Məhkəmə qərarları › İş №2(3-9)-289/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-289/2026

06.03.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-289/2026 06.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(020)-96/2025 saylı qərardadından iddiaçılar İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsinnin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Beyləqan rayonunun Şərq qəsəbəsində yerləşən pay torpaq sahələrindən - Reyestr nömrəsi **********10 olan , BN-141765 saylı, xx.xx.2023-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə İddiaçı2 mülkiyyətində olan 4.88 ha pay torpaq sahəsinin 0.88 hektarından və Reyestr nömrəsi **********09 olan, BN- 141927 saylı, xx.xx.2023-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə İddiaçı1 Hüseyn qızının mülkiyyətində olan 1.30 ha pay torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 13 yanvar 2026-cı il tarixli 2(020)-96/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsinnin boşaldılması” tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Həmin qərardaddan iddiaçılar İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil tərəfindən ayrıayrılıqda şikayət verilmiş, Beyləqan Rayon Məhkəməsinin 2(020)-96/2025 saylı, 13 yanvar 2026-cı il tarixli qərardadının ləğv edilməsi, işin mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 28 yanvar 2026-cı il tarixli 2(020)-96/2025 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 Hüseyn qızının və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Beyləqan Rayon Məhkəməsinin 13 yanvar 2026-cı il tarixli, 2(020)-96/2025 saylı qərardadından İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beyləqan Rayon Məhkəməsinin 06 fevral 2026-cı il tarixli 2(020)-96/2025 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Beyləqan Rayon Məhkəməsinin 13 yanvar 2026-cı il tarixli, 2(020)-96/2025 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(020)-96/2025 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Beyləqan Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan: Beyləqan Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(020)-1/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 32 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş 7,61 ha pay torpaq sahəsinin 4,61 hektarından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia qismən təmin edilərək, iddiaçı Cavabdeh Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 saylı qərarı ilə JN 203 Kod 60714018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 7,61 ha pay torpaq sahəsinin 0,88 ha hissəsindən cavabdeh X2 çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-769/2023 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)- 4179/2023 saylı qərarı ilə kassasiya şikayət təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2023-cü il tarixli 2(106)-769/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beyləqan Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli 2(020)-693/2023 saylı qətnaməsi ilə, iddia tələbi təmin edilərək, cavabdeh X1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********8 olan, Reyestr nömrəsi ********** 94 olan, Qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışa əsasən iddiaçı Cavabdeh və aillə üzvlərinin mülkiyyətində olan 4.5907 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,30 ha hissəsindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)- 4758/2023 saylı qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1313/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-224/2025 saylı qərarından görünür ki, iddia tələbi təmin edilərək, Beyləqan rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 32 saylı qərarı, “Torpağın mülkiyyət hüququna dair” JN 203, KOD 60714018 saylı dövlət aktı və qərar əsasında Cavabdeh və ailə üzvlərinə xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********94 reyestr nömrəli çıxarışda qeyd edilən koordinatlarının X4 Uçotu və İnformasiya Sistemində qeyd olunan ərazilərə aid koordinatlara uyğunlaşdırılaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(020)-1/2023 saylı və 22 may 2023-cü il tarixli 2(020)- 693/2023 saylı, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-769/2023 nömrəli 13 iyun 2023-cü il tarixli və 2(106)-1313/2023 nömrəli iş üzrə 28 avqust 2023-cü il tarixli qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-4179/2023 saylı və xx.xx.2023-cü il tarixli 2(102)-4758/2023 saylı qərarları ilə tərəflər arasında mübahisəyə hüquqi qiymət verilmiş, iddiaçı Cavabdeh Beyləqan rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 32 saylı qərarı ilə JN 203 Kod 60714018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 7,61 ha pay torpaq sahəsinin 0,88 ha hissəsindən cavabdeh X2 çıxarılması və cavabdeh X5 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********8 olan, Reyestr nömrəsi ********** 94 olan, Qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışa əsasən iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan 4.5907 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,30 ha hissəsindən çıxarılması qət edilmişdir. Hal-hazırda iddiaçılar Cavabdeh Beyləqan rayonunun Şərq qəsəbəsində yerləşən pay torpaq sahələrindən - Reyestr nömrəsi **********10 olan , BN-141765 saylı, xx.xx.2023-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə İddiaçı2 mülkiyyətində olan 4.88 ha pay torpaq sahəsinin 0.88 hektarından və Reyestr nömrəsi **********09 olan , BN-141927 saylı, xx.xx.2023-cti il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə İddiaçı1 mülkiyyətində olan 1.30 ha pay torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını tələb edirlər ki, eyni predmet barəsində, eyni əsaslarla və eyni tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud olması, hazıki mülki işin icraatına xitam verilməsini zəruri edir. Kollegiya hesab edir ki, Beyləqan Rayon Məhkəməsinin 13 yanvar 2026-cı il tarixli 2(020)-96/2025 saylı qərardadı qanuni və əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarını və hüquqi mahiyyətini tam və hərtərəfli araşdırmadan, həmçinin prosessual qanunvericiliyin tətbiqində yanlışlığa yol verərək iş üzrə icraata xitam vermişdir. İş materiallarından görünür ki, iddiaçı Cavabdehlərə qarşı torpaq sahəsinin müəyyən hissəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin 30 yanvar 2023cü il tarixli 2(020)-1/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdeh X2 iddiaçıya məxsus 7,61 hektar pay torpaq sahəsinin 0,88 hektar hissəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamə cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, lakin Şirvan Apellyasiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan verilmiş kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən araşdırılmış və 06 dekabr 2023-cü il tarixli qərarla təmin edilməmişdir. Eyni tərəflər arasında digər torpaq sahəsi ilə bağlı mübahisə üzrə Beyləqan Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X1 da iddiaçıya məxsus torpaq sahəsinin 1,30 hektar hissəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamə də apellyasiya və kassasiya instansiyalarında yoxlanılmış və qanuni qüvvədə saxlanılmışdır. Beləliklə, tərəflər arasında torpaq sahəsi ilə bağlı müəyyən mübahisələr əvvəllər məhkəmələr tərəfindən araşdırılmış və müvafiq hüquqi qiymət verilmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qərarı ilə Beyləqan rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 32 saylı qərarı, “Torpağın mülkiyyət hüququna dair” JN 203, KOD 60714018 saylı dövlət aktı və qərar əsasında Cavabdeh və ailə üzvlərinə xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********94 reyestr nömrəli çıxarışda qeyd edilən koordinatlarının X4 Uçotu və İnformasiya Sistemində qeyd olunan ərazilərə aid koordinatlara uyğunlaşdırılaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən qərarla torpaq sahəsinin faktiki yerləşməsi, sərhədləri və konfiqurasiyası ilə bağlı vəziyyət dəqiqləşdirilmiş, bununla da mübahisə predmetinin müəyyən edilməsinə təsir göstərən yeni hüquqi vəziyyət formalaşmışdır. Kollegiya hesab edir ki, həmin qərar torpaq sahəsinin sərhədlərinin və yerləşməsinin müəyyən olunması baxımından əvvəlki vəziyyəti dəyişdirmiş və bu məsələ üzrə hüquqi münasibətlərin qiymətləndirilməsinə birbaşa təsir göstərən yeni faktiki və hüquqi halların yaranmasına səbəb olmuşdur. Başqa sözlə, əvvəlki məhkəmə baxışları zamanı mövcud olmayan, sonradan meydana çıxmış və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən yeni faktiki və hüquqi hallar müəyyən edilmişdir. Bu hallar torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, onun yerləşmə vəziyyətinin konkretləşdirilməsi və mübahisə predmetinin real vəziyyətə uyğun qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Belə olan halda, qeyd edilən qərarın qəbul edilməsi nəticəsində formalaşmış yeni hüquqi vəziyyət və müəyyən edilmiş yeni faktiki hallar əvvəlki məhkəmə baxışlarında mövcud olmadığından, həmin halların hazırkı mübahisənin həllində nəzərə alınması zəruri hesab edilir. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq normalarına əsaslanaraq iş üzrə icraata xitam vermişdir. Lakin kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən işin bütün hallarını tam və hərtərəfli araşdırmamışdır. Mülki prosessual hüquqda qəbul edilmiş əsas prinsiplərdən biri eyni tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə artıq məhkəmə qərarı mövcud olduqda həmin mübahisəyə yenidən baxılmasının yolverilməzliyidir. Bu prinsip hüquq nəzəriyyəsində “res judicata” prinsipi kimi tanınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən eyni predmet, eyni əsas və eyni tərəflər mövcud olduqda məhkəmə icraata xitam verə bilər. Lakin bu prinsipin tətbiq olunması üçün üç əsas element eyni olmalıdır: tərəflər, predmet, iddianın əsasları. Bu elementlərdən hər hansı biri dəyişdikdə artıq mübahisə əvvəlki işlə eyni hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin məhkəmə müdafiəsi hüququ vardır. Həmin norma şəxsin hüquqlarının pozulduğunu hesab etdiyi halda məhkəməyə müraciət etmək imkanını təmin edir. Məhkəmə mübahisəyə mahiyyəti üzrə baxmadan icraata xitam verdiyi halda bu hüquq faktiki olaraq məhdudlaşdırılmış olur. Kollegiya hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin mahiyyəti araşdırılmadan icraata xitam verilməsi iddiaçı tərəfin məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinə maneə yaradır. Belə ki, hazırkı mübahisənin məhkəmə tərəfindən həll edilməsi üçün sübutların araşdırılması, zəruri hallarda ekspertiza təyin edilməsi tələb oluna bilər. Birinci instansiya məhkəməsi isə bu məsələlərin araşdırılması zərurətini nəzərə almadan icraata xitam vermişdir. Məhkəmə müdafiəsi hüququ ədalətli məhkəmə araşdırmasının əsasını təşkil edir. Bu hüququn effektiv təmin edilməsi və ya məhdudlaşdırılması fərdlərin və cəmiyyətin hüquqi sistemə inamına birbaşa təsir göstərir. Məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması bir sıra mənfi nəticələrə: hüquqi nihilizmin güclənməsinə, cəmiyyətdə sosial gərginliyin artmasına, eləcə də məhkəmə müdafiəsi hüququna inamsızlığa gətirib çıxara bilər. Bu hüquq demokratik cəmiyyətin əsas sütunlarından biridir. Onun təmin edilməsi hüquqi dövləti gücləndirir, məhdudlaşdırılması isə hüquqi xaos və inamsızlıq yaradır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” işində qeyd etmişdir ki, məhkəməyə müraciət hüququ ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz hissəsidir və bu hüququn məhdudlaşdırılması Konvensiyanın 6-cı maddəsinin pozulması deməkdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçılar tərəfindən ayrıayrılıqda verilmiş şikayətlər təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(020)-96/2025 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Beyləqan Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 385.1, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(020)-96/2025 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Beyləqan Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar