Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-10/2026 02.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-969/2025 saylı, 19 noyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iş üzrə Cavabdeh ilə 04 iyun 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən **********6-05101-093001 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə iddiaçının adına 40,6 kv metrdən ibarət iki otaqlı mənzil qeydiyyata alınmışdır. Birgə nikahdan övladları olmamışdır. Ona görə də keçmiş arvadı gələcəkdə iddiaçının olmayacağı halda evsiz qalacağından narahat olduğunu bildirmiş və iddiaçıdan evi onun adına keçirməyini istəmişdir. İddiaçı bunun problem yaratmayacağını düşündüyü üçün onun təklifi ilə razılaşmışdır. 27 yanvar 2020-ci il tarixdə ünvan 2 ünvanda yerləşən 40,6 kv metrdən ibarət iki otaqlı mənzili arvadı Cavabdeh hədiyyə etmişdir. Bundan sonra Xoşqədəm ailədə əsassız söz-söhbətlər yaratmağa başladı və daha sonra nikahın pozulması ilə bağlı məhkəmədə iddia qaldırdı. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(071)-396/2024 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Keçmiş həyat yoldaşı ev açarlarını dəyişib, yaşamaq üçün Bakı şəhərinə getmişdir. İddiaçı isə qohumlarının evində yaşamamışdır. İddiaçı mənzildə daimi yaşayış qeydiyyatındadır və yaşamağa yeri yoxdur. Evin işıq, qaz, su sayğacları iddiaçının adınadır və kommunal xərclər daim iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı mübahisənin məhkəmədən kənar həlli ilə bağlı mediasiya xidmətinə müraciət etsə də, əks tərəf ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-969/2025 saylı, 19 noyabr 2025-ci il tarixli qətnaməsi (hakim Orxan Bayramov) ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayət üzrə 02 fevral 2026-cı il tarixə təyin olunmuş məhkəmə baxışı iclasında müəyyən edilmişdir ki, tərəflər məhkəmə iclasında barışıq sazişi bağlamış və qeyd olunan barışıq sazişi məhkəmə kollegiyasına təqdim olunmuş və iş materiallarına əlavə olunmuşdur. Yuxarıda qeyd edilmiş tərəflərin 02 fevral 2026-cı il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardır: “Tərəflər” bu sazişi imzalamaqla aşağıdakı şərtləri təsdiq edir
1. "Tərəflər" Saziş bağlandıqdan sonra ünvan 3 ünvanında yerləşən və cavabdehin mülkiyyətində olan yaşayış evini gələcəkdə mübahisə yaranmasının qarşısını almaq üçün hazırki saziş məhkəmə qaydasına təsdiq edildiyi tarixdən etibarən 6(altı) ay müddətində satmaq yolu ilə satışdan əldə edəcəkləri gəliri aralarında bərabər nisbətdə bölməyə öz razılıqlarını bildirirlər.
2. “Tərəflər" arasında əldə edilən razılığa əsasən, fərdi yaşayış evi satılanadək bu ev üzərindəki faktiki status olduğu kimi qalacaq və "Birinci tərəf" hazırkı iş üzrə "Mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsinə dair" iddia tələbindən imtina edir.
3. "Tərəflər"dən hər hansısa biri fərdi yaşayış evini əldə etmək istədikdə dəyərini ağlabatan məbləğdə hesablamaqla garşı tərəfin payını əldə edə bilər;
4. "Tərəflər" bu Sazişi imzaladıqdan sonra hər iki tərəf mülki işlər üzrə məhkəmə mübahisəsinə son goyacaqları barədə iradə ifadələrini bildirir və mübahisəyə son goyurlar.
5. Bu barışıq sazişi MM-nin 881-882-ci maddələri və MPM-nin 191-ci və diger aidiyyəti maddələrinin tələblərinə uyğun hazırlanmışdır və bu sazişdə əks olunmayan məsələlər həmin maddi və prosessual hüquq normaları ilə tənzimlənməlidir.
6. Hazırki sazişin şərtlərinin pozulması və ya digər formada icra edilməməsi mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən məcburi icra edilmesi üçün icra vərəqəsinin verilməsinə əsasdır.
7. Bu saziş eyni hüquqi qüvvəyə malık 3 (üç) nüsxədə tərtib olunmuşdur və 1 (bir) nüsxəsi iddiaçıda, 1 (bir) nüsxəsi cavabdehdə, digər nüsxəsi isə mübahisəyə baxan məhkəmədə saxlanmaqdadır.
Məhkəmə kollegiyası barışıq sazişi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası MPM-nin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Qeyd edilən prosessual hüquq normasının mənasından göründüyü kimi qanunverici ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsi kimi, tərəflər arasında barışığın əldə olunması üçün məhkəmənin üzərinə barışıq haqda tərəflərə müraciət etmək kimi vəzifə (borc) qoymuşdur. Ümumi prosessual hüquq prinsiplərdən çıxış edilərsə, həqiqətən də tərəflər arasında yaranmış mübahisənin ən ədalətli həll üsulu barışığın əldə olunmasıdır. Müstəsna hallardan biridir ki, barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadlarından tərəflər əksər halllarda razı qalır və bu aktların mübahisələndirilməsinə təsadüfi hallarda rast gəlinir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. 52.3-ci maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri yaxud mediasiya vasitəsi ilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsi ilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdədə ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisəni mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Sadalanan prosessual hüquq normalarının müqayisəli təhlilindən müəyyən edilir ki, tərəflər barışıq sazişinin təsdiqi ilə məhkəməyə müraciət edərkən məhkəmə bir sıra prosessual əsasları yoxlamaqla yanaşı (barışıq sazişinin səlahiyyətli şəxslər tərəfindən imzalanması; barışığın təsdiqinin hüquqi nəticələrinin tərəflərə izah edilməsi, bu barədə protokolda qeyd aparılması və tərəflərə imzalatdırılma və.s), məhkəməyə iki halda barışıq sazişinin təsdiqindən imtina səlahiyyəti də vermişdir: barışıq sazişi qanuna zidd olarsa; hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa; Göründüyü kimi, qanunverici istənilən barışıq sazişinin deyil, prosessual tələblərə uyğun şəkildə tərtib və təsdiq edilmiş, bununla yanaşı qanuna zidd olmayan və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmayan barışıq sazişinin məhkəmə tərəfindən təsdiqini nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarının tələblərini yoxlayarkən mülki iş üzrə tərəflərin açıq-aşkar könüllü iradəsi əsasən barışıq sazişi bağlandığı, barışıq sazişinin mülki iş üzrə hər iki tərəflər tərəfindən imzalandığını, həmçinin mülki iş üzrə tərəflərin qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafeləri ilə ziddiyyət təşkil etmədiyini müəyyən etmişdir. Məhkəmə kollegiyası barışıq sazişinin təsdiqinin hazır ki iş üzrə tərəflərin mənafelərinə təsirini belə izah edir ki, hazır ki işdə barışıq sazişinin təsdiqi tərəflərin iddia tələbi üzrə məhkəmə işinin qurtarmasına dəlalət edən hal olmaqla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan məhkəmə baxışının prinsiplərinə əməl etmiş olur . Beləliklə məhkəmə kollegiyası hesab edir ki, 02 fevral 2026-cı il tarixli barışıq sazişi prosessual qanunvericiliyinin tələblərinə cavab verdiyindən təsdiq edilməli, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-969/2025 saylı, 19 noyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 370 və 405.0.2-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə İddiaçı ilə Cavabdeh arasındakı saziş aşağıdakı kimi təsdiq edilsin:
“Tərəflər” bu sazişi imzalamaqla aşağıdakı şərtləri təsdiq edir
1. "Tərəflər" Saziş bağlandıqdan sonra ünvan 3 ünvanında yerləşən və cavabdehin mülkiyyətində olan yaşayış evini gələcəkdə mübahisə yaranmasının qarşısını almaq üçün hazırki saziş məhkəmə qaydasına təsdiq edildiyi tarixdən etibarən 6(altı) ay müddətində satmaq yolu ilə satışdan əldə edəcəkləri gəliri aralarında bərabər nisbətdə bölməyə öz razılıqlarını bildirirlər.
2. “Tərəflər" arasında əldə edilən razılığa əsasən, fərdi yaşayış evi satılanadək bu ev üzərindəki faktiki status olduğu kimi qalacaq və "Birinci tərəf" hazırkı iş üzrə "Mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsinə dair" iddia tələbindən imtina edir.
3. "Tərəflər"dən hər hansısa biri fərdi yaşayış evini əldə etmək istədikdə dəyərini ağlabatan məbləğdə hesablamaqla garşı tərəfin payını əldə edə bilər;
4. "Tərəflər" bu Sazişi imzaladıqdan sonra hər iki tərəf mülki işlər üzrə məhkəmə mübahisəsinə son goyacaqları barədə iradə ifadələrini bildirir və mübahisəyə son goyurlar.
5. Bu barışıq sazişi MM-nin 881-882-ci maddələri və MPM-nin 191-ci və diger aidiyyəti maddələrinin tələblərinə uyğun hazırlanmışdır və bu sazişdə əks olunmayan məsələlər hamin maddi və prosessual hüquq normaları ilə tənzimlənməlidir .
6. Hazırki sazişin şərtlərinin pozulması və ya digər formada icra edilməməsi mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən məcburi icra edilmesi üçün icra vərəqəsinin verilməsinə əsasdır.
7. Bu saziş eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib olunmuşdur və 1 (bir) nüsxəsi iddiaçıda, 1 (bir) nüsxəsi cavabdehdə, digər nüsxəsi isə mübahisəyə baxan məhkəmədə saxlanmaqdadır.
Hacıqabul Rayon Məhkəməsinin 2(071)-969/2025 saylı, 19 noyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.