Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-296/2026 26.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 03 fevral 2026-cı il tarixli 2(036)-3177/2025 saylı qərardadından İddiaçı İbrahim qızı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 ilə birlikdə gəlin köçdüyü və qeydiyyatda olduqları İmişli rayonu, Gövhərli kəndində yerləşən evə köçürülməkləri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 27 noyabr 2025-ci il tarixli, 2(036)-3177/2025 saylı qətnaməsi ilə İddiaçı iddia ərizəsi rədd edilmişdir. İddiaçı məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatət verərək İmişli Rayon Məhkəməsinin 27 noyabr 2025-ci il tarixli, 2(036)-3177/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh qarşı evə köçürülmə tələbi ilə məhkəməyə müraciət edərək xahiş etmişdir ki, onu azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 ilə birlikdə gəlin köçdüyü və qeydiyyatda olduğu İmişli rayonu, Gövhərli kəndində yerləşən evə köçürülməyi barədə qətnamə qət edilsin. İşə baxan İmişli Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, 2(036)-3177/2025 saylı qətnamə ilə onun iddia ərizəsini təmin etməmişdir. Bildirir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)- 3177/2025 saylı qətnaməsi ona vaxtında verilmədiyi üçün o, şikayət vermə müddətini ötürmüşdür. Həmin qətnamənin surəti xx.xx.2026-cı il tarixdə ona təqdim olunmuşdur. Ona görədə hesab edir ki, buraxılmış müddət üzürlü hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasımın səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. İmişli Rayon Məhkəməsinin 03 fevral 2026-cı il tarixli, 2(036)-3177/2025 saylı qərardadı ilə İddiaçı İmişli Rayon Məhkəməsinin 27 noyabr 2025-ci qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. İddiaçı İmişli Rayon Məhkəməsinin 03 fevral 2026-cı il tarixli, 2(036)-3177/2025 saylı qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Cavabdeh qarşı evə köçürülmə tələbi ilə məhkəməyə müraciət edərək xahiş etmişdir ki, onu azyaşlı uşaqlarım xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 ilə birlikdə gəlin köçdüyü və qeydiyyatda olduğu İmişli rayonu, Gövhərli kəndində yerləşən evə köçrülməyi barədə qətnamə qət edilsin. İşə baxan İmişli rayon məhkəməsi onun iddia ərizəsini təmin etməmişdir. O, həmin qətnamədən apelyasiya şikayəti tərtib edib ötrülmüş prosessual müddətin bərpası ərizəsi ilə birlikdə İmişli Rayon Məhkəməsinə göndərmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2026-ci il tarixli 2(036)- 3177/2025 saylı qərardadı ilə xahişinin təmin edilməməsi qərara alınmışdır. Səbəb kimi xx.xx.2025-ci il tarixli, 2(036)-3177/2025 saylı qətnaməsinin sürətin xx.xx.2025-ci il tarixində onun elektron kabnetinə yerləşdirilməsi göstərilmişdir. O, həmin qərardaddan narazıdır. Bildirir ki, mənim elektron kabinetin iş prinsipindən başı çıxmır, lakin həmin qətnamənin sürəti rəsmi olaraq ona xx.xx.2026-cı il tarixində təqdim olunmuşdur. Ona görədə hesab edir ki, məhkəmə işi düzgün araşdırmamış və qanunsuz qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iddiaçının İmişli Rayon Məhkəməsinin 27 noyabr 2025-ci il tarixli, 2(036)-3177/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsinin (vəsatətin) dəlillərini araşdıraraq və işi nəzərdən keçirərək hesab edir ki, qeyd edilən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilməsinə dair ərizə (vəsatət) rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, İmişli Rayon Məhkəməsinin 27 noyabr 2025-ci il tarixli, 2(036)-3177/2025 saylı qətnaməsi İddiaçı elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, lakin bunlara baxmayaraq, iddiaçı tərəfindən apellyasiya şikayəti xx.xx.2026-cı il tarixində (apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət başa çatdıqdan təxminən 26 gün sonra) elektron qaydada məhkəməyə daxil olmuşdur (göndərmişdir). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ iddiaçının konstitusion hüququdur və o, bu hüququnu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifadə edə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunla müəyyən edilmiş prosessual müddət, işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə bərpa edir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməməsi, tərəfin hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Əksinə müddətin əsassız bərpası qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına (hazırkı işdə iddiaçıya münasibətdə), süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır. Hazırkı işdə iddiaçının qətnamənin alınmasından xəbərdar olmağına baxmayaraq qanunvericiliyin ona verdiyi imkanlardan qanunla müəyyən olunmuş qaydada və müddətdə istifadə etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki iddiaçı məhkəmə aktlarına ümumiyyətlə məsuliyyətsiz yanaşır. Belə ki, iddiaçı ərizədə qətnamənin ona xx.xx.2026-cı ildə təqdim edildiyini bildirsə də, MPM-in 10-1.3ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçının elektron kabinetinə vaxtında nəzarət etməməsi məhkəmə aktının ona vaxtında çatmaması kimi və müddətin buraxılmasının üzürlü səbəbi kimi qəbul edilə bilməz. Yuxarıda sadalanan qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilmə müddəti ötürüldüyündən və həm də üzrsüz səbəbdən ötürüldüyündən, birinci instansiya məhkəməsi iddiaçının apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətini təmin etməməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı İbrahim qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 03 fevral 2026-cı il tarixli 2(036)-3177/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-296/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-296/2026
26.02.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver