 300 (üç yüz) manatı, cəmi 400 (dörd yüz) manatı ona qaytarmağa hazırdır, təki mənzilini boşaltsın. Cavabdeh isə 3-cü Polis Bölməsində onunla əl-qolla danışaraq mənzilə əşya quraşdırdığını - 2000 (iki min) manat, sonrakı danışıqlarında isə mənzilə əşya quraşdırdığını - 2500 (iki min beş yüz) manat pulunu verməsini daha sonra çıxacağını bəhanə gətirmiş, mənzilini boşaldıb, açarı təhvil verməkdən imtina etdi. İddiaçı məcbur qalıb X1 ilə birlikdə 3- cü Polis Bölməsinə getsə də, ona mübahisənin mülki xarakterli olmasını və məhkəməyə müraciət etməsini bildirmişlər. Cavabdeh Cavabdeh bu günədək iddiaçının mənzilində yaşamasına və tələb etməsinə baxmayaraq, nə mənzilin sentyabr ayının, nə də oktyabr ayının kirayə haqqını ödəməmiş, nə də mənzilini könüllu olaraq boşaltmamış, mənzilin açarını təhvil verməmişdir. Göründüyü kimi yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsi, cavabdeh Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən məhkəmədənkənar çıxarılması qeyri-mümkündür. Mülkiyyətçi hüquqları kobud şəkildə pozulduğundan hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in ##.##.2021-ci il tarixli çıxarışına əsasən ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
5. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh iddiaçı İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 21 A, ** saylı mənzilindən çıxarılması, iddiaçı İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## #### 2006cı il tarixli Qərarı, “Mülkiyyət hüququnu təmin edən * saylı Protokolun 1-ci maddəsi, Avropa Konvensiyasına dair (## #### 1952-ci il tarixli) * saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 406.1, 406.2 və 406.3-cü maddələri, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə * saylı Protokolun 1-ci maddəsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarı, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 14.2, 77.1, 88, 217.4, 216-220, 227-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çıxarılmış qətnamə tamamilə qanunsuz və əsassızdır. Hazırkı işdə tərəflər arasında şifahi formada bağlanmış kirayə müqaviləsinin olmasına baxmayaraq, məhkəmə bu halı nəzərə almamışdır. Belə ki, iddiaçı aralarında bağlanmış şifahi kirayə müqaviləsinə əsasən, sözügedən mənzili ona uzun müddətə kirayəyə verəcəyinə söz vermişdir. O, nə qədər xərc çəkərək, əşyalarını həmin mənzilə daşıtmış, fəhlə tutmuşdur. Sözügedən mənzilə köçmək üçün xeyli xərc çəkmişdir. Buna baxmayaraq, məhkəmə bu faktları nəzərə almamış, işin faktiki hallarını tam və ətraflı araşdırmadan qətnamə çıxarmışdır. Tərəflər arasında şifahi də olsa kirayə müqaviləsi bağlanmışdır. Məhkəmə isə bu şifahi razılığı qətiyyən nəzərə almadan, iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Onun qalmağa başqa bir yeri olsa idi, nəyə görə kirayədə yaşayırdı. Hazırda onun qalmağa heç bir yeri yoxdur. Məhkəmə isə bu halı nəzərə almamış və onun mənzildən çıxarılmağı barədə qətnamə çıxarmışdır. Bu isə onun hüquqlarının kobud şəkildəpozulması deməkdir. Bu səbəblə də çıxarılmış qətnaməni tamamilə qanunsuz və əsassız hesab edir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
10. İddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmsinin bildirdi ki, cavabdeh tərəfindən cəmi bir ay kirayə haqqı verilmiş, hazırki vaxtadək kirayə haqqı ödənilməmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, mənzilindən çıxmır.
11. İş üzrə cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
12. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə;
15. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 21 A, ** saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdeh Cavabdeh həmin mənzilə kirayəçi qismində qəbul edilmiş və hazırda həmin mənzildə yaşayır. Cavabdehin həmin məzildə yaşamasına baxmayaraq öhdəliyini yerinə yetirmir, kirayə haqqını ödəmir. Qeyd edilən əsasla çıxış edən iddiaçı araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
20. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir /bax bənd 5/.
21. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. İşin müəyyən edilmiş mübahisəsiz hallarından göründüyü kimi tərəflər arasında şifahi kirayə hüquq münasibətləri yaranmış, iddiaçı mülkiyyətində olan mənzili cavabdehin kirayəsinə vermiş, lakin cavabdeh bir ay kirayə haqqı ödədikdən sonra öhdəliklərini yerinə yetirməmiş, artıq xeyli müddətdir ki, kirayə haqqını ödəmir, eləcə də iddiaçı-mülkiyyətçi dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq mənzili təhvil verməkdən imtina edir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayəti verərək etirazını bildirsə də, əsaslandığı hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
24. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə aparan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
25. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizədir, heç bir sübuta əsaslanmır. İş üzrə birinci instansiya məhkəməsi araşıdırılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsinin ləğvi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 385 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.