Məhkəmə qərarları › İş №2(3-9)-225/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-225/2026

23.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-225/2026 23.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdeh Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı Füzuli Rayon İcra Hakimiyyətinin cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC) qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı Füzuli Rayon İcra Hakimiyyəti cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Füzuli Rayon İcra Hakimiyyətinə məxsus olan 1049 ha torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılaraq daşınmaz əmlakın iddiaçı Füzuli Rayon İcra Hakimiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqi dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş qeydiyyat tarixi ##.##.2023-cü il olan, ************ reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış əsasında Füzuli Rayon İcra Hakimiyyətinin üzərində mülkiyyyət hüququ təsdiqlənən 1049 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən istifadə edən Füzuli rayon Qacar kənd sakini Cavabdeh ilə Beyləqan rayon * saylı notariat ofisində ## ######## 2023-cü il tarixdə, informasiya sistemində 3M-471 reyestr nömrəsilə qeydə alınmış kompensasiya müqaviləsi bağlanaraq ona 182077 (yüz səksən iki min, yetmiş yeddi) manat kompensasiya ödənilmişdir. Lakin hazırda cavabdeh həmin sahədən çıxmaq istəmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Səkinəxanım Məmmədli) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, ************ reyestr nömrəli və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Füzuli Rayon İcra Hakimiyyətinə məxsus olan Füzuli şəhəri Füzuli rayonu ərazisində yerləşən 1049 ha torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılaraq torpaq sahəsinin iddiaçı Füzuli Rayon İcra Hakimiyyətinə təhvil verilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi məsələsini məhkəmə tərkibinin mülahizəsinə həvalə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin nümayəndəsi nümayəndə1 işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi məsələsini məhkəmə tərkibinin mülahizəsinə həvalə etdiyini bildirdi. İddiaçı Füzuli Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(064)- 2037/2025 saylı qətnaməsi ləğv edilərək, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə tərkibi ilk növbədə hazırkı mübahisənin aidiyyət məsələsinə xüsusi diqqət yetirərək qeyd edir ki, apellyasiya məhkəməsinin icraatı zamanı məhkəmənin istifadəsində olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə tərəflərin “vergi məlumatları” bölməsinə baxış keçirilmiş və bu zaman iddiaçı Füzuli Rayon İcra Hakimiyyətinin (VÖEN 7500087981 – aktivdir), cavabdeh Cavabdeh (VÖEN 7500191862 – passivdir) və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC (VÖEN ********** – aktivdir) vergi ödəyicisi olan fiziki və hüquqi şəxs statusuna malik olması müəyyən edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddia tələbinin əsasında notariat qaydasında ##.##.2023-cü il tarixli, *M-*** saylı üçtərəfli kompensasiya müqaviləsi durmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, hazırkı işə ümumi məhkəmədə baxılmasının yolverilməzliyinə səbəb mübahisənin hüquqi təbiətidir. Hazırkı mülki işin hüquqi təbiəti isə sahibkarlıq fəaliyyəti ilə bağlı icarə (öhdəlik) mübahisəsidir. Bu halda iddiaçı icra hakimiyyəti mülki dövriyyə iştirakçısıdır. Belə ki, tərəflərdən biri fərdi sahibkar (sahibkarlıq subyekti), digəri isə icra hakimiyyətidir (amma bu münasibətdə inzibati səlahiyyət yox, mülki-hüquqi tərəf kimi çıxış edir). İcra hakimiyyəti torpağı inzibati aktla deyil, icarə müqaviləsi ilə vermişdir. Bu münasibət publik-hüquqi münasibət olmamaqla mülki-hüquqi (öhdəlik) münasibətidir. Hazırda tərəflər arasında baş verən mülki mübahisə torpaq icarə münasibəti, kompensasiya ödənilməsi, torpaqdan çıxmama və faktiki istifadə hüququ ilə bağlıdır. Bu da klassik icarə müqaviləsindən irəli gələn öhdəlik mübahisəsidir. Mübahisə predmeti olan torpaq sahəsi sahibkarın sahibkarlıq fəaliyyəti üçün verilmiş, istifadə sahibkarlıq məqsədi daşımış və kompensasiya da həmin sahibkarlıq obyektinə görə ödənilmişdir. Hazırkı iddia tələbi icarə münasibətinin nəticəsi olmaqla kompensasiyadan sonra istifadə hüququnun bitməsi və sahibkarlıq obyektinin boşaldılması ilə bağlıdır . Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında ##.##.2023-cü il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş üçtərəfli kompensasiya müqaviləsi hazırkı vaxta qədər hüquqi qüvvəsini itirməmiş, qanunla müəyyən edilmiş qaydada etibarsız hesab edilməmiş, ləğv olunmamış və ya xitam verilməmişdir. həmin müqavilənin 4.1-ci bəndinə əsasən, həmin müqavilə notariat qaydasında təsdiq edildiyi andan qüvvəyə minir və tərəflərin üzərlərinə götürdükləri öhdəliklər tam icra olunanadək qüvvədə qalır. İş materiallarında həmin müqavilənin etibarsızlığına dair hər hansı məhkəmə aktı, tərəflərin qarşılıqlı razılığı əsasında onun ləğv edilməsi barədə sənəd, yaxud müqavilə öhdəliklərinin tam icra olunmasını təsdiq edən sübutlar mövcud deyildir. Əksinə, iş üzrə toplanmış sübutların məcmusundan görünür ki, müqavilə üzrə kompensasiya verən tərəf öz üzərinə düşən əsas öhdəliyi yerinə yetirmiş, yəni cavabdehə 182077 manat məbləğində kompensasiya tam həcmdə ödənilmişdir. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə öhdəliklərinə dair müddəalarına əsasən bağlanmış müqavilə tərəflər üçün məcburi hüquqi qüvvəyə malikdir və tərəflər onun şərtlərinə vicdanla əməl etməyə borcludurlar. Müqavilənin bağlanması ilə tərəflər arasında konkret hüquq və vəzifələr yaranmışdır. Həmin hüquq münasibətləri müqavilənin bağlandığı andan qüvvəyə minmiş və onun icrası başa çatana, yaxud qanunla nəzərdə tutulmuş əsaslarla xitam verilənədək davam edir. Hazırkı işdə isə cavabdeh müqavilə üzrə ona ödənilməli kompensasiya məbləğini aldığını özü də etiraf etmiş, lakin müqabil öhdəliyi olan torpaq sahəsinin və üzərində yerləşən tikililərin boşaldılması öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin sonradan həmin öhdəliyin icrasından yayınması müqavilənin qüvvədən düşməsi kimi qiymətləndirilə bilməz, əksinə, qüvvədə olan müqavilə öhdəliyinin pozulması kimi dəyərləndirilməlidir. Məhkəmə tərkibi hesab edir ki, müqavilənin qüvvədə olması faktı mübahisənin hüquqi təbiətini müəyyən edən əsas hallardan biridir. Belə ki, tərəflər arasında münasibətlər artıq sadəcə torpaq sahəsindən faktiki istifadə ilə bağlı deyil, qüvvədə olan müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlıdır. Bu səbəbdən mübahisənin yalnız “torpaq sahəsindən çıxarılma” kimi dar mənada qiymətləndirilməsi düzgün deyildir. Mübahisənin əsasında məhz qüvvədə olan müqavilənin şərtlərinin icra edilməməsi dayanır. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, müqavilənin qüvvədə qalması şəraitində onun şərtləri tərəflər üçün məcburidir və cavabdehin kompensasiya məbləğini qəbul etdikdən sonra müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi hüquqi məsuliyyət doğurur. Bu hal iddiaçının müqavilədən irəli gələn hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu yaradır. Beləliklə, məhkəmə tərkibi nəticəyə gəlir ki, ##.##.2023-cü il tarixli kompensasiya müqaviləsi hüquqi qüvvəsini saxladığından, hazırkı mübahisə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlıdır və işə bu hüquqi çərçivədə qiymət verilməlidir. Bu hal isə mübahisənin aidiyyəti məsələsinin həllində həlledici əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aidiyyətə dair müddəalarına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan, o cümlədən müqavilə öhdəliklərinin icrası, pozulması və ya dəyişdirilməsi ilə bağlı mübahisələrə kommersiya məhkəmələri baxır. Hazırkı işdə də mübahisənin predmeti qüvvədə olan kompensasiya müqaviləsinin icra edilməməsi, yəni müqavilə öhdəliyinin yerinə yetirilməməsi ilə bağlıdır ki, bu da birbaşa iqtisadi fəaliyyət çərçivəsində yaranmış mübahisədir. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, məhkəmə aidiyyəti müəyyən edilərkən fərdi sahibkarların vergi orqanında fəaliyyətinin aktiv olmaması və ya onun həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin vergi orqanında qeydə alınmış fəaliyyət növündən fərqli olmasının heç bir əhəmiyyəti yoxdur. Çünki bu məsələlər Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən vergi tutma məqsədləri və sahibkarların vergi məsuliyyətinin yaranması üçün əhəmiyyət daşıyan hallardır və həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti olmasını istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40- 5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.7-ci maddənin tələbinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, cavabdeh Cavabdeh şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(064)-2037/2025 saylı qətnaməsi prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə tərkibi Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(064)-2037/2025 saylı qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar