Məhkəmə qərarları › İş №2(3-9)-357/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-357/2026

02.06.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-357/2026 02.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, * saylı X2 Mərkəzinin nümayəndəsi Hüseynov İlkin Fərhad oğlunun, İbrahimov Rafət Əlimürsəl oğlunun iştirakları ilə, * saylı X2 Mərkəzinin İbrahimov Rafət Əlimürsəl oğluna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentiyi) torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsindən * saylı X2 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: ##.##.2023-cü il tarixli ****** saylı aktın surətindən görünür ki, iddiaçı təşkilat tərəfindən boşaldılması tələb olunan torpaq sahəsinə keçirilən baxış zamanı Sabirabad rayon sakini İbrahimov Rafət Əlimürsəl oğlu tərəfindən meşə fonduna aid edilən 14 ha torpaq sahəsinin zəbt edilərək kənd təsərrüfatı bitkiləri əkdiyi qeyd edilir. ##.##.2023-cü il tarixli 3-14-27-03/2-İ-100-3/202* saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **/**** saylı ekspert rəyində qeyd edilir ki, * saylı X2 Mərkəzi tərəfindən boşaldılması tələb olunan Sabirabad rayonu ərazisində yerləşən mübahisəli 14.0 ha (14.49 ha) torpaq sahəsi * saylı X2 Mərkəzinə (meşə fondu torpaqlarına) və ya İbrahimov Rafət Əlimürsəl oğluna aid olması barədə elektron kadastr məlumat bazasında heç bir məlumat aşkar edilməmişdir. * saylı X2 Mərkəzi tərəfindən boşaldılması tələb olunan Sabirabad rayonunun inzibati ərazisində yerləşən mübahisəli 14.0 ha (14.49 ha) torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən su fondu torpaqları kateqoriyasına aid torpaq sahəsidir. * saylı X2 Mərkəzi tərəfindən boşaldılması tələb olunan Sabirabad rayonunun inzibati ərazisində yerləşən mübahisəli 14.0 ha (14.49 ha) torpaq sahəsi İbrahimov Rafət Əlimürsəl oğlunun verdiyi məlumata əsasən uzun müddətdir (2008-ci ildən) ki, faktiki olaraq onun istifadəsindədir. Mərkəzin ##.##.2025-ci il tarixli 10/6043 ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərclərinin dəyəri 50 manat məbləğ təşkil edir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: * saylı X2 Mərkəzi İbrahimov Rafət Əlimürsəl oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayon Narlıq kənd sakini İbrahimov Rafət Əlimürsəl oğlu tərəfindən Sabirabad meşəbəyliyinin 1-ci kvartalının 1-ci dolayında özbaşına tutduğu (zəbt etdiyi) 14 ha. torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq * saylı X2 Mərkəzinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, * saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən ##.##.2023-cü il tarixdə Sabirabad meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Sabirabad rayon Narlıq kənd sakini İbrahimov Rafət Əlimürsəl oğlunun Sabirabad meşəbəyliyinin * saylı dolayının 1-ci kvartalında yerləşən 14 ha torpaq sahəsində qeyri-qanuni olaraq kənd təsərrüfatı məhsulları əkməsi müəyyən olunmuşdur. Həmin fakt əsasında Seidağa Rəhimzadənin, Əhəd Möbalıyevin və Cəlal Məmmədovun iştirakları ilə ##.##.2023-cü il tarixində müvafiq akt tərtib edilmiş, ərazinin kordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. İbrahimov Rafət Əlimürsəl oğlu tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahənin könüllü boşaldılması barədə cavabdehin ünvanına ##.##.2023-cü il tarixli 3-14-27- 03/2-İ-100-3/2023 nömrəli məktubun göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırkı vaxta kimi boşaldılmamışdır. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Sabirabad Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ##.##.2025-ci il tarixli **/**** saylı məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən xərcin əvəzi olan 50 manat pul vəsaitinin * saylı X2 Mərkəzindən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatın zəbt olunması istinad edilən və boşaldılması tələb olunan Sabirabad rayonunun inzibati ərazisində yerləşən mübahisəli 14.0 ha (14.49 ha) torpaq sahəsi “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” (“TEKUİS” və “Azcad”) məlumat bazasında * saylı X2 Mərkəzinə (meşə fondu torpaqlarına) aid olmadığı və mübahisələndirilən həmin torpaq sahəsinin su fondu torpaqlarına aid edilməsi müəyyən edilir. Beləliklə, məhkəmə araşdırılması nəticəsində İbrahimov Rafət Əlimürsəl oğlunun * saylı X2 Mərkəzinə (meşə fondu torpaqlarına) aid torpaq sahəsini zəbt edərək istifadə etməsi və ya hər hansı digər formada müdaxilə edilməsi halları təsdiq edilməmişdir. Bu isə iddiaçının tələblərinin təmin olunması üçün hüquqi əsasların olmamasını göstərir. Beləcə, istinad edilən ekspert rəyi ilə tam təsdiq edilmişdir ki, İbrahimov Rafət Əlimürsəl oğlunun Sabirabad rayonunun inzibati ərazisində yerləşən mübahisəli 14.0 ha (14.49 ha) torpaq sahəsinin istifadə edilməsi halında, iddiaçı təşkilatın hüquq və mənafeləri pozulmur. Cavabdehin meşə fondu torpaqlarına aid torpaq sahəsini zəbt edərək istifadə etməsini və ya hər hansı digər formada müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Kontitusiyasının 13-cü və 29u maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: * saylı X2 Mərkəzi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rafət İbrahimov * saylı X2 Mərkəzinin mülkiyyətində olan 14 ha torpaq sahəsini qanunsuz istifadə edir. Sabirabad Rayon Məhkəməsi iş üzrə mübahisəli torpaq sahəsini su fondu torpağı kimi göstərmişdir. Mərkəzin ziyanına rəy verilməyinə baxmayaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən Daşınmaz Əmlakın Kadastr və X1 Şəxsindən əksini sübut edən rəsmi məktub alınıb ki, həmin torpaq sahəsi meşə fondu torpağıdır. Onu əsas göstəriblər ki, bölgələrdə “TEKUİS” və “AZCAD” məlumat bazası yenilənməyib ona görədə su fondu torpaqı kimi görünür. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəlmişdir. Sabirabad Rayon Məhkəməsi nə məktuba nədə vəsatətə fikir bildirmədən iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları, yəni iddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən Daşınmaz Əmlakın Kadastr və Reystri publik hüquqi şəxsin əksin sübut edən rəsmi məktubunu aydınlaşdırmadan və bu məslələrə hüquqi qiymət vermədən düzgün olmayan nəticəyə gəlmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ: * saylı X2 Mərkəzinin nümayəndəsi Hüseynov İlkin Fərhad oğlu məhkəmə iclasında izahat verərək bildirmişdir ki, yaxın zamanda Xidmətə yenidən müraciət edilmiş, koordinatlarla bağlı sorğuya cavab alınmışdır. Təqdim olunan koordinatlar mübahisəli torpaq sahəsinin koordinatları ilə eynidir. Xidmətin özündə də həmin ərazi ilə bağlı kadastr məlumatları mövcuddur və bu məlumatlar birinci instansiya məhkəməsinə də təqdim edilmişdir. Mübahisəli torpaq sahəsi meşə fondu torpaqlarına aiddir. Koordinatlar əraziyə baxış keçirildikdən sonra müəyyən edilmiş və sorğu əsasında əldə olunmuşdur. İbrahimov Rafət Əlimürsəl oğlu məhkəmə iclasında verdiyi izahatda göstərmişdir ki, mübahisəli əraziyə nəzarət X3 və Təbii Sərvətlər idarəsi tərəfindən həyata keçirilir. Ərazi meşə fondu torpaqlarına deyil, su fondu torpaqlarına aid olduğundan həmin sahəyə məhz X3 və Təbii Sərvətlər idarəsi nəzarət edir. Mübahisəli torpaq sahəsi meşə fondu torpağı deyildir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentiyi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentiyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Diqqətə çatdırılmalıdır ki, dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qətnamənin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. T Ə L Ə B İ N Q A N U N İ Ə S A SI : Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Normanın mahiyyətini və məqsədini nəzərə alaraq məhkəmə tərkibi qeyd edir ki, özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onun sahiblikdən məhrum edilməsi və ya sahibliyinin pozulması başa düşülür. Məhrumetmə və pozulma özbaşınalığın iki ayrı formasını təşkil edir. Birincisində sahib əşya üzərindəki faktiki hakimiyyətini itirirərək ondan məhrum olur. İkinci halda isə şəxs əşya üzərindəki sahibliyini itirməsə də, özbaşınalıq nəticəsində əşyadan sərbəst və təyinatı üzrə istifadə edə bilmir, onun sahibliyinə əngəl törədilir. Özbaşınalığın əsas əlamətlərindən biri müdaxilənin qanunazidd olmasıdır. Diqqət edilməlidir ki, müdaxilənin qanuniliyi və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olub-olmaması ilə deyil, onun hərəkətinin sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür. TM-in 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. TM-in 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. TM-in 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin imperativ normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən (sahiblik, istifadə və ya sərəncam) birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi qeyd edir ki, istənilən, o cümlədən, meşə fondu torpaqları ilə bağlı hüquqların müdafiəsi və həmin torpaqlardan qanunsuz istifadənin qarşısının alınması tələbi yalnız bu torpaqların idarə edilməsinə və mühafizəsinə dair qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərə malik subyektlər tərəfindən irəli sürülə bilər. Odur ki, ilkin olaraq iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırılmalıdır. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə tərkibi hesab edir ki, hazırkı iddia tələbi torpaq üzərində mülkiyyət hüququnun müdafiəsi xarakteri daşıyır və İbrahimov Rafət Əlimürsəl oğlunun meşə fonduna aid olduğu iddia edilən torpaq sahəsini boşaltmasının təmin edilməsinə yönəlmişdir. Lakin iş materiallarında olan sübutların məcmu şəkildə araşdırılması nəticəsində müəyyən olunur ki, * saylı X2 Mərkəzi tərəfindən mübahisələndirilən 14 ha torpaq sahəsi meşə fondu torpaqları kateqoriyasına deyil, su fondu torpaqları kateqoriyasına aiddir. İş materiallarından görünür ki, iddia ərizəsində Sabirabad meşəbəyliyinin 1-ci kvartalının 1-ci dolayında yerləşən 14 ha torpaq sahəsinin İbrahimov Rafət Əlimürsəl oğlu tərəfindən zəbt edildiyi göstərilmiş və həmin torpaq sahəsinin meşə fondu torpaqlarına aid olduğu iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı əldə olunmuş sübutlar həmin torpaq sahəsinin elektron kadastr məlumat bazasında su fondu torpaqları kimi qeydiyyata alındığını təsdiq edir. Bu halda * saylı X2 Mərkəzinin mübahisə predmeti olan torpaq sahəsi üzərində hər hansı mülkiyyət, istifadə və ya qanunla qorunan digər hüququnun mövcudluğu müəyyən edilmir. Belə olan halda, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, * saylı X2 Mərkəzi hazırkı iddia tələbi üzrə mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi və ya sahibi olmadığından bu tələbin irəli sürülməsi üçün zəruri olan subyektiv hüquqa malik hesab edilə bilməz. Buna görə də, * saylı X2 Mərkəzinin İbrahimov Rafət Əlimürsəl oğlundan mübahisəli 14 ha torpaq sahəsinin boşaldılmasını tələb etmək hüququnun mövcudluğu öz təsdiqini tapmır. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar