Məhkəmə qərarları › İş №2(3-9)-267/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-267/2026

23.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-267/2026 23.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Hacıqabul Rayon Məhkəməsinin 2(5-125)-77/2026 saylı, 02 fevral 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi ilə Hacıqabul rayonu, Abdulabad kənd sakini Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Hacıqabul rayonu, Abdulabad kəndi ərazisində yerləşən 3 saylı X2 Mərkəzinə məxsus 7-ci dolayın 18-ci kvartalında zəbt olunmuş ümumilikdə 37 ha (o cümlədən qeyri-qanuni icarəyə verilmiş 25 ha) dövlət meşə fondu torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılması, ərazidə qanunsuz inşa edilmiş bütün tikililərin, o cümlədən 9m x 7m ölçüdə bir ədəd işçi otağının, 13m x 7m ölçüdə bir ədəd işçi otağının, 4m x 7m ölçüdə iki ədəd və 4m x 12m ölçüdə bir ədəd köməkçi tikililərin, 15m x 35m ölçüdə mişar daşından hasarın, hasara alınmış ərazidə yerləşən 15m x 4m ölçüdə iki ədəd fermanın, 25m x 5.54m ölçüdə bir ədəd köməkçi tikilinin, 25m x 6m, 15m x 8m və 8m x 5m ölçülərdə olan ot anbarlarının, 9m x 7m ölçüdə bir ədəd köməkçi tikilinin və gələcəkdə aşkar edilə biləcək digər bütün növ qanunsuz tikili və qurğuların cavabdehlərin öz hesabına sökülməsi, habelə zəbt olunmuş torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq 3 saylı X2 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 2(5-125)-77/2026 saylı, 02 fevral 2026-cı il tarixli qərardadına əsasən iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin 3 saylı X2 Mərkəzinin cavabdehlər Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qanunsuz və əsassız olduğundan qərardadın ləğv edilməsi və mülki işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 2(5-125)-77/2026 saylı, 16 fevral 2026-cı il tarixli qərardadı ilə, şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Hacıqabul Rayon Məhkəməsinin 2(5-125)-77/2026 saylı, 02 fevral 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddia ərizəsini geri qaytararkən hesab etmişdir ki iddiaçı və cavabdeh vergi ödəyicisi kimi qeydiyyata alınaraq sahibkarlıq fəaliyyətinin subyekti olduğundan və tərəflər arasında mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərdən irəli gələn mübahisə olduğundan, bununla da iddiaçının iddia tələbi kommersiya xarakterli olmaqla verilmiş iddia ərizəsi məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalı olduğundan, yəni hazırki işə aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qərardaddan narazı qalan iddiaçı qərardadının ləğv edilməsini və mülki işin icraata qəbul edilməsnii xahiş etmişdir. Kollegiya qeyd edir ki, MPM-in 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər.[55] 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.[56] 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər.[57] 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qərardaddan verilən şikayətə baxdıqdan sonra məhkəmələr arası aidiyyətlə bağlı məsələnin həlli üçün iş materiallarını kassasiya instansiya məhkəməsinə göndərməli olduğu halda, prosessual qanunvericiliyin tələblərini pozmaqla apelyasiya instansiyası məhkəməsinə göndərmiş və apelyasiya instansiya məhkəməsinin məhkəmələr arası aidiyyatla bağlı məsələyə baxmaq səlahiyyəti olmadığına görə, mülki iş materialları apellyasiya baxışından çıxarılmalı, MPM-in 32-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün Hacıqabul Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: 2(3-9)267/2026 saylı mülki iş materialları apellyasiya baxışından çıxarılmaqla MPM-in 32-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün Hacıqabul Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar