Məhkəmə qərarları › İş №2(3-9)-206/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-206/2026

25.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-206/2026 25.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin 2(057)-3441/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Ərizəçi2 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs, Salyan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi göstərilməklə «qohumluq münasibətlərinin müəyyən olunması» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-3441/2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Hazırda Ərizəçi2 həmin qərardaddan şikayət vermişdir Şikayəti onunla əsaslandırmışdır ki, ərizəçinin məhkəməyə müraciət etdiyi “qohumluq faktının müəyyən olunması barədə” ərizə vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardır. Halbuki iddia tələbi xx.xx.1993-cü ildə vəfat etmiş X2 xx.xx.1951-ci il təvəllüdlü X3, xx.xx.1957-ci il təvəllüdlü Maraqlı şəxs xx.xx.1959cu il təvəllüdlü X4, xx.xx.1961-ci il təvəllüdlü X1, xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi1 atası olmasının müəyyən edilməsi barədədir. Belə olan halda işə xitam verilə bilməz. Odur ki, Salyan rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-3441/2025-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-3441/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-3441/2025-ci il tarixli qərardadından Ərizəçi2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, qərardaddan verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 2(057)- 3441/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya şikayətin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir: “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 2.2-ci maddəsində qeyd olunmuşdur ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1- ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Qərarının 9.1.ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Kollegiya qeyd edir ki, Ərizəçi2 tərəfindən verilmiş şikayətdə birinci instansiya məhkəməsinin işin faktiki hallarını düzgün müəyyən etmədiyi, işin həlli üçün əhəmiyyətli halları tam araşdırmadığı, sübutları düzgün qiymətləndirmədiyi və maddi–prosessual hüquq normalarını pozduğu iddia edilsə də, bu dəlillər iş materialları və tətbiq edilmiş hüquq normaları ilə təsdiqini tapmır. İş materiallarından aydın görünür ki, ərizəçilərin məhkəməyə müraciətinin səbəbi mərhumun övladlarının sənədlərində ata adının müxtəlif formalarda (“Sabil”, “Sabit”, “Səbil”) qeyd olunması ilə bağlı yaranmış uyğunsuzluq olmuşdur. Bu uyğunsuzluq nəticəsində notariat orqanı tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmiş və ərizəçilər həmin maneəni aradan qaldırmaq məqsədilə məhkəməyə müraciət etmişlər. Beləliklə, tələb qohumluq münasibətlərinin mübahisəsiz hüquqi fakt kimi müəyyən edilməsindən deyil, vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərin nəticələrinin aradan qaldırılmasından irəli gəlmişdir. Şikayətdə göstərildiyi kimi ərizəçilərin mərhumla ata–övlad münasibətlərini bəyan etmələri bu münasibətlərin məhkəmə tərəfindən mülki xüsusi icraat qaydasında müəyyən edilməsini zəruri etmir. Məhkəmə üçün həlledici olan tələbin formal ifadəsi deyil, onun hüquqi mahiyyətidir. Hazırkı halda isə ərizədən göründüyü kimi tələbin hüquqi mahiyyəti qohumluq əlaqəsinin mövcudluğu ilə deyil, rəsmi akt qeydlərində ata adının düzgün göstərilməməsi ilə bağlıdır. Bu cür halların aradan qaldırılması qanunvericiliyə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların səlahiyyətinə daxildir və həmin orqanların hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı mübahisələr inzibati məhkəmə icraatı qaydasında həll edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aidiyyətlə bağlı normalarını, habelə Ali Məhkəmə Plenumunun qohumluq faktının müəyyən edilməsi ilə vətəndaşlıq vəziyyəti aktlarında yol verilmiş səhvlər arasındakı fərqi izah edən hüquqi mövqeyini düzgün tətbiq etmişdir. Bu baxımdan apellyasiya şikayətində göstərilən “sübutlar kifayətdir” və “məhkəmə halları tam araşdırmamışdır” kimi arqumentlər hüquqi əhəmiyyət kəsb etmir, çünki məhkəmə əvvəlcə işə baxılmasının mümkünlüyünü, yəni aidiyyəti müəyyən etməli idi və bu vəzifəni qanunauyğun şəkildə yerinə yetirmişdir. Beləliklə, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, şikayətinin dəlilləri əsassızdır. Odur ki, şikayət təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 2(057)-3441/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 2(057)-3441/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar