Məhkəmə qərarları › İş №2(3-8)-86/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-86/2026

18.02.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(3-8)-86/2026 18.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əsədov Tural Əfqan oğlunun cavabdeh Abasova Naibə Rafiq qızına qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Rəhimli Lalə Elxan qızı (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, cavabdeh Abasova Naibə Rafiq qızının, onun nümayəndəsi və vəkili Ağayev Namiq Qəzənfər oğlunun iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-6206/2025 nömrəli qətnaməsindən cavabdeh Abasova Naibə Rafiq qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə təsdiq edilən və reyestrdə 109 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş Hüseynov Şahin Vəli oğlunun vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Əsədov Tural Əfqan oğludur, o, miras əmlakdan ¼ hissədə pay almalıdır, şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Ərazi idarəsin tərəfındən xx.xx.2019-cu il tarixdə Hüseynov Şahin Vəli oğluna verilmiş **********55- 05101-093008 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92 kv/m olan mənzildən ibarətdir.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Əsədov Tural Əfqan oğlu 12 mart 2004cü il tarixindən ünvan 1 ünvanında qeydiyyatdadır.

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”dan görünür ki, ünvan 1 üzərində mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə ¼ hissədə Əsədov Tural Əfqan oğlunun, xx.xx.2024-cü il tarixdə ¾ hissədə Abasova Naibə Rafiq qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Əsədov Tural Əfqan oğlu cavabdeh Abasova Naibə Rafiq qızına qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 102 ünavnında yerləşən 7 saylı mənzilə köçürülməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Əsədov Tural Əfqan oğlu xx.xx.1988-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 7 saylı mənzil xx.xx.2025-ci il tarixdən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlakdan 1/4 hissədə ona pay ayrılmış, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətçidir. Sözügedən mənzilin 1/4 hissəsi mülkiyyətində olsa da mülkiyyətindən istifadə edə bilmir. Belə ki, həmin mənzildə cavabdeh Abasova Naibə Rafiq qızı ailə üzvləri ilə yaşayır. Ailə üzvləri ilə kirayədə yaşayır. Lakin orada yaşamaq onun üçün əlverişli deyildir. Həm də özünün mülkiyyətində olan 1/4 hissədə ona pay mənzil ola-ola nəyə görə öz mənzilində yaşaya bilmir? Dəfələrlə cavabdehə mənzildə ailə üzvüləri ilə yaşamağını bildirsə də nəticəsi olmamışdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-6206/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı Əsədov Tural Əfqan oğlunun Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 102, 7 saylı mənzilə köçürülməsi qət edilmişdir (hakim Vəfa Şirəliyeva).

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.5, 157.2, 178.1, 213.2, 215.2, 215.4, 1243.1, 1243.2, 1243.3, 1255-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 50.3, 77.1, 119.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh Abasova Naibə Rafiq qızı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-6206/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6206/2025 saylı xx.xx.2025-ci il tarixli mənzilə köçürülmə tələbinə dair qətnaməsinə əsasən iddiaçı Əsədov Tural Əfqan oğlunun iddia tələbi təmin edilməsi, Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 102, 7 saylı mənzilə köçürülməsi qət edilmişdir. Qətnamə prosessual hüquq normalarının pozulması, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə çıxarıldığı üçün qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, onun mərhum dayısı Hüseynov Şahin Vəli oğlu mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 102, 7 saylı mənzilə dair verdiyi vəsiyyətnaməyə əsasən ½ hissəsinə anası Hüseynova Liana Parmenovna, ¼ hissəsinə o, ¼ hissəsinə xalası oğlu iddiaçı Əsədov Tural Əfqan oğlu vərəsəlik hüququ haqında şəhadətnamə almışdır. Nənəsi Liana Parmenovna xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən öz payını ona bağışlamışdır. Vərəsəlik hüququ şəhadətnaməyə əsasən mənə mənzildə payının ¾, cavabdehə isə ¼ hissəsi olması barədə çıxarış verilmişdir. Tural Əsədovun 5-6 yaşı olarkən anası vəfat etmiş, onu hər ikisinin nənəsi Hüseynova Liana Parmenovna saxlayıb boya başa çatdırmışdır. Orta məktəbin 9-cu sinfini, daha sonra kolleci bitirmişdir. Bu müddətdə nənəsinin sözünə baxmamışdır. Sonra hərbi xidmətdə olmuşdur. Daha sonra 2012-ci ildə evlənərək, ailəsi ilə Bakı şəhəri Maştağa qəsəbəsində yaşayır. Az sonra 9 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını tam çəkdikdən sonra 2023-cü ilin əvvəllərində azadlqıdan məhrumetmə yerlərindən buraxılmışdır. Bundan sonra dayısı Şahin Hüseynov tutularaq həbs olunmuş, 26 dekabr 2023-cü il tarixdə azadlıqdan məhrum etmə yerlərində vəfat etmişdir. 95 yaşlı nənəsi Liana Hüseynova bildirir ki, cavabdeh Tural Əsədov oğlu Şahinin həbsə alınmasının, onun ölümünün səbəbkarıdır, ona görə onunla bir mənzildə yaşamaq istəmir, qorxur və bu səbəbdən bir mənzildə yaşamaqlarını mümkün hesab etmir. Tural Əsədov artıq 14 ildir bu evdən çıxıb getmiş, 2012-ci ildə evlənmiş, ailəsi və uşaqları ilə birlikdə Bakı Maştağa kəndində yaşayır, daimi yaşayış yerinə malikdir. Mənzilə köçürülmə barədə iddia ərizə ilə məhkəməyə müraciət etsə də onun özünün bu mənzildə onlarla yaşamaq fikri yoxdur. Öncə bildirdiyi kimi nənəsinin 95 yaşı var. Yaşına görə bir neçə xəstəlikdən əziyyət çəkir. Daim kənar şəxsin qulluğuna ehtiyacı var. Ona anası və o baxır. Otaqların birində nənəsi ilə anası, birində o, digər birində isə qardaşı Abasov Nazim Rafiq oğlu yaşayır. Uzun illərdir ailə üzvləri arasında bu qaydada mənzildən istifadə qaydası müəyyən edilmişdir. Öncə qeyd etdiyi kimi iddiaçı Tural Əsədovun ailəsi qoyub tək gəlib bu mənzildə yaşamaq fikri yoxdur. Mənzilin real bazar qiymətinin ¾ hissəsinin ona, onun isə ¼ hissəsini ona verməyə maddi imkanları yoxdur. Aralarında olan mübahisəni həll etmək məqsədilə Tural Əsədova qarşı ümumi əmlakdan payın naturada ayrılması, mümkün olmadıqda öz payının dəyərinin cavabdeh paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsi, mümkün olmadıqda əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş məhkəmənin icraatındadır. Hər iki tələb üzrə işlərə baxılarkən məhkəmə iclaslarında Tural Əsədova mənzili satışa çıxardığımı, mənzilin alqı-satqısı ilə məşğul olan bir neçə maklerə bildirdiyini, alıcıların gəlib evlərə baxdığını, qiyməti ilə maraqlandığını, onun özünə də mənzilin satışına kömək etməsini, mənzilin dəyərində satılması hər ikisinin marağına uyğun olmasını bildirib barışıq sazişi bağlamaqlarını təklif etmişdir. Xeyli müddət keçməsinə baxmayaraq, o mənzilin satılmasına kömək etməmişdir. Birinci instansiya məhkəməsi mənzildə onun payına uyğun yaşayış sahəsi olub-olmamasını araşdırmamış, qətnamənin nəticə hissəsində hansı otağa köçürülməsini müəyyən etməmişdir. Bununla da işin hallarını obyektiv, hərtərəfli və tam araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Göründüyü kimi məhkəmənin iş üzrə nəticəsi faktlara əsaslanmır, məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi həyata keçirilməmişdir. Qətnamə əsaslandırıcı hissədən məhrumdur. Məhkəmə sübutetməsi həyata keçirilməmişdir. Bununla da məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinin, ədalət mühakiməsinin prinsiplərini, 88-ci maddəsinin sübutların qiymətləndirilməsinə və 220.4.-cü maddəsinin qətnamənin məzmununa dair tələblərini pozmuşdur. Əsassız çıxarılmış qətnamə hər bir halda qanunsuz hesab edilir. Bu səbəbdən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməmişdir, nəticədə Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7ci bəndinin tələbləri pozulmuşdur. Çoxsaylı prosessual hüquq normalarının pozulması nəticəsində məhkəmə düzgün olmayan qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında cavabdeh Abasova Naibə Rafiq qızı, onun nümayəndəsi və vəkili Ağayev Namiq Qəzənfər oğlu apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

12. İş üzrə iddiaçı Əsədov Tural Əfqan oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmişdir.

13. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

14. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

15. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

16. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

17. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

20. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

24. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

25. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

26. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Abasova Naibə Rafiq qızı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-6206/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. İşin hallarına görə iddiaçı Əsədov Tural Əfqan oğlunun mübahisəli mənzilə 1/4 hissədə pay hüququ vardır və bu hüquq Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Belə olan halda iddiaçı, cavabdehə qarşı mübahisəli mənzilə köçürülmə barədə iddia qaldırmaqda müvafiq subyektiv hüquqa malikdir. İddiaçı Əsədov Tural Əfqan oğlu Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 102, 7 saylı mənzilin 1/4 hissəsinin mülkiyyətçisi olduğundan birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

38. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.4-cü maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

39. Qanunvericinin tələbinə görə, mülkiyyət hüququ özündə sahiblik, istifadə və sərəncam hüquqlarını ehtiva edir. Daşınmaz əmlaka mülkiyyət hüququ isə qanuna müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra əldə edənə keçə bilər.

40. Şərh olunan işin hallarına və yuxarıda qeyd edilən hüquq normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olduğundan, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas kimi çıxış edə bilməz.

41. Cavabdehin dəlilləri mülahizə xarakterli formal əsaslar olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas hesab ola bilməz.

42. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-6206/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-6206/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar