Məhkəmə qərarları › İş №2(3-9)-161/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-161/2026

12.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-161/2026 12.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(018)-100/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilmiş tikililərin hasarın üstündə olan hissədə sökülməsi, yağış sularının həyətə axıdılmasının qarşısının alınması” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Astara rayonunun Siyakü kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin koordinatları daxilində Cavabdeh tərəfindən inşa edilmiş tikililərin və qurğuların cavabdehin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək iddiaçının sahibliyinə qaytarılması, cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması, habelə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2(018)-100/2025 saylı qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində Astara Rayon Məhkəməsinin 2(018)-100/2025 saylı, 27 oktyabr 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)- 100/2025 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmasının səbəbini üzrlü hesab edərək buraxılmış müddəti bərpa edib tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(018)-100/2025 saylı qərardadı ilə (hakim Şəfiqə Meybullayeva) prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçıya şikayət verərək Astara Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(018)-100/2025 saylı qərardadının ləğv edilməsi, apellyasiya şikayətinin baxılması üçün iş materialları ilə birlikdə X2 Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-100/2025 saylı qətnaməsindən apellyasiya verilmə müddətinin buraxılmasının səbəbi qardaşı X5 xəstələnməsi olmuşdur. Xəstə tərəfindən həkimə aparılmış və ona baş beynin digər dəqiqləşdirilməmiş zədələnmələri (XBT-10 kodu: G93.9), baş ağrıları, baş gicəllənmələri, özündən asılı olmayan əsmələr, boğulmalar, təngnəfəslik və ayaq üstə durduqda baş ağrılarından diaqnozu qoyulmuşdur. Uzun illərdir ki, xəstə bu vəziyyətdən əziyyət çəkir və onun baxımı onun tərəfindən həyata keçirilir. Xəstə qardaşının həmin vaxta vəziyyətinin yenidən ağırlaşması onun faktiki olaraq başqa işlə məşğul olma imkanımdan məhrum etmişdir. Məhkəmə qərardadında bildirir ki, (2-ci səyfə 6-cı abzas) iddiaçı qətnaməni xx.xx.2025-ci il tarixdə almasını məhkəmə iclasında etiraf etmişdir. Bildirir ki, tərəfindən elə bir söz deyilməmiş heç bir iclas protokolunda bu barədə qeyd yoxdur. O elə söz deyib heç yerə qeyd etməmişdir. Məhkəmə qeyd edir ki, xəstənin qardaşı ailəlidir və yataq xəstəsi deyil. Qardaşı ailəli olsa da onun xəstəliyi ilə ancaq o maraqlanır və onların ailəsinin bu sahə üzrə təcrübə və bacarığı yoxdur. Evdə olan xəstəyə hamı baxmır, yalnız bir nəfər baxır. Ailədə də qardaşının bütün işlərini o, görür. Qardaşı da bunu etiraf edir. Məhkəməyə təqdim etdiyi bu iş üzrə şikayət verməli ola şəxin qardaşı, yaxın qohumunun ağır xəstələnməsi və ona ailədə baxan əsas şəxs olan bacısı İddiaçı vaxtında apellyasiya şikayəti verməsi onun iradəsindən kənar olur, iradəsindən asılı olmur. Qeyd olunan məhkəmənin mülahizəsi məsələsi isə sadalanmış hallar olmadıqda həyata keçirilir. Yəni qərarda göstərilmiş hallar mövcud olduğu halda məhkəmə öz mülahizəsi ilə formal xarakterli mülahizələr görə prosesual müddəti bərpasından imtina etməməlidir Astara Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(018)-100/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, qərardadın dəyişdirilmədən saxlanılması və şikayətin 7 gün müddətində işlə birlikdə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Astara Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(018)-100/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 268-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasınının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.3-cü maddəsinə əsasən müddətin bərpa edilməsi haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə tərkibi hesab edir ki, İddiaçı Astara Rayon Məhkəməsinin 27 oktyabr 2025ci il tarixli, 2(018)-100/2025 saylı qətnaməsindən şikayət etmək hüququ onun konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. Qeyd edilməlidir ki, İddiaçı tərəf olduğu mülki işdə maraqlı olmalı idi. İşdə maraqlı olmaq o deməkdir ki, məhkəmənin qəbul edəcəyi qətnamə və ya qərardad həmin şəxsin hüquq və vəzifələrinə birbaşa təsir göstərir. Yəni tərəf məhkəmə işində iştirak etməklə öz subyektiv hüququnu müdafiə etməkdə maraqlıdır. Hal-hazırda İddiaçı Astara Rayon Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2(018)- 100/2025 saylı qətnaməsindən üzrlü səbəblərdən vaxtında şikayət verməməsinə dair mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmasının səbəbi kimi göstərilən hallar üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması şəxsin iradəsindən asılı olmayan, qarşısıalınmaz və obyektiv səbəblərlə bağlı olsun. Üzrlü səbəb anlayışı məhkəmə təcrübəsində məhdud şərh olunmaqla hər bir ailə-məişət çətinliyi avtomatik olaraq üzrlü səbəb hesab edilməməkdədir. İddiaçı müddətin buraxılmasını qardaşının xəstəliyi və ona qulluq etməsi ilə əsaslandırmışdır. Lakin iş materiallarından görünür ki, iddiaçının hüquqi hərəkətləri (şikayət vermək) həyata keçirməsini obyektiv olaraq tam mümkünsüz edən hal təsdiq edilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, yaxın qohumun- iddiaçının qardaşının xəstəliyi yalnız müstəsna hallarda, məsələn, şəxsin fasiləsiz olaraq yeganə baxıcı olması və bu halın mötəbər sübutlarla təsdiqi zamanı üzrlü səbəb kimi qiymətləndirilə bilərdi. Hazırkı işdə isə iddiaçı belə fövqəladə və qarşısıalınmaz vəziyyətin mövcudluğunu sübuta yetirə bilməmişdir. Bundan əlavə, iddiaçı apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə nümayəndə vasitəsilə təqdim etmək imkanından məhrum olduğunu da əsaslandırmamışdır. Halbuki, prosessual hüquqların həyata keçirilməsi üçün qanunvericilik bir neçə alternativ mexanizm nəzərdə tutur və bu imkanlardan istifadə edilməməsi şəxsin öz səhlənarlığıdır. Beləliklə, göstərilən səbəblər subyektiv xarakter daşımaqla müstəsna və qarşısıalınmaz hal kimi qiymətləndirilə bilməz . Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi Astara Rayon Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2(018)-100/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, qanunvericilikdə şikayətlərin verilməsi müddəti və şikayətin geri qaytarılması hallarından olan prosessual müddətin ötürülməsi halı konkret şəkildə göstərilmiş, habelə müddətin buraxılması səbəbinin məhkəmə tərəfindən üzrlü hesab edildiyi halda onun bərpa edilə bilməsi də qanunun normalarında öz əksini tapmışdır. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddəti bərpa etməməklə düzgün qənaətə gəlmişdir. Belə ki, İddiaçı prosessual müddəti üzrlü səbəblərdən ötürməsini hər hansı mötəbər sübutlarla əsaslandıra bilməmiş, həmçinin şikayətin dəlillərində qeyd edilən hallar belə prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, «X3rşı» iş üzrə qərarında (1985-ci il) qeyd etmişdir ki, vaxt məhdudiyyətləri ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və vaxtı keçmiş iddiaların qarşısının alınması məqsədilə qoyula bilər. Presessual hüquq qabiliyyəti üzrə məhdudiyyətlər, məsələn, müvafiq hüquqa malik olmayan iddiaçıları məhkəmənin dəyərli vaxtını almaqdan çəkindirmək üçün qoyula bilər. Digər məhdudiyyətlərə hökümət nazirlərinin, parlament üzvlərinin, mülki dövlət qulluqçularının və digər şəxslərin immunitet və imtiyazları aid edilə bilər. Lakin tətbiq edilən məhdudiyyətlər məhkəməyə müraciət hüququnun mahiyyətinə xələl gətirən dərəcədə olmamalıdır. Bundan başqa, məhkəməyə müraciət hüququna qoyulan məhdudiyyətlər qanuni məqsəd daşımalı və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olmalıdır. “K.N.Qəribovanın şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli, Astara Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(018)- 100/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi

qərara aldı:

Astara Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(018)-100/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Astara Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(018)-100/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar