Məhkəmə qərarları › İş №2(3-9)-320/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-320/2026

18.03.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-320/2026 18.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin 5 fevral 2026-cı il tarixli 2(018)-386/2025 saylı qərardadından (hakim Şəfiqə Meybullayeva) Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Əliyeva (Cümşüdova) Səidə Səfər qızına qarşı “qanunsuz zəbt edilmiş qeyri-yaşayış binasının boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş "Astara Çay-1 ASC-yə məxsus olan, tikintialtı sahəsi 92,0 kv.metr, ümumi sahəsi 78,4 kv. metr "Mağaza (Ticarət) qeyri-yaşayış binasının cavabdehin hesabına boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2(018)-386/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh 22 yanvar 2026-cı il tarixində Astara Rayon Məhkəməsinin 29 aprel 2025ci il tarixli 2(018)-386/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin 2(018)-386/2025 saylı, 29 aprel 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilərək bərpa edib, apellyasiya şikayətinin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsindən məlumatı olmamışdır. Yalnız 2025-ci ilin sonlarına yaxın icra məmuru onunla əlaqə saxladıqdan sonra məhkəmə işi barədə məlumat almışdır. Vəkil tutmağa maddi imkanı olmaması səbəbilə hüquqi yardım almağa çalışmışdır. Apellyasiya şikayətini vermək üçün məhkəməyə ərizə ilə müraciət edərək qətnaməni əldə etməyi ona bildirilmişdir. Bu səbəblə o ərizə yazaraq məhkəmədən qətnamənin bir surətinin ona təqdim edilməsini xahiş etmişdir. Ərizə xx.xx.2026-cı il tarixində qeydə alınmışdır. Həmçinin, ona elektron məhkəmə informasiya sistemindən qeydiyyatdan keçməyi və apellyasiya şikayətini göndərmək üçün asan imza almağı bildirilmişdir. O, bütün bu qeyd olunanları öz hesabına etməyə çalışmışdır. Göründüyü kimi məhkəmə işindən məlumatsız olmuş və bu səbəblə buraxılan müddətin buraxılmamış hesab edilərək bərpa edilməsi zəruridir. Belə ki, məhkəmə qətnaməsinin ona yeni təqdim olunduğunu, eyni zamanda prosessual qanunvericiliyin tələbində qeyd olunan "işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə apellyasiya şikayəti verilə bilər" bəndini nəzərə alaraq hesab edir ki, müddət bərpa edilməlidir. O qətnaməni aldıqdan sonra müddəti ötürmədən apellyasiya şikayətini təqdim edir. Astara Rayon Məhkəməsinin 5 fevral 2026-cı il tarixli 2(018)-386/2025 saylı qərardadı ilə qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə gəldiyin nəticəni belə əsaslandırmışdır ki, iş materiallarına əsasən Astara Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2(018)-386/2025 saylı qətnaməsi 2 may 2025-ci il tarixdə Cavabdeh ünvanına poçt vasitəsi ilə göndərilmiş, həmin qətnamə göndərilən zərf geri qaytarılmışdır. Daha sonra Cavabdeh 24 dekabr 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin surətinin ona təqdim olunmasını xahiş etmiş, qətnamə 25 dekabr 2025-ci il tarixdə elektron kabinetə yerləşdirilməklə Cavabdeh təqdim edilmiş, qətnamədən vermiş olduğu apellyasiya şikayəti isə 22 yanvar 2026-cı il tarixində elektron qaydada məhkəməyə daxil olmuşdur. Bununla belə Cavabdeh Astara Rayon Məhkəməsinin 2(018)-386/2025 saylı 29 aprel 2025-ci il tarixli qətnaməsini icra etmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 11 dekabr 2025-ci il tarixində inzibati məsulliyətə cəlb edilərək barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu hal da onu göstərir ki, Cavabdeh Astara Rayon Məhkəməsinin 2(018)-386/2025 saylı 29 aprel 2025-ci il tarixli qətnaməsindən ən geci 11 dekabr 2025-ci il tarixindən məlumatlı olmuşdur. Qərardaddan Cavabdeh şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin 2(018)-386/2025 saylı, 29 aprel 2025-ci il tarixli qətnaməsindən prosessual müddətləri buraxmadan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti verərkən müddət keçməsi səbəbilə buraxılmış müddətin bərpası haqqında da ərizəsini məhkəməyə təqdim etmişdir. Astara rayon Məhkəməsi 2(018)-386/2025 saylı iş üzrə çıxardığı xx.xx.2026-cı il tarixli qərardadı ilə ərizəni təmin etməyərək, apellyasiya şikayətini geri qaytarmışdır. Hesab edir ki, iş üzrə çıxarılan xx.xx.2026-cı il tarixli qərardadı əsassız olması səbəbilə ləvğ edilməlidir. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, o hazırkı iş üzrə çıxarılan məhkəmə qərarından məlumatlı olmamışdır. Bununla bağlı apellyasiya şikayətində də qeyd etmişdir. Məhkəmə icraatı onun iştirakı olmadan keçirilmişdir, iş üzrə iddiaçının iddia tələbinin təmin olunmasına dair yekun məhkəmə aktı çıxarılmışdır. Onun iş üzrə çıxarılan qətnamədən, nədə icra mərhələsindən yalnız barəsində inzibati tədbir görüldüyündə məlumatı olmuşdur. Belə ki, guya o qərəzli şəkildə məhkəmə qərarını icra etməmişdir. Lakin, məhkəmə iclasında da qeyd etdiyi kimi, məhkəmə işi barədə ümumiyyətlə məlumatı olmamışdır. O, həmin qərardaddan da şikayət vermək niyyətindədir. Bu səbəblə o məhkəmə qətnaməsindən məlumat alan kimi ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin "rəsmi" qaydada ona təqdim edilməsini xahiş etmişdir. Belə ki, qətnamədən məlumatlı olmağı həmin sənədi rəsmi qaydada əldə etmək anlamına gələ bilməz. Birinci instansiya məhkəməsinin özünün də qeyd etdiyi kimi o xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət etmiş və bu müraciəti əsasında Astara rayon məhkəməsinin hazırki iş üzrə çıxardığı xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixində elektron kabinetə yerləşdirilmişdir. Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə öz sənədini elektron kabinetə yerləşdiribsə bu həmin sənədin rəsmi qaydada tərəfə çatdırılmasına bərabərdir. Göründüyü kimi, o apellyasya şikayətini xx.xx.2026-cı il tarixində təqdim etmişdir. Qətnamənin ona rəsmi qaydada xx.xx.2025-ci il tarixində çatdırılması nəzərə alınsa, apellyasiya şikayəti vermək üçün nəzərdə tutulan bir ay müddət buraxılmamışdır. Astara Rayon Məhkəməsi barəsində çıxarılmış bu işdən fərqli məhkəmə qərarını əsas götürərək hazırki iş üzrə müddəti bərpa etməmişdir. Digər iş üzrə prossesual müddətlər hazırki işə şamil edilə bilməz. Belə ki, məhkəmə çəkişmə və bərabərlik prinsipini nəzərə alaraq yalnız təqdim olunan araşdırılmalı və onlara hüquqi qiymət verməlidir. Göründüyü kimi tərəfindən heç bir müddət buraxılmamış və bu səbəblə iş üzrə çıxarılan qərardadın ləğv edilməsi zəruridir. Astara Rayon Məhkəməsinin 20 fevral 2026-cı il tarixli 2(018)-386/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti şikayətə qarşı yazılı etiraz təqdim edərək təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və müvafiq icra vərəqəsi verilmişdir. Astara rayon İcra şöbəsi tərəfindən icra sənədi üzrə icraata başlanıldıqdan sonra və məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin məcbur olduğu üçün, görünür cavabdeh Əliyeva (Cümşüdova) Səidə Səfər qızı özünə əlavə vaxt qazanmaq üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 2(018)-386/2025-016 saylı qərardadı ilə düzgün və haqlı olaraq cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Belə ki, Astara Rayon Məhkəməsində mülki işin icraatı zamanı cavabdehə dəfələrlə iclas barədə məlumat verilmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(018)-386/2025 saylı qətnaməsi tərəflərə göndərilmiş və qətnamənin mövcudluğundan tərəf xəbərdar olmuşdur. Qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə də, məlum olur ki, cavabdeh Əliyeva (Cümşüdova) Səidə Səfər qızı icra hərəkətindən yayınmaq üçün müxtəlif bəhanələr gətirməyə başlamış və məhkəmə qətnaməsini icrasının ləngitmək məqsədi ilə lüzumsuz ərizələr verməklə maneçilik törədir. Bu da öz növbəsində "xxxx" ASC-nin mülkiyyətində olan daşınmaz əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu növbəti dəfə məhdudlaşdırır (nəzərə alsaq ki, cavabdeh bu günə qədər mülkiyyətləlrində olan “Mağaza” binasını boşlatmaq istəmir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 131.1-ci maddəsinə əsasən iş üzrə icraat dayandırıldıqda qurtarmayan bütün prosessual müddətlərin axımı dayandırılır; 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Yuxarıda sadalanan prosessual normaların məzmunundan göründüyü kimi qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı, qətnamənin rəsmi qaydada tərəfə verildiyi andan başlayır və yalnız qətnamənin rəsmi qaydada verildiyi andan keçən bir ay müddətində apellyasiya şikayəti verilmədiyi halda, prosessual müddət buraxılmış hesab olunur ki, bu halda qanunvericilik tərəfin üzərinə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermək vəzifəsi qoyur. Hazırki halda iş materiallarına əsasən qətnamə cavabdehin rəsmi qeydiyyat ünvanına göndərilsə də, cavabdehin ünvanda faktiki olaraq yaşamaması səbəbilə poçt göndərişi məhkəməyə qaytarılmışdır. Bununla belə qətnamənin icrası zamanı cavabdeh barəsində Astara rayon İcra şöbəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə müvafiq olaraq protokol tərtib olunaraq baxılmasından ötrü məhkəməyə təqdim edilmiş, cavabdeh məhkəmənin 11 dekabr 2025-ci il tarixli qərarı ilə təqsirli bilinmiş və barəsində 500 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh ən azından barəsində çıxarılmış qətnamənin mövcudluğundan 11 dekabr 2025-ci il tarixindən məlumatlı olmuşdur, qətnamənin mahiyyətinin ona aydın olmaması mümkünsüzdür. Belə olan halda isə qətnamədən şikayət verilməsi müddəti həmin tarixdən hesablanmalıdır. İcra məmuru tərəfindən tələbin könüllü icrasına dair bildirişin cavabdehə təqdim olunmasının daha öncədən baş verməsi nəzərə alınsa, şikayət vermə müddəti daha əvvəldən hesablana bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək səlahiyyəti vardır. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün gətirilən arqumentlər üzürlü səbəb kimi qəbul oluna, buraxılmış prosessual müddətin bərpasının əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsi buraxılmış prosessual müddəti bərpa etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Astara Rayon Məhkəməsinin 5 fevral 2026-cı il tarixli 2(018)-386/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar