Məhkəmə qərarları › İş №2(3-9)-599/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-599/2026

12.08.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-599/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Kərimli Nəzrin Fikrət qızının katibliyi, Iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı Yaqub oğlunun Cavabdeh qarşı “evə köçürmə” tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Biləsuvar rayonu Xırmandalı Bələdiyyəsinin ## ### 2013-cü il tarixli, ** saylı iclasının protokolundan Çıxarışa əsasən görünür ki, Biləsuvar rayonu, Xırmandalı Bələdiyyəsinin alqısatqı predmeti olan 0,09 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə Biləsuvar rayonu, Xırmandalı kənd sakini İddiaçı satılmasından ötrü müvafiq sənədlərin hazırlanması proseduruna başlanılması və mülkiyyət hüququ ilə verilməsi nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsü sənədini hazırlamaq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon Şöbəsinə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə müəyyən edilir ki, Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən 900 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədilə İddiaçı Yaqub oğlunun adına ayrılmış, Xırmandalı bələdiyyəsinin ## ### 2013-cü il tarixli ** saylı qərarı əsasında rəsmiləşdirilmiş, ##.##.2014-cü il tarixdə X6 kitabında 1456 nömrə ilə uçota alınmışdır. Biləsuvar rayon Icra Hakimiyyəti başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2026-cü il tarixli arayışa əsasən görünür ki, İddiaçı Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayır və onun mülkiyyətində olan 0,09 ha həyətyanı torpaq sahəsində 11,0 x 11,0 metr ölçüdə, iki mərtəbəli yaşayış evi inşa edilmişdir; həmin evin birinci mərtəbəsi 1 dəhliz və 2 otaqdan, ikinci mərtəbəsi isə 1 dəhliz və 5 otaqdan ibarətdir. Biləsuvar Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında ## ####### 2013-cü il tarixdə Biləsuvar RIHB-nin Xırmandalı kənd icra nümayəndəliyi tərəfindən 69 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar anaları Cavabdeh yanında saxlanılmışdır. “xxxx” ASC tərəfindən təqdim edilmiş “Abunə haqqında” sənəddən görünür ki, ünvan 1 ünvanı üzrə elektrik enerjisi abunəliyi İddiaçı adına rəsmiləşdirilmiş, abunə nömrəsi 890680801602129, qeydiyyat tarixi isə ##.##.2014-cü il olmuşdur. ## ###### 2026-cı il tarixli aktın surətindən görünür ki, Biləsuvar rayonu, Xırmandalı kənd sakini İddiaçı məxsus 900 kv.m həyətyanı torpaq sahəsində əvvəlcə 2013-cü ilin iyun ayında 6,0 x 4,0 metr ölçüdə tövlə, 6,0 x 22,0 metr ölçüdə yem sarayı, mişar daşından hasar və giriş darvazası inşa edilmiş, sonradan 2014-cü ilin avqust ayında 11,0 x 11,0 metr ölçüdə yaşayış evinin təməli qoyulmuş, evin tikintisi isə aktda adları göstərilən usta və fəhlələrin iştirakı ilə başa çatdırılmışdır. Aktda həmçinin qeyd olunmuşdur ki, evin tikintisi ilə bağlı materialların alınması, usta və fəhlələrin əməyinin ödənilməsi iddiaçının atası Nümayəndə tərəfindən həyata keçirilmiş, tikinti və digər işlər üzrə ümumi xərc 28697 manat təşkil etmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı Cavabdeh qarşı “evə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayonu, Xırmandalı kəndi ünvanında yerləşən 900 kv metr ölçüdə həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş evə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış nikah Biləsuvar Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə pozulmuş, nikahdan doğulmuş azyaşlı uşaqların anaları cavabdeh Cavabdeh yanında saxlanılması müəyyən edilmiş, eyni zamanda Biləsuvar Rayon Məhkəməsinin ##.##.2013cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən iddiaçıdan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində aliment tutulması müəyyən olunmuşdur. Hazırda tərəflər ayrı yaşayırlar və cavabdeh uşaqlarla birlikdə Biləsuvar rayonu, Bəydili kəndində yerləşən evdə yaşayır. Iddiaçı cavabdehlə rəsmi nikaha daxil olmamışdan əvvəl fərdi yaşayış evi tikmək məqsədilə Biləsuvar rayonu Xırmandalı Bələdiyyəsinin ## ### 2013-cü il tarixli, ** saylı qərarı əsasında 900 kv.m torpaq sahəsi almış, həmin torpaq sahəsi üzərində hüquqları Dövlət Kadastr kitabında ##.##.2014- cü il tarixdə 1456 nömrə ilə qeydə alınmış və bu barədə torpaq sahəsinin planı və ölçüsü haqqında AN-****** saylı sənəd təqdim edilmişdir. Iddiaçı əlavə olaraq qeyd edir ki, həmin torpaq sahəsində nikah münasibətləri dövründə atasının maddi köməkliyi ilə 2 mərtəbəli, 7 otaqdan ibarət yaşayış evi, habelə yardımçı tikililər, o cümlədən 8x6 metr ölçüdə tövlə, 6x22 metr ölçüdə yem saxlanılması üçün saray və həyətə giriş darvazası inşa edilmişdir. Tərəflər birgə yaşadıqları müddətdə cavabdeh ata evindən gətirdiyi cehiz əmlakını həmin evə yığmış və bir müddət orada birlikdə yaşamışlar. Bununla belə, iddiaçı qeyd edir ki, həmin evə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmamışdır. Ailə münasibətləri pozulduqdan sonra isə cavabdeh evə və həyətyanı sahəyə giriş qapılarının açarlarını dəyişdirmiş, bununla da iddiaçının özünə məxsus torpaq sahəsinə və həmin sahədə yerləşən yaşayış evinə daxil olmasına maneçilik törətmişdir. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi ilə (Hakim: Aytəkin Əliyeva) iddia təmin edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasını 13, 29, 43-cü maddələrinə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * nömrəli protkolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.4, 135.10, 139-1.1.1, 152.1, 152.3, 157.1, 180.3, 190, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 107, 119.1, 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3, 220.4, 217.3, 217.4, 82.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır və qeyd etmişdir ki, torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evi bu mübahisə üzrə bir-birindən ayrı deyil, vahid hüquqi və faktiki istifadə obyekti kimi qiymətləndirilməlidir. Torpaq sahəsi üzərində hüquqi əsası olan şəxsin həmin sahədə yerləşən və onun tərəfindən inşa edilmiş yaşayış evinə münasibətdə də hüquqi mənafeyi yaranır. Yaşayış evi üzərində ayrıca dövlət qeydiyyatının tamamlanmaması iddiaçının həmin tikili üzərində sahiblik və istifadə imkanlarını aradan qaldırmır. Əksinə, işin hallarından görünür ki, iddiaçının həmin evə münasibətdə ən azı qanunla qorunan və müdafiə olunan gözlənilən mülkiyyət hüququ mövcuddur. Belə gözlənti torpaq sahəsinə dair rəsmiləşdirilmiş sənədlərdən, həmin torpaq sahəsində yaşayış evinin inşa edilməsindən, evin faktiki istifadəsindən və iddiaçının bu əmlakla davamlı hüquqi-faktiki bağlılığından irəli gəlir. Buna görə də iddiaçının öz torpaq sahəsində yerləşən yaşayış evinə daxil olmasının və ondan istifadə etməsinin qarşısının alınması, mahiyyət etibarilə onun əmlak hüquqlarının, o cümlədən gözlənilən mülkiyyət hüququndan irəli gələn qanuni mənafelərinin məhdudlaşdırılması deməkdir. Bütün bunları nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evi ilə bağlı hüquqi marağı, faktiki istifadə hüququ və qanunla qorunan gözlənilən mülkiyyət hüququ mövcuddur, cavabdeh tərəfindən həmin hüquqların həyata keçirilməsinə maneələr yaradılmışdır və bu maneələr qanuni sayıla bilməz. Ona görə də iddiaçının özünə məxsus torpaq sahəsində yerləşən yaşayış evinə köçürülməsi, həmin evə sərbəst daxil olmaq və ondan istifadə etmək hüququnun bərpa olunması barədə iddia təmin edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermiş, şikayətini aşağıdakı kimi əsaslandırmışdır: “İddiaçı Yaqub oğlu ilə ailə həyatı qurmuşduq. Nikahımızı ## ####### 2013-cü il tatixdə Biləsuvar RIHB-nın Xırmandalı kəndiüzrə icra nümayəndəliyində qeyd etdirmişik. Birgəyaşayış dövründə ##.##.2014-cü il tarixdə X3, ##.##.2016-cı il tarixdə X7 və ##.##.2017-ci il tarixdə isə X4 adlı uşaqlarımız anadan olmuşdur. 2023-cü ilin yanvar ayına qədər bir yerdə ər-arvad kimi yaşamışıq. Həmin tarixdən etibarən Loğman başqa bir qadılnla qeyri-rəsmi qaydada evlənərək onunla birlikdə başqa yerdə yaşayır. Uşaqlarının maddi təminatı ilə məşğul olmadığndan Biləsuvar rayon məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən ##.##.2014-cü il tarixdə anadan olmuş X3, ##.##.2016-cı il tarixdə anadan olmuş X7 və ##.##.2017-ci il tarixdə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşağa görə 100 manat olmaqla, ayda cəmi 300 manat sabit pul məbləğində aliment İddiaçı Yaqub oğlundan alınaraq mənə verilməsi qət edilmişdir. Biləsuvar rayon məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən nikahımız pozulmuşdur. Qeyd etdiyim kimi, İddiaçıYaqub oğlu 2023-cü ilin yanvar ayından etibarən başqa bir qadınla evlənmiş, onunla birlikdə yaşayır, mənimlə və uşaqları ilə həmin tarixdən etibarən yaşamır, əlaqə və münasibət saxlamır və uşaqlarının maddi təminatında iştirak etmədiyindən ondan uşaqlarına görə alimentin tutulması barədə ##.##.2023-cü il tarixdə məhkəmə qərarı verilmişdir. Biləsuvar rayon məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmişdir ki, İddiaçı Yaqub oğlu və Cavabdeh 2023-cü il tarixdən ayrı yaşayırlar (məhkəmədə İddiaçı Yaqub oğlunun verdiyi ifadəsinə əsasən). Əgər o, 2023-cü ilin yanvar ayından mənimlə birlikdə yaşamırsa, deməli 2024-cü ildən tikintisinə başladığım, 2025-ci ilin iyin ayında tikintisi tamamladığım və hazırda uşaqlarımla birlikdə 2025-ci ilin iyul ayından yaşadığım evin tikintisində iştirak etməmişdir. Mübahisəli evi mən valideynlərimin dəstəyi ilə tikmişəm. Evin tikintisı ilə əlaqıdar bankdan kredit götürmüşəm. Həmin evin tikintisinə İddiaçı heç bir vaxt iştirak etməmiş və bir manat da olsa, pul qoymamışdır. Qeyd etdiyim kimi, Biləsuvar RIHB-nın Xırmandalı kəndi üzrə nümayəndəsinin ##.##.2026-cı il tarixli, *-**-*/*-***/* nömrəli məktubu ilə mübahisəli evin tikintisinə 2024-cü ildə başlamağım və evin tikintisini 2025-ci ilin iyun ayında tamamlamağım təsdiq olunur. Bundan başqa, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon şöbəsi tərəfindən verilmiş 900 kv.m fərdi yaşayış evinin torpaq sahəsinin planı və ölçüsü məhkəmənin müəyyən etdiyi kimi torpağın mülkiyyətə verilməsi barədə sənəd yox, həmin torpaq sahəsinin mülkiyyətə verilməsi üçün əsaslardan biridir. Bu baxımdan da torpaq sahəsinə plan və ölçünün verilməsi ona qeydiyyat sənədinin verilməsi anlamına gəlmir. Məhkəmə bu hissədə düzgün nəticəyə gəlmir. Eyni zamanda, qətnamədə sübut kimi istinad olunan ## ###### 2026-cı il tarixli iddiaçının atası və nümayəndəsi Nümayəndə, rayonun Xırmandalı kənd sakini, qeyd olunana əsasən usta olan X2, həmin kənd sakini, qeyd olunana əsasən bənna olan X5, həmin kənd sakini qeyd olunana əsasən bənna olan X1, rayonun Əliabad kənd sakinı qeyd olunana əsasən suvaqçı olan X12, rayonun Xırmandalı kənd sakini qeyd olunana əsasən dülgər olan X9, həmin kənd sakini qeyd olunana əsasən sürücü olan X25, həmin kənd sakini montyor olan X10 və həmin kənd sakini qeyd olunana əsasən usta olan X8 iştirakı ilə tərtib olunmuş aktın məzmunundan belə məlum olur ki, evin tikintisini guya Nümayəndə həyata keçirməklə, tikinti materiallarına, usta və fəhlələrə cəmi 28.697 manat ödəniş etmişdir. Birincisi, hər hansı bir tikilinin qiyməti və ya həmin tikiliyə çəkilmiş xərc tikinti üzrə ekspert rəyi ilə müəyyən olunmalıdır. Ikincisi, Nümayəndə iddiaçının atası olmaqla məhkəmədə onun nümayəndəsi kimi çıxış etmişdir. Bu baxımdan mübahisəli yaşayış evinə çəkilmiş xərcın maraqlı adam kimi onun tərəfindən, onun təşkilatçılığı ilə müəyyən edilməsinə tənqidi yanaşılmalıdır. Üçüncüsü, 2023-cü ilin iyul ayında İddiaçı Yaqub oğlu atasıNümayəndə onu öldürməklə hədələməsi barədə DIN-nin *** nömrəli telefon xidmətinə məlumat vermişdir. Araşdırma zamanı Nümayəndə Loğman Əhmədova aid olan bir baş iribuynuzlu inəyi satması məlum olmuşdur. Dördüncüsü, Biləsuvar rayon məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli və Biləsuvar rayon məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnamələri ilə müəyyən edilmişdir ki, İddiaçı Yaqub oğlu ilə Cavabdeh Elaman qızı 2023-cü ilin yanvar ayından ayrı yaşayırlar və mənz buna görə də məhkəmə qətnaməsinə əsasən 3 nəfər övladına görə İddiaçı Cavabdeh xeyrinə aliment kəsilmişdir. Başqa sözlə desək, qanunu qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, İddiaçı 2023-cü ilin yanvar ayından Cavabdeh ayrı yaşamaqla onunla birlikdə eyni təsərrüfatı idarə etmirlər. Beşincisi, hüquqi qüvvəsi olmayan və maraqlı şəxsin təşkilatçılığı ilə tərtib edilmiş mübahisəli yaşayış evinə çəkilmiş xərc barədə akta məhkəmə tərəfindən istinad edilməsi, nəticə etibarıilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63-cü maddəsinın hüquqi qüvvəsini danmaq deməkdir. Məhkəmə tərəfindən AR Mülki Məcəlləsinin müvafiq maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü iltarixli “ Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin1-ci hissəsinin və 75-ci maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şərh edilməsinə dair” qərarına istinad etsə də, həmin normalar hazırkı “evə köçürmə tələbinə dair” işdə istinad ediləsi normalar deyildir. Çünki, qeyd edilmiş normalara əsasən torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınarsa, həmin torpaq sahəsində tikilmiş evə mülkiyyət hüququnun qeydə alınmasında əsas kimi nəzərə alınmasını ehtiva edir. Bildiririk ki, birinci insatansiya məhkəməsinın qətnaməsinin qanunsuz və əsassızlığını sübut edən Biləsuvar RIHB-nın Xırmandalı kəndi üzrə nümayəndəsinin ##.##.2026-cı il tarixli, *-**-*/*-***/* nömrəli məktubunu yekun məhkəmə qərarı qəbul edilənə qədər əldə edə bilməmişəm. Bu baxımdan da, həmin məktubun apellyasiya baxışında təqdim edilməsinə zərurət yaranmışdır. Məhkəmədə iştirak etmədiyimdən evi tikən və təmir edən ustaları, tikintidə iştirak edən fəhlələri, mişar daşlarını aldığım sürücüləri, evin tikintisində aldığım materialların sənədlərini təqdim edə bilməmişəm. Hesab edirəm ki, qeyd etdiyim hallara apellyasiya baxışında baxılmaqla, baxışın nəticəsindən asılı olaraq mübahisə ilə əlaqədər dəyərləndirmə aparılmalıdır.”. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Iddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazını aşağıdakı kimi əsaslandırmışdır: “Apellyasiya şikayətinin məzmunu ilə razı deyiləm və hesab edirəm ki, həmin şikayət əsassız, işin faktiki hallarına və mövcud sübutlara zidd olduğundan təmin edilməməlidir. Ilk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, işin faktiki hallarını düzgün müəyyən etmiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətində evin sonrakı dövrdə tikilməsi, yaxud mənim həmin yaşayış evi ilə bağlı hüquqlarımın olmaması barədə göstərilən arqumentlər iş materialları ilə tam təkzib olunur. Belə ki, iş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış "xxxx" ASC-nin məlumatına əsasən mübahisəli yaşayış evinə elektrik enerjisi üzrə abonəlik ##.##.2014-cü il tarixdə mənim adıma rəsmiləşdirilmiş, abonent kodu 890680801602129 olaraq qeydiyyata alınmışdır. Elektrik enerjisi abonəliyinin 2014-cü ildə mənim adıma rəsmiləşdirilməsi mübahisəli yaşayış evinin ən azı həmin dövrdə mövcud olduğunu, istifadəyə yararlı vəziyyətdə olduğunu və mənim həmin əmlakla faktiki bağlılığımı təsdiq edən mühüm və obyektiv sübutdur. Cavabdeh isə apellyasiya şikayətində göstərdiyi halları təsdiq edən hər hansı mötəbər və kifayət qədər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətində irəli sürülən mülahizələr əsasən fərziyyə və subyektiv mülahizələrdən ibarətdir. Həmin mülahizələr məhkəmə tərəfindən araşdırılmış sübutları təkzib etmir və qətnamənin ləğvi üçün hüquqi əsas yaratmır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təqdim olunmuş sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirilmiş, hər bir sübut ayrıca və sübutların məcmusu şəklində araşdırılmışdır.” Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirdi ki, apellyasiya şikayətində bildirilən məlumatlar yalandır. Iddiaçı onun oğludur, cavabdeh oğlunun keçmiş arvadıdır. 2013-cü ildə torpaq bələdiyyə tərəfindən verilib, həmin torpaq sahəsinin üzərində də ev var. Ev iki mərtəbəli evdir. Cavabdeh iddiaçının həmin evdə yaşamasına maneələr yaratdı. Cavabdeh evin, həyətin giriş qapısının kilidini dəyişib maneə oldu. Hal-hazırda evdə cavabdeh yaşayır. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdeh tərəfin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həddində bütövlükdə yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13 . Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 135.10-cu maddəsinə əsasən, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 139-1.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən, Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 190-cı maddəsinə əsasən, daşınar əşyanın torpaq sahəsi ilə bağlılıq tərzi onu həmin sahənin tərkib hissəsinə çevirmişsə, bu Məcəllənin 135.10-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin mülkiyyətçisi eyni zamanda həmin əşyanın da mülkiyyətçisi olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, həmin dəlillərə münasibətdə iş üzrə mövcud sübutları və tətbiq edilməli hüquq normalarını qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı mübahisə üzrə müəyyən edilməli əsas məsələ iddiaçı İddiaçı Yaqub oğlunun Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən 0,09 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış evi ilə hüquqi və faktiki bağlılığının olubolmaması, habelə cavabdeh tərəfindən onun həmin əmlakdan istifadəsinə maneə yaradılıbyaradılmamasından ibarətdir. Iş materiallarından görünür ki, Biləsuvar rayonu Xırmandalı Bələdiyyəsinin ## ### 2013-cü il tarixli, ** saylı iclasının qərarı ilə 0,09 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə məhz iddiaçı İddiaçı Yaqub oğluna verilməsi ilə bağlı müvafiq sənədləşmə proseduruna başlanılmış, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən həmin 900 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədilə iddiaçının adına ayrılmış və ##.##.2014-cü il tarixdə X6 kitabında 1456 nömrə ilə uçota alınmışdır. Bundan başqa, “xxxx” ASC tərəfindən təqdim edilmiş sənədlə Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən mübahisəli ünvan üzrə elektrik enerjisi abunəliyinin ##.##.2014-cü il tarixdən İddiaçı Yaqub oğlunun adına rəsmiləşdirilməsi müəyyən olunur. ## ###### 2026-cı il tarixli aktda isə həmin torpaq sahəsində 2013-cü ilin iyun ayında yardımçı tikililərin inşa edildiyi, 2014-cü ilin avqust ayında 11x11 metr ölçüdə yaşayış evinin təməlinin qoyulduğu və sonradan tikintinin davam etdirildiyi göstərilmişdir. Beləliklə, işdə olan sübutların məcmusu mübahisəli torpaq sahəsi ilə iddiaçının hüquqi bağlılığının, habelə həmin torpaq sahəsinin yaşayış evi tikintisi məqsədilə ona ayrılmasının tərəflərin 2023-cü ildə faktiki olaraq ayrı yaşamağa başlamasından xeyli əvvəl mövcud olduğunu təsdiq edir. Bu baxımdan apellyasiya şikayətində tərəflərin 2023-cü ilin yanvar ayından ayrı yaşamaları faktına istinad edilməklə mübahisəli yaşayış evinin iddiaçıya heç bir aidiyyətinin olmadığı barədə irəli sürülən dəlil əsaslı hesab edilə bilməz. Kollegiya bununla bağlı qeyd edir ki, Biləsuvar Rayon Məhkəməsinin ## ####### 2024cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə tərəflərin 2023-cü ildən ayrı yaşamalarının müəyyən edilməsi həmin faktın Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi baxımından yenidən mübahisələndirilməsinə yol verməsə də, bu hal özlüyündə mübahisəli yaşayış evinin yalnız cavabdeh tərəfindən tikildiyini, evin tikintisinə 2024-cü ildə başlanıldığını və iddiaçının həmin daşınmaz əmlakla hər hansı hüquqi və faktiki bağlılığının olmadığını təsdiq etmir. Preyudisiallığın predmeti əvvəlki məhkəmə işi üzrə araşdırılmış və hüquqi qiymət verilmiş faktlarla məhdudlaşır. Tərəflərin nikah münasibətlərinin pozulması və onların müəyyən tarixdən ayrı yaşamaları barədə işdə yaşayış evinin tikilmə vaxtı, tikintini həyata keçirən şəxs, tikintinin maliyyələşdirilməsi və mübahisəli əmlak üzərində tərəflərin hüquqlarının həcmi mübahisənin predmetini təşkil etməmişdir. Bu səbəbdən əvvəlki qətnamə ilə tərəflərin 2023-cü ildən ayrı yaşamalarının müəyyən edilməsi həmin tarixdən sonra evin yalnız cavabdeh tərəfindən tikildiyi barədə nəticəyə gəlmək üçün öz-özlüyündə kifayət edən preyudisial fakt hesab oluna bilməz. Apellyasiya şikayətinə əlavə edilmiş və şikayət müəllifinin istinad etdiyi Biləsuvar Rayon Icra Hakimiyyəti başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2026-cı il tarixli məktubuna münasibətdə kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən əlavə fakt və sübutların apellyasiya instansiyası məhkəməsində qəbul edilməsinin şərti həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin ərizəçidən asılı olmayan səbəblərə görə mümkün olmadığının əsaslandırılmasıdır. Hazırkı işdən isə görünür ki, cavabdeh birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya şikayətində həmin məktubun vaxtında əldə edilə bilmədiyi göstərilsə də, sənədin əldə edilməsi üçün hansı hərəkətlərin edildiyi, onun birinci instansiya məhkəməsinə təqdim edilməsinin konkret olaraq hansı obyektiv və cavabdehdən asılı olmayan səbəblərdən mümkün olmadığı barədə əsaslandırılmış məlumat və bunu təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Bununla belə, kollegiya hesab edir ki, həmin məktub digər sübutlarla birlikdə qiymətləndirildiyi halda belə, birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticəni dəyişdirmək üçün kifayət etmir. Belə ki, şikayətdə həmin məktubun mübahisəli evin tikintisinə 2024-cü ilin mart ayında başlanıldığını və 2025-ci ilin iyun ayında tikintinin başa çatdırıldığını təsdiq etdiyi göstərilsə də, iş materiallarında bundan daha əvvəlki tarixlərə aid və iddiaçının mübahisəli torpaq sahəsi və həmin ünvanla davamlı hüquqi-faktiki əlaqəsini təsdiq edən sənədlər mövcuddur. Bu baxımdan sonradan verilmiş arayış və ya məktub özlüyündə əvvəlki dövrə aid sənədlərlə müəyyən olunan halları təkzib edən mütləq sübut kimi qəbul edilə bilməz. Cavabdehin mübahisəli yaşayış evini valideynlərinin köməyi və bank krediti hesabına tikdirməsi barədə dəlillərinə münasibətdə də kollegiya qeyd edir ki, apellyasiya şikayətində bu barədə ümumi məlumat verilsə də, evə çəkilən xərcin kimə məxsus olması hazırkı məhkəmə mübahisəsinin predmeti deyil. Bu hallar iddiaçının həmin əmlakla hüquqi bağlılığının mövcud olmadığını təsdiq edərək iddia tələbinin rədd olunması üçün kifayət deyil. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də, iddiaçının həmin əmlaka hər hansı hüququnun olmadığını bildirən cavabdeh həmin halları kifayət qədər mötəbər və bir-birini tamamlayan sübutlarla təsdiq etməli idi. Təkcə tərəflərin 2023-cü ildən ayrı yaşamaları faktı öz təsdiqini tapsa belə bu hazırkı iddianın rədd olunması barədə nəticəyə gəlmək üçün yetərli deyildir. Apellyasiya şikayətində ## ###### 2026-cı il tarixli aktın iddiaçının atası Nümayəndə iştirakı və təşkilatçılığı ilə tərtib edildiyi, həmin aktda tikintiyə çəkilmiş 28.697 manat xərcin ekspert rəyi olmadan müəyyən edilməsinin yolverilməz olduğu da göstərilmişdir. Kollegiya həmin dəlili də əsaslı hesab etmir. Belə ki, hazırkı mübahisənin predmeti yaşayış evinin tikintisinə sərf edilmiş pul vəsaitinin dəqiq məbləğinin müəyyən edilməsi, tikintinin bazar və ya smeta dəyərinin hesablanması və yaxud həmin xərclərin tərəflər arasında bölüşdürülməsi barədə deyil. Iddia tələbi iddiaçının mübahisəli yaşayış evinə köçürülməsi, başqa sözlə onun həmin əmlakdan istifadə imkanının bərpa olunması barədədir. Buna görə də aktda göstərilən 28.697 manat məbləğinin xüsusi bilik tələb edən ekspertiza vasitəsilə dəqiqləşdirilib-dəqiqləşdirilməməsi hazırkı mübahisənin düzgün həlli üçün həlledici əhəmiyyət daşımır. ## ###### 2026-cı il tarixli aktın sübut əhəmiyyəti yalnız orada göstərilən xərc məbləği ilə məhdudlaşmır. Həmin aktda yaşayış evinin təməlinin 2014-cü ilin avqust ayında qoyulması və tikintidə iştirak etmiş şəxslər barədə məlumatlar da öz əksini tapmışdır. Aktın iddiaçının nümayəndəsinin iştirakı ilə tərtib olunması onun sübut əhəmiyyətinin digər sübutlardan təcrid olunmuş şəkildə qabaqcadan müəyyən edilməsinə əsas vermir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən heç bir sübut məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəyə malik olmadığından, həmin akt da işdə olan digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. Iddiaçının atası ilə iddiaçı arasında 2023-cü ildə baş verməsi iddia edilən mübahisəyə, Daxili Işlər Nazirliyinin “102” xidmətinə edilmiş müraciətə və iddiaçıya məxsus iribuynuzlu heyvanın satılması barədə hallara istinad edilməsi də hazırkı mübahisənin predmetinə bilavasitə aid deyil. Apellyasiya şikayətində, həmçinin, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin mülkiyyət hüququnun dövlət qeydiyyatını təsdiq edən sənəd hesab edilməməli olması göstərilmişdir. Kollegiya qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla eyniləşdirilməsinə zərurət yoxdur və həmin sənədin hüquqi əhəmiyyəti də bu şəkildə qiymətləndirilməməlidir. Iş materialları ilə müəyyən olunur ki, ## ### 2013-cü il tarixli bələdiyyə qərarı ilə torpaq sahəsinin fərdi yaşayış evi tikilməsi məqsədilə iddiaçıya verilməsi istiqamətində hüquqi prosedura başlanılmış, torpaq sahəsinin planı və ölçüsü məhz iddiaçının adına hazırlanmış və torpaq sahəsi X6 kitabında onun adına uçota alınmışdır. Mülki Məcəllənin 139-1.1.1-ci maddəsi də qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə və istifadəsinə dair qəbul edilmiş aktları daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edir. Odur ki, birinci instansiya məhkəməsinin nəticəsi “torpaq sahəsinin planı və ölçüsü sənədi dövlət reyestrindən çıxarışdır” mülahizəsinə deyil, həmin sənəd də daxil olmaqla işdə olan bütün sənədlərin məcmusuna və onların iddiaçının torpaq sahəsi ilə hüquqi bağlılığını təsdiq etməsinə əsaslanır. Üstəlik, hazırkı iddianın predmeti torpaq sahəsi və ya yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması və yaxud həmin hüququn müstəqil tələb əsasında tanınması deyil. Mübahisə iddiaçının hüquqi və faktiki cəhətdən bağlı olduğu torpaq sahəsində yerləşən yaşayış evinə daxil olmasına və ondan istifadə etməsinə yaradılmış maneənin aradan qaldırılmasına yönəlmişdir. Bu səbəbdən yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində ayrıca qeydə alınmaması faktının özü iddiaçının həmin əmlaka dair qanunla qorunan hüquqi mənafeyinin mövcudluğunu və həmin mənafenin məhkəmə müdafiəsinə ehtiyacını istisna etmir. Mülki Məcəllənin 135.4-cü maddəsində torpaq sahəsinin və torpaqla möhkəm bağlı olan, ondan ayrıla bilməyən əşyanın vahid daşınmaz əşya və vahid mülkiyyət obyekti olması nəzərdə tutulmuş, həmin Məcəllənin 135.10-cu maddəsində isə əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şeyin əşyanın tərkib hissəsi olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 190-cı maddəsi də əşyanın torpaq sahəsi ilə bağlılıq tərzi onu həmin sahənin tərkib hissəsinə çevirdikdə torpaq və onunla bağlı əşya arasında vahid hüquqi əlaqənin yaranmasını nəzərdə tutur. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarının hazırkı mübahisəyə aid olmadığı göstərilmişdir. Kollegiya qeyd edir ki, həqiqətən də həmin Qərarın qəbul edilməsinə səbəb olmuş Konstitusiya icraatının bilavasitə predmeti Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi və 75-ci maddəsinin 2-ci hissəsi ilə Mülki Məcəllənin 719.1 və 719.4-cü maddələrinin torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verilməsini tənzimləyən müddəaları arasında mövcud olan kolliziyanın həllindən ibarət olmuşdur. Bununla yanaşı, Konstitusiya Məhkəməsi həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində torpaq sahəsi və onun üzərində yerləşən tikiliyə hüquqların müəyyən edilməsinin qanunvericilikdə iki fərqli yanaşma əsasında tənzimləndiyini göstərmişdir. Məhkəmə birinci yanaşmanı izah edərkən Mülki Məcəllənin 135.4-cü maddəsinin üçüncü cümləsinə, 135.10 və 190-cı maddələrinə istinad etməklə torpaq sahəsi üzərində mülkiyyət hüququnun həmin sahənin tərkib hissəsinə çevrilən daşınmaz əşyaları da əhatə etməsini və belə halda onların birlikdə vahid daşınmaz əşya və vahid mülkiyyət obyekti kimi çıxış etməsini qeyd etmişdir. Eyni zamanda Konstitusiya Məhkəməsi qanunvericilikdə torpaq sahəsi və onun üzərində yerləşən tikilinin müstəqil daşınmaz əmlak obyektləri kimi nəzərdən keçirilməsinə imkan verən ikinci yanaşmanın da mövcud olduğunu göstərmiş və bu iki yanaşmanın paralel mövcudluğunun hüquqi müəyyənlik baxımından aradan qaldırılmasını məqsədəmüvafiq hesab etmişdir. Beləliklə, qeyd olunan Konstitusiya Məhkəməsi Qərarı hazırkı mübahisənin bilavasitə hüquqi həlli üçün qəbul edilmiş qərar olmasa da, onun təsviri-əsaslandırıcı hissəsində Mülki Məcəllənin 135.4, 135.10 və 190-cı maddələrinin məzmununa dair verilmiş hüquqi təhlil həmin normaların hazırkı iş üzrə tətbiqi zamanı nəzərə alına bilər. Bu səbəbdən apellyasiya şikayətində sözügedən Qərarın bilavasitə torpaq icarəsi münasibətlərinə dair olması barədə dəlil əsaslı olsa da, həmin hal Qərarın əsaslandırıcı hissəsində Mülki Məcəllənin 135.4, 135.10 və 190-cı maddələrinin məzmunu ilə bağlı ifadə edilmiş hüquqi mövqelərin hazırkı mübahisənin həllində ümumiyyətlə nəzərə alına bilməyəcəyi nəticəsinə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin 8.1–8.3-cü maddələrində təsbit edilmiş qanun və məhkəmə qarşısında bərabərlik prinsipinin pozulması barədə dəlili də əsaslı hesab etmir. Məhkəmənin tərəflərdən birinin təqdim etdiyi sübuta digər tərəfin arzuladığı hüquqi qiyməti verməməsi özlüyündə tərəflərin prosessual bərabərliyinin pozulması demək deyildir. Iş materiallarından birinci instansiya məhkəməsinin cavabdehin prosessual hüquqlarının həyata keçirilməsinə mane olduğu, tərəflərdən hər hansı birinə qanunda nəzərdə tutulmayan üstünlük verdiyi və ya fərqli münasibət göstərdiyi müəyyən edilmir. Əksinə, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin öz prosessual hüquqlarından istifadə edərək iclasda iştirak etməmiş və müvafiq sübutları təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsi baxımından da birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsində prosessual pozuntuya yol verməsi müəyyən edilmir. Məhkəmə qətnaməsini yalnız bir sübutla deyil, torpaq sahəsinə dair bələdiyyə qərarı, torpaq sahəsinin planı və ölçüsü, X6 kitabında uçot məlumatları, yaşayış evinə və torpaq sahəsinə dair yerli icra nümayəndəliyinin arayışı, elektrik enerjisi abunəliyi barədə məlumat, ## ###### 2026-cı il tarixli akt və tərəflərin münasibətlərinə dair digər sənədlərin məcmusu əsasında qəbul etmişdir. Apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin 77.1 və 88-ci maddələrinin pozulması, iş üçün mühüm əhəmiyyət daşıyan halların aydınlaşdırılmaması, müəyyən edilmiş halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi barədə göstərilən dəlillər iş materialları ilə təsdiqini tapmır. Kollegiya nəticə etibarilə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları müəyyən etmiş, işdə olan sübutları qarşılıqlı əlaqədə qiymətləndirmiş və mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər həmin nəticənin yanlış olduğunu təsdiq edən və qətnamənin ləğvinə səbəb ola biləcək halları ortaya qoymur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsinə əsas verən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, mühüm faktiki halların aydınlaşdırılmaması, iş üçün əhəmiyyətli halların sübut edilməməsi və yaxud məhkəmənin nəticələrinin işin hallarına uyğun gəlməməsi hazırkı iş üzrə müəyyən olunmur. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən isə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan məhkəmə aktı yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamənin qəbul edilməsi üçün hüquqi və faktiki əsas yaratmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006cı il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar