Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-168/2026 15.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Cavabdeh cavabdeh5 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh6, cavabdeh1 və Rəhimova (Zeynalova) Rəna Fərəculla qızına qarşı “fərdi yaşayış evinə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları : İddiaçı cavabdeh6 Eərəculla oğlu ilə nikahları ## ###### 2003-ci il tarixdə Lənkəran rayon Şilavar kənd icra nümayəndəliyində 12 sayla rəsmiləşdirmişlər. Nikahdan sonra Lənkəran rayonu,Göyşaban kəndində yerləşən 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinə gəlin köçmüş və ona verilən cehiz əmlakları da həmin evdə yerləşdirilmişdir. Birgə nikahlarından anadan olan uşaqlar yetkinlik yaşına çatmışdır. Lənkəran Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, cavabdeh6 ilə İddiaçı Məhərrəməli qızı arasında ## ###### 2003-cü il tarixdə Lənkəran rayon Şilavar kənd icra nümayəndəliyi tərəfindən 12 sayla rəmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-233A, KOD ******** saylı şəhadətnamədən müəyyən olunur ki, Lənkəran Rayon Aqrar Islahat Komissiyasının ##.##.2004-cü il tarixli qərarına əsasən 0,12 hektar həyətyanı torpaq sahəsi X5 və onun ailə üzvləri – X4, X2 mülkiyyətinə verilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Onun gəlin köçdüyü Lənkəran rayonu, Göyşaban kəndində yerləşən 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinə köçürülməyi və Lənkəran rayonu. Göyşaban kəndində yerləşən 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evindən və həmin evin digər köməkçi sahələrindən - sanitar qovşaqlardan, habelə kommunal xidmətlərdən - işıq, qaz və sudan istifadə etmək hüququnun tanınması və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə (hakim: Murad Aslanov) iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 180, 180.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmış, qeyd etmişdir ki, iddiaçının köçmək və istifadə hüququnun tanınmasını istədiyini evin çıxarışı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-nin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə hesab edir ki, belə olan halda iddianın təmin edilməsi qanunvericliyin tələblərinə də tamamilə ziddir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermiş, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək, evə dair çıxarışın olmamasını və MM-nin 180-ci maddəsinə istinad etməklə mübahisəli evi özbaşına tikinti kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi aşağıdakı mühüm halları araşdırmamışdır: iddiaçının 20 ildən artıq müddətdə mübahisəli evdə faktiki yaşaması; evin iddiaçının ailə və şəxsi həyatının mərkəzi olması; iddiaçının evdən iradəsindən kənar kənarlaşdırılması; iddia tələbinin mülkiyyətə deyil, istifadə hüququna yönəlməsi. Ali Məhkəmənin hüquqi mövqeyinə görə, özbaşına tikinti normaları istifadə hüququna dair mübahisələrə avtomatik tətbiq edilə bilməz. Nikah dövründə gəlin kimi evə köçürülmüş və uzun müddət faktiki yaşamış şəxs ailə üzvü hesab edilir və onun istifadə hüququ mülkiyyət hüququndan asılı olmayaraq qorunmalıdır. Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2018-ci il tarixli, iş № *-*(***)-****/**** saylı qərarı Qərarda qeyd edilmişdir ki: “Şəxsin yaşayış sahəsində uzunmüddətli, fasiləsiz və ailə münasibətlərindən irəli gələn faktiki yaşayışı onun istifadə hüququnun mövcudluğunu təsdiq edən müstəqil hüquqi əsasdır.” Birinci instansiya məhkəməsi isə iddiaçının faktiki yaşayışını hüquqi əhəmiyyətsiz sayaraq yalnız formal mülkiyyət məsələsinə istinad etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2019-cu il tarixli, iş № *-*(***)-***/**** saylı qərarı Həmin qərara əsasən: “Yaşayış sahəsindən istifadə hüququ mülkiyyət hüququnun mövcudluğu ilə şərtlənmir və bu hüququn tanınması üçün daşınmaz əmlak üzərində dövlət qeydiyyatının olmaması iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz.” Bu presedent fonunda, birinci instansiya məhkəməsinin çıxarışın olmamasını əsas götürməsi açıq-aşkar hüquq pozuntusudur. AIHM qeyd etmişdir: “Uzun müddət faktiki yaşayan şəxslərin evdən çıxarılması yalnız xüsusilə əsaslandırılmış və proporsional səbəblər olduqda mümkündür.” Iddiaçı 20 ildən artıq bu evdə yaşamışdır. Qətnamədə isə bu hal heç bir hüquqi qiymət almamışdır. Iddianı rədd edən zaman ümumiyyətlə hər hansı bir hal qətnamədə göstərilməmişdir. Yəni qətnamə cəmi 2 səhifədən ibarətdir ki, əsaslandırma hissəsi demək olar ki, mövcüd deyildir. Iddianın rədd ilə bağlı yeganə hal özbaşına tikintidir ki, o da mötəbər sənədlərlə sübuta yetməmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri b) Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən cavabdeh cavabdeh5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdir ki, sözügedən ev 1978-ci ildə tikilmiş və heç kimin adına rəsmiləşdirilməmişdir. Tərəflər arasında münasibətlər yaxşı deyildir. Iddiaçının evə köçürülməsinə razılıq vermir. Apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ##.##.2026-cı il tarixli apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində idianın rədd edildiyini bildirmiş, lakin nə üçün rədd edildiyini qeyd etməmişdir. Evin yerləşdiyi torpaq sahəsi fərdi yaşayış təyinatlıdır, rəsmi sənədləri yoxdur. Cavabdehlərin anasına münasibətdə vərəsəlik açılmamışdır. Cavabdehlərin atasına münasibətdə isə vərəsəlik açılmışdır. Cavabdehlərin anasının bankda olan kapitalına sahiblik edən şəxsi və həmin evdə yaşayan şəxsləri cavabdeh olaraq qoymuşlar. Həmin evdən iddiaçı 2024-cü ildə çıxıb, lakin əşyaları həmin evdədir, əşyaları köçürmək üçün yaşayış yeri yoxdur. Cavabdehlər də əşyaların çıxarılmasını tələb etməyib. Iddiaçı ilə əri arasında nikah 2024-cü ildə pozulmuşdur. Iddiaçı nikaha daxil olduğu vaxtdan 2024-cü ilə qədər həmin evdə yaşayıb. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada işdə tərəf olan digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, qətnamə apellyasiya icraatı qaydasında bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” # ####### 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə HYPERLINK "https://e-qanun.az/framework/46944" Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə yeni Mənzil Məcəlləsinin 30.4cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 220.4.-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.1.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə qiymətləndirmə apararaq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarını tərəflərin qarşılıqlı münasibətlərinə uyğun şəkildə qiymətləndirməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmadan maddi hüquq normalarını yanlış tətbiq və təfsir etmişdir. Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. (Avropa Məhkəməsinin Hadjianastasiu Yunanıstana qarşı iş üzrə ## ###### 1992-ci il tarixli Qərarı; X3rşı iş üzrə ## ###### 1999-cu il tarixli Qərarı). Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. (Konstitusiyanın 13-cü maddəsinin III hissəsi, 29-cu maddəsinin II hissəsi və 71-ci maddəsinin II hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi) Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini, apellyasiya baxışı zamanı əlavə toplanmış sübutları və tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını qarşılıqlı əlaqədə, ardıcıl və hərtərəfli şəkildə qiymətləndirərək aşağıdakı qənaətə gəlir. Ilk olaraq kollegiya zəruri hesab edir ki, mübahisənin hüquqi mahiyyəti düzgün müəyyən edilməlidir. Belə ki, iş üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələb mahiyyət etibarilə yaşayış sahəsinə köçürülmə və həmin sahədən istifadə hüququnun tanınmasına yönəlmişdir. Bu tələb mülkiyyət hüququnun əldə edilməsi, tanınması və ya müdafiəsi ilə bağlı olmayıb, yaşayış sahəsindən istifadə hüququnun mövcudluğu və bərpası ilə əlaqədardır. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi mübahisəni yanlış hüquqi müstəvidə qiymətləndirmiş, iddianın predmetini düzgün müəyyən etməmiş və nəticə etibarilə tətbiq edilməməli olan maddi hüquq normasına istinad etmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180 və 180.2-ci maddələrinə istinad etmiş, mübahisəli yaşayış evini özbaşına tikinti kimi qiymətləndirmiş və bu əsasla iddiaçının hüquqlarının mövcud olmadığını göstərmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad etmiş olduğu maddi hüquq norması – Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsi tikintinin qanuniliyini, özbaşına tikililərin hüquqi rejimini və belə tikililər üzərində mülkiyyət hüququnun yaranıbyaranmaması məsələlərini tənzimləyir. Həmin norma mahiyyət etibarilə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi və həmin hüququn hüquqi nəticələri ilə bağlı münasibətlərə tətbiq edilir. Lakin hazırkı iş üzrə mübahisənin predmeti fərqlidir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb mübahisəli əmlak üzərində mülkiyyət hüququnun tanınmasına deyil, yaşayış sahəsinə köçürülmə və həmin sahədən istifadə hüququnun tanınmasına yönəlmişdir. Odur ki, mübahisə mülkiyyət hüququnun mövcudluğu və ya əldə edilməsi ilə deyil, yaşayış sahəsindən istifadə ilə bağlı hüquqi münasibətlər çərçivəsində qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi isə iddianın mahiyyətini düzgün müəyyən etmədən, yalnız daşınmaz əmlakın dövlət qeydiyyatının olmamasına və onun özbaşına tikinti kimi qiymətləndirilməsinə əsaslanaraq nəticəyə gəlmişdir. Halbuki daşınmaz əmlakın hüquqi statusu ilə bağlı məsələlər mənzilə köçürülmə və istifadə hüququna dair tələblərin qiymətləndirilməsi zamanı həlledici və birbaşa olaraq istisnaedici meyar kimi çıxış etmir. Bundan əlavə, apellyasiya baxışı zamanı toplanmış əlavə sübutlar birinci instansiya məhkəməsinin gəldiyi nəticənin faktiki əsaslarının da düzgün olmadığını göstərir. Belə ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-233A, KOD ******** saylı şəhadətnamədən görünür ki, mübahisəli fərdi yaşayış evi konkret şəxslərin- iddiaçının qaynanası X5 və onun ailə üzvləri – X4, X2 mülkiyyətində olan həyətyanı torpaq sahəsinin üzərində yerləşir və həmin torpaq sahəsi qanuni əsaslarla mülkiyyətə verilmişdir. Bu fakt isə onu göstərir ki, birinci instansiyanın evi ümumilikdə “özbaşına tikinti” kimi qiymətləndirməsi yalnız hüquqi deyil, həm də faktiki baxımdan əsaslı olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa; iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa; iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa; iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa; iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. Hazırkı halda iddiaçının mübahisəli evə köçürülməsi üçün qeyd olunan əsaslardan heç bir mövcud deyil. Kollegiya hesab edir ki, mübahisənin düzgün hüquqi qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəalarına istinad olunmalıdır. Həmin maddə yaşayış sahəsindən istifadə hüququnun yaranması, həyata keçirilməsi və xitamı ilə bağlı münasibətləri tənzimləyir. Xüsusilə, 228.5-ci maddəyə əsasən mülkiyyətçinin ailə üzvləri onunla birgə yaşadıqları halda həmin yaşayış sahəsindən istifadə etmək hüququna malikdirlər və bəzi hallarda bu hüquq ailə münasibətlərinə xitam verildikdən sonra da saxlanıla bilər. Iş materiallarından görünür ki, iddiaçı nikah dövründə mübahisəli yaşayış evinə gəlin kimi köçmüş, beləliklə tərəflər arasında mənzil hüquq münasibəti 2003-cü il tarixdə yaranmışdır. Iddiaçı isə uzun müddət həmin evdə yaşamışdır, lakin qeyd olunan fakt onun müəyyən dövrdə həmin yaşayış sahəsindən istifadə hüququna malik olduğunu təsdiq edən hallardan biri kimi qiymətləndirilə bilər. Lakin kollegiya xüsusi olaraq vurğulayır ki, bu hal istifadə hüququnun hazırkı mərhələdə mövcudluğunu dərhal təsdiq etmir və bu hüququn məhkəmə qaydasında tanınması üçün əlavə hüquqi şərtlərin mövcudluğu zəruridir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiq edilən yazılı razılaşma ilə müəyyən edilir. Halbuki hazırkı iş üzrə belə bir razılaşmanın mövcudluğu nə iddiaçı tərəfindən sübuta yetirilmiş, nə də iş materialları ilə təsdiq olunmuşdur. Əksinə, işin faktiki halları göstərir ki, tərəflər arasında belə bir hüquqi münasibət ümumiyyətlə formalaşmamışdır. Bununla yanaşı, tərəflər arasındakı münasibətlərin gərgin xarakter daşıdığı da onların məhkəmə iclasında verdikləri izahatlardan aydın şəkildə müəyyən olunur. Digər tərəfdən, iş üzrə müəyyən edilir ki, iddiaçı əvvəllər həmin yaşayış sahəsində yaşamış olsa da, sonradan həmin evi tərk etmiş və hazırda orada yaşamır. Bu hal da nəzərə alınmalıdır. Çünki yaşayış sahəsindən istifadə hüququnun mövcudluğu yalnız keçmişdə müəyyən müddət yaşamaq faktı ilə deyil, həmin hüququn hüquqi əsaslarının davam etməsi ilə şərtlənir. Beləliklə, kollegiya yekun olaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış və nəticədə əsaslandırılmamış qətnamə qəbul etmişdir. Lakin eyni zamanda kollegiya hesab edir ki, işin faktiki və hüquqi halları düzgün qiymətləndirildikdə iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Iddiaçı tərəfindən istifadə hüququnun mövcudluğunu təsdiq edən hüquqi mexanizmlər (mülkiyyətçi ilə razılaşma, hüquqi əlaqənin müəyyənliyi və s.) sübut olunmamışdır. Buna görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, lakin iddia tələbi yeni hüquqi əsaslarla yenidən qiymətləndirilərək təmin olunmamalı və rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya həmçinin qeyd edir ki, məhkəmədə iddia qaldırmaq və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəfin özünə aid edilməlidir. AR Mülki Prosessual Məcəlləsi: Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh6, cavabdeh1 və Rəhimova (Zeynalova) Rəna Fərəculla qızına qarşı “fərdi yaşayış evinə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilsin. Iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-168/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-168/2026
15.04.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver