Məhkəmə qərarları › İş №2(3-9)-158/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-158/2026

22.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-158/2026 22.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Cavabdeh Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC-nin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Iddiaçı Füzuli Rayon Icra Hakimiyətinin cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC) qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı Füzuli Rayon Icra Hakimiyəti cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC) qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Füzuli Rayon Icra Hakimiyyətinə məxsus olan 1049 ha torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılaraq daşınmaz əmlakın iddiaçı Füzuli Rayon Icra Hakimiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, ************ reyestr nömrəli və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Füzuli Rayon Icra Hakimiyyətinin üzərində mülkiyyyət hüququ təsdiqlənən 1049 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən istifadə edən Füzuli rayon Gecəgözlü kənd sakini Cavabdeh ilə Beyləqan rayon * saylı notariat ofisində ## ######## 2023-cü il tarixdə, informasiya sistemində 3M-467 reyestr nömrəsilə qeydə alınmış kompensasiya müqaviləsi bağlanaraq ona 31765 (otuz bir min yeddi yüz altmış beş) manat kompensasiya maraqlı şəxs Maraqlı şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmişdir. Ərizəyə əlavə edilmiş ##.##.2023-cü il tarixli, *** reyestr nömrəli kassa məxaric sənədindən də görünür ki, sözügedən notariusun “xxxx” ASC-nin Beyləqan rayon filialında olan AZ84AIIB41040029440353499140 hesab nömrəsindən cavabdeh Cavabdeh müqavilədə nəzərdə tutulmuş 31765 (otuz bır min yeddi yüz altmış beş) manat məbləğdə kompensasiya ödənilmişdir. Ərizəyə əlavə edilmiş ##.##.2025-ci il tarixli, 095/2025-ci il tarixli bildiriş (pretenziya) məktubunda borclunun ##.##.2025-ci il tarixə kimi müqavilə öhdəliklərini icra etməsi və əmlakı təhvil verməsi xahiş olunmuşdur (çatdırma barədə qəbz və SX 054001375 AZ kod). Ərizəyə əlavə edilmiş ##.##.2023-cü il tarixli “kompensassiya ödənişi üzrə Akt” da cavabdeh Cavabdeh, müqavilədə qeyd olunan 31765 (otuz bir min yeddi yüz altmış beş) manat kompensasiyanı aldığını və müqavilə öhdəliklərinə etirazının olmadığını imzası ilə təsdiqləmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Füzuli Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim: Səkinəxanım Məmmədli) iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMCnin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda təmsil olunmamışdır. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçı tərəfin nümayəndəsinun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş materiallarında olan sənədləri nəzərə alaraq hesab edir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, ************ reyestr nömrəli və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Füzuli şəhəri Füzuli rayonu ərazisində yerləşən 1049 ha torpaq sahəsi Füzuli rayonu, ərazisində 1049 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Füzuli Rayon Icra Hakimiyətinin mülkiyyətindədir. ##.##.2023-cü il tarixdə birinci tərəf Cavabdeh, ikinci tərəf Maraqlı şəxs MMC və üçüncü tərəf Füzuli Rayon Icra Hakimiyyəti arasında bağlanmış kompensasiya haqqında müqavilənin 1.1-ci yarımbəndinə əsasən müqavilənin predmetini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, ************ reyestr nömrəli və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Füzuli şəhəri Füzuli rayonu ərazisində yerləşən icarədə (istifadədə) olan 1049 ha torpaq sahəsi üzərində tikili və qurğuların, avadanlıqların, invertarların və çox illik əkmələrin təhvil verilməsi, boşaldılması və s. müqabilində ödənilməli olan kompensasiya təşkil edir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən birinci tərəf kimi icarə (istifadə) hüququ əsasında kompensasiya alan, ikinci tərəf kompensasiya verən, üçüncü tərəf kimi hüquq sahibi olan Füzuli Rayon Icra Hakimiyyəti başa düşülür. Müqavilənin 2.1-ci yarımbəndinə əsasən müqavilə imzalandığı və notarial qaydada təsdiq olunduğu gündən 30 (otuz) gün ərzində Kompensasiya alan müqavilənin 1.1-ci bəndində göstərilən torpaq sahəsini, üzərində olan tikililəri və s. öz hesabına daşınması şərti ilə boşaldaraq üçüncü tərəfə (Füzuli Rayon Icra Hakimiyyətinə) təhvil verir. Tərəflərin razılığına əsasən verilən Kompensasiyanın məbləği 31765 (otuz bir min yeddi yüz altmış beş) manat müəyyən olunur. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə notariat qaydasında təsdiq edildikdən sonra qüvvəyə mini rvə tərəflərin öhdəlikləri tam şəkildə icra olunanadək qüvvədədir. xxxx MMC tərəfindən Cavabdeh və Füzuli rayon Icra Hakimiyyətinə ünvanlanmış ##.##.2025-ci il tarixli Aş ***/** saylı bildirişdə qeyd edilir ki, “Füzuli rayon Icra Hakimiyyəti, xxxx MMC və kompensasiya alanın iştirakı ilə notariat qaydasında ##.##.2023-cü ii tarixli 3M-467 sayiı üçtərəfli kompensasiya müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən kompensasiya verən xxxx MMC müqavilədə təsbit olunan qaydada öhdəliklərini yerinə yetirərək ##.##.2023-cü il tarixində kompensasiya məbləğinin tam həcmdə ödənişini həyata keçirmişdir. Müqaviləyə əsasən kompensasiya alan Cavabdeh 30 günlük müddətində ona məxsus tikililəri sökmək, ərazidən daşımaq, torpaq sahəsini tam boşaldaraq ərazini tərk etmək üçün öhdəlik götürmüşdür. Həmin müddət ərzində yəni, ## ####### 2023-cü il tarixinədək müqavilə öhdəlikləri tərəfinizdən tam icra edilməli idi. Müqavilə öhdəliklərini müəyyən olunmuş müddətdə yerinə yetirməmək məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. "xxxx” MMC kompensasiya müqaviləsi ilə əldə etməli olduğu imkanlardan və faydadan sizin müqavilə öhdəliyinizi yerinə yetirməməyiniz səbəbindən məhrum olmuşdur. Mülki Məcəllənin 443.1- ci maddəsinə əsasən, öhdəliyinı icra etməyən borclu (öhdəlik götürən tərəf qismində) kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yuxarıda qeyd olunan məsələnin faktiki və hüquqi tərəflərini nəzərə alaraq, müqavilə tələbləri üzrə kompensasiya vəsaiti aldığınız torpaq sahəsinin tam boşaldılması, həmin torpaqda olan tikililərin ərazidən təmizlənməsi, bütün təsərrüfat fəaliyyətinin dayandırılması daxil olmaqla müqavilə öhdəliklərinizi ## #### 2025-ci il tarixədək icra etməlisiniz, əks halda barənizdə hüquqi tədbirlər başlanacaq. xxxx MMC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli Kompensasiya ödənişləri üzrə aktda qeyd edilir: “Bu aktı ona görə tərtib etmişik ki, ##.##.2023-cü il tarixli kompensasiya müqaviləsi çərçivəsində ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ##.##.2023-cü il tarixli reyestr nömrəsi 606011001176, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatından daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Füzuli Rayon Icra Hakimiyyətinə aid dövlət mülkiyyətində olan Füzuli rayonu, Qayıdış qəsəbəsi ərazisində yerləşən, istifadədə olan 1049 ha torpaq sahəsi və üzərində yerləşən tikili, qurğu, avadanlıq inventar və çoxillik əkmələrin Füzuli Rayon Icra Hakimiyyətinə təhvil verilib ərazinin boşaldılması barədə razılığa gələrək həmin ərazidə 30 ha torpaq sahəsinin istifadəçisi olmuş Cavabdeh ("Eltun” kəndli (fermer) təsərrüfatının başçısı) həmin torpaq sahəsi və həmin torpaq üzərində onun quraşdırdığı 508 m2 daşınar tikili qurğu və avadanlıqlar, digər əşyalar müqabilində Maraqlı şəxs MMC tərəfindən Cavabdeh ödənilən məcmu 31765 AZN (otuz bir min yeddi yüz altmış beş manat) kompensasiya vəsaiti aldığını və bundan sonra heç bir iddialarının olmamasını təsdiq edir.” Həmin akt kompensasiya alan Cavabdeh, Maraqlı şəxs MMC-nin nümayəndəsi nümayəndə2 və Füzuli Rayon Icra Hakimiyyətinin nümayəndəsi X1 tərəfindən imzalanmışdır. ##.##.2023-cü il tarixli, *** reyestr nömrəli kassa məxaric sənədindən də görünür ki, Beyləqan rayon * saylı notariat ofisinin (notarius X3) “xxxx” ASC-nin Beyləqan rayon filialında olan AZ84AIIB41040029440353499140 hesab nömrəsindən cavabdeh Cavabdeh müqavilədə nəzərdə tutulmuş 31765 (otuz bir min yeddi yüz altmış beş) manat məbləğdə kompensasiya ödənilmişdir. Cavabdeh tərəfindən Füzuli Rayon Icra Hakimiyyətinə ünvanlanmış və ##.##.2023-cü il tarixdə Beyləqan rayon * saylı notariat ofisində təsdiqlənmiş ərizədə qeyd olunur: “Mən, Cavabdeh Füzuli rayon, Qayıdış qəsəbəsi ünvanında yerləşən istifadəmdə olan torpaq sahəsindən imtina edirəm. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli kompensasiya haqqında müqavilənin şərtlərini, habelə tətbiq edilməli maddi və prosessual hüquq normalarını sistemli şəkildə təhlil edərək aşağıdakı nəticəyə gəlir. Ilk növbədə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən mübahisənin hüquqi təbiəti düzgün müəyyən edilməmiş, nəticə etibarilə məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Halbuki, məhkəmə aidiyyəti məsələsi prosessual hüququn fundamental institutlarından biri olmaqla, işin mahiyyəti üzrə düzgün və ədalətli həllinin ilkin şərtini təşkil edir. Iş materiallarından müəyyən olunur ki, mübahisə Cavabdeh (VÖEN 7500772762), Maraqlı şəxs MMC (hüquqi şəxs) və Füzuli Rayon Icra Hakimiyyəti arasında bağlanmış kompensasiya haqqında müqavilədən irəli gəlmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən onun predmetini Füzuli rayonu ərazisində yerləşən, 1049 ha sahəni əhatə edən torpaq sahəsi üzərində mövcud olan tikililərin, qurğuların, avadanlıqların, inventarların və çoxillik əkmələrin boşaldılması və təhvil verilməsi müqabilində kompensasiyanın ödənilməsi təşkil edir. Müqavilənin 1.3-cü bəndinə əsasən tərəflərin hüquqi statusu konkret müəyyən edilmişdir: birinci tərəf – kompensasiya alan (icarə/istifadə hüququ əsasında), ikinci tərəf – kompensasiya verən (hüquqi şəxs), üçüncü tərəf isə – hüquq sahibi olan Füzuli Rayon Icra Hakimiyyətidir. Müqavilənin 2.1-ci bəndi ilə isə birinci tərəfin konkret öhdəliyi – torpaq sahəsinin və üzərindəki əmlak kompleksinin 30 gün müddətində boşaldılaraq üçüncü tərəfə təhvil verilməsi müəyyən edilmişdir. Kollegiya hesab edir ki, qeyd olunan şərtlərdən açıq şəkildə görünür ki, tərəflər arasında münasibət müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətidir və bu münasibət qarşılıqlı hüquq və vəzifələrin mübadiləsi ilə xarakterizə olunan klassik sinallaqmatik (qarşılıqlı öhdəlikli) müqavilə modelinə uyğundur. Odur ki, mübahisənin hüquqi təbiətinin müəyyən edilməsində həlledici meyar onun əşyə-hüquqi və ya delikt xarakterli olub-olmaması deyil, əksinə, müqavilə öhdəliklərinin icrası ilə bağlı olub-olmamasıdır. Hazırkı işdə isə mübahisə birbaşa müqavilə şərtlərinin icrası, kompensasiya ödənişi və əmlakın təhvil verilməsi ilə bağlıdır ki, bu da onun öhdəlik hüququ müstəvisində yerləşdiyini birmənalı təsdiq edir. Kollegiya bu kontekstdə “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarının 25-ci bəndinə istinad edərək qeyd edir ki, həmin bənddə nəzərdə tutulmuş yanaşma əşya-hüquqi və delikt münasibətləri üçün tətbiq edilir. Həmin qərarda dövlət və bələdiyyə orqanlarının iştirakı ilə yaranan mübahisələrin ümumi məhkəmələrdə baxılmalı olması yalnız o hallara aiddir ki, mübahisə müqavilədən deyil, əşya hüquqlarının müdafiəsi və ya delikt məsuliyyətindən irəli gəlsin. Hazırkı işdə isə vəziyyət fərqlidir. Burada Füzuli Rayon Icra Hakimiyyəti münasibətdə inzibati səlahiyyətlərini həyata keçirən subyekt kimi deyil, müqavilənin tərəfi və konkret əmlakın qəbul edilməsi ilə bağlı hüquq və vəzifələrə malik iştirakçı kimi çıxış edir. Bu isə münasibətin hüquqi təbiətini dəyişmir və onu inzibati və ya qeyri-kommersiya xarakterli etmir. Həmçinin, tərəflərdən birinin hüquqi şəxs (Maraqlı şəxs MMC), digərinin isə VÖEN əsasında fəaliyyət göstərmiş sahibkar olması, həmçinin müqavilənin predmetinin geniş miqyaslı torpaq sahəsi və təsərrüfat infrastrukturu ilə bağlı olması bu münasibətin iqtisadi dövriyyə və sahibkarlıq fəaliyyəti ilə birbaşa bağlı olduğunu göstərir. Kollegiya xüsusi olaraq vurğulayır ki, 1049 ha torpaq sahəsi üzərində yerləşən tikililər, avadanlıqlar və çoxillik əkmələrdən ibarət əmlak kompleksi öz mahiyyətinə görə şəxsi və məişət xarakterli deyil, sistemli təsərrüfat və kommersiya fəaliyyətinin predmetidir. Belə əmlak kompleksinin boşaldılması və bunun müqabilində kompensasiya ödənilməsi iqtisadi münasibətlərin tipik formasıdır və bu münasibətlər kommersiya fəaliyyətinin iştirakçıları arasında təşəkkül tapır. Bundan əlavə, kollegiya qeyd edir ki, müqavilə notarial qaydada təsdiq edilmiş, hüquqi qüvvəyə minmiş və tərəflər üçün məcburi xarakter daşımışdır. Iş materiallarında müqavilənin etibarsız sayılması, ləğv edilməsi və ya hüquqi qüvvəsinin itirilməsi ilə bağlı hər hansı sübut mövcud deyildir. Bu isə o deməkdir ki, müqavilə hazırda da qüvvədədir (müqavilənin 4.1-ci bəndi) və onun şərtləri hüquqi nəticələr doğurmaqda davam edir. Kollegiya elə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə məhz qüvvədə olan müqavilə üzrə öhdəliklərin icrası ilə bağlıdır və bu səbəbdən onun hüquqi təbiəti kommersiya mübahisəsi kimi qiymətləndirilməlidir. Beləliklə, kollegiya ümumiləşdirilmiş şəkildə belə nəticəyə gəlir ki mübahisə müqavilədən irəli gələn öhdəlik münasibətlərinə aiddir, tərəflər sahibkarlıq fəaliyyətinin subyektləridir və münasibət iqtisadi dövriyyə ilə bağlıdır, dövlət orqanının iştirakı münasibətin hüquqi təbiətini dəyişmir, çünki o, bu münasibətdə inzibati hakimiyyət funksiyası ilə deyil, mülki-hüquqi tərəf kimi çıxış edir, müqavilə qüvvədədir və mübahisə onun icrası ilə bağlıdır buna görə də iş kommersiya məhkəmələrinin aidiyyətinə daxildir. Nəticə etibarilə, birinci instansiya məhkəməsi tərəfindən işə ümumi məhkəmədə baxılması məhkəmə aidiyyəti qaydalarının kobud pozuntusu kimi qiymətləndirilməli və Azərbaycan Respublikası MPM-in 385.1.1-ci və 387.2.9-cu maddələrinə uyğun olaraq qətnamə ləğv edilməli, iş baxılması üçün aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməlidir. MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. MPM-in 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. MPM-in 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndində qeyd olunur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 25-ci bəndində qeyd olunur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın mahiyyətini və mübahisənin xarakterini digər hallarla birlikdə nəzərə alaraq hesab edir ki, iş baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 387.2.9-cu maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin qeydiyyat ünvanı Füzuli rayonu olduğundan, hazırkı iş aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməlidir. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə” Məhkəmə-Hüquq Şurasının ## ###### 2019-cu il tarixli Qərarına əsasən, Füzuli rayonu ərazi vahidi kimi Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aiddir. Odur ki, işə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxıldığı üçün apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. MPM-in 402.2.5-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 384.0.4, 385.1.1, 387.2.9, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar