Məhkəmə qərarları › İş №2(3-8)-787/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-787/2026

21.07.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-787/2026 21.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İmambala oğlunun cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: ölçmə işlərinin aparılmasına törədilən maneələrin aradan qaldırılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı İmambala oğlunun iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı İmambala oğlu cavabdeh Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, A ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş Xaçmaz rayonu, Hülövlü kəndi ərazisində yerləşən 2597,94 kv.m torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi tərəfindən baxış keçirilib ölçmə işlərinin aparılmasına cavabdeh Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və ona həmin maneələrin törədilməsinin qadağan edilməsi, tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının ##.##.1997-ci il tarixli, ** nömrəli qərarı ilə Xaçmaz rayonu, Hülövlü kəndi ərazisində yerləşən 2597.94 kv.m həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə DT və XK Xaçmaz Rayon Şöbəsi tərəfindən onun adına A ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin torpaq sahəsində birmərtəbəli yaşayış evi mövcuddur. Evin hüquq müəyyənedici sənədi və texniki pasportu olmamışdır. Evin 0,26 ha həyətyanı torpaq sahəsini o, dəmir torla hasara almışdır. Xaçmaz rayonu, Hülövlü kəndində həmçinin valideynlərindən miras qalmış yaşayış evi də vardır. O, özü ailəsi ilə birlikdə valideynlərindən miras qalmış evdə yaşayır. 2008-ci ildə o, adına olan A ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 0,26 ha torpaq sahəsinin 0,10 ha hissəsini və orada yerləşdiyi birmərtəbəli yaşayış evini cavabdeh Cavabdeh satmışdır. Aralarında razılaşma olmuşdur ki, yerdə qalan 0,16 ha torpaq sahəsi onun istifadəsində qalacaqdır. Qeyd edir ki, 2008-ci ildə yaşayış evinin və 0,26 ha torpaq sahəsinin, 0,10 ha hissəsinin alqı-satqısına dair müqavilənin rəsmiləşdirilməsi üçün o, və cavabdeh Xaçmaz Rayon * saylı Notariat Ofisində olmuşlar. Lakin onda həmin vaxt nə yaşayış evinə dair, nə də ki, evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair hər hansı bir sənəd olmamışdır. Sənədləri cavabdeh və anası Rəhilə hazırlayırdılar. Yadında qalan yalnız odur ki, notariat ofisində o, hansısa sənədlərə imza etmişdir. Bu yaxınlarda o, cavabdehə müraciət edərək xahiş etmişdir ki, evə və ona satdığı 0,10 ha həyətyanı torpaq sahəsinə dair sənədləri ona versin ki, o, da yerdə qalan 0,16 ha torpaq sahəsinə dövlət reyestrindən öz adına çıxarış alsın. Lakin cavabdeh həmin sənədləri ona verməkdən imtina etdi. Bundan sonra o, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək adına olan torpaq sahəsinə dair çıxarışın və plan ölçüsü sənədin göstərilmiş 2597,94 kv.m torpaq sahəsinə dair çıxarışın və plan ölçüsü sənədin hazırlanmasını xahiş etmişdir. İdarənin nümayəndəsi Vasif adlı şəxs əraziyə gələrək torpaq sahəsinin ölçülərini yerində dəqiqləşdirmək istədikdə cavabdeh buna maneə olmuş və mütəxəssisi ölçmə işləri aparmasını qoymamışdır. * saylı Xaçmaz Ərazi İdarəsinə etdiyi müraciətə həmin idarənin rəisi Qərib Həsənovun imzası ilə ona ##.##.2025-ci il tarixdə, *-**-*-**/*-*****/**** saylı məktubla cavab verilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyi 2597.94 kv.m. torpaq sahəsi üzərində tərəflər arasında mübahisə mövcud olduğundan müayinə işlərinin aparılması mümkün olmamışdır. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində, yəni onun tərəfindən maneələr törədildiyi üçün * saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi tərəfindən adına olan A № ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş torpaq sahəsində ölçmə işlərinin aparılması mümkün olmamışdır. Nəticə etibarı ilə o, həmin torpaq sahəsinə dövlət reyestrindən adına çıxarış ala bilmir.

3. Cavabdeh Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddiaçı İddiaçı İmambala oğlu ilə razılıq əsasında 2000-ci ildə ondan hazırda yaşadığı evi və evin yerləşdiyi 0,26 ha torpaq sahəsini 11000 manata (5500 ev, 5500 torpaq) satın almışdır. Həmin vaxt yaşayış evinin və torpaq sahəsinin sənədləri olmadığına görə alqı-satqı müqavilələrini rəsmiləşdirə bilməmişlər. İddiaçı İddiaçı İmambala oğlu 0,10 ha torpaq sahəsinə və üzərində yerləşən bir mərtəbəli fərdi yaşayış evinə ##.##.2008 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 302013007531-***** reyestr nömrəli çıxarış 2008-ci ildə iddiaçının özü tərəfindən alındıqdan sonra ##.##.2008ci il tarixdə yaşayış evini 5500 manata, torpaq sahəsinin isə 0,10 ha hissəsini də 5500 manata notariat orqanında alqı-satqı etmişdir. Qeyd edir ki, 2000-ci ildə evin və torpaq sahəsinin dəyəri iddiaçıya tam ödənilsə də, alqı-satqının rəsmiləşdirməyə müxtəlif bəhanələr edirdi, nəhayət əlavə pul istədi və 2008-ci ildə alqı-satqı rəsmiləşdirilən vaxt yenə də ondan əlavə olaraq 5000 manat da pul aldı.Torpaq sahəsinin qalan hissəsini isə rəsmiləşdirə bilməyiblər. Belə ki, 0,10 ha torpaq sahəsinə iddiaçı çıxarış almışdı və bildirdi ki, qeyd olunan 0,10 ha torpaq sahəsini fərdi yaşayış evi tikmək üçün aldığı torpaq sahəsidir, qalan 0,16 ha torpaq sahəsi isə pay torpaq sahəsindən zəbt altında olan torpaq sahəsi kimi çıxılmış torpaq sahəsidir. Hələlik həmin torpaq sahəsinə sənəd düzəldə bilmir, həmin torpaq sahəsinə də sənəd əldə etdikdən sonra onu da alqı-satqı yolu ilə adına rəsmiləşdirəcək. Beləliklə 2000-ci ildə, yəni 25 il bundan əvvəl topraq sahəsini bütövlükdə üzərindəki evlə birlikdə dəyəri ödənilməklə almışdır. Ötən 25 il müddətində torpaq sahəsi tam olaraq onun faktiki sahibliyində və istifadəsindədir, hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən , o cümlədən iddiaçı tərəfindən torpaqla əlaqədar ona hər hansı iddia irəli sürülməmişdir, iddiaçı özüdə çox gözəl bilir ki, torpaq sahəsinin 25 il bundan qabaq ona satmış və pulunu da almışdır. Hazırda ərazidə torpaq sahələrinin qiymətləri yüksək olduğuna görə iddiaçı onlardan əlavə pul qoparmaq niyyətinə düşmüşdür. 25 ildir ki, istifadəsində və sahibliyində olan 0,26 ha torpaq sahəsinin iddiaçıya heç bir aiddiyatı yoxdur.

4. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Samir Bayramov) iddia təmin olunmuş, A seriyalı, ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş Xaçmaz rayonu, Hülövlü kəndi ərazisində yerləşən 2597,94 kv.m torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri tərəfindən ölçü işlərinin aparılmasına cavabdeh Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı İmambala oğluna verilməsi qət edilmişdir.

5. Məhkəmə ekspert rəyinə ustinad edərək iddianı əsaslı hesab etmişdir.

6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 157.2, 157.5-ci maddələrinə, Torpaq Məcəlləsinin 84, 115-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə torpaq sahəsinin və həmin ərazidəki yaşayış evinin alqı-satqı müqavilələrinə istinad edərək göstərir ki, A****** saylı Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının ##.##.1997-ci il tarixli, ** nömrəli qərarı ilə Xaçmaz rayonu, Hülovlu kəndi ərazisində yerləşən 2597.94 kv.m həyətyanı torpaq sahəsi İddiaçı İmambala oğlunun mülkiyyətinə verilmişdir. AN-İ seriyalı, ******* saylı, ##.##.2008ci il tarixli alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsi tərəfindən ##.##.2008-ci il tarixində verilmiş *M*** saylı arayışına əsasən, ümumi sahəsi 140.4 kv.m, yaşayış sahəsi 72.6 kv.m., köməkçi sahəsi 67.8 kv.m olan, ayrılmış torpaq sahəsi sənəd üzrə 0.10 ha olan Xaçmaz rayonu, Hülovlu kəndində yerləşən 3 otaqlı bir mərtəbəli evi alıcının mülkiyyətinə verir. Satılan ev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən ##.##.2008-ci il tarixində verilmiş ********** qeydiyyat nömrəli çıxarış əsasında satıcıya məxsusdur. Satıcı evi 5500 manata satdı, Alıcı isə həmin qiymətə aldı. Tərəflər arasında daşınmaz əmlakın qiyməti ilə əlaqədar hesablaşma qaydası: Alıcı evi bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini nağd şəklində satıcıya ödədi, Satıcı isə həmin məbləği qəbul etdi. AN-İ seriyalı ******* saylı, ##.##.2008-ci il tarixli alqısatqı müqaviləsindən müəyyən olunur ki, satıcı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsi tərəfindən ##.##.2008ci il tarixində verilmiş 5\**** saylı arayışına əsasən, Xaçmaz rayonu, Hülovlu kəndində yerləşən 0.10 ha torpaq sahəsini alıcının mülkiyyətinə verir. Satılan torpaq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən ##.##.2008ci il tarixində verilmiş ********** qeydiyyat nömrəli çıxarışı əsasında satıcıya məxsusdur. Satıcı torpağı 5500 (beş min beş yüz) manata nağd şəkildə satdı, Alıcı isə həmin qiymətə alıb pulu nağd qaydada satıcıya ödədi. Məhkəmə istinad etdiyi A № ****** saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin hansı vaxt verildiyini müəyyən etməmişdir. Sənədinin özündə də verilmə tarixi göstərilməmişdir. Məhkəmənin istinad etdiyi bu sənəd qanuni sənəd sayıla bilməz. Belə ki, göstərilən Xaçmaz rayonu, Hülovlu kəndi ərazisində yerləşən 2597.94 kv.m həyətyanı torpaq sahəsinin 0,10 ha hissəsi notarial qaydada ona satılmışdır. Bu halda məhkəmə həmin sənədə istinad etməklə ciddi yanlışlığa yol vermişdir. Etiraz ərizəsində göstərildiyi kimi iddiaçı İddiaçı İmambala oğlu ilə razılıq əsasında 2000-ci ildə ondan hazırda yaşadığı evi və evin yerləşdiyi 0,26 ha torpaq sahəsini 11000 manata (5500 ev, 5500 torpaq) satın almışdır. Həmin vaxt yaşayış evinin və torpaq sahəsinin sənədləri olmadığına görə alqı-satqı müqavilələrini rəsmiləşdirə bilməmişlər. İddiaçı İddiaçı İmambala oğlu 0,10 ha torpaq sahəsinə və üzərində yerləşən bir mərtəbəli fərdi yaşayış evinə ##.##.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 302013007531-***** reyestr nömrəli çıxarış 2008-ci ildə iddiaçının özü tərəfindən alındıqdan sonra ##.##.2008-ci il tarixdə yaşayış evini 5500 manata, torpaq sahəsinin isə 0,10 ha hissəsini də 5500 manata Notariat orqanında alqı-satqı etmişlər. 2000-ci ildə evin və torpaq sahəsinin dəyəri iddiaçıya tam ödənilsə də alqı-satqını rəsmiləşdirməyə müxtəlif bəhanələr edirdi, nəhayət əlavə pul istədi və 2008-ci ildə alqı-satqı rəsmiləşdirilən vaxt yenə də bizdən əlavə olaraq 5000 manat da pul aldı.Torpaq sahəsinin qalan hissəsini isə rəsmiləşdirə bilmədik. Belə ki, 0,10 ha torpaq sahəsinə iddiaçı çıxarış almışdı və bildirdi ki, qeyd olunan 0,10 ha torpaq sahəsini fərdi yaşayış evi tikmək üçün aldığı torpaq sahəsidir, qalan 0,16 ha torpaq sahəsi isə pay torpaq sahəsindən zəbt altında olan torpaq sahəsi kimi çıxılmış torpaq sahəsidir, hələlik həmin torpaq sahəsinə sənəd düzəldə bilmir, həmin torpaq sahəsinə də sənəd əldə etdikdən sonra onu da alqı-satqı yolu ilə adıma rəsmiləşdirəcək. Beləliklə, 2000-ci ildə, yəni 25 il bundan əvvəl topraq sahəsini bütövlükdə üzərindəki evlə birlikdə dəyəri ödənilməklə almışdır. Ötən 25 il müddətində torpaq sahəsi tam olaraq faktiki sahibliyində və istifadəsindədir, hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən, o cümlədən iddiaçı tərəfindən torpaqla əlaqədar ona hər hansı iddia irəli sürülməmişdir. İddiaçı özüdə çox gözəl bilir ki, torpaq sahəsinin 25 il bundan qabaq ona satmış və pulunu da almışdır. Hazırda ərazidə torpaq sahələrinin qiymətləri yüksək olduğuna görə iddiaçı bizdən əlavə pul qoparmaq niyyətinə düşmüşdür. 25 ildir ki, istifadəsində və sahibliyində olan 0,26 ha torpaq sahəsinin iddiaçıya heç bir aiddiyəti yoxdur. İddiaçı iddia ərizəsində göstərir ki, torpaq sahəsinin 0,10 ha hissəsini ona satarkən güya razılaşmışlar ki, qalan 0,16 ha torpaq sahəsi onun istifadəsində qalacaqdır. Məhkəmə belə bir razılaşma barədə hər hansı sənədi iddiaçıdan tələb etməmişdir. Çünki belə bir razılaşma yoxdur. 2000-ci ildə yaşayış evi ilə birlikdə qeyd olunan 0,26 ha torpaq sahəsini bütövlükdə satın almışdır və həmin vaxtdan 0,26 ha torpaq sahəsi tərəfindən hasarlanaraq istifadəsindədir. Rəsmiləşdirilməmiş qalan 0,16 ha torpaq sahəsinə həmin vaxt mülkiyyət sənədi olmadığına görə alqı-satqını rəsmiləşdirə bilməmişlər. Hazırda 0,16 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə məhkəmədən iddia qaldırmaq üçün lazımı sənədləri toplayır. İş üzrə iddiaçı İddiaçı 2000ci ildə yəni 26 il bundan əvvəl öz iradə ifadəsini bildirərək 0,26 ha torpaq sahəsini ona satmışdır. Torpaq sahəsinin 0,10 ha hissəsinə sənəd olduğuna görə 0,10 ha hissə notarial qaydada rəsmiləşdirilmiş, qalan 0,16 ha hissəyə sənəd olmadığına görə həmin hissədə alqı-satqı rəsmiləşdirilməmişdir. Lakin faktiki olaraq aralarında alqı-satqı baş tutmuşdur. Hazırda torpağın dəyəri bir neçə dəfə bahalaşdığına görə iddiaçı hazır ki, iddianı qaldırmaqla əlavə qazanc əldə etmək yolunu seçmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı İmambala oğlu apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdir. 26 sot torpaq sahəsi olmuşdur. Onun 10 sotunu cavabdehə satmış, cavabdeh onu aldadaraq ödənişi etməmişdir. Hazırda 10 sotu deyil, qalan 16 sot torpaq sahəsini tələb edir. Reyestr xidməti ölçmə işləri aparmalıdır ki, torpağı adına sənədləşdirə bilsin. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş edir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

12. A № ****** saylı Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komisiyasının ##.##.1997-ci il tarixli, ** nömrəli qərarı ilə Xaçmaz rayonu, Hülövlü kəndi ərazisində yerləşən 2597.94 kv.m həyətyanı torpaq sahəsi İddiaçı İmambala oğlunun mülkiyyətinə verilmişdir.

13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı İmambala oğluna ünvanladığı ##.##.2025-ci il tarixli, *- ***-**/*-*****/**** saylı məktubundan müəyyən olunur ki, Xaçmaz rayonu, Hülövlü kəndi ərazisində yerləşən 2597.94 kv.m torpaq sahəsi üzərində tərəflər arasında mübahisə mövcud olduğundan müayinə işlərinin aparılması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilməlidir.

14. AN-İ№ ******* saylı, ##.##.2008-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı İddiaçı İmambala oğlu, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsi tərəfindən ##.##.2008-cı il tarixində verilmiş *M*** saylı arayışına əsasən, ümumi sahəsi 140.4 kv.m, yaşayış sahəsi 72.6 kv.m., köməkçi sahəsi 67.8 kv.m. olan, ayrılmış torpaq sahəsi sənəd üzrə 0.10 ha olan Xaçmaz rayonu, Hülövlü kəndində yerləşən 3 otaqlı bir mərtəbəli evi alıcı Cavabdeh mülkiyyətinə verir. Satılan ev Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən ##.##.2008-cı il tarixində verilmiş ********** qeydiyyat nömrəli çıxarış əsasında satıcıya məxsusdur. Satıcı evi 5500 manata satdı, Alıcı isə həmin qiymətə aldı.

15. AN-İ№ ******* saylı, ##.##.2008-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən müəyyən olunur ki, satıcı İddiaçı İmambala oğlu, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsi tərəfindən ##.##.2008-cı il tarixində verilmiş 5\**** saylı arayışına əsasən, Xaçmaz rayonu, Hülövlü kəndində yerləşən 0.10 ha torpaq sahəsini alıcı alıcı Cavabdeh mülkiyyətinə verir. Satılan torpaq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən ##.##.2008-cı il tarixində verilmiş ********** qeydiyyat nömrəli çıxarışı əsasında satıcıya məxsusdur. Satıcı torpağı 5500 (beş min beş yüz) manata nağd şəkildə satdı, alıcı isə həmin qiymətə alıb pulu nağd qaydada satıcıya ödədi.

16. Xaçmaz rayon Dövlət arxivi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arxiv arayışından müəyyən olunur ki, Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət arxivində saxlanılan Hülövlü kənd İnzibati Ərazi Vahidi nümayəndəliyinin 1996-2000-ci illərə aid Hülövlü kəndi üzrə ** saylı təsərrüfatbaşına kitabında İddiaçı İmambala oğlu *** saylı təsərüfatın başçısıdır, təsərrüfatın xüsusi mülkiyyətində cəmi torpaq hektarın 100-də 1-i ilə 0,01 dəqiqliklə 1996-1997-ci illərdə 0,10 ha,1999-cu ildə 0,26 ha qeyd olunmuşdur.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

18. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri

19. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iddiaçınımn izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikyətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı A № ****** saylı Torpaq sahəsinin planı və ölçüsü sənədini məhkəməyə təqdim etməklə yanaşı, cavabdehin özü də mübahisəli torpaq sahəsini iddiaçıdan aldığını etiraf etməkdədir ki, bununla da iddiaçının mübahisəli torpaq sahəsinin üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün aidiyyəti orqana müracitə etmək hüququ mövcud olmuşdur. Onun müraciəti əsasında qeydiyyat orqanının əməkdaşlarının qanundan irəli gələn funkisyalarının həyata keçirilməsinə yaradılan maneə isə qanunsuz hesab olunur. Cavabdeh isə mübahisəli əmlakın 0,1 ha hissəsi ilə yanaşı, 0,16 ha hissəsini də iddiaçıdan aldığını iddia etsə də buna dair hər hansı bir hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, qeydiyyat orqanı mübahisəli ərazidə müvafiq ölçmə işləri apardıqdan sonra hər hansı bir şəxsin hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldığı halda, həmin hərəkətlərlə əlaqədar hüququnun pozulduğunu iddia edən şəxs daşınmaz əmlakın dövlət reyestrindəki qeydi düzgün hesab etmədiyi təqdirdə həmin qeydi mübahisələndirmək hüququna da malikdir. Buna görə də məhkəmə kollegyiası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı, apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab etmişdir.

22. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar