Məhkəmə qərarları › İş №2(3-8)-451/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-451/2026

07.05.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-451/2026 07.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh cavabdeh2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 fevral 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. ##.##.2026-cı il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 1, mənzil 14-də yerləşən 3 otaqlı mənzilin bugünkü bazar qiymətləri ilə satış qiyməti 130000 (yüz otuz min) manat aralığında qiymətləndirilir.

2. Azərbaycan respublikası “xxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, MB **/**** saylı arayışdan görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllədə 1-ci mərtəbədə yerləşən 1 otaqlı balkonsuz orta təmirli mənzillərin orta aylıq kirayə haqqı 300 manat təşkil edir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “xxxx” publik hüquqi şəxsin * saylı sumqayıt Ərazi İdarəsi tərəfindən daxil olmuş ##.##.2025-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsinə dair arayışdan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75,31 kvadratmetr olan mənzilin hüquqmüəyyənedici sənədlərə əsasən ## ###### 2025-ci il tarixə bazar dəyəri 96000 manat təşkil edir.

4. Azərbaycan Respublikası Sumqayıt Şəhər Texniki İnvertarlaşdırma Bürosu tərəfindən verilmiş ##.##.1992-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən üç otaqlı, yaşayış sahəsi 53,64 kvadratmetr, köməkçi sahəsi 21,67 kvadrat metrdən ibarət olan * nömrəli evin ** saylı yaşayış mənzili şəxsi mülkiyyət hüququ əsasənda Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin müvafiq qərarı əsasında İddiaçı verilmişdir.

5. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrrüfatı İstehsalat Birliyinin * saylı Mənzil-Kommunal sahəsindən daxil olmuş ##.##.2025-ci il tarixli, *** saylı ailə tərkibi haqqında arayışdan görünür ki, cavabdeh1, İddiaçı, Məmmədov Mahir Gülməmməd oğlu, X3 və Məmmədov Hüseyn Mahir oğlu ünvan 1 ünvanında yaşayan cavabdeh2 ailə üzvləridir.

6. ##.##.2025-ci il tarixli akta əsasən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı, Məmmədov Mahir Gülməmməd oğlu, onun həyat yoldaşı X3, oğlu Məmmədov Hüseyn Mahir oğlu və X1 qeyd edilən ünvanda qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar. Hal-hazırda həmin ünvanda qeydiyyatda olan cavabdeh2 və cavabdeh1 yaşayırlar.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 12000 manat verilməklə iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri,1ci məhəllə, ev 1-də yerləşən ** saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və əmlakları ilə birlikdə bu mənzildən çıxarılmaları barədə qətnamə qət edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri,1-ci məhəllə, ev 1, mənzil 14-də yerləşməklə bu mənzil üzərində iddiaçının mülkiyyət hüquqları AR DƏDRX * saylı Sumqayıt ərazi idarəsində qeydə alınmış və onun adına ##.##.1992-ci ildə qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh cavabdeh2 iddiaçının qızı - cavabdeh cavabdeh1 ilə onun övladıdır. Artıq xeyli müddətdir ki, cavabdehlər iddiaçı ilə yola getmirlər və onların birgə yaşayışı mümkünsüzdür. Onların bu hərəkətləri ilə bağlı iddiaçı dəfələrlə polisə müraciət etmiş, lakin ailədaxili münaqişə həll olunmamışdır. Nəticədə iddiaçı və bu mənzildə onunla birgə yaşayan oğlu ailə üzvləri ilə bu mənzili tərk etmək məcburiyyətində qalmışdır. Cavabdehlərlə birgə yaşamaq mümkünsüzdür və buna görə də vəziyyətdən çıxış yolu olaraq iddiaçı onlara kompensasiya təklif etmək qərarına gəlmiş və onlara 12000 manat kompensasiya verməklə onların bu mənzili tərk etmələrini məqsədəuyğun hesab etmişdir. Təklif edilən bu məbləğ cavabdehlərin 3 ildən artıq müddətdə kirayədə yaşaması üçün yetərli məbləğdir. Belə ki, bu ərazidə eyni tipli mənzillərin aylıq kirayəsi 250-300 manat civarındadır.

9. Cavabdeh cavabdeh2 ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, iş üzrə iddiaçı İddiaçı tərəfindən verilən iddia ərizəsini əsassız hesab edir. Belə ki, Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 1,** saylı mənzil onun anasının tam mülkiyyətindədir. Mülkiyyət haqqında şəhadətnamə alınanda o azyaşlı olmuş və bu səbəbdən onun razılığı tələb olunmamışdır. Bundan başqa onun ailəsinə dövlət tərəfindən 2 otaqlı ev verilmiş və 2 otaqlı ev veriləndə cavabdeh nəzərə alınmış və ona görə qanunla nəzərdə tutulan evin sahəsi böyüdülmüşdür. Həmçinin, sözügedən mənzilə cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı əsasında qızı cavabdeh1 ilə birlikdə köçürülmüşdür. Göstərilən mənzilin bütün kommunal xərcləri cavabdeh tərəfindən 15 ildən artıqdır ki, ödənilir. Yuxarıdakıları nəzərə alaraq məhkəmədən iddiaçının tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin 18 fevral 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Elçin Kazımov).

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən görünür ki, A.G. Məmmədovanın mübahisəli mənzilə bağlı hüquqları 1992-ci ildə, B.A. Əsədullayevanın isə hüquqları 2005-ci ildə yaranmışdır. Buna görə də, məhkəmə hesab edir ki, 1-ci cavabdehə münasibətdə Mülki Məcəllənin, 2-ci cavabdehə münasibətdə isə Köhnə Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. 2009-cu ildə qüvvədən düşmüş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir . Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir.Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin ##.##.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğun deyildir. Belə ki, evin bazar qiyməti, həmin ərazidə və şəraitdə olan evlərin aylıq kirayə haqqı baxımından kompensasiya məbləği ağlabatan deyildir. Məhkəmə iclasında iddiaçı İddiaçı hər iki cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi üçün ümumilikdə on beş min manat kompensasiya verməsi təklif edilsə də, o bundan imtina etmişdir.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1, 228.2-ci, 2009-cu ildə qüvvədən düşmüş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 60, 87 və 123-cü madələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” ##.##.2001-ci il tarixli qərarı və R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2007-ci il tarixli qərarının tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin dəlilləri

13. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 18 fevral 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o mübahisəli mənzilin mülkiyyətçisidir və həmin əmlak üzərində tam mülkiyyət hüququna malikdir. Cavabdehlərin həmin mənzildə qalması onun mülkiyyət hüququnun həyata keçirilməsinə ciddi məhdudiyyət yaradır. “xxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, MB **/**** saylı arayışa əsaslanaraq cavabdehlərin başqa yaşayış sahəsində müəyyən müddət ərzində kirayə qalmaq imkanını təmin etmək məqsədilə tərəfindən 12 000 (on iki min) manat məbləğində kompensasiya təklif edilmişdir. Qətnamədə həmçinin göstərilmişdir ki, məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi üçün ümumilikdə 15 000 manat məbləğində kompensasiya təklif edilmiş, lakin cavabdeh İddiaçı bundan imtina etmişdir. Qeyd etmək lazımdır ki, belə bir kompensasiya təklifi faktiki olaraq ona edilməmişdir. Əgər belə bir təklif edilsə idi, o, 15 000 (on beş min) manat məbləğində kompensasiyanı ödəməyə hazırdır.

Apellyasiya şikayətinə qarşı etiraz

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlilərini müdafiə edərək təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlilərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Konstitusiyasının:

13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

22. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2007-ci il tarixli qərarı: Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir.

24. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiymətinə uyğun kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.

25. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət edərək onlara 12000 manat kompensasiya ödənilməsini təklif etmişdir. Birinci instansiya məhkəməsi isə həmin məbləği kifayət hesab etməmiş, lakin kompensasiyanın hansı konkret məbləğdə müəyyən edilməli olmasını prosessual qaydada tam və aydın şəkildə müəyyən etmədən iddianın rədd olunması nəticəsinə gəlmişdir.

26. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2016cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarında qeyd olunur ki,”... Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır.

27. Kollegiya qeyd edir ki, kompensasiya məbləğinin konkret olaraq müəyyən edilməməsi və iddiaçının həmin məbləğə münasibətinin lazımi qaydada aydınlaşdırılmaması dispozitivlik prinsipinin tələblərinə tam uyğun olmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Məhkəmə qətnamədə iddiaçıya 15.000 manat kompensasiya məbləğinin verilmısinə dair təklif irəli sürüldüyünü qeyd etsə də, sonuncu məhkəmə iclas protokolu ilə müəyyən edilir ki, iddiaçıya konkret məbləğ təklif edilməmiş, yalnız məbləğin artırılması təklif edilmişdir.

28. İşə apellyasiya qaydasında baxılarkən mənzilin bazar dəyəri, həmin ərazidə olan mənzillərin orta kirayə haqqı, cavabdehlərin yaşayış vəziyyəti, tərəflərin mənafeləri və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla kompensasiya məbləğinin cavabdehlərin hər birinə 7500 manat verilməklə cəmi 15000 manat müəyyən edilməsi ağlabatan və ədalətli hesab edilmiş, buna dair məhkəmə kollegiyasının iclasında iddiaçıya təklif irəli sürülmüşdür. İddiaçı isə həmin məbləğdə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsinə etiraz etmədiyini bildirmişdir.Həmçinin apellyasiya şikayətinin dəlilində də iddiaçı bunu qeyd etmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını araşdırarkən kompensasiya məbləğinin təklifi barədə düzgün nəticəyə gəlmədiyindən qətnamə ləğv edilməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 fevral 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı İddiaçı tərəfindən cavabdehlər cavabdeh2 və cavabdeh1 hər birinə 7500 (yeddi min beş yüz) manat olmaqla cəmi 15.000 (on beş min) manat məbləğində kompensasiya ödənilməklə cavabdehlərin Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 1, ** saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər cavabdeh2 və cavabdeh1 Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 1, ** saylı mənzildən cəmi 15.000 (on beş min) manat kompensasiya məbləğinin verilməsi ilə əşyaları ilə birlikdə eyni vaxtda çıxarılsınlar. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar