Məhkəmə qərarları › İş №2(3-9)-283/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-283/2026

20.05.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-283/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili vəkil2, Cavabdeh cavabdeh3 iştirakları ilə, Iddiaçı iddiaçı1 cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı “evdən çıxarma və qanunsuz hərəkətlərin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 nümayəndəsi (vəkili) vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları : 1.1956-cı ildə Zeynalov X5 Şəhrəbanı Bəhlul qızı ilə ailə qurmuş və onların ər-arvad münasibətindən uşaqları olmamışdır. 2.Biləsuvar Rayon Məhkəməsinin ## ###### 1968-ci il tarixli qətnaməsi ilə iddiaçı2 Zeynalov Rəhman Fərman oğluna qarşı “əmlak tələbinə dair” iddiası qismən təmin edilərək, Zeynalov Rəhman Fərman oğlundan Biləsuvar rayonu, Xarmandalı kəndində yerləşən evin istifadə edilməyən bir gözünün və ya dəyəri olaraq 300 manatın və sair alınıb iddiaçı2 Bəhulul qızına verilməsi qət edilmişdir. 3.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## #### 1968-ci il tarixli qərardadı ilə Zeynalov Rəhman Fərman oğlunun kassasiya şikayəti əsassız olduğu üçün təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin ## ###### 1968-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 4.Bundan sonra Zeynalov X6 Güşvər Mirhəbib oğlu ilə ailə qurmuş və onların ər-arvad münasibətindən 10 uşaqları doğulmuşdur. 5.1992-ci ildə Zeynalov Rəhman Fərman oğlu ölmüşdür.

6. JN-****F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Biləsuvar rayon AIK-nın ## #### 2000-ci il tarixli, ** saylı qərarı ilə Biləsuvar rayonu, Xarmandalı kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsi 3 nəfər ailə üzvləri ilə birlikdə iddiaçı1 mülkiyyətinə verilmişdir.

8. JN-****F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Biləsuvar rayon AIK-nın ## #### 2000-ci il tarixli, ** saylı qərarı ilə Biləsuvar rayonu, Xarmandalı kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsi 9nəfər ailə üzvləri ilə birlikdə Qasımova Güşvər Mirhəbib qızının mülkiyyətinə verilmişdir.

9. 13 avuqust 2008-ci il tarixli vəsiyyətnaməyə əsasən, iddiaçı2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını bacısı qızı iddiaçı1 vəsiyyət etmişdir.

10. ## #### 2022-ci il tarixli “Ölüm haqqında” Şəhadətnaməyə əsasən, iddiaçı2 ölmüşdür.

11. ## #### 2022-ci il tarixli Çıxarışlara əsasən, Biləsuvar rayonu, Xarmandalı kəndində yerləşən 0.1551 ha və 0.2125 ha torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçı2 adına qeydə alınmışdır.

12. ## ######## 2022-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrə əsasən, iddiaçı2 miras qalmış Biləsuvar rayonu, Xarmandalı kəndində yerləşən 0.1551 ha və 0.2125 ha torpaq sahələrinə dair iddiaçı1 alına “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr verilmişdir. AR Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2022-ci il tarixli ekspert rəylərinə əsasən, Biləsuvar rayonu, Xırmandalı kəndinin (Qızqayıt Həsənova təsərrüfatı) kompleks yerquruluşu layihəsinə görə iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətinə (qanuni sahibliyinə) verilmiş torpaq sahəsinin sərhəd mərzlərinin koordinatları cavabdehlərin və onların ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi, həmin torpaq sahələrinin qonşu torpaq sahələri olduğu müəyyən edilmişdir. Kompleks yerquruluşu layihəsinin koordinatları ilə tərəflərə verilmiş torpaq sahəsinin naturada faktiki vəziyyətdəki koordinatları arasında uyğunsuzluq mövcuddur. Həmçinin Reyestr Xidmətinin * saylı Cəlilabad Ərazi Idarəsinin ## ###### 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, mübahisə predmeti olan fərdi yaşayış evinin (JN-****F saylı Şəhadətnamədə tikinti altı sahəsi 72 kv.m, fərdi yaşayış evi 52,6 kv.m başqa tikililər 19.4 kv.m) həm kompleks yerquruluşu layihəsində, həm də iddiaçının tələbinə görə onun mülkiyyətində olan 0,14 ha, faktiki istifadəsində olan 0,15 ha həyətyanı torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin, Reyestr Xidmətinin * saylı Cəlilabad Ərazi Idarəsinin ## ###### 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, Biləsuvar rayonu, Xırmandalı kəndinin (Qızqayıt Həsənova təsərrüfatı) kompleks yerquruluşu layihəsinə görə iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətinə (qanuni sahibliyinə) verilmiş torpaq sahəsinin sərhəd mərzlərinin koordinatları cavabdehlərin və onun ailə üzvlərinin mülkiyyətinə (qanuni sahibliyinə) verilmiş torpaq sahəsinin koordinatları üst-üstə düşmür, qonşu torpaq sahələridir. Kompleks yerquruluşu layihəsinin koordinatları ilə tərəflərə verilmiş torpaq sahəsinin naturada faktiki vəziyyətdəki koordinatları arasında uyğunsuzluq mövcuddur. Mübahisə predmeti olan fərdi yaşayış evi (JN 1005F də tikintialtı sahəsi 72 kv.m, fərdi yaşayış evi 52,6 kv.m başqa tikililər 19.4 kv.m) həm kompleks yerquruluşu layihəsində, həm də iddiaçının tələbinə görə onun mülkiyyətində olan 0,14 ha, faktiki istifadəsində olan 0,15 ha həyətyanı torpaq sahəsində yerləşir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat:

Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər Qasımova Güşvər Mirhəbib qızı, cavabdeh3 Rəhman oğlu və cavabdeh2 Rəhman oğluna qarşı məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıların mülkiyyətində olan JN-**** saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə iddiaçıların mülkiyyətinə verilmiş 0.14 ha torpaq sahəsi üzərində yerləşən evdən çıxarılmaları, həmin torpaq sahəsi üzərində hüquqlarının elektron bazasında qeydə alınması üçün Reyestr Xidmətinin * saylı Cəlilabad Ərazi idarəsi tərəfindən göstəriləcək xidmətə qarşı qanunsuz hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Iddiaçı (eyni zamanda iddiaçı2 vərəsəsi) iddiaçı1 iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-****F saylı Şəhadətnamə ilə Biləsuvar rayon AIK-nın ## #### 2000-ci il tarixli, ** saylı qərarı ilə iddiaçı1, iddiaçı2, X2 və X1 mülkiyyətinə verilmiş 0,14 ha həyətyanı torpaq sahəsində yerləşən tikilidən çıxarılması və cavabdehlər tərəfindən iddiaçıya qarşı həmin torpaq sahəsində qanunsuz hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırmışdır ki, Biləsuvar rayon AIK-nın ## #### 2000-ci il tarixli, ** saylı qərarı ilə Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi iddiaçı1, iddiaçı2, X2 və X1 mülkiyyətinə verilmiş və onların adlarına bu barədə JN-****F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi cavabdehlərin mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə həmsərhəd olmaqla qonşuluqda yerləşir. Iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin üzərində 1955-ci ildə bünövrəsiz, çiy kərpicdən tikilmiş iki otaqlı ev inşa edilmişdir. Həmin evin bir otağı cavabdehlər tərəfindən tutulmuşdur. Belə ki, onların məskunlaşdığı otağın qapısını öz torpaq sahələri istiqamətində evə giriş-çıxış edirlər. Onlar iddia edirlər ki, bu ev onların ataları və Qasımova Güşvər Mirhəbib qızının keçmiş əri Rəhman Zeynalov tərəfindən inşa edilib. Ona görə də buna onların haqqı vardır. Hansı ki, AIK-nın qərarı ilə həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmiş və həmin torpaq sahəsi üzərində müasir qaydada mişar daşından ev inşa edərək tam şəraitli evdə yaşayırlar. Lakin iddiaçılara yeni ev tikməyə imkan vermirlər. Həmin ev mübahisəli otaqda daxil olmaqla iddiaçıların mülkiyyətində olan torpaq sahəsi üzərindədir. Cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçılar mülkiyyətlərində olan 0,14 ha həyətyanı torpaq sahəsindən istifadə edə bilmirlər. Belə ki, həmin ev həyətə giriş hissəsində inşa edilmişdir. Evin bu istiqamətdə olması imkan vermir ki, həyətə hər hansı bir nəqliyyat vasitəsi daxil olsun. Bundan başqa, həmin ev hazırda tam qəzalı vəziyyətdədir. Həmin evi söküb öz sərhədləri daxilində mülkiyyətlərində olan torpaq sahəsi üzərində yeni ev tikmək istəyirlər ki, buna da cavabdehlər maneçilik törədirlər. Ona görə də iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdeh cavabdeh3 Rəhman oğlu məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə iddiaçıların mülkiyyətinə verilmiş 0.14 ha ölçüdə həyətyanı torpaq sahəsinin üzərində yerləşən evə dair o anadan olmamışdan valideənləri köçmüşlər və orada yaşamışlar. Hazırda da özü yaşayır. Habelə, digər cavabdehlər də həmin torpaq sahəsində yerləşən evdə yaşayırlar. Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə (hakim Pərviz Əhmədov) iddia təmin edilərək, cavabdehlərin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-****F saylı Şəhadətnaməyə əsasən, Biləsuvar rayon AIK-nın ## #### 2000-ci il tarixli, ** saylı qərarı ilə iddiaçıların mülkiyyətinə verilmiş 0,14 ha həyətyanı torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları və cavabdehlərin iddiaçıya həmin torpaq sahəsindən istifadəsinə qanunsuz hərəkətlərin qadağan edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, AR Mülki Məcəllənin 1321.3-cü maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Bununla da, iddiaçı cavabdehləri qeyd edilən torpaq sahəsindən və orada yerləşən tikilidən çıxarmaq hüququna malikdir. Məhkəmə həmçinin işin hallarına əsaslanaraq müəyyən etmişdir ki, cavabdehlərin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçı mülkiyyətində olan torpaq sahəsindən və orada mövcud olan fərdi yaşayış evindən sərbəst sərəncam vermək hüququndan məhrum olmuşdur, habelə iddiaçı həmin torpaq sahəsi və onun üzərində yerləşən müvafiq tikili üzərində öz mülkiyyət hüququnu rəsmiləşdirmək üçün ona manelər mövcuddur. Məhkəmə gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 157.4, 1133.1, 1133.2, 1151.1, 1243, 1255, 1321.3-ci, habelə MPM-nin 107, 119, 217.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

Cavabdeh Qasımova Güşvər Mirhəbib qızı, həmçinin cavabdehlər cavabdeh3 Rəhman oğlu və cavabdeh2 Rəhman oğlu apellyasiya şikayətləri verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyri-obyektiv olmaqla, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam araşdırılmamış, habelə məhkəmənin qətnaməsində göstərilmiş nəticə işin faktiki hallarına uyğun deyil. Birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsassız və qanunsuz olmasını təsdiq edən hallardan biri ondan ibarətdir ki, məhkəmə cavabdehlərin təqdim etdiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə, yəni Ali Məhkəmənin Mülki kollegiyasının ## #### 1968-ci il tarixli qərardadı ilə qüvvədə saxlanılmış Biləsuvar rayon məhkəməsinin ## ###### 1968-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı2 ## ###### 1968-ci ildə Alim və cavabdeh2ların atası, Güşvər Qasımovanın əri Rəhman Zeynalovdan məhkəmə vasitəsilə boşanarkən onların birgə nikah dövründə inşa etdikləri, hazırkı iş üzrə mübahisə predmeti olan evin bir otağının iddiaçı2, evin qalan hissəsinin isə mərhum Rəhman Zeynalova verilməsinə əhəmiyyət verməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cavabdehlərin mülkiyyətinə verilmiş evdən onların əsassız olaraq çıxarılmaları barədə qətnamə qəbul etmişdir. Halbuki, Rəhman Zeynalov həmin evdə hazırki iş üzrə cavabdeh Güşvər Qasımova ilə rəsmi nikaha daxil olmaqla yaşamaqda davam etmiş və onların birgə nikahından 10 uşaqları doğulmuşdur. 1992-ci ildə Rəhman Zeynalov vəfat etsə də, Güşvər Qasımova övladları ilə birlikdə hazırkı vaxta kimi həmin evdə yaşamaqda davam etmişdir. Mübahisə predmeti olan evin göstərilən hissəsi, yəni mərhum Rəhman Zeynalovdan miras qalmış hissəsi cavabdeh Güşvər Qasımova və onun 10 nəfər uşağının mülkiyyətinə verilmiş 0,14 ha torpaq sahəsində yerləşir. Göstərilənlərdən əlavə qeyd olunmalıdır ki, yuxarıda göstərildiyi kimi iş üzrə cavabdehlərin mülkiyyətinə torpaq sahəsinin verilməsinə dair şəhadətnamədə göstərilən digər ailə üzvlərinin, yəni 7 nəfərin hüquqları pozulmuş, həmin şəxslər mülki işə mahiyyəti üzrə baxılması zamanı işə cəlb edilməmiş, bununla da onların mülkiyyət hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2025-ci il tarixli ekspert rəyinə əsasən, Biləsuvar rayonu, Xırmandalı kəndində bir tikili altında, ümumi sahəsi 122,1 kv.m olan fərdi yaşayış evinin 74,6 kv.m hissəsinin iddiaçıların və cavabdehlərin istifadə etdiyi 47,5 kv.m hissəsinin faktiki istifadə kimi plana alınmış 0.1485 ha həyətyanı torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1005 F saylı Şəhadətnamə ilə iddiaçının və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.14 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmə vəziyyəti müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Reyestr Xidmətinin * saylı Cəlilabad Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, Biləsuvar rayonu, Xırmandalı kəndində bir tikili altında, faktiki ümumi sahəsi 122,1 kv.m olan fərdi yaşayış evinin cavabdehlərin və digər ailə üzvlərinin istifadə etdiyi 47,5 kv.m hissəsinin iddiaçıların faktiki istifadə kimi plana alınmış 0,1485 ha həyətyanı torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-****F saylı Şəhadətnamə ilə iddiaçı1 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.14 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmə vəziyyəti müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə (hakimlər Cavid Imanov, sədrlik edən, məruzəçi, Taleh Kərimov və Tofiq Heydərov) cavabdehlərin apellyasiya şikayətləri təmin edilərək, iş üzrə Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddiaçı (eyni zamanda iddiaçı2 vərəsəsi) iddiaçı1 cavabdehlərin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-****F saylı Şəhadətnaməyə əsasən, Biləsuvar rayon AIK-nın ##.##.2000-ci il tarixli, ** saylı qərarı ilə iddiaçı1, iddiaçı2, X2 və X1 mülkiyyətinə verilmiş 0,14 ha həyətyanı torpaq sahəsində yerləşən tikilidən çıxarılması və cavabdehlər tərəfindən iddiaçıya qarşı həmin torpaq sahəsində qanunsuz hərəkətlərin qadağan edilməsi barədə iddiası təmin edilməmişdir.

Kassasiya instansiyası məhkəməsindəki icraat

Iddiaçı iddiaçı1 (vəkili vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərarı ilə iddiaçı iddiaçı1 kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi qismən - “cavabdehlər tərəfindən iddiaçıya qarşı mülkiyyətində olan 0.14 ha həyətyanı torpaq sahəsindən istifadəsinə qanunsuz hərəkətlərin qadağan edilməsi” hissəsində ləğv edilməsi, mülki iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Apelyasiya instansiyası məhkəməsində ikinci icraat:

Proses iştirakçılarının izahatı:

Apellyasiya baxışında iştirak edən iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili vəkil2 izahatında bildirdi ki, apellyasiya şikayətinə etiraz edir. Iddiaçılar Çıxarış əldə etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Ərazi Idarəsinə müraciəd ediblər. * saylı Ərazi Idarəsinin nümayəndəsi gəlib, ölçü işləri aparılıb. Cavabdehlərdən cavabdeh1 və cavabdeh3 nümayəndələrə yaxınlaşıb həyətin onlara məxsus olduğunu bildiriblər. * saylı Ərazi Idarəsinin nünayəndələri torpaq sahəsi ilə bağlı mübahisəli hal olduqda ölçü işlərini aparmağa və Çıxarış verməyə səlahiyyətlərinin olmadığını bildiriblər. Yaradılan maneələrdən biri budur. Cavabdehlər tərəflərin torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi üçün hasar çəkməyə də maneə olurlar. Iddiaçı həyətə girib-çıxır. Bununla bağlı maneə yaradıldığı bildirməmişlər. Ekspertiza rəyinin verilməsi ilə üçün reyestr əməkdaşlarının gəlib, ölçü işlərini aparması məhkəmə qərarına əsasən olub. Hər bir vətəndaşın borcudur ki, məhkəmə qərarlarını icra etsin və ya icrasına maneə yaratmasın. Vətəndaşın, iddiaçıların müraciətinə əsasən gələn reyestr əməkdaşlarına isə cavabdehlər maneə yaradıblar. Cavabdehlər sərhədlərin müəyyən edilməsi üçün hasar çəkilməsinə, iddiaçıların mülkiyətlərindən istifadə etmələrinə, ondan bəhər, qazanc əldə etmələrinə maneə yaradırlar. Reyestr xidməti çıxarış verdikdən sonra cavabdehlərin darvazasının bir tərəfi və tikililəri iddiaçı1 mülkiyyətində olan torpaq sahəsinə düşür, əsas mübahisə oradan yaranır. Fiziki mənada bir maneə yoxdur. Həyətə və evə girə bilirik. Sadəcə istifadə etməyə maneə olurlar. Apellyasiya şikayətinin rədd edilməsini, yaradılan maneələrin aradan qaldırlması barədə tələbin təmin eidlməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən cavabdeh cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. ## ### 2026-cı il tarixli apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili vəkil3 izahatında bildirdi ki, apellyasiya şikayətini müdafiə edir. Kassasiya instansiyasının mövqeyi iddiaçının aradan qaldırılmasını tələb etdiyi maneənin nədən ibarət olmasının aydınlaşdırılmasıdır. Ötən məhkəmə iclasında iddiaçı tərəf izahtında reyestr xidmətinin əməkdaşlarına ölçmə işlərini aparmalarına maneə yaradıldığını bildirdilər. Tərəflərindən elə bir maneə yoxdur. Olsa belə, bu halda işə bir icraatda baxıla bilməz. Buna görə həmin hissədə iddianın rədd edilməsini xahiş edirlər. Iddiaçının həyətə ayrı girişi-çıxışı var. Yan-yana evlərdir, eyni yoldur, ayrıca darvazası var. Iddiaçı yaşayış evi ilə bağlı iddia qaldırıb, əlavə olaraq da maneə yaradıldığını qeyd edib. Iş materiallarında ekspertiza rəyləri var, bu da reyestr əməkdaşlarına maneə yaradılmadığını göstərir. Evin bir hissəsi cavabdehlərin evinə tərəfdir. Həmin hissədə hasar var, iddiaçının hansı maneənin aradan qaldırılmasını tələb etdiyi məlum deyil. Cavabdeh tərəfindən iddiaçılara heç bir maneə yaradılmır, heç bir maneə yoxdur. Mülki iş üzrə iddianın predmeti hasar çəkilməsi deyil. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. ## ### 2026-cı il tarixli apellyasiya baxışında iştirak edən iddiaçı iddiaçı1 izahatında bildirdi ki, apellyasiya şikayətinə etiraz edir. Cavabdehlər yeni fərdi yaşayış evi tikməyə və ya köhnəni söküb yenisini tikməyə maneə olurlar. Cavabdehlər əmlaka mülkiyyət hüquqlarımı icra etməyə icazə vermirlər. Evi yaşamaq üçün başqa şəxsə vermiş, ona orada yaşamağa icazə vermədilər, mübahisə yaratdılar. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər proses iştirakçılarına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə digər proses iştirakçılarının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri:

Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 nümayəndəsi (vəkili) vəkil1 tərəfindən apellyasiya şikayəti verildiyindən, habelə kassasiya instansiyası məhkəməsinin iş üzrə verdiyi göstərişlərə əsasən baxışın hədləri yalnız “cavabdehlər tərəfindən iddiaçıya qarşı mülkiyyətində olan 0.14 ha həyətyanı torpaq sahəsindən istifadəsinə qanunsuz hərəkətlərin qadağan edilməsi” hissəsi ilə məhdudlaşdığından, qətnamə apellyasiya icraatı qaydasında həmin hissədə yoxlanılır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5 .Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 220.4.-cü maddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını, işə əlavə edilmiş ekspert və mütəxəssis rəylərini, habelə kassasiya instansiyası məhkəməsinin verdiyi göstərişləri nəzərə alaraq hesab edir ki, hazırkı apellyasiya baxışı yalnız “cavabdehlər tərəfindən iddiaçıya qarşı mülkiyyətində olan 0.14 ha həyətyanı torpaq sahəsindən istifadəsinə qanunsuz hərəkətlərin qadağan edilməsi” hissəsində aparılmalı, həmin hissə üzrə iddianın hüquqi və faktiki əsasları yenidən yoxlanılmalıdır. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə verdiyi göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli qərarında da vurğulandığı kimi, kassasiya instansiyasının göstərişlərinin məqsədi işə apellyasiya qaydasında yenidən baxılarkən yol verilmiş səhvlərin təkrarlanmasının qarşısını almaq, hüquq normalarının düzgün və vahid tətbiqini təmin etməkdən ibarətdir. Bu baxımdan, hazırkı apellyasiya baxışı yalnız kassasiya instansiyası məhkəməsinin irəli sürdüyü hüquqi mövqeyin hədləri daxilində aparılmışdır. Kassasiya instansiyası məhkəməsi iddianın evdən çıxarılmanın rədd olunması hissəsində apellyasiya məhkəməsinin nəticəsi ilə razılaşmış, lakin mülkiyyətində olan 0.14 ha həyətyanı torpaq sahəsindən istifadəyə maneələrin qadağan edilməsi hissəsində apellyasiya məhkəməsinin nəticəsini əsassız hesab etmişdir. Kassasiya məhkəməsinin mövqeyinə görə, həmin hissədə iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehlər tərəfindən konkret hansı maneələrin yaradıldığının, bu maneələrin nədən ibarət olduğunun və onların iddia olunan hüquq pozuntusu ilə əlaqəsinin araşdırılması zəruri idi. Deməli, bu mərhələdə məhkəmənin vəzifəsi yalnız tərəflərin ümumi mübahisəsini təkrarlamaq deyil, Mülki Məcəllənin 157.4-cü maddəsi mənasında həqiqətən də hüquqi maneənin mövcud olub-olmamasını müəyyən etməkdir. Mülki Məcəllənin 157.1, 157.2 və 157.4-cü maddələri mülkiyyətçinin müqavilə münasibətlərində olmayan şəxslərə qarşı əmlak hüquqlarının müdafiə üsullarını müəyyən edir. Bunlardan 157.4-cü maddə mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan, lakin əşyanın sahiblik dairəsindən çıxmasına səbəb olmayan hüquqazidd hərəkətlərə qarşı müdafiə üsuludur. Hüquq doktrinasında və məhkəmə təcrübəsində belə tələblər neqator iddia kimi tanınır. Bu iddianın təmin olunması üçün aşağıdakı şərtlərin məcmu şəkildə mövcudluğu müəyyən edilməlidir: iddiaçının müdafiə edilən hüquq subyekti olması, cavabdehin hüquqazidd hərəkətinin mövcudluğu, həmin hərəkətin mülkiyyət hüququnun həyata keçirilməsinə faktiki maneə yaratması və bu maneənin davam edən xarakter daşıması. Mülki hüquqda mülkiyyət hüququnun müdafiəsi üsulları hüquq pozuntusunun xarakterindən asılı olaraq fərqləndirilir. Mülkiyyətçinin əmlakı onun sahibliyindən çıxarıldıqda vindikasiya iddiası, əmlak sahiblikdə qalmaqla mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr törədildikdə isə neqator iddia tətbiq olunur. Neqator iddianın hüquqi mahiyyəti mülkiyyətçinin öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının üçüncü şəxslərin hüquqazidd müdaxiləsindən müdafiəsinə yönəlmiş olması ilə şərtlənir. Bu müdafiə üsulunun tətbiqi üçün yalnız mülkiyyət hüququnun mövcudluğu kifayət etmir; eyni zamanda həmin hüququn həyata keçirilməsinə real, konkret və davam edən maneənin mövcudluğu müəyyən edilməlidir. Hüquq nəzəriyyəsində qəbul olunmuş yanaşmaya görə, neqator iddia ehtimal edilən və ya gələcəkdə yarana biləcək maneələrin deyil, artıq mövcud olan və davam edən hüquq pozuntularının aradan qaldırılmasına xidmət edir. Mülki prosessual qanunvericiliyin əsas prinsiplərindən biri də ondan ibarətdir ki, məhkəmə işin hallarını yalnız tərəflərin subyektiv mülahizələri əsasında deyil, iş üzrə toplanmış sübutların qarşılıqlı əlaqəli və məcmu qiymətləndirilməsi nəticəsində müəyyən etməlidir. MPM-in 88-ci maddəsinə görə, məhkəmə sübutları tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra daxili inam əsasında qiymətləndirir. Bu baxımdan, neqator iddia üzrə məhkəmə yalnız tərəflər arasında mübahisənin və ya qarşılıqlı narazılığın mövcudluğunu deyil, cavabdehin konkret hərəkətinin mülkiyyət hüququnun həyata keçirilməsinə faktiki maneə yaradıb-yaratmadığını müəyyən etməlidir. Hüquq pozuntusunun mövcudluğu ehtimallarla deyil, mötəbər və kifayət edən sübutlarla təsdiq olunmalı, müdaxilə ilə pozuntu arasında səbəbli əlaqə müəyyən edilməlidir. Hazırkı işdə mübahisə olunmayan hal ondan ibarətdir ki, Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının və ailə üzvlərinin adlarına qeydə alınmışdır. Həmin torpaq sahəsi cavabdehlərə məxsus 0.14 ha həyətyanı torpaq sahəsi ilə qonşuluqda yerləşir. Iş materiallarından görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi 1955-ci ildə inşa edilmiş, evin bir otağından cavabdehlər istifadə edir. Tərəflərin faktiki münasibətlərindən də görünür ki, mübahisə əsasən həmin evin və həyətin istifadə rejimi, sərhədlərin müəyyən olunması, hasar çəkilməsi, ölçü işlərinin aparılması və gələcəkdə tikinti aparılması ilə bağlıdır. Iddiaçı tərəf bildirir ki, cavabdehlər öz otaqlarının qapısını iddiaçının torpaq sahəsi istiqamətində açmaqla evə giriş-çıxış edirlər, Reyestr Xidmətinin əməkdaşlarının həyətə daxil olmasına mane olurlar, hasar çəkilməsinə, sərhədlərin müəyyən edilməsinə, habelə torpaq sahəsində yeni fərdi yaşayış evinin inşasına imkan vermirlər. Lakin məhkəmə kollegiyası hesab edir ki, həmin izahatların məzmunu iddia edilən maneənin hüquqi mahiyyətini tam və aydın şəkildə müəyyən etmir. Belə ki, iş üzrə apellyasiya baxışında iddiaçı tərəfin özü də etiraf etmişdir ki, həyətə və evə giriş mövcuddur, fiziki mənada giriş-çıxış məhdudlaşdırılmır. Iddiaçının izahatından aydın olur ki, narazılıq əsasən torpaq sahəsinin gələcəkdə daha geniş istifadəsi, sərhədlərin dəqiqləşdirilməsi, hasar çəkilməsi və tikinti işlərinin aparılması ilə bağlıdır. Lakin bu hallar hüquqi baxımdan hər zaman neqator iddianın predmeti ola bilməz. Çünki mülkiyyət hüququnun həyata keçirilməsinə maneənin mövcudluğu sadəcə tərəflər arasındakı razılaşmazlıqla, ehtimalla və ya mübahisəli münasibətlərlə deyil, konkret, real və sübuta yetirilmiş hüquq pozuntusu ilə müəyyən olunur. Məhkəmə kollegiyası iş materiallarında olan ekspert və mütəxəssis rəylərini də qiymətləndirərək qeyd edir ki, həmin rəylər torpaq sahələrinin koordinatlarının üst-üstə düşmədiyini, torpaq sahələrinin qonşu yerləşdiyini, mübahisə predmeti olan fərdi yaşayış evinin isə kompleks yerquruluşu layihəsinə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini göstərir. Lakin bu nəticə özlüyündə cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsindən istifadəsinə hüquqazidd maneə yaradıldığını sübut etmir. Ekspert və mütəxəssis rəyləri mübahisənin faktiki konturlarını müəyyən etsə də, həmin rəylərdən cavabdehlərin iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsini faktiki olaraq blokladığı nəticəsi çıxmır. Eyni zamanda, iş materiallarında görünür ki, reyestr əməkdaşlarının ölçü işləri aparması ilə bağlı müəyyən mübahisə yaranmış olsa da, həmin ölçü işləri sonradan həyata keçirilmiş, mütəxəssis və ekspert rəyləri əldə edilmişdir. Bu isə göstərir ki, ölçü işlərinə dair narazılıq və ya ilkin etiraz davamlı və aradan qaldırılmamış hüquqi maneə xarakteri daşımamışdır. Hüquqi mənada maneə, mülkiyyətçinin əmlakdan istifadə imkanını faktiki məhdudlaşdıran və davam edən xarakterə malik olan hərəkət və ya hərəkətsizlik olmalıdır. Hazırkı işdə isə belə bir maneənin mövcudluğu sübuta yetirilmir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, cavabdehlərin nümayəndəsi və vəkili də izahatında tərəflər arasında real fiziki maneənin olmadığını, iddiaçının həyətə ayrıca girişinin mövcudluğunu, mübahisənin əsasən sərhəd, hasar və istifadə rejimi ətrafında cərəyan etdiyini bildirmişdir. Cavabdehlərin özləri də iddiaçının həyətə və evə girişinin qarşısının alınmadığını etiraf etmişlər. Bu faktlar iş üzrə “maneə” anlayışının hüquqi məzmununu daraldır və göstərir ki, iddiaçının tələb etdiyi müdafiə əslində konkret hüquq pozuntusunun aradan qaldırılması deyil, tərəflər arasında gələcək istifadə qaydasının müəyyən edilməsi mahiyyəti daşıyır. Lakin məhkəmə icraatında neqator iddianın təmin edilməsi üçün gələcək ehtimallar, ehtiyat narahatlıqlar və ya tərəflər arasında yaranmış inamsızlıq kifayət etmir. Iddiaçının “cavabdehlər yeni ev tikməyə mane olur”, “həyətdən bəhrələnməyə imkan vermirlər”, “reyestr əməkdaşlarına maneə yaradılıb” kimi irəli sürdüyü hallar iş materiallarında konkret və inandırıcı sübutlarla təsdiqini tapmamışdır. MPM-in 77.1-ci maddəsinə uyğun olaraq, iddiaçı öz tələbinin əsasını təşkil edən halları sübut etməli idi. Iş üzrə belə sübutetmə təmin edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş üzrə mübahisə əsas etibarilə mülkiyyət sahələrinin sərhədləri, istifadə forması və evin yerləşmə faktı ilə bağlıdır. Lakin hazırkı iddia tələbi sərhədlərin müəyyən olunması, hasarın çəkilməsi və ya tikinti üçün icazənin verilməsi barədə deyil, cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin qadağan edilməsi barədədir. Bu səbəbdən məhkəmə həmin tələbin predmetindən kənara çıxmadan yalnız iddia edilən maneənin mövcudluğunu araşdırmış və belə maneənin sübut olunmadığı qənaətinə gəlmişdir. Nəticə etibarilə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə toplanmış sübutlar məcmu halda qiymətləndirildikdə cavabdehlər tərəfindən iddiaçıya qarşı mülkiyyətində olan 0.14 ha həyətyanı torpaq sahəsindən istifadəsinə qanunsuz hərəkətlərin qadağan edilməsini tələb edən hüquq pozuntusu müəyyən edilmir. Iddiaçı tərəfindən irəli sürülən tələbin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozisiya şərtləri işdə sübuta yetirilməmişdir. Bu səbəbdən də həmin hissədə iddianın təmin olunması üçün hüquqi əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərini rəhbər tutaraq işin ləğv olunmuş hissəsini yenidən araşdırmış, lakin nəticə etibarilə cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə qanunsuz maneə yaradılması faktını müəyyən etməmişdir. Buna görə də “cavabdehlər tərəfindən iddiaçıya qarşı mülkiyyətində olan 0.14 ha həyətyanı torpaq sahəsindən istifadəsinə qanunsuz hərəkətlərin qadağan edilməsi” hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya həmçinin qeyd edir ki, məhkəmədə iddia qaldırmaq və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

qət etdi:

Cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 nümayəndəsi (vəkili) vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi “cavabdehlər tərəfindən iddiaçıya qarşı mülkiyyətində olan 0.14 ha həyətyanı torpaq sahəsindən istifadəsinə qanunsuz hərəkətlərin qadağan edilməsi” edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı iddiaçı1 cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı “qanunsuz hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddiası rədd edilsin. Iddia ərizəsinin verilməsi və apellyasiya şikayətinin təqdim edilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları və digər məhkəmə xərcləri onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar