Məhkəmə qərarları › İş №2(3-8)-754/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-754/2026

07.07.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-754/2026 07.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər Abşeron rayonu Pirəkəşkül kənd cavabdeh2 və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5-Xızı Regional Təhsil İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsi, ##.##.2025-ci il tarixdən onun işə bərpa olunması və yekun məhkəmə qətnaməsi qəbul olunana kimi məcburi iş buraxma müddətinə görə əmək haqqının verilməsi, həmçinin mediasiya təşkilatına ödənilmiş 50 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Abşeron rayonu Pirəkəşkül kənd cavabdeh2 dalandar vəzifəsində işləmişdir. ##.##.2025-ci ildə cavabdeh bağçanın müdiri Rövşən Səfərəliyev onun həyat yoldaşı X10 çağıraraq bağçanın bağlandığını bildirmiş, onun adından həyat yoldaşına ərizə yazdıraraq və imza etdirərək onu işdən azad etmişdir. Halbuki hazırkı gündə də Pirəkəşkül kənd cavabdeh2 fəaliyyət göstərir. Cavabdeh əmrin surətini və əmək kitabçasını ona verməmişdir. O, 2-ci qrup ruhi xəstə qızının olması, maddi vəziyyətinin ağır olması, qızının fəaliyyət qabiliyyətsiz elan olunması barədə məhkəməyə müraciət etdiyini bildirsə də bağça müdiri bunlara məhəl qoymamışdır. Hesab edir ki, o, öz arzusu ilə işdən çıxmaq barədə ərizə yazmadığından, həmin ərizəyə imza etmədiyindən və müdiriyyət saxtakarlıq edərək, onu işdən azad etdiyindən əmr ləğv edilməli və o, öz işinə bərpa olunmalı, məcburi iş buraxma müddətinə görə cavabdehlər tərəfindən ona əmək haqqı ödənilməlidir.

3. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5-Xızı Regional Təhsil İdarəsi tərəfindən iddia ərizəsinə qarşı etiraz verilərək qeyd edilmişdir ki, iddiaçı İddiaçı Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Abşeron rayonu Pirəkəşkül kənd ** nömrəli uşaq bağçasında dalandar vəzifəsində çalışmışdır. Bağçanın ##.##.2025-ci il tarixli, ** nömrəli əmri ilə müəssisənin ştat cədvəlində 2,5 ştat vahidi olmaqla xadimə-dayə və dalandar vəzifələri ixtisar edilmişdir. İddiaçıya xəbərdarlıq bildirişi təqdim edilmiş, o, ərizə yazaraq ##.##.2025-ci il tarixdən əmək müqaviləsinin kompensasiya ödənilməklə işəgötürən tərəfindən ləğv edilməsini xahiş etmişdir. Həmkarlar Komitəsinin razılığı alınmaqla bağçanın ##.##.2025-ci il tarixli, ** saylı əmri ilə iddiaçının əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilmişdir. Belə olan halda iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə bağça tərəfindən verilmiş əmr qanunidir. Bu əmrin ləğv edilməsi üçün hər hansı qanuni əsas mövcud deyildir. Əmək Məcəlləsinin “İşəgötürənin əsas hüquqları” adlanan 11-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüququdur (1-ci hissə, “b” bəndi). Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh olunmasına dair ##.##.2021-ci il tarixli qərarı). İddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürülmüş faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız olduğu üçün digər, yəni işə bərpa edilmə və s. tələblərinə də məhkəmə tərəfindən hüquqi qiymət verilməsinə zərurət yoxdur. Göründüyü kimi iddiaçı iddiasının dəlillərini tam və ətraflı əsaslandırmamış, tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, ərizəni ümumi və manupilyasiya xarakterli sözlərlə əsaslandırmağa çalışmışdır. İddiaçıya münasibətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, ##.##.2025-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş göstərişə əsasən xadimə və dalandar ştatları ixtisar edilmişdir. İddiaçı xəbərdarlıq müddəti gözləməklə əmək haqqı, istifadə edilməmiş məzuniyyət və işdən çıxarılma müavinəti toplanılmaqla müəyyən miqdarda haqq almışdır. Həmçinin əlavə olaraq bildirir ki, onlarla əməkdaşlıq edən təşkilatlarda da vakant vəzifələr olur və məşğulluq xidmətinə təklif edilir, iddiaçı işlə bağlı məhz həmin quruma müraciət edə bilər. Bundan əlavə cavabdeh qurumun nümayəndəsi hazırkı tələbə iddia müddətinin tətbiq olunması barədə ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “İddia müddətinin tətbiqi” adlanan 375-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Maddə 375.2). İddiaçı Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Abşeron rayonu Pirəkəşkül kəndi ** nömrəli uşaq bağçasında dalandar vəzifəsində çalışmışdır. Bağçanın ##.##.2025-ci il tarixli, ** nömrəli əmri ilə müəssisənin ştat cədvəlində 2,5 ştat vahidi olmaqla xadimə-dayə və dalandar vəzifələri ixtisar edilmişdir. İddiaçıya xəbərdarlıq bildirişi təqdim edilmiş, o, ərizə yazaraq ##.##.2025ci il tarixdən əmək müqaviləsinin kompensasiya ödənilməklə işəgötürən tərəfindən ləğv edilməsini xahiş etmişdir. Həmkarlar Komitəsinin razılığı alınmaqla bağçanın ##.##.2025-ci il tarixli, ** saylı əmri ilə iddiaçının əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilmişdir. Göründüyü kimi iddiaçı işdən azad edildiyi gün, yəni ##.##.2025-ci i tarixdə əmrlə tanış olmuş, əmək müqaviləsinə xitam verildiyini həmin vaxt bilmişdir. İddiaçı həmin tarixdən etibarən 1 ay ərzində idarəyə və bağçaya qarşı mediasiya prosesi başlatmamışdır. Hazırkı mediasiya arayışının alınmasına əsas olmuş mediasiya prosesi isə bağçaya ##.##.2025-ci il tarixli mediasiya ərizəsinin göndərilməsi ilə başlanılmış, iddia ərizəsi isə məhkəməyə ##.##.2025-ci il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh olunmasına dair ##.##.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir..Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahihəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı iddia müddətini ötürmüşdür. Yəni iddiaçı işdən azad edilməsi faktını ##.##.2025-ci il tarixdə bilsə də idarəyə və bağçaya qarşı mediasiya prosesini ##.##.2025-ci il tarixdə başlatmış, bununla da qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.

4. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Abşeron rayonu Pirəkəşkül kənd cavabdeh2 ##.##.2025-ci il tarixli, ** nömrəli əmri ilə müəssisənin ştat cədvəlində 2,5 ştat vahidi olmaqla xadimə-dayə və dalandar vəzifələri ixtisar edilmiş, iddiaçıya xəbərdarlıq bildirişi təqdim edilmiş, iddiaçı da ərizə yazaraq, ##.##.2025-ci il tarixdən əmək müqaviləsinin kompensasiya ödənilməklə işəgötürən tərəfindən ləğv edilməsini xahiş etmiş, Həmkarlar Komitəsinin razılığı alınmaqla bağçanın ##.##.2025-ci il tarixli, ** saylı əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Göründüyü kimi iddiaçı İddiaçı işdən azad edildiyi gün, yəni ##.##.2025-ci il tarixdə əmrlə tanış olmuş, əmək müqaviləsinə xitam verildiyini həmin vaxt bilmiş, lakin həmin tarixdən etibarən 1 ay ərzində idarəyə və bağçaya qarşı mediasiya prosesi başlatmamışdır. Hazırkı mediasiya arayışının alınmasına əsas olmuş mediasiya prosesi bağçaya ##.##.2025-ci il tarixli mediasiya ərizəsinin göndərilməsi ilə başlanılmış, iddia ərizəsi isə məhkəməyə ##.##.2025-ci il tarixdə göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı iddia müddətini ötürmüşdür. Yəni iddiaçı əmək müqaviləsinə xitam verildiyini ##.##.2025-ci il tarixdən bilsə də bağçaya qarşı mediasiya prosesini ##.##.2025-ci il tarixdə başlatmış, hazırkı tələblə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmiş, bununla da qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bundan başqa məhkəmə tədqiq edilmiş sübutlar əsasında cavabdeh Abşeron rayonu Pirəkəşkül kənd cavabdeh2 müdiri X4 tərəfindən verilmiş “Əmək müqaviləsinə xitam verilməsi barədə” ##.##.2025-ci il tarixli, ** nömrəli əmrin ləğv edilməsi tələbinin rədd edilməsi nəticəsinə gəldiyindən hesab edir ki, iddia tələbinin digər hissələri həmin hissədən birbaşa asılı olduğundan həmin hissələrə hüquqi qiymət verilməsi zərurətini də aradan qaldırmışdır.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296., Mülki Məcəllənin 375.2-ci maddələrinə istinad edərək iddianı təmin etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 10 ildən artıq müddətdə Abşeron rayonu, Pirəkəşkül kənd cavabdeh2 ocaqçı, daha sonra dalandar işləmişdir. ##.##.2025-ci il tarixdə bağçanın müdiri Rövşən Səfərəliyev həyat yoldaşını kabinetinə çağıraraq ona ərizə verərək üzündən köçürməyi və imzalamağı tapşırmışdır. Həyat yoldaşı öz yerinə və onun əvəzinə işdən çıxmaq barədə ərizə yazaraq imzalamışdır. Sonradan bu barədə məlumat alanda müdirin yanına getmişdir. Ona bağçanın bağlandığını bildirmişdir. Ona maddi vəziyyətinin ağır olması, himayəsində 2-ci qrup ruhi xəstə qızının olması, qızının fəaliyyət qabiliyyətsiz elan olunması üçün məhkəməyə müraciət etməyini bildirmişdir. Dəfələrlə tələb etməyinə baxmayaraq bu günə kimi nə əmək kitabçası, nə də əmrin surəti ona verilməmişdir. Maaşını kartdan çıxararkən son haqq-hesabın kartına yükləndiyini bilmişdir. Bir iş yerində 10 ildən artıq işlədiyindən həmin məbləğ də düz hesablanmamışdır. Bağça bu gün də fəaliyyət göstərir. 27 il bir bağçada işləmiş həyat yoldaşı X10 ixtisara salınmış, 2 il bağçada işləyən qadını isə işdə saxlamışlar. Məhkəmə iddianı rədd edərkən müdiriyyətin saxtakarlıq etdiyini, onun deyil, əvəzinə həyat yoldaşına ərizə yazdırıb, ona imza etdirməsinə, işdən azad edərkən əmək qanunvericiliyinə əməl edilməməsinə, məhkəməyə müraciət etməyinin qarşısını almaq üçün qəsdən hazırkı günədək əmək kitabçasının və əmrin surətinin ona verilməməsinə düzgün qiymət verməmişdir. Bu səbəbdən qətnamədən narazıdır. Hazırkı mübahisəyə iddia müddəti tətbiq edilə bilinməz. Çünki cavabdeh qəsdən əmək kitabçasını və əmrin surətini verməyərək onun vaxtında məhkəməyə müraciət etməyini əngəlləmişdir. Hətta mediator zəng edib işdən çıxarılmaq səbəbini aydınlaşdırmaq istəyəndə ona məlumat verilməmiş və mediasiya sessiyasına gəlməkdən imtina edilmişdir. Himayəsində olan ruhi xəstə qızı Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Müdiriyyət işdən çıxmaq barədə ərizəni həyat yoldaşına yazdırmış, ərizəyə əvəzinə ona imza etdirmişdir. O, heç bir bildirişlə tanış edilməmişdir. Ştatın ixtisar edilməsini məhkəmədə öyrənmişdir. Əmək kitabçası və əmrin surəti ona verilməmiş, əmrlə tanış olmamışdır. Ona ştatın ixtisar ediləcəyini deyil, ümumiyyətlə bağçanın bağlanılacağı bildirilmişdi. Lakin bağça bu gün də fəaliyyət göstərir. İxtisara salınmaq barədə ona məlumat verilməmiş, məhkəməyə müraciət etmək üçün əmək kitabçasıı və ya əmrin surətini istədikdə verməmişlər.

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, onun xəbəri olmadan işdən azad ediblər, heç yerə imza etməmişdir. İlk olaraq dedilər ki, bağça bağlanır. Arvadına deyiblər ki, gedib imza etsin. Sonra da onun da əvəzinə imza etmişdir. Amma bağça hazırda fəaliyyət göstərir. İndi də işsiz qalmışdır, başqa heç yerdə işləmir. Sentyabrın 15-ində işə getmiş, deyiblər ki, işdən çıxarılmışdır. Sentyabrın 15-indən sonra işə getməmiş, işdən çıxarılan vaxt son haqq-hesab ona ödənilmişdir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin sbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasənişə qeyd edilən nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

12. Abşeron rayonu Pirəkəşkül kənd cavabdeh2 rəhbəri X2 ilə işçi İddiaçı arasında əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı ##.##.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı Abşeron rayonu Pirəkəşkül kənd cavabdeh2 dalandar vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsinin müddətsiz bağlanması qeyd edilmişdir.

13. Abşeron rayonu Pirəkəşkül kənd cavabdeh2 müdiri vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən verilmiş Xadimə-dayə, dalandar ştat vahidlərinin ixtisarı haqqında ##.##.2025-ci il tarixli, ** nömrəli əmrin surətindən görünür ki, Abşeron rayonu Pirəkəşkül kənd ** nömrəli bağçasında keçirilən Pedaqoji Şuranın * nömrəli protokolun qərarı ilə ##.##.2025-ci il tarixdən uşaq kontingentinin son illərdə kəskin azalması nəticəsində qrupların komplektləşdirilməsində çətinliklərin yaranması, müəssisənin fəaliyyətinin davam etdirilməsinin səmərəsizliyi, dövlət büdcəsi və maddi-texniki resurslardan daha səmərəli istifadə olunması zərurəti, həmçinin məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Abşeron rayonu Pirəkəşkül kənd ** nömrəli bağçasının 1 qrupun fəaliyyəti ## ######## 2025-ci il tarixindən dayandırılmışdır. Bu səbəbdən müəssisənin ştat cədvəlində xadimədayə və dalandar vəzifələri üzrə hər biri 1 ştat vahidi, xadimə dayə vəzifəsi üzrə 0,50 ştat olmaqla cəmi 2,5 ştat vahidi ## ######## 2025-ci il tarixindən etibarən bağçanın müvafiq əmri ilə ixtisar edilmişdir. Qeyd olunanları rəhbər tutaraq, Abşeron rayonu Pirəkəşkül kənd ** nömrəli bağçasının ştat cədvəlində xadimə-dayə və dalandar vəzifələri üzrə hər biri 1 ştat vahidi, xadimə-dayə vəzifəsi üzrə 0,50 ştat olmaqla cəmi 2,5 ştat vahidinin ## ######## 2025-ci il tarixindən etibarən bağçanın müvafiq əmri ilə ixtisar edilməsi, kadrlar üzrə müvafiq sənədləşmə işlərinin aparılması, əmək münasibətlərinin ləğvinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (ştat ixtisarına) uyğun həyata keçirilməsi və əmək münasibətləri ləğv olunan işçilərə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3.4-cü hissəsinə əsasən və kompensasiya ödənilməsinin təmin edilməsi əmr edilmişdir.

14. Abşeron rayonu Pirəkəşkül kənd ** nömrəli bağçanın xadimə-dayə vəzifəsində çalışan X3 və X10, həmçinin dalandar vəzifəsində çalışan İddiaçı ünvanlanmış Əmək müqaviləsinin ləğv edilməsi barədə xəbərdarlıq bildirişinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, əmək müqavilələrinə uyğun olaraq, Quliyeva Zinyət Zərdаn qızına ##.##.2025-ci il tarixdə, X10 və İddiaçı isə ##.##.2025-ci il tarixdə iş yerlərinin ixtisar ediləcəyi barədə xəbərdarlıq olunmuş, əmək müqavilələrinin əmək stajı nəzərə alınmaqla, qeyd olunan tarixlərdə ləğv ediləcəyi bildirilmiş, əlavə olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq ərizə ilə razılığın bildirildiyi təqdirdə, işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqından az olmamaqla əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verilə biləcəyi qeyd edilmişdir.

15. Abşeron rayonu Pirəkəşkül kənd cavabdeh2 dalandar vəzifəsində çalışan İddiaçı tərəfindən həmin bağçanın müdir əvəzi X4 ünvanlanmış və müvafiq qaydada təsdiq edilən ##.##.2025-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü və 4-cü hissələrinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin ona xəbərdarlıq müddəti əvəzinə müəyyən etdiyi ödənişi və işdən çıxarma müavinətini qəbul edib əmək müqaviləsinə ## ######## 2025-ci il tarixdən xitam verilməsinə öz razılığını bildirmişdir.

16. Abşeron rayonu Pirəkəşkül kənd ** nömrəli bağçası Həmkarlar Komitəsinin iclasının ##.##.2025-ci il tarixli, ** nömrəli protokolunun surətindən görünür ki, Abdullayeva Xəyalə Əliyar qızının sədrliyi, Səfərova Günay Məmməd qızının katibliyi ilə 5 nəfərdən ibarət tərkibdə olan Həmkarlar Komitəsinin iclası Abşeron rayonu Pirəkəşkül kənd ** nömrəli bağçasında vəzifəsi ixtisara düşən xadimə-dayə X3 və X10, dalandar vəzifəsində çalışan İddiaçı iştirakı ilə ##.##.2025ci il tarixdə keçirilmiş, komitə üzvləri tərəfindən irəli sürülmüş təklifə 5 nəfər lehinə səs verilmiş və işəgötürən tərəfindən Abşeron rayonu Pirəkəşkül kənd ** nömrəli bağçasında xadimə-dayə X3 və X10, dalandar vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqavilələri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatın ixtisarı ilə ləğv edilməsinin məqsədəmüvafiq hesab edilməsi qərara alınmışdır.

17. Abşeron rayonu Pirəkəşkül kənd cavabdeh2 müdiri X4 tərəfindən verilmiş “Əmək müqaviləsinə xitam verilməsi barədə” ##.##.2025-ci il tarixli, ** nömrəli əmrin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu Pirəkəşkül kənd cavabdeh2 “Dalandar” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış *******000200 nömrəli əmək müqaviləsinə «AR ƏM-nin 70-ci maddəsinin “b” bəndi — işçilərin sayı və ya ştatları ixtisar edildikdə» maddəsinə əsasən ##.##.2025-ci il tarixindən xitam verilməsi və işçinin ##.##.2022-ci tarixindən ##.##.2025-ci il tarixinə qədər istifadə edilməmiş 6 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir.

18. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Abşeron rayonu Pirəkəşkül kənd cavabdeh2 ilə işçi İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsinə ##.##.2025-ci il tarixli, ** nömrəli əmr əsasında xitam verilmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

3. Əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə xitam verilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

7. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c”, 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi və 74-cü maddəsinin birinci hissəsinin “a” bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.

Maddə 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

21. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, işin hallarından görünür ki, Abşeron rayonu Pirəkəşkül kənd cavabdeh2 ##.##.2025-ci il tarixli, ** nömrəli əmri ilə müəssisənin ştat cədvəlində 2,5 ştat vahidi olmaqla xadimə-dayə və dalandar ştatı ixtisar edilmiş, iddiaçıya ##.##.2025-ci il tarixdə bu barədə xəbərdarlıq bildirişi təqdim edilmiş, iddiaçı isə xəbərdarlıq müddəti əvəzinə müəyyən ödəniş və işdənçıxma müavinəti verilməklə, ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsinə razılıq vermiş, Həmkarlar Komitəsinin razılığı alınmaqla, işəgötürənin ##.##.2025-ci il tarixli ** saylı əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir.

24. İddiaçı əmək müqaviləsinə xitam verilməsindən razılığı olmadığını, ərizənin onun əvəzindən arvadının imzalandığını iddia etsə də məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilini əsassız hesab etmişdir. Belə ki, məhkəmə kollegiyasının suallarına cavabında iddiaçı bildirmişdir ki, həqiqətən də ##.##.2025-ci il tarixdən etibarən işə getməmiş, buna səbəb isə bağçanın bağlanmasının ona bildirilməsi olmuş, lakin sonradan bağçanın bağlanmadığını bildib, hazırkı iddianı qaldırmışdır. İşdən çıxarkən son haqq-hesab ona ödənilmişdir. Göründüyü kimi iddiaçının ##.##.2025-ci il tarixdən etibarən işə getməməsi və son haqq-hesabı alması onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsindən məlumatlı olmasını təsdiq etməkdədir. Həmçinin, apellyasiya şikayətində iddiaçı bağçanın müdirinin qəbulunda olduğunu etiraf etmişdir. Digər tərəfdən iddiaçı əmrin surətinin ona verilmədiyini iddia etsə də məhz ##.##.2025-ci il tarixli əmri mübahisələndirmişdir ki, qeyd edilən fakt da onun əmrin surəti ilə tanış olmasını təsdiq etmişdir. İddiaçının ştatın ixtisarının bağçanın bağlanması və ya ləğv edilməsi kimi başa düşməsi isə inandırıcı olmamışdır. Hərçənd ki, iş materiallarında olan həmkarlar komitəsi iclasının ##.##.2025ci il tarixli protokolundan görünür ki, iddiaçı həmin iclasda iştirak etmiş və əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı əmək müqaviləsinə xitam verildiyini həmin vaxt bilsə də həmin tarixdən etibarən 1 ay ərzində idarəyə və bağçaya qarşı mediasiya prosesi başlatmamış, mediasiya prossesinə ##.##.2025-ci il tarixli mediasiya ərizəsinin göndərilməsi ilə başlanılmış, iddia ərizəsi isə məhkəməyə ##.##.2025-ci il tarixdə göndərilmişdir ki, bununla da iddiaçı Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verməklə iddia müddətinin tətbiq edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi də haqlı olaraq iddia müddətini tətbiq edədək iddianı rədd etmişdir.

25. Məhkəmə kollegiyası iddiaçının xəbərdarlıq müddəti əvəzinə müəyyən ödəniş və işdənçıxma müavinəti verilməklə əmək müqaviləsinə xitam verilməsinə dair ərizəsinin onun tərəfindən imzalanmaması ilə bağlı şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı məhz iddia müddətinin ötürülməsi ilə bağlı rədd etmişdir ki, bununla da dolayısı ilə birinci instansiya məhkəməsi iddiaçının qeyd olunan ərizəni şəxsən imzalamaması ilə bağlı dəlili ilə razılaşmışdır. Məhkəmə kollegiyası isə iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin nəzərə almışdır ki, qeyd olunan ərizə iddiaçı şəxsən tərəfindən deyil, onun arvadı tərəfindən imzalandığı halda belə bu onun razılığı ilə baş vermişdir. Buna görə də məhkəmə kollegiyası razılığa dair ərizənin iddiaçı tərəfindən imzalanıb-inzalanmamsını yoxlanılması üçün ekspertiza təyin edilməsinə də zərurət görməmişdir.

26. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlləri isə əsassız olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar