Məhkəmə qərarları › İş №2(3-9)-49/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-49/2026

09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-49/2026 09.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-3256/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 fevral 2026-cı il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2000 (ikimin) manat məbləğində xidmət haqqı və 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 23 may 2025-ci il tarixli təlim xidməti müqaviləsinə əsasən İddiaçı MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə İddiaçı MMC tərəfindən təşkil edilmiş təlimlərdə iştirak etməyi, təlim zamanı davamiyyətə və nizam-intizama əməl etməyi, keçirilən test imtahanlarında iştirak etməyi öhdəsinə götürmüşdür. Təlimin hər bir ayı üçün xidmət haqqının məbləği müqavilə ilə 1000 (bir min) manat olmaqla 3 (üç) ay üçün 3000 (üç min) manat məbləğində razılaşdırılmışdır. İddiaçı MMC üzərinə düşən öhdəlikləri icra edərək cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etmişdir. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməyərək 29 iyul 2025-ci il tarixində İddiaçı MMC ilə bağlanmış təlim xidməti müqaviləsini birtərəfli qaydada ləğv etdiyini bildirmişdir. Lakin buna baxmayaraq cavabdeh aldığı təlim xidmətinin dəyərini ödəməkdən imtina etmişdir. Beləliklə də cavabdeh bu hərəkəti ilə 23 may 2025-ci il tarixli təlim xidməti müqaviləsinin tələblərini və həmin müqavilə üzrə götürdüyü öhdəliklərini pozmuşdur. İddiaçı MMC tərəfindən cavabdehə 2 (iki) ay müddətində təlim keçirilmişdir. Bu müddət ərzində keçirilən təlim xidmətinin ümumi dəyəri 2000 (iki min) manat təşkil edir. Lakin cavabdeh keçirilmiş təlim üçün xidmət haqqını İddiaçı MMC-yə ödəməmişdir və ödəməkdən də imtina etmişdir. Qeyd edilən hərəkətləri ilə cavabdeh 23 may 2025-ci il tarixli təlim xidməti müqaviləsi üzrə götürdüyü öhdəliklərini və İddiaçı MMCnin hüquqlarını pozmuşdur. Məhkəmənin iclasında İddiaçı MMC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 ayrı-ayrılıqda iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmənin iclasında Cavabdeh iddia tələbini qəbul etmədi, iddiaya qarşı şifahi etirazında bildirdi ki, təcrübəçi olaraq şirkətin təcrübə proqramına müraciət etmişdir. Şirkətlə arasında bağlanılmış təlim xidməti müqaviləsinin bütün şərtləri ilə tanış olub razılaşıb onu imzalamışdır. Təlim müddəti 3 ay nəzərdə tutulmuş, təlimin hər bir ayı üçün 1000 manat, üç ay üçün ümumilikdə 3000 manat nəzərdə tutulmuşdur. Təlim müddəti ərzində o, şirkətdə operator vəzifəsinə qəbul edilmiş və ona aylıq 400 manat əmək haqqı təyin edilmişdir. Şirkətdə ona mühəndis kimi yetişdiriləcəyi vəd verilsə də şirkətin təqdim etdiyi təlimin keyfiyyəti mühəndisin yetişməsi üçün kifayət deyildi. Təlim saat 09:00-dan saat 13:00-dək işdə olmuş, daha sonra mühazirə keçirilmişdir. Şirkətdə ona müqavilə şərtlərini düzgün izah edilməmişdir. Bundan başqa, müqavilə şərtləri də onun əmək hüquqlarını kobudcasına pozur. Belə ki, o, iddiaçı şirkətdə 5 il fəaliyyət göstərməli, 5 il şirkətdə fəaliyyət göstərməsə 3000 manat pul ödəməlidir. İddiaçı onu 5 il müddətində şirkətdə əmək fəaliyyətində olmağa məcbur edir. Buna görə də, onun öz təşəbbüsü ilə şirkətlə əmək münasibətinə xitam verilmişdir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3256/2025 saylı, 06 noyabr 2025-ci il tarixli (Hakim: Nicat Ağabəyov) ilə, iddianın təmin edilməsi, Cavabdeh 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 40 (qırx) manat məbləğində pulun alınaraq İddiaçınə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Cabbarov X3 Rayon Məhkəməsinin 2(049)-3256/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı MMC-nin nümayəndəsi X4 apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3256/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 3256/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin 2(049)-3256/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan İddiaçı MMC (şirkət) ilə Cavabdeh (təlim alan) arasında bağlanılmış 23 may 2025-ci il tarixli təlim xidməti müqaviləsindən görünür ki, İddiaçı MMC ona məxsus olan servis mərkəzində müxtəlif bölmələrin idarə edilməsi, 1C proqramının öyrədilməsi, nəqliyyat vasitələrinin quruluşu, onun hissə və mexanizmlərinin işləmə prinsipləri, detalları, texniki və konstruksiya xüsusiyyətləri, nəqliyyat vasitələrinin təmirinin təşkili, nəqliyyat vasitələrinin təmiri ilə bağlı sənədəşdirmə işlərinin təşkili, nəqliyyat vasitəsinin idarə edilməsi və sairə ilə bağlı zəruri olan biliklərə yiyələnməsi üçün təlim alana müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, təlim başa çatdıqdan sonra təlim alan arzu edərsə onu iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Hazırki müqaviləyə əsasən “təlim alan” “şirkət” tərəfindən təşkil edilmiş təlimlərdə iştirak etməyi, təlim zamanı davamiyyətə və nizam-intizama əməl etməyi, keçirilən test imtahanlarında iştirak etməyi öhdəsinə götürür. Hazırki müqaviləyə əsasən təlim bitdikdən sonra “təlim alan” arzu edərsə əmək müqaviləsi bağlayaraq “şirkət”-ə məxsus servis mərkəzində işləyə bilər. Təlim xidməti müqaviləsi bağlandıqdan sonra tərəflər arasında həm də 3 aylıq əmək müqaviəsi bağlanacaqdır. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflər arasında bağlanacaq əmək müqaviləsi yalnız bu müqavilənin 1.5-ci bəndində nəzərdə tutulmuş məqsədi daşıyır və “təlim alan” onunla bağlanacaq əmək müqaviləsinə əsasən qəbul edildiyi vəzifə üzrə əmək funksiyalarını icra etmək üçün bilik, bacarıq və təcrübəyə malik deyildir. Hazırki müqaviləyə əsasən şirkət tərəfindən “təlim alan”-a keçiriləcək təlimin müddəti 3 aydır. Təlim xx.xx.2025-ci il tarixindən başlayır və və xx.xx.2025-ci il tarixində bitir. “Şirkət” tərəfindən keçiriləcək təlimin hər bir ayı üçün xidmət haqqının məbləği 1000 manat olmaqla ümumillikdə 3000 manatdır. Tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, təlim başa çatdıqdan sonra “təlim alan” 5 il müddətində fasiləsiz olaraq əmək müqaviləsinə əsasən “şirkət”-də işləyərsə 3000 manat məbləğində xidmət haqqı ondan alınmayacaqdır. “Təlim alan” hər hansı bir səbəbdən “şirkət”lə bağlanmış əmək müqaviləsinə xitam verərsə əmək müqaviləsinə xitam verildiyi gün 3000 manat məbləğində xidmət haqqını “şirkət”-ə ödəməlidir. İş materiallarında olan İddiaçı MMC üzrə verilmiş xx.xx.2025-ci il tarixli 46/25/İM nömrəli əmrin surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixindən əsas iş yeri olmaqla 1.0 ştat vahidi ilə operator vəzifəsinə qəbul edilmişdir. Əmək haqqı 400 AZN hesab edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-nin rəhbərliyinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, o, xx.xx.2025-ci il tarixdən öz istəyi ilə əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 71/25/İM nömrəli əmrin surətindən görünür ki, İddiaçı MMC-də operator vəzifəsində işləyən Cavabdeh ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025- ci il tarixli xəbərdarlıqdan görünür ki, həmin xəbərdarlığı aldığı gündən 7 gün müddətində borclu olduğu 2000 (iki min) manat məbləğində xidmət haqqını könüllü olaraq ödəməyi təklif edilmiş, əks təqdirdə 23 may 2025-ci il tarixli təlim xidməti haqqında müqavilə üzrə öhdəlikləri pozduğu üçün Cəmiyyət tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Müvafiq poçt xəbərnaməsinin (F.119) surətindən görünür ki, xx.xx.2025-ci il tarixli xəbərdarlıq xx.xx.2025-ci il tarixdə Cavabdeh təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** №-li ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən 40.60 (qırx manat rüsum, altmış qəpik xidmət haqqı) dövlət rüsumu ödənilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 23 may 2025-ci il tarixli təlim xidməti müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, İddiaçı MMC ona məxsus olan servis mərkəzində müxtəlif bölmələrin idarə edilməsi, 1C proqramının öyrədilməsi, nəqliyyat vasitələrinin quruluşu, onun hissə və mexanizmlərinin işləmə prinsipləri, detalları, texniki və konstruksiya xüsusiyyətləri, nəqliyyat vasitələrinin təmirinin təşkili, nəqliyyat vasitələrinin təmiri ilə bağlı sənədəşdirmə işlərinin təşkili, nəqliyyat vasitəsinin idarə edilməsi və sairə ilə bağlı zəruri olan biliklərə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, onu iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüş, Cavabdeh isə İddiaçı MMC tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq 3 (üç) ay müddətində İddiaçı MMC-də işləməyi öhdəsinə götürmüşdür. Lakin işdə olan sənədlər və tərəflərin məhkəmə iclasında izahatı əsasında həmin müəssisə də 2 ay 04 gün işlədiyi müəyyən edilmişdir. Həmin müddətdən sonra tərəflər arasında əmək müqaviləsinə xitam verilmişdir. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, 23 may 2025-ci il tarixli təlim xidməti müqaviləsinin tələblərini, eləcədə müqavilə üzrə götürdüyü öhdəliklərin cavabdeh tərəfindən pozulmasını əsas gətirərək İddiaçı MMC hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış təlim xidməti haqqında 23 may 2025-ci il tarixli müqavilənin 1.1 və 1.2-ci bəndlərində qeyd olunmuşdur ki, İdeal Motors» MMC ona məxsus olan servis mərkəzində müxtəlif bölmələrin idarə edilməsi, 1C proqramının öyrədilməsi, nəqliyyat vasitələrinin quruluşu, onun hissə və mexanizmlərinin işləmə prinsipləri, detalları, texniki və konstruksiya xüsusiyyətləri, nəqliyyat vasitələrinin təmirinin təşkili, nəqliyyat vasitələrinin təmiri ilə bağlı sənədəşdirmə işlərinin təşkili, nəqliyyat vasitəsinin idarə edilməsi və sairə ilə bağlı zəruri olan biliklərə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, onu iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin Müqavilənin 2.2-ci və 2.3-cü bəndlərində isə göstərilmişdir ki, tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, təlim başa çatdıqdan sonra “təlim alan” 5 il müddətində fasiləsiz olaraq əmək müqaviləsinə əsasən “şirkət”-də işləyərsə 3000 manat məbləğində xidmət haqqı ondan alınmayacaqdır. “Təlim alan” hər hansı bir səbəbdən “şirkət”lə bağlanmış əmək müqaviləsinə xitam verərsə əmək müqaviləsinə xitam verildiyi gün 3000 manat məbləğində xidmət haqqını “şirkət”-ə ödəməlidir. Göründüyü kimi tərəflər arasında təlim xidməti haqqında müqavilə bağlanmış və müqavilə tərəflərinin hər biri öhdəlik götürmüşdür. Hər iki tərəf müqavilənin şərtləri ilə razılaşmış və həmin müqaviləni imzalamışlar. İddiaçı müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirmiş, Cavabdeh müqavilə şərtinə uyğun təlim verilmiş, eləcə də müddətli əmək müqaviləsi bağlayaraq işə qəbul edilmişdir. Daha sonra tərəflər arasında əmək müqaviləsinə xitam verilmişdir. Təlim xidməti haqqında 23 may 2025-ci il tarixli müqavilənin şərtləri təlim alan, yəni Cavabdeh isə 2 ay 04 gün sözügedən müəssisədə işləyərək, daha sonra öz istəyi ilə işdən azad edilmişdir. Onun müqavilə üzrə öhdəliyini pozulması iş materialları ilə təsdiq olunur və bu işin mübahisəsiz halıdır. Belə olan təqdirdə Cavabdeh müqavilənin 2.1-ci maddəsinə əsasən şirkət tərəfindən keçiriləcək təlimin hər bir ayı üçün xidmət haqqının məbləği 1000 manat olmaqla, ümumilikdə 3000 manat olduğu üçün həmin bənddə qeyd olunan vəzifəni icra etməli olduğu üçün, müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuş 3.000 manat məbləğin 2 ay 04 günə aid olan hissəsi iddiaçıya ödəməlidir. Çünki qeyd olunan müqavilə ilə tərəflərin hüquq və vəzifələri, məsuliyyəti təsbit edilmiş, tərəflər iradə ifadələrini nümayiş etdirərək müqaviləni imzalamışlar. Müqavilə bağlanan zaman hər hansı bir hüquq pozuntusuna yol verilməsi barədə sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və məhkəmə tərəfindən bu hal müəyyən edilməmişdir Eyni zamanda cavabdeh iddiaya qarşı şifahi etirazında irəli sürdüyü “şirkətdə ona mühəndis kimi yetişdiriləcəyi vəd verilməsi və şirkətin təqdim etdiyi təlimin keyfiyyətinin mühəndisin yetişməsi üçün kifayət etməməsi” ilə bağlı dəlillər formal mülahizələrə söykənməklə heç bir sübutla öz təsdiqini tapmamış, cavabdehə təklif edilməsinə baxmayaraq o, həmin xüsusatları təsdiq edəcək zəruri sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddia təmin edilməli Cavabdeh 2000(iki min) manat manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 (qırx) manat pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Lənkəran Rayon Məhkəməsinin 2(049)-3256/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Belə olan halda qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 3000 manat, yəni beş min manatdan az təşkil etdiyindən qəbul olunmuş qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3256/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar