Məhkəmə qərarları › İş №2(3-9)-106/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-106/2026

26.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-106/2026 26.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X9, X5, X6 və X10 cəlb edilməklə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: torpaq sahəsindən çıxarılma. Şirvan şəhəri, 26 fevral 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) X12 iştirakları ilə, İddiaçı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X9, X5, X6 və X10 cəlb edilməklə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 27 noyabr 2025-ci il tarixli, 2(036)-804/2025 saylı qətnaməsindən (hakim Z.Pirverdiyev) cavabdehlərdən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlərə qarşı cavabdehlərin özbaşına qanunsuz zəbt etdiyi, İmişli Rayon Mürsəlli kəndində yerləşən iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 1,5452 ha, 1,6433 ha və 1,1721 ha torpaq sahəsindən çıxarılması, cavabdehlərin torpaq sahəsindən qanunsuz istifadə etmələrinin qarşısının alınması və cavabdehlərin qanuna zidd hərəkətlərinə son qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və onun ailə üzvləri atası X13, anası X11, bacıları- X9 və X2, qardaşı X4 və X1 ümumi birgə mülkiyyətlərinə İmişli rayonunun Mürsəlli kəndində Aqrar İstehsalat Komissiyasının qərarı ilə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,5452 ha, 1,6433 ha və 1,1721 ha torpaq sahələri vardır. Həmin torpaq sahəsi müvafiq olaraq iddiaçının adına sənədləşdirilmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestr xitmətindən 1,5452 ha torpaq sahəsi üçün **********41, 1,6433 ha torpaq sahəsi üçün **********40 və 1,1721 ha torpaq sahəsi üçün **********39 nömrəli çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Ailə üzvlərinin razılığı ilə torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Torpaq sahəsini iddiaçı istifadə edir. Torpağa mülkiyyət sənədini və çıxarışını da iddiaçı müraciət edərək almışdır. Qeyd edilən torpaq sahəsindən islahatdan bəri iddiaçı istifadə edir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının ailəsinə məxsus olan həmin torpaq sahəsini qeyri-qanuni zəbt etmiş və faktiki olaraq istifadə etməsinə imkan vermirlər. Cavabdehlər iddiaçıya məxsus torpaqdan istifadə edir, iddiaçının mülkiyyətində olan torpaqdan istifadə etməsinə mane olaraq onun mülkiyyət hüquqlarını pozurlar. Çıxarışa əsasən iddiaçı ailəsinin xüsusi mülkiyyətində olan torpaq sahəsindən tam və sərbəst şəkildə istifadə edib torpaq sahəsi üzərində mülkiyyət hüququnu həyata keçirə bilmir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının ailəsinə və iddiaçıya məxsus olan torpaq sahəsindən qanunsuz istifadə etməsinin və iddiaçının oradan istifadə etməsinə yaratdığı maneəyə görə cavabdehlərin qanunsuz hərəkətlərinin qarşısının alınmasını istəyir. İddiaçı dəfələrlə, mütəmadi olaraq aidiyyatı orqanlara müraciət etməsinə baxmayaraq iddiaçıya heç bir köməklik edilməmişdir. İddiaçı da məcbur olub məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaya etiraz edərək izahatında göstərmişdir ki, Aqrar İslahat Komissiyası tərəfindən hər kəsə altmış faiz yaxşı, qırx faiz pis olmaqla torpaq sahəsi verilmişdir. Torpaq sahəsi püşk atılmaqla verilmişdir. Hər kəs iyirmi beş iyirmi altı ildir ki ona verilmiş torpaq sahəsindən istifadə edir. Cahangir adlı şəxs həmin yerdə torpaq sahəsi olduğunu və sənədinin olduğunu, məhz həmin sənəddə göstərilən torpaq sahəsindən istifadə edəcəyini bildirdi. Halbuki, Cahangirin torpağı başqa yerdə, 10 ha boş torpaq sahəsinin yanındadır. Onun sənədinə görə, hər kəsin torpaq sahəsi qarışmışdır. Buna görə də, sürüşmələr olmuşdur. Buna baxmayaraq hər kəsə istifadə etdiyi torpaq sahəsinin sənədi verilməlidir. Onun istifadəsində olan torpaq sahəsi sağ tərəfdən kəndin suvarma kanalı, başlanğıcda şordrenaj kollektoru və digər tərəfdən isə sahədaxili suvarma kanalı ilə tam əhatə olunmuşdur. Bu halda onun kimsənin torpaq sahəsinə şürüşməsi ehtimalı yoxdur. Sonda cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Buna görə də onun mövqeyini müəyyən etmək mümkün olmamışdır. İmişli Rayon Məhkəməsinin 27 noyabr 2025-ci il tarixli, 2(036)-804/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İmişli rayonunun Mürsəlli kəndində yerləşən İddiaçı və onun ailə üzvləri X9, X5, X6 və X3 birgə mülkiyyətlərində olan 1,1721 ha və 1,6433 ha torpaq sahəsindən çıxarılması və cavabdehlərin torpaq sahəsindən qanunsuz istifadə etmələrinin qarşısı alınmaqla qanuna zidd hərəkətlərinə son qoyulması, iddiaçı tərəfindən ödənilmiş 200 manat məhkəmə xərcinin 100 manat məbləğinin İddiaçı aid edilməsi, məhkəmə xərcinin qalan 100 manat məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9 manat məhkəmə xərcinin müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçıya məxsus pay torpaq sahəsini zəbt etməmişdir. Hazırda iddiaçının tələb etdiyi torpaq sahəsinə dair apellyatorun mülkiyyət hüququnu təsdiq edən dövlət aktı mövcuddur və fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə yol verilmir. Şikayətdə göstərilmişdir ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən torpaq sürüşməsi ilə bağlı ölçmə işlərini Aqrar İslahat Komissiyasının pay torpaq sahələrinin verilməsini müəyyən edən marşrut üzrə deyil, sonradan aparılmış ölçmələr əsasında müəyyən etmişdir ki, bu da əsassız torpaq sürüşməsi nəticəsinə gətirib çıxarmışdır. Qeyd etmişdir ki, pay torpaq sahələrinin sərhədlərini müəyyən etmək üçün əlavə məhkəmə-mühəndislik ekspertizası keçirilməli olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən belə ekspertiza təyin edilməmiş, bununla da iş hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh1 və onun nümayəndəsi (vəkili) X19 apellyasiya şikayətini müdafiə etmiş, onun məzmununa uyğun izahat verərək şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, yerlərdə sürüşmə olmuşdur. 20 ildən çoxdur ki, qeyd edilən yerdən istifadə edir. Öz yerinin ona verilməsini xahiş edir. Bildirmişdir ki, başqa məhkəmədə hazırkı mübahisə ilə əlaqədar işləri mövcud deyildir. İddiaçı apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Bildirmişdir ki, iş üzrə elektron baza məlumatları əsasında ekspertiza keçirilmiş və rəy verilmişdir. Digər cavabdehə və müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edəbilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanıçəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası: “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İmişli rayonu, Mürsəlli kəndində yerləşən 1,5452 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ümumi birgə pay üzrə İddiaçı, X9, X5, X6 və X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İmişli rayonu, Mürsəlli kəndində yerləşən 1,1721 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ümumi birgə pay üzrə İddiaçı, X9, X5, X6 və X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İmişli rayonu, Mürsəlli kəndində yerləşən 1,6433 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ümumi birgə pay üzrə İddiaçı, X9, X5, X6 və X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. JN-0077 saylı 90707028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Cavabdeh1 və onun ailə üzvləri- X14, X25, X16, X20, X21 və X15 İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 15 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 4,92 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-45/2-7059/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, iddaçı Musayev İddiaçı və onun ailə üzvlərinə məxsus İmişli rayon Mürsəlli kəndində yerləşən 1,5452 ha (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2023-cü il tarixli **********41 reyestr nömrəli çıxarış) torpaq sahəsi sənədlərdə göstərilmiş koordinatlar əsasında yerə köçürülərək naturada sərhədlərini müəyyən etmək üçün tədqiqat aparan zaman iddaçı İddiaçı həmin torpaq sahəsinin mübahisəli ərazidə yerləşmədiyini və həmin torpaq sahəsinin mübahisə predmeti olmadığını bildirərək həmin ərazidə tədqiqat aparılmasına etiraz etdiyi üçün qeyd edilən 1,5452 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilməmişdir. Cavabdeh1 və onun ailə üzvlərinə məxsus İmişli rayonu, Mürsəlli kəndində yerləşən 4,92 ha (JN-0077 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı) torpaq sahəsinin sənədlərdə göstərilmiş koordinatlar əsasında yerə köçürülərək naturada sərhədlərini müəyyən etmək üçün tədqiqat aparan zaman məlum olmuşdur ki, qeyd edilən 4,92 ha torpaq sahəsi 4 hissədən ibarət olmaqla 77-1.59 ha, 77 A-0.89 ha, 77 B 0.89 ha və 77 L 1.55 ha saylı planda (cizgidə) göstərilən ayrı-ayrı torpaq sahələrindən ibarətdir. 77 L 1.55 ha saylı planda (cizgidə) göstərilən torpaq sahəsi mübahisəli ərazidə yerləşmir. Ona görə də JN0077 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Cavabdeh1 və onun ailə üzvlərinə məxsus İmişlı rayonu, Mürsəlli kəndində yerləşən 4,92 ha torpaq sahəsinın mübahisəli ərazidə yerləşən 77-1.59 ha, 77 A 0.89 ha, 77 B 0.89 ha hissələri elektron baza məlumatlarında (X7 X8) qeyd edilən koordinatlar əsasında naturada yerə köçürülərək sərhədləri naturada müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddaçı İddiaçı və onun ailə üzvlərinə məxsus 1,1721 ha və 1,6433 ha torpaq sahələri istifadə edilir. Qeyd edilən torpaq sahələri torpaq islahatı aparılan zamanı Cavabdeh1 və Cavabdeh2 istifadəsinə verilmişdir. İddaçı İddiaçı və onun ailə üzvlərinə məxsus 1,1721 ha torpaq sahəsinin 1,02 ha hissəsi Cavabdeh1, 0,1521 ha hissəsi isə Cavabdeh2 tərəfindən istifadə edilir. İddaçı İddiaçı və onun ailə üzvlərinə məxsus 1,6433 ha torpaq sahəsi isə bütünlüklə Cavabdeh1 tərəfindən istifadə edilir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdehlərdən Cavabdeh1 narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, o, iddiaçıya məxsus pay torpaq sahəsini zəbt etməmişdir. Hazırda iddiaçının tələb etdiyi torpaq sahəsinə dair apellyatorun mülkiyyət hüququnu təsdiq edən dövlət aktı mövcuddur və fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə yol verilmir. Şikayətdə göstərilmişdir ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən torpaq sürüşməsi ilə bağlı ölçmə işlərini Aqrar İslahat Komissiyasının pay torpaq sahələrinin verilməsini müəyyən edən marşrut üzrə deyil, sonradan aparılmış ölçmələr əsasında müəyyən etmişdir ki, bu da əsassız torpaq sürüşməsi nəticəsinə gətirib çıxarmışdır. Qeyd etmişdir ki, pay torpaq sahələrinin sərhədlərini müəyyən etmək üçün əlavə məhkəmə-mühəndislik ekspertizası keçirilməli olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən belə ekspertiza təyin edilməmiş, bununla da iş hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İmişli rayonu Mürsəlli kəndində yerləşən 1,5452 ha, 1,1721 ha və 1,6433 ha torpaq sahələri xüsusi mülkiyyət hüququ ilə ümumi birgə pay üzrə İddiaçı və onun ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu hal hüquqların dövlət qeydiyyatı haqqında çıxarışlarla təsdiq olunur və cavabdeh tərəfindən təkzib edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, cavabdehlər tərəfindən iddiaçı və onun ailə üzvlərinə məxsus 1,1721 ha və 1,6433 ha torpaq sahələrindən faktiki istifadə edilir. Həmin rəyə əsasən, 1,1721 ha torpaq sahəsinin 1,02 ha hissəsi Cavabdeh1, 0,1521 ha hissəsi isə Cavabdeh2 tərəfindən istifadə olunur, 1,6433 ha torpaq sahəsi isə bütövlükdə Cavabdeh1 tərəfindən istifadə edilir. Kollegiya qeyd edir ki, cavabdehin torpaq sahəsini zəbt etmədiyi barədə şikayətinin dəlili iş üzrə mötəbər sübutlarla təsdiqini tapmır və mütəxəssis rəyi ilə təkzib olunur. MPMin 77.1-ci maddəsinə əsasən sübutetmə yükü tərəflərin üzərinə düşdüyündən cavabdeh öz etirazlarını təsdiq edən inandırıcı sübutlar təqdim etməmişdir. Apellyasiya şikayətində göstərilən əlavə məhkəmə-mühəndislik ekspertizasının keçirilməməsi barədə dəlilə münasibətdə kollegiya hesab edir ki, işdə mövcud olan mütəxəssis rəyi mübahisəli hallar üzrə kifayət qədər aydınlıq yaratmış, torpaq sahələrinin koordinatları əsasında naturada sərhədlər müəyyən edilmiş və faktiki istifadə halları konkret göstərilmişdir. Bu şəraitdə əlavə ekspertizanın təyin edilməməsi işin nəticəsinə təsir edən prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli və obyektiv qiymətləndirmiş, müəyyən etdiyi faktlara düzgün hüquqi qiymət vermiş və mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 157.8 və Torpaq Məcəlləsinin 111-ci maddələrini düzgün tətbiq etmişdir. Kollegiya həmçinin nəzərə alır ki, cavabdehin istinad etdiyi mülkiyyət hüququnun müdafiəsi prinsipi yalnız qanuni sahiblik hallarında tətbiq oluna bilər. İş materialları isə cavabdehin məhz iddiaçıya məxsus torpaq sahələrindən istifadə etdiyini təsdiq edir. Bu baxımdan, birinci instansiya məhkəməsinin cavabdehlərin torpaq sahəsindən çıxarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdehlərdən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 27 noyabr 2025-ci il tarixli, 2(036)-804/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar