Məhkəmə qərarları › İş №2(3-9)-435/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-435/2026

20.05.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-435/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh cavabdeh1, Cavabdeh cavabdeh2 vəkili X1 iştirakları ilə, Iddiaçı İddiaçı, cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı «evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Iş materiallarında olan ##.##.2024-cü il tarixli, *** saylı Astara RIHB Astara şəhər i.ə.d üzrə nümayəndəliyinin arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Iş materialında olan ##.##.2025-ci il tarixli, **** saylı Astara RIHB Astara şəhər i.ə.d üzrə nümayəndəliyinin arayışdan görünür ki, cavabdeh2 ünvan 2 ünvanında yaşayır və qeydiyyatdadır. Iş materialında olan ##.##.2025-ci il tarixli, **** saylı Astara RIHB Astara şəhər i.ə.d üzrə nümayəndəliyinin arayışdan görünür ki, cavabdeh1 ünvan 1 ünvanında yaşayır və qeydiyyatdadır. Iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən sahəsi 152.5 kvadratmetrlə fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir və sahəsi 0.14 ha olan torpaq sahəsi İddiaçı, cavabdeh2, X9, X11, X7, cavabdeh1 və X5 payllı mülkiyyətindədir. Iş materiallarında olan 7E-**** reyestr nömrəli etibarnamənin surətindən görünür ki, cavabdeh2 etibarnamədə qeyd edilən hüquqların həyata keçirilməsini 02 il müddətə X1 etibar etmişdir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli vəkil orderindən görünür ki, X1 cavabdeh2 hüquqi yardım göstərir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsindən görünür ki, iddiaçılar cavabdeh2 və cavabdeh1 cavabdeh İddiaçı qarşı “ünvan 3 ünvanında yerləşən 152.5 kvadratmetr sahəsi olan fərdi yaşayış evindən və 0.14 hektar həyətyanı torpaq sahəsindən ayrı-ayrılıqda paylarının müəyyən edilməsi barədə iddia ərizəsi qismən təmin edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi 2218004727 olan, ##.##.2018-ci il tarixli Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən sahəsi 0,14 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsindən, həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri olan - cavabdeh2 payı 1/7 hissə və cavabdeh1 payının 1/7 hissə müəyyən edilməsi qət edilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “evdən çıxarılma tələbinə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər cavabdeh2 və cavabdeh1 evindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Iddiaçı İddiaçı iddia ərizisini onunla əsaslandırmışdır ki, ##.##.2022-ci il tarixli çıxarışa əsasən ********** nömrəli sənəd onun adına rəsmiləşdirilmişdir. Astara rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli (hakim İ. Məmmədov) qətnaməsinə əsasən cavabdehlərə torpaq sahəsinin 1/7 hissəsi müəyyən edilmişdir. Həmin qətnamənin surəti və sonradan Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli (hakim Tofiq Heydərov) qətnaməsi iddia ərizəsinə əlavə olunur. Şifahi razılaşmaya əsasən və qətnamədə qeyd olunmuş torpaq payını verdikdən sonra cavabdehlər ona məxsus evdən çıxmırlar, onu narahat edirlər. Dəfələrlə bu məsələni könüllü qaydada həll etməyə çalışsa da, heç bir nəticə əldə olunmamışdır. Sonradan ona izah olunmuşdur ki, bununla bağlı mülki qaydada aidiyyəti üzrə Astara rayon məhkəməsinə iddia tələbi ilə müraciət etməlidir. O da qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edərək xahiş edir ki, iddiası təmin edilsin, cavabdehlər çıxarışa əsasən ona məxsus evdən çıxarılsın. Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim: Ilqar Məmmədov) iddia ərizəsi təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddələrinə, «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmış, qeyd etmişdir ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 Astara şəhəri, Həzi Aslanov küçəsi ev 27-də iddiaçının ailə üzvü olmaqla uzun müddətdir yaşayırlar və həmin evdə qeydiyyatdadırlar. Astara şəhəri, Həzi Aslanov küçəsi ev 27-də yerləşən sahəsi 152.5 kv.metr fərdi yaşayış evi iddiaçı İddiaçı xüsusi mülkiyyətindədir və həmin evin yerləşdiyi 0,14 ha yaşayış məntəqələri torpaq sahəsi iddiaçı, cavabdehlər və digərlərinin 1/7 hissə payları olmaqla onlara məxsusdur. Iddiaçı, cavabdehlərə və digərlərinə məxsus olan paylı mülkiyyət olan 0,14 ha yaşayış məntəqələri torpaq sahəsi naturada bölünməyib və hazırda həmin torpaq sahəsində yerləşən və iddiaçıya məxsus olan fərdi yaşayış evinin paylı mülkiyyətçilərdən hansına məxsus torpaq sahəsində yerləşməsi məlum deyildir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermiş, şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə onun mülkiyyət hüququnun toxunulmazlığını nəzərə almalı idi. Belə ki, qeyd edilən şəxslər onun mülkiyyətində olan evdə yaşamaqla onun hüquqlarını kobud şəkildə pozurlar. Iddiaçıya öz mülkiyyətindən sərbəst istifadə etməsinə imkan yaratmırlar. Onun yaşamasına müxtəlif maneələr törədirlər. Ona görə də məhkəmə iddianı təmin etməli idi. Astara Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, mübahisəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evi ona atasından vəsiyyətnamə əsasında vərəsəlik qaydasında keçmişdir. Bundan başqa, 10 sot torpaq sahəsi cavabdehlərin istifadəsində olsa da, onlar bu vaxta qədər müəyyən edilmiş paylardan faktiki olaraq istifadə etməmişlər. Eyni zamanda, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir ki, cavabdehlərin həmin fərdi yaşayış evinə dair hər hansı subyektiv hüquqları mövcud deyildir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdir ki, hazırda mübahisəli fərdi yaşayış evində yaşayır, anası da həmin evdə yaşayır. O, evdən çıxarılmasına razı deyildir. Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən cavabdeh cavabdeh2 vəkili X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh Mahirə ilə birgə ailə quraraq yaşamış və həmin nikahdan onların 4 uşaqları olmuşdur. Cavabdeh cavabdeh1 da öz ailəsi ilə birlikdə həmin ünvanda yaşamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı qəbul edilmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul olunmasını və iddianın təmin edilməsini xahiş etdiyindən, qətnamə apellyasiya icraatı qaydasında bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 135.4.-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 135.9.-ci maddəsinə əsasən əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. 135.10.-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 152.1-ci maddəsinə müvafiq olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə əsasən, Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin vəzifəsi yalnız birinci instansiya məhkəməsinin gəldiyi nəticənin formal qanuniliyini yoxlamaqdan ibarət olmayıb, həm də tərəflərin təqdim etdikləri dəlillərin, iş üzrə müəyyən olunmuş faktiki halların və tətbiq edilmiş hüquq normalarının qarşılıqlı əlaqədə hüquqi qiymətləndirilməsindən ibarətdir. Bu baxımdan tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun təmin olunması məqsədilə apellyasiya şikayətində göstərilən bütün dəlillər məhkəmə kollegiyası tərəfindən tam həcmdə araşdırılmış və onlara hüquqi qiymət verilmişdir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə tərəfindən işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmin norma yalnız formal məhkəmə baxışını deyil, həm də tərəflərin mövqelərinin real şəkildə araşdırılmasını, irəli sürülən arqumentlərə hüquqi münasibət bildirilməsini və məhkəmə qərarının əsaslandırılmış olmasını tələb edir. Bu səbəbdən kollegiya apellyasiya şikayətində irəli sürülmüş bütün arqumentləri iş materialları ilə müqayisəli şəkildə təhlil etmişdir. Iş materiallarından müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən 152.5 kv.metr sahəsi olan fərdi yaşayış evi iddiaçı İddiaçı xüsusi mülkiyyətindədir. Bununla yanaşı, həmin yaşayış evinin yerləşdiyi 0,14 ha torpaq sahəsi iddiaçı, cavabdehlər və digər şəxslərin ümumi paylı mülkiyyətindədir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdehlər cavabdeh2 və cavabdeh1 həmin torpaq sahəsində hər birinin 1/7 hissədə pay hüququ müəyyən edilmişdir. Həmin məhkəmə aktı hazırkı mübahisə üzrə preyudisial əhəmiyyət daşıdığından, orada müəyyən edilmiş hallar yenidən sübut edilmədən qəbul edilməlidir. Kollegiya hesab edir ki, hazırkı mübahisənin həlli zamanı daşınmaz əmlakın hüquqi təbiəti və torpaq sahəsi ilə onun üzərində yerləşən tikilinin hüquqi rejimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsində torpaq sahəsi və torpaqla möhkəm bağlı olan, ondan ayrıla bilməyən əşyanın vahid daşınmaz əşya və vahid mülkiyyət obyekti olduğu təsbit edilmişdir. Həmin norma daşınmaz əmlak hüququnda “ vahid hüquqi rejim” prinsipini ifadə edir. Bu prinsipə görə torpaq sahəsi ilə onun üzərində yerləşən tikili bir-birindən təcrid olunmuş əmlak obyektləri deyil, vahid iqtisadi və funksional təyinatlı daşınmaz əmlak kompleksi hesab olunur. Hazırkı mübahisəyə qiymət verilərkən nəzərə alınmalıdır ki, iş materiallarında mübahisəli fərdi yaşayış evinə dair ayrıca, müstəqil daşınmaz əmlak obyekti kimi dövlət qeydiyyatını təsdiq edən çıxarış mövcud deyildir. Mövcud çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,14 ha torpaq sahəsi tərəflərin və digər şəxslərin ümumi paylı mülkiyyətindədir. Həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evi isə həmin torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kompleksi təşkil edir. Qeyd edilməlidir ki, vahid daşınmaz əşya qaydası Roma hüququndan gələn “Quicquid plantatur solo, solo cedit” (Torpağa bağlı olan torpağa aiddir) prinsipinə əsaslanır. Kollegiya hesab edir ki, qeyd olunan hallar nəzərə alınmaqla, hazırki halda iddiaçının tələbi təmin edilərsə, cavabdehlərin torpaq sahəsində mövcud olan pay hüquqları formal xarakter daşıyacaq, həmin hüquqların faktiki həyata keçirilməsi isə mümkünsüz olacaqdır. Bu isə mülkiyyət hüququnun mahiyyətinə zidd olmaqla yanaşı, mülki hüququn əsas prinsiplərindən biri olan hüquqlar balansı prinsipini də pozmuş olardı. Çünki paylı mülkiyyət institutunun hüquqi mahiyyəti tələb edir ki, ümumi əmlakla bağlı mübahisələrin həlli zamanı ayrı-ayrı mülkiyyətçilərin hüquqları təcrid olunmuş şəkildə deyil, bütün iştirakçıların hüquq və mənafelərinin qarşılıqlı uzlaşdırılması və proporsionallıq prinsipi əsasında qiymətləndirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.9-cu maddəsinə əsasən müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaratdıqda mürəkkəb əmlak hesab edilir. Həmin Məcəllənin 135.10-cu maddəsində isə göstərilmişdir ki, əşyanın adi anlamda tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər bir hissə əşyanın tərkib hissəsi sayılır. Hüquq doktrinasında mürəkkəb əşya institutu bir iqtisadi məqsəd üçün birləşmiş və yalnız birlikdə istifadə olunduqda öz funksional təyinatını həyata keçirə bilən elementlərin vəhdəti kimi izah edilir. Yaşayış evi ilə onun yerləşdiyi torpaq sahəsi də məhz belə hüquqi və iqtisadi vəhdət təşkil edir. Belə ki, torpaq sahəsi ilə onun üzərində yerləşən tikili arasında yalnız fiziki deyil, həm də hüquqi və funksional bağlılıq mövcuddur. Mübahisəli ev yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi olmaqla həmin torpaq sahəsindən ayrılıqda müstəqil hüquqi rejimdə qiymətləndirilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsində də nəzərdə tutulmuşdur ki, üzərində mülkiyyət hüququ qeydə alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birlikdə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Bu norma da torpaq sahəsi ilə onun üzərində yerləşən tikilinin vahid hüquqi rejimə malik olduğunu təsdiq edir. Kollegiya həmçinin nəzərə alır ki, cavabdehlər uzun illərdir mübahisəli ünvanda yaşayırlar, həmin ünvanda qeydiyyatdadırlar və ailə münasibətləri çərçivəsində həmin yaşayış sahəsindən istifadə etmişlər. Iddiaçı isə cavabdehlərin yaşayış evində tamamilə hüquqsuz və qanunsuz əsaslarla yaşadıqlarını, onların mübahisəli daşınmaz əmlakla bağlı hər hansı hüquqi bağlılığının olmadığını təsdiq edən kifayət qədər mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən istinad etdiyi halları sübut etmək vəzifəsi həmin hallara istinad edən tərəfin üzərinə düşür. Iddiaçının apellyasiya şikayətində cavabdehlərin onun mülkiyyət hüquqlarını pozmaları, yaşayışına mane olmaları və ona müxtəlif narahatlıqlar yaratmaları barədə göstərdiyi hallar isə ümumi xarakter daşımaqla iş materiallarında olan sübutlarla təsdiq edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində nəzərdə tutulmuş vindikasiya müdafiə üsulunun tətbiqi üçün cavabdehin əmlaka hüquqi əsası olmadan sahib olması müəyyən edilməlidir. Hazırkı halda isə cavabdehlərin mübahisəli torpaq sahəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunmuş pay hüquqları mövcuddur. Bu səbəbdən onların mübahisəli daşınmaz əmlaka münasibətdə hüquqi bağlılığının tamamilə istisna edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, habelə “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə edilmiş * saylı Protokolun 1-ci maddəsinə əsasən mülkiyyət hüququ dövlət tərəfindən qorunur və həmin hüquqa müdaxilə qanuni məqsədə xidmət etməli, zəruri və mütənasib olmalıdır. Hazırkı halda cavabdehlərin torpaq sahəsində mövcud olan pay hüquqları nəzərə alınmadan onların yaşayış yerindən çıxarılması həmin şəxslərin əmlak hüquqlarına qeyri-mütənasib müdaxilə kimi qiymətləndirilə bilərdi. Hüquqlar balansı prinsipi tələb edir ki, mübahisə həll edilərkən yalnız iddiaçının deyil, cavabdehlərin də qanunla qorunan əmlak hüquqları nəzərə alınsın. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları düzgün müəyyən etmiş, sübutları obyektiv və hərtərəfli qiymətləndirmiş, tətbiq edilməli maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, nəticədə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmadığından, apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya həmçinin qeyd edir ki, məhkəmədə iddia qaldırmaq və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar