Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-369/2026 06.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Qərardad Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Cahid Fehruz oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, iddiaçı Həndəmova Sevda Mihəsən qızının cavabdeh Məcidzadə Aytən İldırım qızına qarşı “əmlakların evdən çıxarılması” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 12 fevral 2026-cı il tarixli 2(5-144)-467/2026 saylı qərardadından (hakim Nicat Ağabəyov) iddiaçı tərəfindən verilən şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Həndəmova Sevda Mihəsən qızının cavabdeh Məcidzadə Aytən İldırım qızına qarşı “əmlakların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məkhəməsinə müraciət edərək, cavabdehə məxsus televizor, ət çəkən maşın, elektrikli soba, tava naboru 2 dəst, boşqab naboru 2 dəst, stakan naboru hər birindən 12 ədəd, 6 ədəd qəndqabı, aftafa-ləyən, böyük qazan, 2 dədə böyük dərinkə, balaca tok samavarı, dolab, televizor altlığı, taxt, 2 ədəd tumba, 3 ədəd lüstür, ütü, ütü masası, 2 ədəd ləpəqabı, 2 ədəd meyvəqabı, xurustal, çaşqa naboru, 5 ədəd pərdə, divan, stol-stul, yoröan dəsti, 4 ədəd xalça, paltar yuyan, mikser, tefal çaynik, sokçəkəndən ibarət cehizlərini onun Masallı rayon Nəzəroba kəndində yerləşən evindən çıxarılması və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 12 fevral 2026-ci il tarixli 2(5-144)-467/2026 saylı qərardadı ilə iddia ərizəsi Mülki Prosessual Məcəllənin 39.1 və 152.1.3-cü maddələrinə istinadla geri qaytarılmışdır. Qəradaddan iddiaçı şikayət verərək ləğv edilməsini, mülki işə ərazi aidiyyəti qaydasında Lənkəran Rayon Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 2(5-144)-467/2026 saylı, 12.02.2026-ci il tarixli qərardadı ilə iddia ərizəsi əsassız olaraq geri qaytarılmışdır. O, sözügedən qərardadla razı deyil, çünki həmin qərardad onun hüquqlarını kobud şəkildə pozur. Məhkəmə heç bir araşdırma aparmadan, vahid məhkəmə təcrübəsinə istinad etmədən, işin faktiki hallarına qiymət vermədən işi geri qaytarmışdır.Prosessual hüquq normaları məhkəmə tərəfindən pozulmuşdur. İddia tələbində cavabdehi doğru qoymuşdur. İddia ərizəsinin geri qaytarılmasına heç bir əsas olmadan məhkəmə qəsdən iddia ərizəsini geri qaytarmışıdr. Məhkəmənin baxdığı işlərin arxivini yoxlasa, yüzlərlə onun iddia ərizəsindən də zəif formada yazılmış ərizələri icraata götürmüş və təmin də etmişdir. Məhkəmə işi geri qaytarmaqla sanki, cavabdehin bir növ nümayəndəliyini etmişdir. İşin faktiki hallarını araşdırmadan geri qaytarmışdır. Geri qaytararkən də şikayət müddətini gözləmədən rüsumu da geri qaytarmışdır. Onun tələbi mülkiyyət haqqında deyil, cavabdehin əşyalarını evindən götürməsini istəmişdir. Tələbi müstəsna aidiyyətə düşmür. Hesab edir ki, qərardad prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə qərardadında araşdırma aparmadan ərazi aidiyyətinə görə işi geri qaytarmışdır. O, daşınar əşyaları mübahisələndirmişdir. Tələbi müstəsna aidiyyətə düşmür. Məhkəmə üç səhifəlik qərardadında bir cümlə də olsun mülki işin geri qaytarılmasını əsaslandıra bilməmişdir. Qərardadında maddələri sadalamaqla kifayətlənmişdir. Toxunduğu hissələrin onun işi ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə sadə işi yubatmaqla onun vaxtını aparır. Araşdırma zəifdir, xahiş edir ki şikayətə ciddi baxılsın. Məhkəmənin çıxarmış olduğu qərardad tam əsassızdır. Çıxarılmış qərardad heç bir prosessual normaya uyğun deyil. Vahid məhkəmə təcrübəsinə və plenum qərarlarına əsasən onun mülki işinə Lənkəran Rayon məhkəməsində baxılmalı idi. Məhkəmə araşdırma aparmadan ədalətsiz bir qərardad qəbul etmişdir. Lənkəran Rayon Məhkəməsinin 4 mart 2026-cı il tarixli 2(5-144)-467/2026 saylı qərardadı ilə ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə iddia ərizəsini Mülki Prosessual Məcəllənin 39.1 və 152.1.3-cü maddələrinə istinadla geri qaytarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. İddia ərizəsi qanunla müəyyən edilmiş müddət ərzində (MPM-in 151.3-cü maddəsinə əsasən) geri qaytarılmadıqda icraata qəbul edilmiş hesab edilir. İddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun olmadıqda, ərizədə göstərilən qüsurların aradan qaldırılmasından ötrü iddia ərizəsi geri qaytarıla bilər. Belə ki, hakim iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə geri qaytarır (Mülki Prosessual Məcəllənin 152.1., 152.1.1, 152.1.2, 152.1.3, 152.1.4, 152.1.5, 152.1.6, 162.1.6-1, 152.1.7, 152.1.8, 152.1.9 və 152.10-cu maddələri). Göründüyü kimi prosessual qanunvericilikdə iddia ərizəsinin hansı hallarda geri qaytarıla bilməsi tam və müfəssəl göstərilmişdir. Həmin halların konkret göstərilməsi iddia ərizəsinin geri qaytarılmasının əsaslarının geniş təfsir edilməsini də məhdudlaşdırmaqla, yalnız həmin əsaslardan biri olduğu halda geri qaytarılmanının mümkünlüyünü təsbit edir. Həmin əsaslardan hər hansı birinə deyil, digər bir əsasa görə iddia ərizəsinin geri qaytarılması yol verilməzdir. Həmin halların olmaması iddia ərizəsinin icraata qəbul edilməsini qaçılmaz edir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, şikayətin təmin olunması üçün əsaslar yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 39.1.-ci maddəsinə əssən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 31.1.-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3.-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə hər hansı xüsusiyyətindən asılı olmayaraq, yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxıla bilər. Həmin maddədə sadalanan işlər üzrə iddianın başqa məhkəmələrə verilməsinə yol verilmir. Məhkəmə kollegiyası hazırki mübahisənin müstəsna aidiyyət üzrə Masallı Rayon Məhkəməsində öz hüquqi həllini tapmalı olmasından ibarət birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, işdən görünür ki, cavabdehə məxsus cehiz əşyaları iddiaçının qanuni sahibliyində olan Masallı rayonu Nəzəroba kəndindəki evindədir və iddiaçı həmin əşyaların evindən çıxarılması tələbini irəli sürür. Tələb mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia olduğundan, iddia daşınmaz əşyanın olduğu yerə görə verilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçının şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 12 fevral 2026-cı il tarixli 2(5-144)-467/2026 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 12 fevral 2026-cı il tarixli 2(5-144)-467/2026 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-369/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-369/2026
06.04.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver