Məhkəmə qərarları › İş №2(3-9)-605/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-605/2026

07.07.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-605/2026 07.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və ümumi təhsil üzrə X2 Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirak ilə, Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən İbrahimova Hava Tarverdi qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: Əmək kitabçasının surətindən görünür ki, # ###### 2006-cı il tarixdən Parça Xələc kənd orta məktəbinə xarici dil müəllimi təyin edilmişdir. Salyan rayonu Seymur Səmədov adına Parça Xələc kənd tam orta ümumtəhsil məktəbinin ## #### 2025-ci il tarixli ** saylı əmrindən çıxarışdan görünür ki, Salyan rayonu Seymur Səmədov adına Parça Xələc kənd tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi İbrahimova Hava Tarverdi qızı ilə bağlanmış *******000207 nömrəli əmək müqaviləsinə ərizəsi nəzərə alınaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) ## #### 2025-ci il tarixdən xitam verilmişdir. İbrahimova Hava Tarverdi qızı tərəfindən Salyan rayonu Seymur Səmədov adına Parça Xələc kənd tam orta məktəbinin direktor səlahiyyətlərini icra edən X1 ünvanlanmış ##.##.2025-ci il tarixli ərizənin surətindən görünür ki, həmin məktəbin ingilis dili müəllimi İbrahimova Hava Tarverdi qızı ##.##.2025-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İbrahimova Hava Tarverdi qızı tərəfindən Elm və Təhsil Nazirinə ünvanlanmış müraciətdən görünür ki, o, ## #### 2025-ci il tarixində təşkil olunmuş təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesi üzrə keçirilmiş imtahanda kompyuterdə yaranan texniki nasazlıq səbəbindən cavabları qeydə alınmamasının araşdırılması və barəsində olan imtahan nəticələrinin ləğv edilərək təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesi üzrə keçirilmiş imtahanda apellyasiya qaydasında yenidən imtahan verməyi üçün şərait yaradılmasına köməklik edilməsini xahiş etmişdir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İbrahimova Hava Tarverdi qızı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsi və Salyan rayonu Seymur Səmədov adına Parça Xələc kənd tam orta məktəbinə qarşı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Salyan rayonu Seymur Səmədov adına Parça Xələc kənd tam orta məktəbinin ## #### 2025-ci il tarixli ** saylı əmrinin etibarsız hesab edilməsi, işə bərpa olunma və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2000-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Kollecinə daxil olmuş və 2004-cü il tarixdə həmin kolleci bitirmişdir. Buna dair ## #### 2004-cü il tarixdə BB-II № ****** saylı diplom verilmişdir. ##.##.2004-cü il tarixdən Seymur Səmədov adına Parça Xələc kənd tam orta məktəbinə müəllim vəzifəsinə işə düzəlmişdir. ## #### 2025-ci il tarixdə təşkil olunmuş təhsil verənlərin təkrar sertifikatlaşdırılması prosesi üzrə keçirilmiş imtahanda sualları cavablandırmağına baxmayaraq kompyuterdə yaranan texniki nasazlıq səbəbindən cavabları qeydə alınmamışdır. Bu səbəbdən də, nəticədə imtahan balı 0 bal təşkil etmişdir. İmtahan zamanı kompyuterdə yaranan texniki nasazlıqla bağlı nəzarətçilərə müraciət etmişdir. Bu barədə imtahan otaqlarında quraşdırılmış kamera görüntüləri də vardır. İmtahan balı 0 bal təşkil etdiyindən şəxsi kabinetinə daxil ola bilməmişdir. ##.##.2025-ci il tarixdə elektron müraciət etmiş və ona ##.##.2025-ci il tarixdə bildirilmişdir ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesi üzrə apellyasiya müraciətlərinin qəbulu ## #### 2025ci il tarixdə bitmişdir. ## #### 2025-ci il tarixdə Şirvan-Salyan Regional Təhsil İdarəsi Salyan rayonu Seymur Səmədov adına Parça Xələc kənd tam orta məktəbinin ** saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “A” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Ona bildirilmişdir ki, əgər təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesi üzrə keçirilmiş imtahanda apellyasiya qaydasında yenidən imtahan versə və nəticələri qeydə alınsa, yenidən işə bərpa oluna bilər. Bundan sonra ##.##.2025-ci il tarixdə Təhsil Nazirliyinə müraciət edərək təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesi üzrə keçirilmiş imtahanda kompyuterdə yaranan texniki nasazlıq səbəbindən cavablarının qeydə alınmamasının araşdırılması və barəsində olan imtahan nəticələrinin ləğv edilərək təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesi üzrə keçirilmiş imtahanda apellyasiya qaydasında yenidən imtahan verməyi üçün şərait yaradılmasına köməklik edilməsini xahiş etmişdir. Lakin bu günə kimi müraciətinə cavab verilməmişdir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Vəsilə Əliyeva) iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İbrahimova Hava Tarverdi qızı ##.##.2004-cü il tarixdə Salyan RTŞ-nin ##.##.2006-cı il tarixli * saylı məktubuna əsasən # ###### 2006-cı il tarixdən Parça Xələc kənd orta məktəbinə xarici dil müəllimi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ## #### 2025-ci il tarixində keçirilmiş müəllimlərin təkrar sertifikasiya imtahanında uğurlu nəticə əldə edə bilməmişdir. Buna görə də, ## #### 2025-ci il tarixdə ərizə yazaraq işdən çıxmaq istədiyini bildirmiş, nəticədə onunla bağlanmış əmək müqaviləsinə ## #### 2025-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. İddiaçı keçirilmiş təkrar sertifikatlaşdırmada uğursuz nəticə əldə etdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam veriləcəyi ehtimalını düşündüyündən və özünü gələcəkdə mümkün risklərdən sığortalamaq məqsədilə ## #### 2025-ci il tarixdə özü işdən çıxmaq üçün ərizə yazmışdır. Bu hal Əmək Məcəlləsinin 68.2-ci maddəsinə uyğun olaraq qiymətləndirilmiş və işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının öz ərizəsi ilə işdən çıxması məcburi iş buraxma halı yaratmır. “Məcburi iş buraxma” termini Əmək Məcəlləsində qanunsuz və əsassız işdən çıxarılan işçilərə aid olan xüsusi bir vəziyyəti ifadə edir. Əmək Məcəlləsinə əsasən məcburi iş buraxma işçinin əmək müqaviləsinə qanunvericiliyə uyğun olmayan, yəni hüquqi əsaslar olmadan xitam verildiyi, qanunsuz və əsassız işdən çıxarılma hallarında tətbiq olunur. Belə hallarda məhkəmə qərarı ilə işçi işə bərpa edildikdə, həmin dövr ərzində işləyə bilmədiyi müddət “məcburi iş buraxma” dövrü hesab edilir. Məhkəmə işçinin qanunsuz çıxarıldığını təsdiq edərsə, işçiyə həmin dövr üçün əmək haqqı və digər ödənişlər ödənilir. Təqdim olunmuş sübutlar və tərəflərin izahatları əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi tamamilə qanuni olmuş, işəgötürən tərəfindən heç bir qanunsuz və ya əsassız hərəkətə yol verilməmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni Əmək Məcəlləsinin 2-ci, 3-cü, 35-ci, 40-cı, 67-2-ci, 68-ci, 70-ci, 74-cü, 132-ci maddələrinə, Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesi üzrə apellyasiya müraciətləri, apellyasiya müddəti keçdikdən sonra müraciətlərə verilən cavablar, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesi üzrə keçirilmiş imtahanda kompyuterdə yaranan texniki nasazlıq səbəbindən cavablarının qeydə alınmamasının araşdırılması və barəsində olan imtahan nəticələrinin ləğv edilərək onun təhsilverənlərin təkrar sertifikatlaşdırılması üzrə keçirilmiş imtahanda apellyasiya qaydasında yenidən imtahan verməsi üçün şərait yaradılmasına kömək edilməsinə dair xahişlərinə cavab verilməməsinə dair sübutlar təqdim etsə də, məhkəmə heç bir sübuta qiymət verməyərək qanunsuz və əsassız olaraq iddianı rədd etmişdir. APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZ VƏ ONUN ƏSASLANDIRILMASI: Şirvan-Salyan Regional Təhsil idarəsi apellyasiya şikayətinə etiraz ünvanlayaraq onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, işdən çıxma tamamilə könüllü olmuşdur. İddiaçı iddia edir ki, onu işdən çıxmağa məcbur etmişlər, lakin bu iddia tamamilə yalandır. Hava İbrahimova ## #### 2025-ci il tarixində öz istəyi ilə ərizə yazmışdır. Əmək müqaviləsinə öz müraciəti əsasında xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, işçinin öz iradəsi ilə yazdığı ərizə qanunidir. Heç bir zor və ya təzyiq halı baş verməmişdir. Məhkəmə işi düzgün araşdırmışdır. Salyan Rayon Məhkəməsi işin bütün sənədlərinə obyektiv baxmışdır. Məhkəmə düzgün müəyyən etmişdir ki, iddiaçı təkrar sertifikatlaşdırma imtahanında uğursuz nəticə göstərmişdir. O, gələcəkdə yarana biləcək risklərdən qorunmaq üçün özü ərizə yazmağa qərar vermişdir. Bu, tamamilə onun şəxsi seçimi olmuşdur. Məhkəmə qanunları düzgün tətbiq etmiş və ədalətli qərar çıxarmışdır. İmtahan nəticələri ilə bağlı iddialar əsassızdır. İddiaçı kompyüterdə texniki nasazlıq olduğunu bəhanə gətirir. Lakin bu iddiaları təsdiq edən heç bir rəsmi sübut yoxdur. İmtahan prosesi qaydalara uyğun keçirilmişdir. Hətta bu məsələ fərqli bir qurumun səlahiyyətinə aid olsa belə, işçinin öz imzası ilə verdiyi işdənçıxma ərizəsinin hüquqi qüvvəsini ləğv etmir. TƏRƏFLƏRİN İZAHATLARİ: Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və ümumi təhsil üzrə X2 Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, qarşı tərəf əmək münasibətlərinə öz təşəbbüsü ilə, yazılı ərizə əsasında xitam vermişdir. Qarşı tərəf sertifikasiya imtahanında uğur qazana bilməmişdir. Buna baxmayaraq, sertifikasiyadan keçmədiyinə görə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi əsasında xitam verilməmişdir. “Təhsil haqqında” Qanunda təsbit olunmuş humanistlik prinsipini rəhbər tutaraq işəgötürən son iş gününədək gözləmiş və işçiyə öz təşəbbüsü ilə ərizə təqdim edərək əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi imkanı yaratmışdır. İşəgötürən qarşı tərəfə hər hansı təzyiq və ya məcburiyyət göstərməmiş, ərizə tamamilə könüllü şəkildə təqdim edilmişdir. Qeyd edilməlidir ki, sertifikasiya ## #### 2025-ci il tarixdə keçirilmişdir. Qarşı tərəf sertifikasiya imtahanında “0” bal toplamış, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada apellyasiyaya müraciət etməmişdir. Şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edirəm. İbrahimova Hava Tarverdi qızı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə İbrahimova Hava Tarverdi qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə tərkibi İbrahimova Hava Tarverdi qızının apellyasiya şikayətinin dəlilləri həddində qətnamənin qanuniliyinin tam olaraq yoxlanılmasını zəruri hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2.1-ci maddəsinə görə bu Məcəllə işçilərlə işə götürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. ƏM-in 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətini (xüsusi notarius, vəkillik və mediator fəaliyyətini) həyata keçirən vergi ödəyicisi olan fiziki şəxsdir. ƏM-in 11-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. ƏM-in 14-cü maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. ƏM-in 42-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. ƏM-in 67-2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Qanunda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. MM-in 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə görə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin mübahisəsiz hallarına görə İbrahimova Hava Tarverdi qızı təhsil verənlərin təkrar sertifikatlaşdırılması prosesində iştirak etmiş, lakin imtahandan keçə bilməmişdir. Bundan sonra o, ## #### 2025-ci il tarixdə ərizə ilə müraciət edərək öz xahişi əsasında əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Buna baxmayaraq, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən çıxarılma barədə əmrin ləğv edilməsini və əvvəlki vəzifəsinə bərpa olunmasını xahiş edir. O, tələbini onunla əsaslandırır ki, imtahan zamanı kompüterdə yaranmış texniki nasazlıq nəticəsində imtahan nəticəsi əsassız olaraq “0” bal kimi qeydə alınmışdır. Bununla bağlı məhkəmə tərkibi hesab edir ki, hazırkı mübahisənin predmeti işə bərpa tələbi olsa da, iddiaçının irəli sürdüyü dəlillər faktiki olaraq sertifikatlaşdırma imtahanının nəticələrinin düzgünlüyünün mübahisələndirilməsinə yönəlmişdir. Belə olan halda, səlahiyyətli inzibati orqan tərəfindən imtahanın nəticələrinin etibarsız hesab edilməsi, texniki nasazlığın təsdiq olunması və ya iddiaçıya təkrar imtahan hüququnun verilməsi (və ya bundan imtina olunması) barədə müvafiq qərar qəbul edilmədən, həmin halların hazırkı iş üzrə məhkəmə tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi mümkün deyildir. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçının imtahanın keçirilməsi zamanı yol verilmiş ehtimal olunan texniki nasazlıqlarla bağlı müəyyən edilmiş müddətdə, yəni ## #### 2025-ci il tarixinədək apellyasiya qaydasında müvafiq quruma müraciət etmək hüququ olmuşdur. Lakin iddiaçı həmin hüquqdan vaxtında istifadə etməməklə yanaşı, ## #### 2025-ci il tarixdə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə təqdim etmişdir. Əmək qanunvericiliyinin tələblərinə görə əmək münasibətləri tərəflərin sərbəst iradəsinə əsaslanır və işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə vermək hüququna malikdir. İddiaçının öz iradəsini sərbəst şəkildə ifadə edərək əmək müqaviləsinə xitam verilməsi barədə ərizə təqdim etməsi onun bu hüquqdan könüllü istifadə etdiyini göstərir. İş materiallarında həmin ərizənin hər hansı təzyiq, məcburiyyət və ya iradəni istisna edən digər halların təsiri altında verildiyini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Bu baxımdan, iddiaçının sonradan işdən çıxarılma əmrinin ləğvini və işə bərpa olunmasını tələb etməsi, təkcə imtahan nəticələri ilə bağlı irəli sürdüyü iddialar onun öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə ifadə etdiyi iradənin hüquqi nəticələrini aradan qaldırmaq üçün kifayət etmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə tərkibi yuxarıda qeyd olunanlara əsasən yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi hazırkı nəticə qanuni və əsaslıdır. Buna görə də, apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Beləliklə, məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar