Məhkəmə qərarları › İş №2(3-9)-499/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-499/2026

19.05.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-499/2026 19.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı, “X2 Şəbəkəsi” MMC-nin nümayəndəsi vəkil Vəkil iştirakları ilə, Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: cavabdeh1 ASC “X2 Şəbəkəsi” MMC-nin **-**/KŞ nömrəli ##.##.2023-cü il tarixli əmrindən görünür ki, İddiaçı ##.##.2023-cü il tarixdən 2 ay sınaq müddəti ilə YSAİ və TXnin 110/35/6 kv-luq Salyan yarımstansiyasına IV dərəcəli (aylıq vəzifə maaşı 660 manat) növbətçi elektrik montyoru vəzifəsinə qəbul edilmişdir. cavabdeh1 ASC “X2 Şəbəkəsi” MMC-nin **-**/KŞ nömrəli ##.##.2025-ci il tarixli əmrindən müəyyən edilir ki, İddiaçı MMC-nin YSAİ və TX-nin 110/35/6 kv-lıq Salyan yarımstansiyasının növbətçi elektrik montyorunun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən ##.##.2025-ci il tarixdən xitam verilmişdir. cavabdeh1 ASC “X2 Şəbəkəsi” MMC-nin ***-**/KŞ nömrəli ##.##.2025-ci il tarixli əmrindən görünür ki, İddiaçı YSAİ va TX-nin 110/35/6 kv-lıq Salyan yarımstansiyasında IV dərəcəli növbətçi elektrik montyoru vəzifəsinə bərpa edilmiş və ona ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək “Əmək və məşğulluq” altsisteminden xitam əmri etibarsız hesab edilən dövrə qədər məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi və ##.##.2025-ci il tarixdə işdə hesab edilməsi əmr edilmişdir. cavabdeh1 ASC “X2 Şəbəkəsi” MMC tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı onunla bağlanmış müddətli əmək müqaviləsinin müddəti ##.##.2025-ci il tarixdə bitdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdar edilmişdir. Poçt göndərişinin verilməsi barədə xəbərnamədən görünür ki, “X2 Şəbəkəsi” MMCnin ##.##.2025-ci il tarixli xəbərdalığı İddiaçı ##.##.2025-ci il tarixdə çatdırılmışdır. cavabdeh1 ASC “X2 Şəbəkəsi” MMC-nin ***-**/KŞ nömrəli ##.##.2025-ci il tarixli əmrindən görünür ki: 1. "X2 Şəbəkəsi" MMC-nin Yarımstansiya Avadanlıqlarının İstismarı və Təmiri xidmətinin 110/35/6 kv-lıq Salyan yarımstansiyasının növbətçi elektrik montyoru vəzifəsində çalışan İddiaçı ilə ## ###### 2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə həmin müqavilənin 9.1-ci bəndinə və Azərbaycan Respublikasının Əmək Məcəllasinin 68ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən ##.##.2025-ci il tarixindən xitam verilməsi; 2. Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə müvafiq olaraq ##.##.2024-ci il tarixdən ##.##.2025-ci il tarixə qədər olan dövr üçün istifadə edilməmiş 8 təqvim günü əmək məzuniyyətinin əvəzinə pul kompensasiyası hesablanaraq işçinin son haqq-hesabının aparılması; 3. İşçinin əmək kitabçası və bu əmrin surətinin işçiyə təqdim edilməsi; 4. Kadrlar üzrə mütəxəssis Z.Məmmədov və baş mühasib əvəzi S.Həsənova bu əmrin icrası ilə əlaqədar zəruri işlərin görülməsinin təmin edilməsi əmr edilmişdir. ##.##.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı ilə cavabdeh1 ASC “X2 Şəbəkəsi” MMC arasında əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixinədək 3 ay müddətinə müddətli bağlanmışdır. cavabdeh1 ASC “X2 Şəbəkəsi” MMC-nin müəssisədə elektrik montyoru vəzifəsinə qəbul edilən digər işçilərlə bağladığı müqavilələrdən görünür ki, həmin müqavilələr 3 aylıq müddətə bağlanmaqla müddətli müqavilələr olmuşdur. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh1 ASC "X2 Şəbəkəsi" MMC-nin onunla bağlanmış ## ###### 2023-cü il tarixli **-**/KŞ nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə ## ###### 2025-ci il tarixli ***-**/KŞ nömrəli əmrinin ləğv edilərək onun öz əvvəlki işinə, yaxud ona bərabər tutulan digər işə (vəzifəyə) bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən tutulub ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2023-cü ilin sonlarında cavabdeh1 ASC “X2 Şəbəkəsi" MMC-yə rəsmi müraciət etmiş və MMC-nin direktoru cənab Vüsal Qubadovun **-**/KŞ nömrəli ## ###### 2023-cü il tarixli “İşə qəbul edilmə barədə” əmrinə əsasən həmin tarixdən 2 ay sınaq müddəti ilə YSAİ VƏ TX-nin 10/35/6 kv-lıq Salyan yarımstansiyasına IV dərəcəli aylıq vəzifə maaşı 660 manat olmaqla növbətçi elektrik montyoru vəzifəsinə qəbul edilmişdir. Bu barədə həm də onunla 11 maddədən ibarət müddətli Əmək Müqaviləsi (kontraktı) da bağlanılmışdır. O, 2 ay sınaq müddətini keçəndən və əvvəlcə Şirvanda, sonra isə Bakıda Tədris müəssisəsində təkrarən verdiyi imtahanlardan sonra çox yüksək nəticə və bal topladığı üçün Baş İdarənin bir neçə tədris kurslarında da iştirakından sonra işə başlamışdır. Həmçinin, o, bütün xidmət illəri ərzində son günədək həmişə qəza məşğələlərində və təlim kurslarında da fəal iştirak etmişdir. Əmrlə verilmiş sınaq müddətində isə TX-nin 110/35/6 kv-lıq Salyan yarımstansiyasında IV dərəcəli növbətçi elektrik montyoru kimi işə çıxmışdır. Beləliklə, 1 il 7 ay müddətində həmin xidməti vəzifəsində çalışaraq öz nümunəvi və vicdanlı əməyi və fəaliyyəti ilə müdiriyyətin və iş yoldaşlarının etibarını və etimadını qazanmaqla, heç bir nə xidməti, nə də fərdi elementar qüsura belə yol vermədən Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan əmək müqaviləsi üzrə işçidən tələb olunan bütün əsas vəzifələrini layiqincə yerinə yetirməklə əmək qanunvericiliyinin tələblərinə də sözsüz əməl etmişdir. 2025-ci il iyun ayının 11-də isə ona əvvəlcədən heç bir məlumat və xəbərdarlıq edilmədən “Əmək Müqaviləsinə xitam verilməsi barədə” ## #### 2025-ci il tarixli **-**/KŞ nömrəli müvafiq əmrinə əsasən təxminən il yarım əvvəl onunla bağlanan məlum əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Nərmin Abbasova) iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin qarşılıqlı razılığı əsasında aralarında ##.##.2023-cü il tarixdə müddətli əmək müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Cavabdeh Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsaslanaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam vermişdir. İddiaçı hazırkı iddia tələbini əsaslandırarkən iki hala istinad etmişdir – 1) işin daimi xarakteri ilə əlaqədar onunla müddətli əmək müqaviləsinin bağlanmasının qanunsuz olması və 2) onunla bağlanmış əmək müqaviləsinə qərəzli olaraq xitam verilməsi. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, qanunverici bu halda Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən halları istisna etmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Normaların məzmunundan göründüyü kimi, əgər tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı varsa, işin və ya göstərilən xidmətin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda belə əmək müqaviləsinin müəyyən müddətə bağlanması mümkündür. Digər tərəfdən, hazırkı işdə, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndində göstərilən qarşılıqlı razılığın iddiaçının iradəsini ifadə etmədiyini özündə ehtiva edən heç bir sübut yoxdur. Əksinə, işdən görünür ki, tərəflər arasında əvvəldən qarşılıqlı razılığa əsasən müddətsiz deyil, müddətli əmək müqaviləsi bağlanmış və iddiaçı, həmin müqaviləyə əsasən ## ###### 2025-ci il tarixədək cavabdeh təşkilatda işləmiş və ötən müddət ərzində onunla bağlanmış müddətli əmək müqaviləsini mübahisələndirməmişdir. Yalnız əmək müqaviləsinin müddəti bitdikdən və bu əsasla işəgötürən onunla bağlanmış əmək müqaviləsinə xitam verdikdən sonra hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı, cavabdeh təşkilatda fasiləsiz olaraq 5 ildən artıq müddətə işləmiş və əmək müqaviləsi müddətsiz hesab edilən işçi deyil. Tərəflər arasında bağlanmış əmək müqaviləsi işçinin və işəgötürənin razılığı əsasında ilk 2 ayı sınaq müddəti olmaqla üç ay müddətinə bağlanmış, sonradan da eyni müddətə uzadılmışdır. ##.##.2025-ci il tarixdə isə iddiaçı onunla bağlanmış müddətli əmək müqaviləsinin müddəti ##.##.2025-ci il tarixdə bitdiyi üçün əmək müqaviləsinə xitam veriləcəyi barədə işəgötürən tərəfindən qanunamüvafiq qaydada xəbərdar edilmiş və ##.##.2025-ci il tarixli əmrə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi, iddiaçının əmək müqaviləsi üzrə cəmi 2 il fasiləsiz əmək stajı olmuş və o, əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün zəruri fasiləsiz 5 ildən artıq əmək stajına malik olmamışdır. Beləliklə, tərəflərin qarşılıqlı razılığına əsasən müddətli əmək müqaviləsinin bağlanması qanunvericiliyin tələblərinə uyğun olduğundan, müddətin bitməsi ilə əlaqədar bu əmək müqaviləsinə xitam verilməsi də qanuni hesab edilməlidir. Həmçinin iddiaçı onun əmək müqaviləsinə qərəzli olaraq xitam verildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə sübutetmə yükü üzərinə düşən iddiaçının iddia tələbinin müdafiəsi ilə bağlı gətirdiyi bu arqumentini də əsaslı hesab etmir. Habelə iddia tələbi ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsi hissəsində əsassız hesab olunduğu üçün prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırma aparmadan digər tələblər – işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi barədə tələblər də əsassızdır və təmin edilməməlidir. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3cü, 11-ci, 45-ci, 47-ci, 68-ci, 73-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2024-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində nəzərdə tutulan qarşılıqlı razılıq qanunun tələbinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, işəgötürənin işçiyə münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan suiistifadə edərək iddiaçı ilə müddətli - 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır. İşəgötürənin işçi ilə 3 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia ərizəsində mübahisə ilə bağlı ətraflı məlumat vermişdir. cavabdeh1 ASC-də elektrik montyoru vəzifəsində işləmişdir. Şirkətin İnsan Resursları Xidməti Departamentinin rəisi Natiq Abbasov qohumu ilə dostluq münasibətlərində olmuş və həmin qohumunun tövsiyəsi əsasında işə qəbul etmişdir. Sonradan həmin qohumu ilə aralarında münasibətlər pisləşdiyindən, o, işdən çıxarılması barədə Natiq Abbasova müraciət etmiş və nəticədə ona qarşı qərəzli münasibət göstərilərək əmək münasibətlərinə xitam verilmişdir. ##.##.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Müqavilə özü tərəfindən imzalanmışdır. Müqavilənin müddətli olması barədə məlumatı olmuş, lakin müqavilədə müddətin konkret olaraq hansı tarixədək müəyyən edildiyi ona dəqiq şəkildə bildirilməmişdir. Əvvəllər də bir dəfə qanunsuz olaraq işdən azad edilmişdir. X1 Müfəttişliyi Xidməti tərəfindən aparılmış araşdırma nəticəsində yenidən işə bərpa olunmuşdur. Buna baxmayaraq, hazırda yenidən qərəzli münasibət nəticəsində işdən çıxarılmışdır. “X2 Şəbəkəsi” MMC-nin nümayəndəsi vəkil Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam əsaslı və qanunauğundur. Şəxslə əmək müqaviləsi bağlanılarkən ona qarşı hər hansı məcburetmə və ya təzyiq halları olmamışdır. Əgər o, əmək müqaviləsinin müddətli deyil, müddətsiz formada bağlanılmalı olduğunu hesab edirdisə, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində bu barədə aidiyyəti üzrə müraciət etmək imkanına malik idi. Bundan əlavə, müəssisədə çalışan digər işçilərlə də əmək müqavilələri eyni qaydada və eyni prosedur əsasında bağlanılmışdır. İddiaçının ilk dəfə hansı əsaslarla işdən azad edilməsi və sonradan işə bərpa olunması ilə bağlı hər hansı məlumatı yoxdur. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 387.1-ci maddəsinin tələbinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə tərkibi İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində qətnamənin qanuniliyinin tam olaraq yoxlanılmasını zəruri hesab edir. T Ə L Ə B İ N Q A N U N İ Ə S A S İ: Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işə götürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. ƏM-in 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətini (xüsusi notarius, vəkillik və mediator fəaliyyətini) həyata keçirən vergi ödəyicisi olan fiziki şəxsdir. ƏM-in 11-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. ƏM-in 14-cü maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. ƏM-in 42-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. ƏM-in 45-ci maddəsinin 1-ci bəndinə görə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin maddənin 2-ci bəndinə görə əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməyibsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. ƏM-in 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol verilir. ƏM-in 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması Əmək müqaviləsinə xitam verilməsinə əsasdır. ƏM-nin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun ## ###### 2024-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğun hesab edilsin və məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı uzun müddət cavabdehlə əmək müqaviləsi əsasında əmək münasibətlərini davam etdirmiş və həmin müddət ərzində müqavilənin müddətli bağlanmasına etiraz etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən əmək müqavilələri tərəflərin sərbəst iradəsi əsasında bağlanır və əmək münasibətləri yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu baxımdan, əmək fəaliyyətinin davamlı xarakter daşıması özü-özlüyündə müddətli əmək müqaviləsinin qanunsuz bağlanmasını təsdiq etmir və belə hal mövcud olmuşdursa, iddiaçı həmin müqavilənin bağlandığı dövrdə bunu mübahisələndirmək imkanına malik olmuşdur. Lakin iş materiallarından görünür ki, iddiaçı əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində heç bir etiraz bildirmədən əmək fəaliyyətini davam etdirmiş, yalnız müqavilə müddəti başa çatdıqdan və onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra həmin halı mübahisələndirmişdir. Bu səbəbdən məhkəmə tərkibi apellyasiya şikayətinin qeyd olunan dəlillərini əsaslı hesab etmir. Məhkəmə tərkibi qeyd edir ki, Əmək Məcəlləsinin tələbinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, həmin Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində müddətli əmək müqaviləsinin bağlanılması əsası kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı göstərilmişdir. Belə ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. İşçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Məhz bu baxımdan da, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Beləliklə, hazırkı halda məhkəmə tərkibi tərəflər arasında ##.##.2023-cü il tarixdə 3 aylıq müddətə müddətli əmək müqaviləsinin bağlanmasını, eləcə də həmin müqavilə müddətinin sonradan dəfələrlə uzadılması hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan hüquqi münasibətlər iddiaçının məlumatı və sərbəst iradəsi daxilində yaranmış və davam etdirilmişdir. Bu baxımdan, iddiaçının sonradan müddətli əmək müqaviləsinin müddətinin başa çatması ilə onunla yaranmış əmək münasibətlərinə xitam verilməsinə istinad edərək iddia qaldırması işin müəyyən edilmiş halları ilə uzlaşmır və təmin edilə bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar