Məhkəmə qərarları › İş №2(3-9)-1207/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1207/2026

09.09.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1207/2026 09.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Füzuli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə müraciət edərək işlədiyi dövr ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyanın hesablanaraq ona ödənilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh tərəfindən İddiaçı xeyrinə 2014-2015, 2015-2016, 2016-2017, 2017- 2018, 2018-2019, 2019-2020, 2020-2021, 2022-2023, 2023-2024-cü iş illəri üzrə istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyanın hesablanaraq tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə tərkibi qətnamədən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, həmin şikayət verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Belə ki, MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer( həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktı hansı hissədə mübahisələndirdiyi; şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Göründüyü kimi, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən MPM ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxs tərəfindən onun tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Hazırkı apellyasiya şikayətinin məzmunundan görünür ki, orada birinci instansiya məhkəməsinin qətnaməsinin hansı hissəsinin mübahisələndirildiyi göstərilməmiş, məhkəmə aktının düzgün hesab edilməməsinin konkret hüquqi və faktiki əsasları açıqlanmamışdır. Eyni zamanda, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə həmin halları təsdiq edən sübutlar barədə də hər hansı məlumat təqdim edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti prosessual qanunvericiliyin məzmun tələblərinə cavab vermir. MPM-in 364-cü maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. 361-ci maddənin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunan halları nəzərə almaqla, birinci instansiya məhkəməsi tərəfindən Cavabdehn apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə cavab vermədiyi müəyyən edilməklə müvafiq olaraq apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, düzgün olmayaraq baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bununla yanaşı “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinə əsasən isə məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar. Qanunun 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. İşdən göründüyü kimi, apellyasiya şikayəti verilərkən cavabdeh tərəfindən dövlət rüsumu ödənilməmiş və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsində nəərədə tutulmuş normaya istinad olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, həmin hüquqi norma məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələrə şamil olunur. Belə olan halda, cavabdehin apellyasiya şikayəti üzrə dövlət rüsumunu ödəmək öhdəliyi mövcud olmuş və onun ödənilməməsi qanunvericiliyin tələblərinə uyğun sayıla bilməz. Bu baxımdan eyni zamanda qeyd edilməlidir ki, adıçəkilən Qanunun tələbinə görə büdcə təşkilatları iddia ərizələri verilərkən dövlət rüsumunu ödəməkdən azad olunurlar. Cavabdehn büdcə təşkilatı olub-olmadığına qiymət vermək üçün aşağıdakı qanunvericilik aktlarının nəzərdən keçirilməsi zəruridir. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.23-cü bəndinə əsasən büdcə təşkilatı - maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlardır. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci bəndinə əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Həmin Qanunun 7.1-ci və 7.2-ci bəndlərinə əsasən publik hüquqi şəxsin nizamnamə fondu təsisçi (təsisçilər) tərəfindən verilmiş əmlak hesabına formalaşdırılır. Publik hüquqi şəxsin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, hazırkı apellyasiya qeyri-mümkün hesab edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 361, 364, 366, 400 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Füzuli Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi üçün Füzuli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar