Məhkəmə qərarları › İş №2(3-9)-39/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-39/2026

12.03.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-39/2026 12.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbayan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6 Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Füzuli rayonu 2 nömrəli tam orta məktəbinə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-2138/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Füzuli rayonu 2 nömrəli tam orta məktəbinə qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 147 nömrəli əmrin ləğv edilməsi, ödənilməmiş əmək haqqı və məzuniyyət haqqının ödənilməsi və işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki o, 14 ildən artıq ingilis dili müəllimi kimi fəaliyyəti göstərmişdir. xx.xx.2025-ci il tarixdə işə gedərkən xəsarət almış, bu səbəbdən səhhətinə görə işdən həkim məsləhəti ilə müvəqqəti işdən ayrılmışdır. Travmatologiya və Ortopediya İnstitutu xx.xx.2025-ci il tarixədək ona arayış vermiş, müalicənin davamı isə yaşadığı ərazi üzrə 25 saylı şəhər poliklinkasında davam etdirilmişdir. Həkim məsləhəti ilə xx.xx.2025-ci il tarixdən etibarən 3 aylıq öz hesabına məzuniyyət ərizəsi tərtib edərək iş yoldaşı Aynurə və digər müavin İlahənin iştirakı ilə direktora təqdim edilmişdir. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək bülletendə olmuşdur. Sonra direktor ərizəni gizlədərək xx.xx.2025-ci il tarixdən 14-15 gün öz hesabına məzuniyyət əmri vermişdir. Lakin iddiaçı həmin tarixlərə məzuniyyət üçün ərizə yazmamış, həmin məzuniyyət əmrinin surəti və işdən çıxarılmağı barədə əmrin surəti bugünədək ona verilməmişdir. İddiaçının anası ilə direktor və digər müavin Arzu arasında məhkəmə mübahisəsi olduğu üçün özünün yazdığı məzuniyyət ərizəsi qəsdən gizlədilmişdir. O hesab edir ki, direktor X5 onu qanunsuz, əsassız və qərəzli olaraq işdən çıxarmışdır. Həmçinin iddiaçıya əmək haqqı və 56 gün üçün məzuniyyət haqqı ödənilməmiş, xx.xx.2025-ci il tarixdə işdən çıxarılsa da sonuncu əmək haqqı xx.xx.2025-ci il tarixdə gecikdirilərək (27 AZN) ödənilmişdir. İddiaçı məsələnin həlli üçün mediasiyaya müraciət etsə də, razılaşma əldə olunmadığından məhkəməyə müraciət etməli olmuşdur. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə buraxılmış iddia müddətinin bərpası barədə ərizə təqdim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı hüquqşünas olmadığı üçün əmək mübahisələrində iddia müddəti anlayışının nə olduğunu bilməmişdir. Öz savadı çərçivəsində aidiyyəti olan bütün idarə və təşkilatlara mütəmadi olaraq şikayət etmişdir. Həmçinin həm özünün, həm də anasının ağır xəstəliyi ilə əlaqədar bəzən bu işlə məşğul olmağa fiziki cəhətdən də imkanı olmamışdır. Ona görə də hesab edir ki, iddia ərizəsinin məzmununda qeyd etdiyi üzürlü səbəbləri də nəzərə alaraq, onun işdən çıxarılmağı ilə əlaqədar əmrdən şikayət vermə müddəti bərpa edilməlidir. Birinci instansiya məhkəməsində icraat Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-2138/2025 saylı qətnaməsi ilə (hakim Elmir İsmayılov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: xx.xx.2025-ci il tarixli, 147 nömrəli əmrdən çıxarış əsasında müəyyən olunur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-cı il tarixdə xitam verilmişdir. Həmin çıxarışda xitamın əsası olaraq göstərilir ki, 20 iyun 2025-ci il tarixdə İddiaçı təkrar sertifikatlaşdırmanın test imtahan mərhələsində iştirak etmədiyinə görə onunla bağlanılmış əmək müqaviləsinə 147 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə müvafiq olaraq xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ regional şöbəsi tərəfindən İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçı keçiirlən sertifikasiya imtahanından 13 bal toplayaraq uğursuz nəticə göstərmiş və xx.xx.2025-ci il tarixdə keçirilən imtahanda iştirak etməmişdir. Həmçinin qeyd edilmişdir ki, o, xəstəlik vərəqəsi üzrə (№ XV**********1) xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər əmək funksiyasından azad olunmuş və işə başlama tarixi xx.xx.2025-ci il müəyyən edilmişdir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etmədiyiz üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilmiş və əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən 30 iyun 2025-ci il tarixdə 147 saylı əmrlə ləğv edilmişdir. Onun ödənişsiz məzuniyyətdə olmağı barədə müəsissə tərəfindən təsdiqedici heç bir sənəd təqdim edilməmişdir. Azərbayan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6 Regional Təhsil İdarəsi tərəfindən İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılma məqsədi ilə 20 iyun 2025-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanında “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən və ya imtahanda iştirak etməyən şəxslər təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onlarla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasın Əmək Məcəlləsinin müvafiq bəndinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X12 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AA2168/2025 nömrəli arayışından görünür ki, İddiaçı sağ əlin hər iki dizin, sağ aşıq-baldır və sol daban nahiyəsinin əzilməsi diaqnozu qoyulmuşdur. İddiaçı Füzuli rayonu 2 saylı tam orta məktəbin direktoru Svetlana Məmmədovaya ünvanlamış olduğu xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, səhhəti ilə bağlı ona 3 aylıq məzuniyyət verilməsini sonuncudan xahiş etmişdir. 25 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, XV**********1 nömrəli sığortaolunanın xəstəlik vərəqəsinin surətindən görünür ki, İddiaçı 11xx.xx.2025-ci il, 14-xx.xx.2025-ci il və 17-xx.xx.2025-ci il tarixləri arasında əmək funksiyalarını icra etməkdən azad edilmiş, işə başlama tarixi xx.xx.2025-ci il olaraq müəyyən edilmişdir. Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış əsasında müəyyən olunur ki, həmin tarixdə işə bərpa tələbi üzrə keçirilməsi nəzərdə tutulmuş mediasiya sessiyasında İddiaçı iştirak etmiş və 60 manat mediasiya xərci ödəmiş, lakin cavabdeh tərəf iştirak etməmişdir. Cavabdeh tərəfindən Füzuli Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, məktəbin sabiq ingilis dili müəllimi İddiaçı aprel 2025-ci il tarixdə 3 aylıq öz hesabına məzuniyyət ərizəsini (xx.xx.2025-ci il tarixdən etibarən) şəxsən qəbul edib məktəbin o vaxt direktor işləyən Svetlana Məmmədovaya məktəbin digər müəllimi X3 yanında təqdim etmişdir. X3 Füzuli Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, o, iş yoldaşı İddiaçı əl barmağı ayağı sarıqlı və gipsdə olduğu üçün onun 2025-ci ilin aprel ayında 3 aylıq öz hesabına məzuniyyət ərizəsini şəxsən məktəbin direktor müavini X2 verilmiş, sonuncu isə həmin ərizəni onun yaxınında əyləşmiş o vaxt direktor işləyən Svetlana Məmmədovaya təqdim etmişdir. Azərbayan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6 Regional Təhsil İdarəsi tərəfindən İddiaçı müraciətinə xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, siz xx.xx.2025-ci il tarixdən 30 iyun 2025-ci il tarixinədək müxtəlif səbəblərdən işdə olmamısınız. İşdə olmadığınız zamanlarda tarif cədvəli üzrə olan dərs saatlarınız məktəbin daxilində digər ixtisas müəlliminə əvəzçilik şəkilində əvəz edilmişdir.Həmin dövrdə məktəb rəhbəri vəzifəsini icra edən X5 işində verdiyi nöqsanlara görə əmək müqaviləsinin uzadılması məqsədə müvafiq hesab edilməmiş, barəsində intizam tədbirlərinin görülmüş və əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin əlavə olaraq bildirilmişdir ki, təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə həyata keçirilən sertifikatlaşdırma prosesinin 1ci mərhələsində uğursuz olmuş, xx.xx.2025-ci il tarixində keçirilən təkrar imtahanlarda isə iştirak etməmişdir. Bu səbəblə sertifikatlaşdırılma prosesinin hər iki mərhələsindən uğursuz nəticə əldə edildiyi üçün onun əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi prosesi qanunamüvafiq qaydada həyata keçirilmiş və sonuncu həmin müddətdə məzuniyyətdə olmamışdır. Azərbayan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6 Regional Təhsil İdarəsi tərəfindən Füzuli Rayon Məhkəməsinə ünvanlanmış iddia müddətinin tətbiqi barədə ərizədən görünür ki, İddiaçı xx.xx.2025-ci il 147 nömrəli əmrin ləğv edilməsi tələbi ilə əlaqədar iddia müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində iddia müddəti ilə bağlı müəyyən edilmiş tarixdə başlamışdır. Belə ki, həmin maddəyə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəyə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Yuxarıda qeyd olunanlara əsasən iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli, 147 nömrəli əmrdən çıxarış əsasında müəyyən olunur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-cı il tarixdə xitam verilmişdir. Həmin çıxarışda xitamın əsası olaraq göstərilir ki, 20 iyun 2025-ci il tarixdə İddiaçı təkrar sertifikatlaşdırmanın test imtahan mərhələsində iştirak etmədiyinə görə onunla bağlanılmış əmək müqaviləsinə 147 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə müvafiq olaraq xitam verilmişdir. İşə bərpa edilməsi barədə işəgötürənin özünə, həmçinin müxtəlif vaxtlarda digər idarə və təşkilatlara ərizələrlə müraciət etmiş, Məhkəməyə isə hazırkı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüş olur. Məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin hər hansı formada pozulması iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsinə dəlalət etmir. İddiaçı faktiki olaraq xx.xx.2025-ci il tarixdən işdən azad edilməsini bilmiş, həmin tarixdən əmək haqqı almamış, işə çıxmaması barədə xəbərdarlıq edilmiş, belə olan halda mövcud vəziyyətin hər hansı ikili şərhi üçün zəmin yaranmamış və obyektiv olaraq İddiaçı üçün hüququnun pozulduğu həmin vaxtdan aşkar olmuşdur. Belə ki, iş materiallarından da aydın olduğu kimi, İddiaçı əmək müqaviləsinə xitam verildiyini öyrəndiyi tarixdən başlayaraq işə bərpa edilməsi barədə işəgötürənin özünə, həmçinin müxtəlif vaxtlarda digər idarə və təşkilatlara ərizələrlə müraciət etmiş, öz narazılığını bildirmiş, müxtəlif nüsxələr toplamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, qeyd olunan məsələ ilə bağlı iddiaçı mahiyyəti üzrə məhkəməyə də müraciət edə bilərdi. Beləliklə, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə belə qənaətə gəlmişdir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, İddiaçı cavabdeh X1 qarşı işə bərpa tələbinə dair iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 377.1-ci maddələri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-2138/2025 nömrəli qətnaməsinin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, XV**********1 nömrəli xəstəlik vərəqəsinə əsasən aydın şəkildə müəyyən olunur ki, o, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər əmək funksiyasından azad olunmuşdur. Bundan əvvəl isə xx.xx.2025-xx.xx.2025-ci il tarixləri arasında əmək funksiyasından azad olunmuşdur. İşə başlama tarixi isə xx.xx.2025-ci il olmuşdur. Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma imtahanında isə məhz bu səbəbdən iştirak edə bilməmişdir. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasına əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar olaraq imtahanda iştirak etmək hüququna malikdirlər. Tərəfindən şahidlərin qarşısında məktəb direktoruna 3 aylıq məzuniyyətə çıxmağı barədə ərizə ilə müraciət olunsa da, məhkəmə bu hala münasibət bildirməyərək, qətnaməsində qeyd etmişdir ki, guya tərəflərin razılığı ilə o məzuniyyətə buraxılmışdır. Halbuki, məktəb direktoru bilərəkdən onun məktubunu gizlədərək ona cavab verməmişdir. İş materiallarında olan Azərbayan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət AgentliyininQarabağ Regional Təhsil İdarəsi tərəfindən tərəfindən olunan müraciətinə xx.xx.2025-ci il tarixli cavabından görünür ki, müəyyən tarixlərdə müxtəlif səbəblərdən işdə olmamışdır. İşdə olmadığı zamanlarda tarif cədvəli üzrə olan dərs saatları məktəbin daxilində digər ixtisas müəlliminə əvəzçilik şəklində əvəz edilmişdir. Həmin dövrdə məktəb rəhbəri vəzifəsini icra edən X5 işində verdiyi nöqsanlara görə əmək müqaviləsinin uzadılmasıməqsədə müvafiq hesab edilməmiş, barəsində intizam tədbirləri görülmüş və əmək müqaviləsinə xitam verilmişdir. Cavab məktubunda qeyd olunan “müxtəlif səbəblərdən işdə olmamağı” səhhətində olan ağır problemlərlə bağlıdır ki, bunun təsdiqi olaraq tərəfindən Xəstəlik kağızı təqdim olunmuşdur. Bu səbəblə məzuniyyətə çıxmağı isə onun ən təbii haqqı və hüququdur. O vaxtki məktəb direktorunun xəstəliyinə görə işə fiziki olaraq çıxmağının mümkünsüz olmasını və bu səbəbdən də sertifikatlaşdırma imtahanında iştirak edə bilməməyini əsas gətirərək əmək müqaviləsinə özbaşına xitam əmri verməsi ədalətsiz və insanlığa sığmayan addımdır. Məhz bu səbəblərdən də, yuxarıda adıkeçən məktubda da qeyd olunduğu kimi, direktorun işində verdiyi nöqsanlar dedikdə bu hal nəzərdə tutulmuşdur. Hesab edir ki, direktorun onu əsassız səbəblərə görə işdən çıxarmasında anası ilə əvvəlcədən aralarında olan mübahisə ilə birbaşa əlaqəsinin olması istisna deyildir. Qeyd edir ki, məhkəmə qətnaməsində qeyd olunur ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Lakin qeyd etmək istəyir ki, tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-29-69/3-2-29F/2025 nömrəli əmək müqaviləmə xitam verilməsi ilə bağlı Əmrdən şikayət ünvanlamış, həmçinin dəfələrlə hüquqlarının pozulması ilə bağlı dövlət orqanlarına şikayətləri olmuşdur. Həmin müraciətlərinə cavablar gəldikdən sonra artıq pozulan hüquqlarının yalnız məhkəmə yolu ilə bərpa oluna biləcəyi anlaşılmışdır. Bundan sonra isə tərəfindən Məhkəməyə müraciət olunmadan öncə Mediasiyaya müraciət olunmuş, Arayış təqdim olunmuş və Məhkəməyə müraciət olunmuşdur. Qeyd edir ki, bu dövr ərzində, yəni tərəfindən dövlət orqanlarına müraciət etdiyi dövrdə, həmçinin Mediasiyaya müraciət etməli olduğu da nəzərə alınaraq qanunvericiliyin tələblərinə əsasən məhkəməyə müraciət etmək üçün iddia müddəti dayanmış hesab olunmalıdır. Beləliklə, iş materiallarında olan sənədlərdən və işin faktiki halından aydın şəkildə bu qənaətə gəlmək olar ki, onun əmək müqaviləsinə əsassız yerə xitam verilmiş, əslində məktəb rəhbərliyinin nöqsanlarına görə onun hüquqları kobud şəkildə pozulmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Etiraz onunla əsaslandırılmışdır ki, Füzuli rayon 2 nömrəli tam orta ümumtəhsil məktəbində müəllimi vəzifəsində çalışmış İddiaçı 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın test imtahanı mərhələsində iştirak etməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-29-69/3-2-29F/2025 nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmiş və həmin əmrin icrası tərəfimizdən təmin edilmişdir. Azərbaycan Respublikasının “Vətəndaş müraciəti haqqında” 30 sentyabr 2015-ci il tarixli, 1308 nömrəli Qanununa əsasən vətəndaş, müraciətinə baxan orqanın vəzifəli şəxsləri tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, həmin qərardan məhkəməyə şikayət vermək hüququna malikdir. Lakin bu qayda yalnız müraciətə baxılmasından narazılıqla bağlı məhkəməyə şikayət imkanını müəyyən edir və Əmək Məcəlləsi ilə müəyyən edilmiş iddia müddətlərinin hesablanmasına hər hansı təsir göstərmir. Bu baxımdan, İddiaçı X10 Xidmətinin cavabını gözlədiyini bildirməsi onun üçün müəyyən edilmiş iddia müddətinin dayandırılması və ya uzadılması üçün hüquqi əsas sayılmır. İşçiyə 3 ay müddətinə ödənişsiz məzuniyyətin verilməsi məsələsinə dair bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsasən ödənişsiz məzuniyyət yalnız işəgötürənlə işçinin qarşılıqlı razılığı əsasında, həmçinin kollektiv müqavilədə nəzərdə tutulan hallar və əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlər çərçivəsində verilir. Qanunvericiliyə əsasən, belə məzuniyyətin müddəti tərəflərin mülahizəsinə uyğun olaraq altı aydan çox olmamaqla müəyyən edilə bilər. Bu səbəbdən, iddiaçının tələb etdiyi 3 (üç) aylıq ödənişsiz məzuniyyət yalnız işəgötürənlə işçinin qarşılıqlı razılığı olduğu halda verilə bilər və bu, birtərəfli qaydada tələb edilə bilən hüquq hesab edilmir. İddiaçı 3(üç) ay müddətinə ödənişsiz məzuniyyətdə olmasını rəsmilləşdirən hər hansı əmr mövcud deyildir. Əlavə olaraq bildirilir ki, İddiaçı 14 may 2025-ci il tarixdən 02 iyun 2025-ci il tarixədək xəstəlik vərəqəsində olmuşdur.11 iyun 2025-ci il tarixdən- 21 iyun 2025-ci il tarixdək xəstəlik vərəqəsində olmuş və 22 iyun 2025-ci il tarixdən işdə hesab olunmuşdur. 20 iyun 2025-ci il tarixdə təkrar sertifikatlaşdırmanın test imtahan mərhələsində iştirak etmədiyinə görə onunla bağlanılmış əmək müqaviləsinə 147 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83 -cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq İddiaçı son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü , yəni 30 iyun 2025-ci il tarixdə ödənilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbayan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6 Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz ərizəsinin məzmununda izahat verərək Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-2138/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan olmadan keçirilərək, Füzuli rayon Məhkəməsinin 2(064)-2138/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Füzuli rayonu 2 nömrəli tam orta məktəbinə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi hazırkı mülki işə iddiaçı və cavabdehin (nümayəndəsinin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 67-2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 67-2-ci maddəsinin 4-cü bəndinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır 70-ci maddəsinin “c” bəndində qeyd edilir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir. “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” 1.1-ci bəndinə əsasən bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra - təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. 1.2-ci bəndinə əsasən Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. 5.2-ci bəndinə əsasən Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4-ci bəndinə əsasən Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırm alı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-2138/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-2138/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuş olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı cavabdeh Füzuli rayonu 2 nömrəli tam orta məktəbinə qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 147 nömrəli əmrin ləğv edilməsi, ödənilməmiş əmək haqqı və məzuniyyət haqqının ödənilməsi və işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbayan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6 Regional Təhsil İdarəsi tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəni əsas tutaraq iddia müddətini tətbiq etmiş iddianı bu əsasla təmin etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Hazırkı mübahisədən görünür ki iddia müddətinin tətbiqinə dair ərizə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6 Regional Təhsil İdarəsi tərəfindən verilmişdir. - Burda diqqət yetirilməli məqam odur ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iddia müddətinin tətbiqi barədə ərizə vermək səlahiyyəti varmı? Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin məzmunundan görünür ki, iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Burada mübahisə tərəfi dedikdə isə iddianın yönəldiyi cavabdeh nəzərdə tutulur. Halbuki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisənin predmeti üzrə tərəf hesab olunmamaqla iddia tələbi də ona qarşı yönəlmir. Bu səbəbdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş belə ərizə iddia müddətinin tətbiqi üçün əsas hesab edilə bilməz. Odur ki, birinci instaniya məhkəməsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəni əsas tutaraq iddia tələbini rədd etməkdə səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-2138/2025 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Məhkəmə tərkibi iddia tələbi və apellyasiya şikayətinin dəlillərini qarşılıqlı tədqiq edərək qeyd edir ki, iddia tələbi əsassız olmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixli, 147 nömrəli əmrdən çıxarış əsasında müəyyən olunur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-cı il tarixdə xitam verilmişdir. Həmin çıxarışda xitamın əsası olaraq göstərilir ki, 20 iyun 2025-ci il tarixdə İddiaçı təkrar sertifikatlaşdırmanın test imtahan mərhələsində iştirak etmədiyinə görə onunla bağlanılmış əmək müqaviləsinə 147 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c" bəndinə müvafiq olaraq xitam verilmişdir. Hal-hazırda iddiaçı həmin əmri mübahisələndirməklə əmrin ləğv edilməsi, ödənilməmiş əmək haqqı və məzuniyyət haqqının ödənilməsi və işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Bundan əlavə iddiaçı apellyasiya şikayətində bildirmişdir ki, iddiaçı tərəfindən əvvəlcə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən şikayət edilmiş, həmçinin hüquqlarının pozulması ilə bağlı müxtəlif dövlət orqanlarına müraciətlər olunmuşdur. Həmin müraciətlərə cavab verildikdən sonra hüquqların yalnız məhkəmə qaydasında bərpa olunmasının mümkün olduğu aydın olmuşdur. Bundan sonra isə məhkəməyə müraciət edilməzdən əvvəl qanunvericiliyin tələbinə uyğun olaraq mediasiyaya müraciət edilmiş və müvafiq arayış alındıqdan sonra məhkəməyə iddia verilmişdir. Bu səbəbdən qeyd olunan müddətdə iddia müddəti dayanmış hesab olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, hal-hazırda iddia müddəti məsələsi mübahisə üzrə əsas məsələ hesab edilə bilməz. Belə ki, iddia müddətinin tətbiqi barədə ərizə cavabdeh tərəfindən deyil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmişdir. Eyni zamanda Mülki Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Bu səbəbdən məhkəmənin iddia müddətini öz təşəbbüsü ilə tətbiq etmək səlahiyyəti yoxdur. Bununla belə məhkəmə tərkibi qeyd edir ki, iddiaçı məhkəməyə ünvanladığı ərizələrdə əmək kitabçasını xx.xx.2025-ci il tarixdə aldığını bildirmişdir. Məhkəmə tərkibi hesab edir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin hər hansı formada pozulması iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsinə özlüyündə dəlalət etmir. İddiaçı faktiki olaraq işdən azad edilməsini bilmiş və belə olan halda hüququnun pozulduğunu həmin vaxtdan bilməsi üçün obyektiv əsaslar mövcud olmuşdur. Bununla yanaşı, iş materiallarından görünür ki, o, əmək müqaviləsinə xitam verildiyini öyrəndiyi vaxtdan etibarən işəgötürənə, eləcə də müxtəlif dövlət orqanlarına çoxsaylı müraciətlər etmiş, öz narazılığını bildirmiş və müxtəlif sənədlər toplamışdır. Məhkəmə tərkibi hesab edir ki, iddiaçı bu hərəkətlərlə yanaşı, mahiyyəti üzrə birbaşa məhkəməyə də müraciət edə bilərdi. Lakin hazırkı mübahisə üzrə iddia tələbinin rədd edilməsinə səbəb olan əsas hal iddianın özü-özlüyündə əsassız olmuş olmasıdır. İddiaçı Füzuli rayonu 2 saylı tam orta məktəbin direktoru Svetlana Məmmədovaya ünvanlamış olduğu xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, səhhəti ilə bağlı ona 3 aylıq məzuniyyət verilməsini sonuncudan xahiş etmişdir. 25 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, XV**********1 nömrəli sığortaolunanın xəstəlik vərəqəsinin surətindən görünür ki, İddiaçı 11xx.xx.2025-ci il, 14-xx.xx.2025-ci il və 17-xx.xx.2025-ci il tarixləri arasında əmək funksiyalarını icra etməkdən azad edilmiş, işə başlama tarixi xx.xx.2025-ci il olaraq müəyyən edilmişdir. İddiaçı tərəf dəfələrlə 3 aylıq məzuniyyətə çıxmaq barədə məktəbə ərizə ilə müraciət etdiyini, lakin həmin ərizələrin direktor tərəfindən nəzərə alınmadığını və gizlədildiyini bildirsə də, mübahisə üzrə əsas məsələ həmin müraciətin müvafiq qaydada əmrləşdirilməməsidir. Belə ki, Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmək Məcəlləsi-nin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. Eyni zamanda, işəgötürənlə işçinin qarşılıqlı razılığı əsasında, həmçinin kollektiv müqavilələrdə və ya əmək müqaviləsində nəzərdə tutulmuş hallarda işçilərə müddəti altı aydan çox olmayaraq ödənişsiz məzuniyyət verilə bilər. Hazırkı iş üzrə isə tərəflər arasında ödənişsiz məzuniyyət verilməsi ilə bağlı qarşılıqlı razılıq əldə olunmamışdır və bu barədə hər hansı əmrin mövcudluğu da müəyyən edilməmişdir. Apellyasiya baxışı zamanı iştirak edən üçüncü şəxsin nümayəndəsi də izahında bildirmişdir ki, sertifikasiya imtahanından yayınma hallarının qarşısının alınması məqsədilə iddiaçı tərəfindən verilmiş ərizə nəzərə alınmamış və tərəflər arasında bu barədə razılaşma olmamışdır. Bu baxımdan iddiaçının 3 aylıq məzuniyyətdə olması barədə iddiası iş materialları ilə təsdiq olunmamışdır. Həmçinin əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, 147 nömrəli əmr işçinin hər hansı məzuniyyətdə olmadığı dövrdə qanunvericiliyin tələblərinə uyğun bir şəkildə verilmişdir. Müvafiq əmrin verilməsinə səbəb kimi göstərilmişdir ki, 20 iyun 2025-ci il tarixdə İddiaçı təkrar sertifikatlaşdırmanın test imtahan mərhələsində iştirak etmədiyinə görə onunla bağlanılmış əmək müqaviləsinə 147 nömrəli əmrlə Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmək Məcəlləsi-nin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın: 5.1-ci bəndinə əsasən Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. 5.2-ci bəndinə əsasən Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.3-ci bəndinə əsasən Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4-ci bəndinə əsasən Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Məhkəmə tərkibi qeyd edir ki, Qaydaların 5.2-ci bəndinə əsasən sertifikatlaşdırmada ilk dəfə üzrlü səbəblərə görə iştirak etməyən şəxslərə 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilir. Lakin hazırkı iş üzrə iddiaçı ilk imtahandan kəsilmiş, təkrar sertifikatlaşdırmanın imtahan mərhələsində də iştirak etməmiş və buna səbəb kimi xəstə olmasını göstərmişdir. Lakin nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi xəstəlik vərəqələri onun müəyyən müddət ərzində əmək funksiyalarını icra etməkdən azad edilməsini təsdiq etsə də, həmin hallar qanunvericilikdə təkrar sertifikatlaşdırmada iştirak etməmək üçün üzrlü səbəb kimi nəzərdə tutulmamışdır. Həmçinin həmin sənədlər iddiaçının ümumilikdə əmək fəaliyyətinə münasibətdə verilmiş olub, konkret olaraq sertifikatlaşdırma imtahanında iştirak etməməsinə qanuni əsas yaratmamışdır. Hazırda iddiaçının sertifikatlaşdırmada iştirak etməməsi, qanunvericilikdə nəzərdə tutulmuş minimal tələblərə əməl etməməsi kimi qiymətləndirilmiş və buna görə də sertifikatlaşdırmadan keçməmiş hesab olunmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, cavabdehin əmrinin hüquqi əsasını Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi və “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndi təşkil edir. Belə ki, həmin normalar dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə sertifikatlaşdırmadan təkrar keçməyən təhsilverənlərlə bağlanmış əmək müqaviləsinə tədris ilinin sonunda xitam verilməsini müəyyən edir. “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.2-ci bəndinə əsasən, sertifikatlaşdırmanın məqsədi təhsilverənlərin peşəkarlıq səviyyəsini, ixtisas yararlılığını və tədris keyfiyyətini müəyyən etməkdən ibarətdir. Sertifikatlaşdırma təhsilverənin fəaliyyətini obyektiv və normativ meyarlar əsasında qiymətləndirən prosedur olub, onun nəticələri təhsil keyfiyyətinin təmin edilməsinə, yəni həm də ictimai və dövlət maraqlarına xidmət edir. “Təhsil haqqında” Qanunun 33.3-cü maddəsində təhsilverənlərin vəzifələrinə həm də təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; təhsil proqramlarının mənimsənilməsini təmin etmək; ixtisas və elmi-pedaqоji səviyyəsini yüksəltmək, qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair» 6 noyabr 2024-cü il tarixli qərarda da göstərilmişdir ki: «O da qeyd edilməlidir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi təhsil hüququ da təsbit edilmişdir. Əsas Qanunun 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Müvafiq olaraq təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri keyfiyyətlilikdir ki, bu prinsip təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunu nəzərdə tutur. Bu məqsədlə təhsil qanunvericiliyində nəzərdə tutulmuş sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru olmaqla pedaqoji işçilərin ixtisas səviyyəsinin, metodologiya mədəniyyətinin yüksəldilməsi, onlarda müasir pedaqoji texnologiyalardan istifadənin təşviqi, pedaqoji əməyin səmərəliliyinin və keyfiyyətinin artırılması, pedaqoji işçilərin potensial imkanlarından istifadə perspektivlərinin müəyyənləşdirilməsi və s. kimi məqsədlərə xidmət edir (Konstitusiya Məhkəməsi Palatasının “X8 və digərlərinin şikayətinə dair” 2023-cü il 15 mart tarixli Qərardadı). Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru “Təhsil haqqında” Qanunun 36-2-ci maddəsi və Nazirlər Kabinetinin müvafiq Qaydası ilə tənzimlənir. Məhkəmə kollegiyası baxılan mübahisənin həllinə təsiri olan təhsil hüququnun üstünlüyü və ictimai maraq aspektini vurğulayaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində təminat verilən keyfiyyətli təhsil almaq hüququnun təmin edilməsi dövlətin konstitusion vəzifəsidir. “Xüsusilə vurğulanmalıdır ki, “Təhsil haqqında” qanunun 33.3.1, 33.3.2, 33.3.8-ci maddələrinə əsasən təhsilverən, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməyə, təhsil proqramlarının mənimsənilməsini təmin etməyə, ixtisas və elmi-pedaqоji səviyyəsini yüksəltməyə borcludur, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçməsi zəruridir. Başqa sözlə, sertifikatlaşdırma testi təhsilverən üçün gözlənilməz, maksimal tələblərlə müşayiət olunan xüsusi riskli olan tədbir deyil, təhsilverənlər üçün müəyyən olunan minimal tələbləri ehtiva edən, qanunla mütləq hesab edilmiş tələbdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, iddiaçının sertifikatlaşdırmada iştirak etməməsi və təkrar sertifikatlaşdırmadan keçməməsi onun peşəkarlıq səviyyəsinin qanunla müəyyən edilmiş minimal tələblərə cavab vermədiyini göstərir. “Təhsil haqqında” Qanunun 33.3.1, 33.3.2 və 33.3.8-ci maddələrinə əsasən təhsilverən dövlət təhsil siyasətinin həyata keçirilməsində iştirak etməli, təhsil proqramlarının mənimsənilməsini təmin etməli və attestasiyadan keçməlidir. Sertifikatlaşdırma testi təhsilverən üçün gözlənilməz və xüsusi riskli tədbir olmayıb, yalnız minimal tələbləri müəyyən edən qanuni və zəruri prosedurdur. Buna görə də, cavabdehin 147 nömrəli əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə və sertifikatlaşdırma Qaydalarının 5.4-cü bəndinə uyğun olaraq verilmişdir və qanunvericiliyin tələblərinə əsasən əsaslı hesab olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv olunması barədə iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının ödənilməmiş əmək haqqı və məzuniyyət haqqının ödənilməsi, eləcə də işə bərpa olunması tələbləri iş materiallarında təsdiqini tapmamış və hüquqi əsaslarla əsaslandırılmamışdır. Belə ki, Sertifikatlaşdırmada iştirak etməməsi və təkrar sertifikatlaşdırmadan keçməməsi səbəbindən cavabdehin 147 nömrəli əmri qanunvericiliyə uyğun verilmişdir. Bu səbəbdən iddiaçının ödənilməmiş əmək haqqı, məzuniyyət haqqı və işə bərpa olunması tələbləri əsassızdır və təmin edilməməlidir. Məhkəmə tərkibi İddiaçı apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Beləliklə yekunda məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuş olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli və Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-2138/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-2138/2025 saylı qətnaməsi ləğv edilsin.İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar