Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-272/2026 31.03.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, iddiaçının iştirakı ilə, Sabirabad Rayon Мəhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İsmayılov Emil Tofik oğlunun cavabdeh Cavabdeh ASC-yə qarşı əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayılov Emil Tofik oğlu ##.##.2024-cü ildə "xxxx" ASC-yə sürücü vəzifəsinə işə qəbul edilmiş, onunla bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci ildə xitam verilmişdir. İsmayılov Emil Tofik oğlu iddia ilə məhkəməyə müraciət edərək ödənilməmiş əmək haqqının qalıqlarını və işçinin təqsiri olmadan boş dayanma hallarına görə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək haqqının üçdə ikisindən az olmayaraq, həmçinin əmək haqqının gecikməsinə görə əlavə ödənclər (hər gecikdirilmiş gün üçün 1% miqdarda), son haqqhesabının yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: "xxxx" ASC ilə ##.##.2024-cü il tarixdə əmək müqaviləsi bağlanılmış, sürücü vəzifəsinə işə qəbul edilmiş, ##.##.2025-ci il tarixdə onunla əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsi altı ay qüvvədə olub, bu altı ayın 4 ayını həqiqi işdə olmuşdur. Baxmayaraq ki, əmək müqaviləsində əmək haqqı 900 (doqquz yüz) manat göstərilib, amma ona cəmi 670.25 manat (altı yüz yetmiş manat iyirmi beş qəpik) əmək haqqı ödənilmiş, qalan iki ayı onun təqsiri olmadan işdə boşdayanma olduğundan müəssisənin bütün rəhbər şəxslərini xəbərdar etmişdir. Boşdayanmaya görə "xxxx" ASC əmək müqaviləsində qeyd olunan 900 (doqquz yüz) manatın üçdə ikisini, yəni 600 (altı yüz) manatı və gecikdirilmiş hər gün üçün əməkhaqqının 1%-ni hesablayıb ona ödəməli idi, (AR Əmək Məcəlləsi: 172.5) amma ödəməyib. Ona ödənilməli məbləği hesablayıb ərizəyə əlavə etmişdir. Əgər cavabdeh onun hesablamalarına etiraz etsə, məhkəmənin iqtisadi ekspertiza təyin etməsinə də etirazı yoxdur. Birinci instansiya məhkəməsində cavabdehin təmsilçisi iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Sabirabad Rayon Мəhkəməsinin (hakim N.Bağırov) ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İsmayılov Emil Tofik oğlu ilə Cavabdeh ASC arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsi əsasında yaranmış və ##.##.2024-##.##.2025-ci il dövrü üçün ödənilməmiş əmək haqqının (hər gecikdirilmiş gün üçün hesablanmış ödənc də daxil olmaqla) əvəzi 7.670,84 (yeddi min altı yüz yetmiş manat səksən dörd qəpik) AZN pul vəsaiti Cavabdeh ASC-dən tutulub İsmayılov Emil Tofik oğluna ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh ASC apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh Cavabdeh ASC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətdə göstərilir ki, iddiaçı ilə ##.##.2024-cü il tarixdə Cavabdeh ASC ilə əmək müqaviləsi bağlanılmış, ##.##.2025-ci il tarixdə də əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işlədiyi müddət ərzində boşdayanmalar olmuş və bu səbəbdən əmək haqqı tam ödənilməmişdir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İddiaçı işlədiyi müddət üçün əmək haqqı almışdır. Lakin sonradan işə davamiyyəti olmadığı üçün əmək haqqı tam ödənilməmişdir. Şikayətə görə məhkəmə MPM-in 14.2, 76, 77.1, 88-ci maddələrinin tələblərini pozaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda Qanunun tələblərinə əməl etməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçının işdə olmasına dair heç bir sübut təqdim edilməmişdir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən iddiaçı İsmayılov Emil Tofik oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, əmək müqaviləsində əmək haqqı 900 manat yazılmışdır, lakin ona şifahi olaraq 1200 manat əmək haqqı verilməsini demişdilər. Bunun 900 manatını kartla, qalan hissəsini əlbəəl verəcəklərini bildirmişdirlər. Onu işə çağırırdılar, lakin boş dayanma səbəbi beton zavodunda cavabdehin elektrik enerjisinin pulunun vaxtında verməməsi ilə bağlı olurdu. İddiaçı İsmayılov Emil Tofik oğlu elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, mülki iş birinci instansiya məhkəməsi tərəfindən uzun müddət ərzində hərtərəfli və obyektiv araşdırılmış, iş materiallarına kifayət qədər yazılı sübutlar və sənədlər təqdim edilmişdir. Məhkəmə təqdim olunmuş sübutları qiymətləndirərək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh tərəf isə məhkəmə baxışı zamanı iddianın rədd olunması üçün hər hansı sübut təqdim etməmiş, hətta cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, o işlədiyi müddətdə işdə olmağını sübut etməmişdir. Lakin bu iddia əsassızdır. Əgər müəssisədə işçilərin davamiyyətinin qeydiyyatı üçün nəzərdə tutulmuş rəsmi uçot sənədləri, o cümlədən davamiyyət kitabçası və ya digər qeydiyyat vasitələri mövcud olmuşdursa, cavabdeh tərəf onun işdə olmamağına dair hər hansı əks sübut təqdim etməli idi. Lakin belə bir sübut məhkəməyə təqdim edilməmişdir, ona görə də məhkəmənin qərarı tam qanuni və əsaslıdır. Digər tərəfdən, iddia edilən müddətdə onunla ASC arasında bağlanmış əmək müqaviləsi qüvvədə olmuşdur, əmək müqaviləsinin qüvvədə olduğu müddətdə işçi ilə işəgötürən arasında əmək münasibətləri davam edir. Əgər cavabdeh tərəf hesab edirdisə ki, o işdə olmamış, bu halda əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi üçün qanuni tədbirlər görülməli idi. Lakin onunla müqaviləyə xitam verilməmiş və əmək müqaviləsi qüvvədə saxlanılmışdır. Cavabdehin heç bir tədbir görməməsi, onun işdə olmağının sübutu və etirafıdır. Bundan əlavə, əmək müqaviləsinin qüvvədə saxlanılması onun digər müəssisələrdə işləməyinə mane olmuş və nəticədə ailəsini dolandırmaq üçün qazanc əldə etmək imkanlarından məhrum etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsində boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Cavabdehin təmsilçisi apellyasiya baxışı iclasında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin təmsilçisi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, iddiaçı ##.##.2024-cü ildə "xxxx" ASC-yə sürücü vəzifəsinə işə qəbul edilmiş, onunla həmin tarixdən əmək müqaviləsi bağlanmışdır. ##.##.2025-ci il tarixdə də onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Təqdim edilmiş əmək müqaviləsinə görə işçiyə 900 manat əmək haqqı verilməsi nəzərdə tutulmuşdur. Təqdim edilmiş sənədlərə və tərəflərin məlumatlarına görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən xitam verilmiş, əmək müqaviləsi 06 ay 15 gün qüvvədə olmuş, işçi həmin əmək müqaviləsi müddətinin 04 ayını işdə olsa da, lakin ona cəmi 670.25 (altı yüz yetmiş manat iyirmi beş qəpik) AZN əmək haqqı ödənilmişdir. İddiaçının bildirdiyinə görə qalan iki ayı da onun təqsiri olmadan işdə boşdayanması olmuşdur. Cavabdeh müəssisə Sabirabad rayonu, Qalağayın kəndində vergi ödəyicisi kimi qeydiyyatda olmaqla təşkilati-hüquqi formasına görə açıq səhmdar cəmiyyətdir. Hazırkı tələbində iddiaçı ödənilməmiş əmək haqqının qalıqlarını və işçinin təqsiri olmadan boş dayanma hallarına görə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək haqqının üçdə ikisindən az olmayaraq, həmçinin əmək haqqının gecikməsinə görə əlavə ödənclər (yəni hər gecikdirilmiş gün üçün 1% miqdarda), son haqq-hesabının yenidən hesablanaraq ödənilməsini tələb etmişdir. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iddianı əsaslı olduğundan təmin edilməlidir. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsin əsasən:
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. ...
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qanunun tələbinə görə, həmin maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2023 -cü il tarixli qəraında göstərilir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq digər hüquqlarla yanaşı əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına daxildir. Kollegiya hesab edir ki, iddiaçının tələbi keçərlidir. Cavabdeh tərəf apellyasiya şikayətində iddia edilən əmək haqqı məbləğinin ödənilmədiyini inkar etməmişdir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı işlədiyi müddət ərzində boşdayanmalar olmuş və bu səbəbdən əmək haqqı tam ödənilməmişdir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İddiaçı işlədiyi müddət üçün əmək haqqı almışdır. Lakin sonradan işə davamiyyəti olmadığı üçün əmək haqqı tam ödənilməmişdir. Cavabdehə hüquqları izah edilmiş, ona müvafiq sübutlarının təqdim edilməsi barədə bildiriş göndərilmişdir. Cavabdeh işçiyə əmək haqqının ödənilməsi, işçinin davamiyyətinin olmaması ilə bağlı hər-hansı sübut təqdim etməmişdir. Ona görə də məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında işə baxmışdır. İddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, iddiaçı İsmayılov Emil Tofik oğlu hər ay 900 manat məbləğində əmək haqqının ödənilməsi şərti ilə ##.##.2024-cü il tarixdən Cavabdeh ASC-də sürücü vəzifəsinə işə qəbul olunmuş, onunla bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən xitam verilmiş, əmək müqaviləsi 06 ay 15 gün qüvvədə olmuş, işçi həmin əmək müqaviləsi müddətinin 04 ayını işdə olsa da ona cəmi 670.25 (altı yüz yetmiş manat iyirmi beş qəpik) AZN əmək haqqı ödənilmiş, qalan iki ayı da onun təqsiri olmadan işdə boşdayanması olmuşdur. İddiaçının adına olan kart hesabından çıxarışdan görünür ki, ##.##.2024-cü il tarixdə karta 670.25 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Əmək haqqının hər gecikdirilmiş günü üçün 1%-dən az olmayaraq ödənc hesablanır. İddiaçıya 2024-cü ilin oktyabr, noyabr, dekabr, 2025-ci ilin yanvar ayı üzrə 900 manat, 2025-ci ilin fevral və mart ayına boşdayanmaya görə isə 600 manat əmək haqqı hesablanmalıdır. Məhkəmə işin hallarına və istinad edilən maddi hüquq normalarına əsaslanaraq hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsi əsasında yaranmış və ##.##.2024-##.##.2025-ci il dövrü üçün ödənilməmiş əmək haqqının əvəzi, eyni zamanda hər gecikdirilmiş gün üçün hesablanmış ödəncdə daxil olmaqla ümumilikdə hesablanmış 7.670,84 (yeddi min altı yüz yetmiş manat səksən dörd qəpik) AZN məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya verilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh tərəf etirazı ilə bağlı heç bir sübut təqdim etməmişdir. Cavabdeh etirazını iddiaçının davamiyyətinin olmaması ilə əlaqələndirsə də, bununla bağlı hər-hansı sübut təqdim etməmişdir. Ona görə də Kollegiya cavabdeh tərəfin şifahi etirazını iddianın təmin edilməsindən imtina üçün əsas hesab etmir. Beləliklə, Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, Kollegiyanın qənaətinə görə, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
qət etdi:
Cavabdeh Cavabdeh ASC -nin apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Мəhkəməsinin ## ###### 2025-ci il il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.