Məhkəmə qərarları › İş №2(3-8)-585/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-585/2026

02.06.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-585/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: zəbt edilmiş torpaq sahəsinin qaytarılması və ondan maneəsiz istifadə hüquqununun təmin edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən 4,34 ha torpaq sahəsinin zəbt edilmiş hissəsinin cavabdeh tərəfindən boşaldılaraq, qaytarılması və ondan maneəsiz istifadə hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, reyestr nömrəsi ************, qeydiyyat nömrəsi 2908001902 olan ##.##.2008-ci il tarixli Çıxarış sənədindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində 4.342473 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kimi əkin sahəsi məqsədi ilə onun mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şamaxı Ərazi İdarəsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh da mülkiyyətinə verilmiş torpaq sahəsi ona məxsus torpaq sahəsinin üzərinə düşmüşdür. Cavabdehdə verilmiş torpaq sahəsi də ona məxsus torpaq sahəsinin qonşuluğunda yerləşir. Amma o, cavabdeh Cavabdeh verilmiş torpaq sahəsinin Çıxarışını və ya digər sənədini əldə edə bilmir. Elektron xəritədə ona məxsus 4.342473 ha torpaq sahəsi qırmızı xətlə göstərilmişdir. Lakin özünə məxsus torpaq sahəsinin zəbt olunmasını öyrəndiyindən torpağının sərhədlərinin və koordinatlarının müəyyən edilərək özünə qaytarılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şamaxı Ərazi İdarəsindən mənə göndərilmiş *-**-*-**/*-S-****-**/**** saylı, ## ######## 2024-cü il tarixli cavabda yazılmışdır ki, ona məxsus torpaq sahəsi 0.16 ha azalaraq 4.18 ha kimi torpaqların elektron kadastr uçotu informasiya sisteminə işlənilmişdir. Yekunda bu mübahisə ilə bağlı Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. O, Azərbaycan Respublikasının ərazi btövlüyü ilə əlaqədar 2013-cü ildən etibarən 2-ci qrup əlildir, şəhid ailəsinin üzvüdür, müharibə veteranıdır. O, cavabdehdən torpaq sahəsinin boşaldılmasını xahiş etsə də cavabdeh buna məhəl qoymamışdır. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş edir.

3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia təmin edilmiş, iddiaçı İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 4,342473 ha olan torpaq sahəsinin 0,1329 ha hissəsinin cavabdeh Cavabdeh tərəfindən boşaldılaraq, iddiaçıya təhvil verilməsi, həmin sahədən iddiaçının maneəsiz istifadə hüququnun təmin edilməsi, cavabdeh Cavabdeh 100 manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X6 kod 210005 VÖEN 1401555071, m/h AZ41NABZ01360100000000003944, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: 1700326621, Hesab: AZ34CTRE00000000000002088501) hesabına köçürülməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən 4,342473 ha torpaq sahəsinin bir hissəsi zəbt olunmaqla, həmin torpaq sahəsindən istifadəyə maneələr yaranmışdır. Belə ki, MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətinə 4,342473 ha torpaq sahəsi verilsə də, faktiki istifadəsində 4,04 ha torpaq sahəsi vardır. MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən olan 4,342473 ha torpaq sahəsi başqa şəxslərin mülkiyyətindəki pay torpaqları və faktiki istifadədə olan həyətyanı torpaq sahələri ilə üstüstə düşür. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUIS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarında X3 azaldılaraq 4,18 ha torpaq sahəsi işlənmişdir. MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 4.342473 ha torpaq sahəsinin cavabdeh Cavabdeh faktiki istifadəsində olan 0.1329 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsi cavabdeh tərəfindən dəmir torla çəpərlənmişdir. Beləliklə, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi zəbt olunduğundan onun qanuni mənafeyinə xələl gətirilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 157.,164.1, 165.1, 170.1, 170.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tamamilə qanunsuz və əsasız çıxarılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Seriya MFI № ******* nömrəli, Reyestr nömrəsi ************, qeydiyyat nömrəsi 2908001902 olan ##.##.2008-ci il tarixli Çıxarışa əsasən Şamaxı rayonu, Çuxuryurd kəndində 4.342473 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kimi əkin sahəsi məqsədi ilə onun mülkiyyətinə verilmişdir. Onun adına hal-hazırda istifadəsində olan torpaq sahəsi bələdiyyə qərarı əsasında verilmişdir. Bu qərar iddiaçının adına çıxarış verilməmişdən qabaq ona verilib. Belə ki, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarı ilə Şamaxı rayonu Çuxuryurd kəndindən 0,12 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini həmin vaxtdan özü qəbul edib istifadə etmişdir. Hal-hazırda həmin qərar qüvvədədir və mübahisələndirilməyib. Eyni zamanda məhkəmə tərəfindən bu sübutları araşdırılmamışdır. Ona Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarı ilə Şamaxı rayonu Çuxuryurd kəndindən 0,12 ha torpaq sahəsi verilməsi barədə qərar tam qüvvəsindədir. İddiaçı qərarlarla razı olmadığı halda həmin qərarları inzibati qaydada mübahisələndirməlidirlər. Məhkəmə qanunsuz, ədalətsiz qərar çıxarmaqdan savayı həm də məhkəmə aidiyyatını pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, bələdiyyədən 2005-ci ildə 0.12 ha torpaq sahəsi almışdır, sənədləri var, lakin çıxarışı yoxdur. 2005-ci ildən həmin torpaq sahəsini istifadə edir. İstifadəsində olan torpaq sahəsinin sağ və sol tərəfində yerləşən torpaq sahələrinin çıxarışı var, lakin maddi imkanı olmadığından çıxarış ala bilməmişdir. İddiaçının çatışmayan torpaq sahəsinin onun torpaq sahəsinin sağ və solunda başqa torpaq sahələri olduğu halda niyə məhz onun torpaq sahəsinə düşməsini anlamır. İllər öncə torpaq sahəsini satmaq istəmiş, bununla bağlı reyestr xidmətinin nümayəndələri gəlib ölçmə işləri aparıblar, X2 adına plan-ölçü sənədi verilib, bunun səbəbini bilmir, alqı-satqı da baş tutmayıb, hazırda torpaq sahəsi istifadəsindədir. Bələdiyyə sənədi 2005-ci il tarixlidir. 2005-ci ildən torpaq sahəsini dəmir hasara almışdır, arada əkin işləri aparmışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, 4.34 ha torpaq sahəsi var, 1996-cı ildən istifadəsindədir, 2008-ci ildə çıxarış əldə etmişdir. Reyestr Xidmətinin mütəxəssisləri torpaq sahəsini ölçüblər, məlub olub ki, 34 sot əskikdir. Ona məxsus olan çatışmayan torpaq sahəsi iki hissəyə bölünərək hazırki cavabdeh və digər şəxsə verilmişdir. Qonşuluqdakı torpaq sahələrindən birinə çıxarış alıblar, lakin həmin çıxarış mübahisədən sonra alınmışdır, hazırda həmin şəxsə qarşı çıxarışın ləğv edilməsi tələbi ilə məhkəmdə iddia qaldırmış, onun istifadəsində olan torpaq sahəsi 9 sotdur. Reyestr Xidmətinə qarşı dəfələrlə iddia qaldırmışdır, ona məxsus torpaq sahəsinin 34 sotu çatışmır. Torpaq sahəsini azaltmayıblar, əgər Reyestr Xidməti ümumi azaltma işi görsə idi, qonşuluğunda olan torpaq sahələrində də azalma olardı, lakin onların torpaq sahələri yerindədir. Torpaq sahəsinin 34 sot əskik olduğunu təzəlikcə öyrənmişdir, əvvəl düşünürdü ki, 3-4 sot əskikdir ona görə məhkəmə mübahisəsinə ehtiyac yoxdur. Torpaq sahəsi yolun kənarında yerləşir. Apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin ** saylı Şamaxı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. Hüquqların Dövlət qeydiyyatı haqqında xxxxndən Seriya MH ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 4,342473 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır.

14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şamaxı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda göstərilmişdir ki, ************ reyestr nömrəli Çıxarışda göstərilən 4,342473 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində 0,16 ha azalaraq, 4,18 ha kimi işlənmişdir. Naturada (yerində) ölçülən torpaq sahəsi 4,04 ha-dır. İslahat xəritəsinə əsasən isə 4,342473 ha torpaq sahəsinin plan ölçü sənədində göstərilən koordinatlar naturada digər şəxslər tərəfindən istifadə edilən torpaq sahəsi ilə üst-üstə düşür. Yuxarıda qeyd olunanlarla bağlı Şamaxı rayon polis şöbəsinin müvafiq müraciəti əsasında, Şamaxı rayon polis şöbəsinə ətraflı məlumat verilmişdir. Torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyənləşdirmək Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Odur ku, qeyd olunanlarla bağlı torpaq sahəsi üzərində mübahisə yarandığından, Azərbaycan Respublikasının Topraq Məclləsinin 103-cü maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

15. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarilxi **/**** nömrəli ekspert rəyindən göstərilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsin ** saylı Şamaxı Ərazi İdarəsinin ##.##.2025-cü il tarixli, 321 -3-41 /*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında xxxxndən MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı Qendalı oğluna məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 4,342473 ha torpaq sahəsinin yerləşdiyi ərazi naturada faktiki istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin sahə və konfiqurasiya uyğunsuzluğu vardır. Belə ki, MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən X4 mülkiyyətinə 4,342473 ha torpaq sahəsi verilsədə faktiki istifadəsində 4,04 ha torpaq sahəsi vardır. MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən olan 4,342473 ha torpaq sahəsi başqa şəxslərin mülkiyyətindəki pay torpaqları və faktiki İstifadədə olan həyətyanı torpaq sahələri ilə üst-üstə düşür. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUIS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarında X3 azaldılaraq 4,18 ha torpaq sahəsi işlənmişdir. Elektron uçot xəritə məlumatlarında (TEKUIS) İddiaçı torpaq sahəsinin az işlənməsinə səbəb onun torpaq sahəsinin yerləşdiyi massivdə əkinə yararlı torpaq çatışmamazlığıdır. Bu səbəbdən həmin massivdə pay torpaqları olan bütün mülkiyyətçilərin torpaq sahəsi azaldılaraq işlənmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsini naturada göstərmiş və koordinatları müəyyənləşdirilmişdir. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi 0,1329 ha təşkil edir. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinə X2 adına ************* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi aşkar olundu. Həmin plan-ölçü sənədinin təsdiq olunmuş surəti rəyə əlavə olunur. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçı İddiaçı Qendalı oğlunun faktiki istifadəsində olan, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 4,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdeh Cavabdeh tərəfindən müdaxilə edilməmişdir. Cavabdeh faktiki istifadəsində olan 0,1329 ha torpaq sahəsi bütünlüklə MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş elektron xəritə məlumatlarında İddiaçı Qendalı oğluna azaldılaraq işlənmiş 4,18 ha torpaq sahəsi ilə Cavabdeh faktiki istifadəsində 0,1329 ha torpaq sahəsi üst-üstə düşmür. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 4.342473 ha torpaq sahəsinin cavabdeh Cavabdeh faktiki istifadəsində olan 0.1329 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsi cavabdeh tərəfindən dəmir torla çəpərlənmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

17. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respbulikası Prezidentinin ## #### 2016-cı il tarixli, *** saylı Fərmanı

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

Apellyasiya baxışının hədləri

19. Məhkəmə kollegiyası tərəfindən Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.

21. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, MH seriyalı, ******* nömrəli mülkiyyət hüququna dair Çıxarışa əsasən Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən 4,34 ha torpaq sahəsi iddiaçı X3 mülkiyyətinə verilsə də işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsin ** saylı Şamaxı Ərazi İdarəsinin ##.##.2025cü il tarixli mütəxəssis rəyindən göründüyü kimi “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respbulikası Prezidentinin ## #### 2016-cı il tarixli, *** saylı Fərmanının icrası ilə bağlı Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUIS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarında X3 mülkiyyətindəki torpaq sahəsinin həcmi azaldılaraq 4,18 ha müəyyən edilmişdir. Cavabdeh Cavabdeh faktiki istifadəsində olan 0,1329 ha torpaq sahəsi isə Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) İddiaçı mülkiyyəti kimi qeydə alınmış 4,18 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Buna görə də cavabdehin iddiaçının torpaq sahəsini zəbt etməsi faktı istisna olunmaqdadır. İşə baxan birinci instaniya məhkəməsi isə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin azaldılaraq 4,18 ha olması və cavabdehin faktiki istifadəsində olan 0,1329 ha torpaq sahəsinin 4,18 ha torpaq sahəsinə aidiyyətinin olmamasını nəzərə almadan iddianı təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir.

22. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şamaxı Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli məktubla iddiaçıya mülkiyyətində olan 4,34 ha torpaq sahəsinin azaldılaraq, mülkiyyətində 4,18 ha torpaq sahəsinin saxlanılması bilidirilsə də iddiaçı daşınmaz əmlakın dövlət reyestirini aparan orqanın qeyd olunan qərarına əhəmiyyət vermədən və cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin onun mülkiyyətində saxlanılan 4,18 ha torpaq sahəsi ilə aidiyyətinin olubolmamasını aydınlaşdırmadan hazırkı iddianı qaldırmışdır.

23. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçı İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X6 kod 210005 VÖEN 1401555071, m/h AZ41NABZ01360100000000003944, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: 1700326621, Hesab: AZ34CTRE00000000000002088501) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar