Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-187/2026 09.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), X4 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Astara Regional Təhsil İdarəsinə, Lənkəran rayonu Zövlə kənd M.Qarayev adına tam orta ümumtəhsil məktəbinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli qətnaməsindən Lənkəran rayonu Zövlə kənd M.Qarayev adına tam orta ümumtəhsil məktəbinin direktoru Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon Zövlə kənd tam orta məktəbində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı və 12 saat müəllim olmaqla əvvəlki işinə bərpa olunmağı, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi, əmək müqaviləsinin düzgün tərtib olunması öhdəliyinin işəgötürənin üzərinə qoyulması və ödənilən 60 manat mediasiya rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim E.Ələsgərov) 27 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq işdən azad edilməsinə dair işəgötürən Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd Tam Orta Ümumtəhsil məktəbinin xx.xx.2025-ci il tarixli, 24 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı və informatika müəllimi işinə bərpa edilməsi, 17 aprel 2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Lənkəran rayonu Zövlə kənd M.Qarayev adına tam orta ümumtəhsil məktəbinin direktoru Nümayəndə1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Hazırki iş üzrə tərəflər iddiaçı- İddiaçı, cavabdehlər- Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Astara Regional Təhsil İdarəsi, həmçinin Lənkəran rayonu Zövlə kənd M.Qarayev adına tam orta ümumtəhsil məktəbidir. Apellyasiya şikayəti iş üzrə tərəf olmayan fiziki şəxs- məktəbin direktoru Nümayəndə1 tərəfindən verilmişdir. MPM-in 364-cü maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 361.1.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayətində şikayəti verən hüquqi şəxsin adı, digər zəruri məlumatlar, ünvanı, yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti göstərilməlidir. Qanun tələbinə görə, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı da şikayətdə göstərilməlidir. MPM-in 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Müəyyən edilir ki, apellyasiya şikayəti iş üzrə tərəf Lənkəran rayonu Zövlə kənd M.Qarayev adına tam orta ümumtəhsil məktəbi adından verilməli, apellyasiya şikayətinə Məktəbin rekvizitləri əlavə olunmalı olduğu halda, məktəbin direktoru Nümayəndə1 apellyasiya şikayətini öz adından vermiş, apellyasiya şikayətinə öz məlumatlarını əlavə etmişdir. Bu hal onu deməyə əsas verir ki, apellyasiya şikayəti hüququ olmayan şəxs tərəfindən verilmiş və imzalanmışdır. Qanunun tələbinə görə, apellyasiya imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Beləliklə, müəyyən edilir ki, apellyasiya şikayəti daxil olduqdan sonra, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə cavab vermədiyini nəzərə almadan mülki işi apellyasiya baxışına göndərmişdir. Halbuki, apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin tələblərinə cavab verməmişdir. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırki şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur, işə apellyasiya qaydasında baxılması mümkün deyil. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 366.2, 366.3, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Lənkəran Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli qətnaməsindən Lənkəran rayonu Zövlə kənd M.Qarayev adına tam orta ümumtəhsil məktəbinin direktoru Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(3-9)-187/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-187/2026
09.02.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver