Məhkəmə qərarları › İş №2(3-9)-626/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-626/2026

23.07.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-626/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, İddiaçı İmanov Niyaz Ayaz oğlunun, Qətnamənin onların hüquq və və vəzifələrinə toxunan İmanlı Ayaz Asif oğlunun və onun nümayəndəsi İmanova İlahə Bahir qızının iştirakları ilə, İddiaçı İmanov Niyaz Ayaz oğlunun cavabdeh Sabirabad Regional «Asan Xdimət» Məkrəzində Notariat ofisinə qarşı “miras əmlaka dair qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamənin onların hüquq və və vəzifələrinə toxunan İmanlı Ayaz Asif oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: İddiaçı İmanov Niyaz Ayaz oğlunun cavabdeh Sabirabad Regional «Asan Xdimət» Məkrəzində Notariat ofisinə qarşı “miras əmlaka dair qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu Kürkəndi kəndində 0,5 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 88,2 kv.m. olan evdən mərhum valideynləri-İmanov Ayaz Əlişan oğluna və İmanova Bircə Nüsrət qızına çatası paya dair onun adına vərəsəlik hüququna dair şəhadətnamənin verilməsinin cavabdeh Sabirabad Regional «Asan Xdimət» Mərkəzində Notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun hər iki valideyni dünyasını dəyişmişdir: Atası İmanov Ayaz Əlişan oğlu və anası İmanova Bircə Nüsrət qızı ##.##.2001-ci ildə dünyalarını dəyişmişlər. O, onların vəfatından sonra qanun üzrə birinci növbə vərəsə kimi cavabdeh Sabirabad «Asan Xidmət» Mərkəzinin notariat ofisinə müraciət etmiş və o, miras qoyanların qanun üzrə yeganə vərəsəsi kimi tanınmaqla ona ##.##.2021-ci ildə qanun üzrə vərəsəlik hüququna dair 2V-247 və 2V-248 reyestrlə qeydə alınmış Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamələrdə miras əmlak kimi mərhum valideynlərinin mülkiyyətində olmuş Sabirabad rayonu Kürkəndi kəndində yerləşən 2 ha torpaq sahəsi olmuşdur. Bundan başqa ona, ailə üzvlərinə (həyat yoldaşı və 2 övladına) və mərhum valideynlərinə Sabirabad rayonu Kürkəndi kəndində 0,5 ha torpaq sahəsi üzərində yerləşən 88,2 kv.m. olan ev də məxsus olmaqla bu ev üzərində 6 nəfərin birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2021-ci ildə qeydə alınmaqla çıxarış da verilmişdir. Həmin evin çıxarışında onun valideynlərinin də adı göstərilmişdir. O, miras qoyanların mülkiyyətində olan bir əmlakı artıq qəbul etmiş və həmin əmlakla bağlı o, yeganə vərəsə kimi tanınmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. O, cavabdeh orqana müraciət edərək birgə mülkiyyətdə olan torpaq və evə görə də ona qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsini istəmiş, lakin cavabdeh miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilafın olmasını səbəb kimi göstərməklə ona qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verməkdən imtina etmişdir. Cavabdehin bu imtinası tam əsassızdır. Belə ki, digər əmlaka münasibətdə o, yeganə vərəsə kimi tanındığı və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi üçün bu əmlakla da bağlı ona vərəsəlik hüququna dair şəhadətnamə verilməlidir. O, belə bir iddia ilə məhkəməyə müraciət etmiş, lakin ##.##.2024-cü il tarixli qərardadla onun iddia ərizəsi və sənədlər geri qaytarılmış, bu qərardadda onunla izah olunmuşdur ki, o, inzibati məhkəməyə müraciət etməlidir. Bundan sonra o, iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə notariat ofisinin inzibati orqan olmaması səbəbindən iddia tələbini mümkün saymamışdır (qərardad(2- l(118)-6879/2024) Bu səbəbdən də o, iddia icraatı qaydasında ümumi məhkəməyə müraciət edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim: Səlim Allahverdiyev) iddianın təmin edilməsi, iddiaçı İmanov Niyaz Ayaz oğluna ümumi birgə mülkiyyətdə olan Sabirabad rayonu Kürkəndi kəndində 0,5 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 88,2 kv.m. olan evdən birgə mülkiyyətçilərdən olan mərhum valideynləri-İmanov Ayaz Əlişan oğlundan və İmanova Bircə Nüsrət qızından miras qalmış paylarına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, iddiaçı İmanov Niyaz Ayaz oğluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi cavabdeh Sabirabad Regional «Asan Xdimət» Mərkəzində Notariat ofisinə həvalə edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; ##.##.2021-ci il tarixli, 900-15/1496 inventar nömrəli və 909013055606-***** reyestr nömrəli Fərdi yaşayış evinə dair çıxarışdan görünür ki, hüquq sübeykti: İmanov Ayaz Əlişan oğlu, İmanova Bircə Nüsrət qızı, İmanov Niyaz Ayaz oğlu, X11, İmanzadə Zülfiyyə Niyaz qızı və İmanzadə Hüsniyyə Niyaz qızıdır. Sabirabad rayon Zaqs şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İmanov Niyaz Ayaz oğlu ## #### 1967-ci ildə Sabirabad rayonu, Kürkəndi kəndində anandan olmuşdur. Atası İmanov Ayaz Əlişan oğlu, anası İmanova Bircə Nüsrət qızıdır. Sabirabad rayon VVADQ şöbəsi tərəfindən ##.##.2001-ci il tarixdə verilmiş AZ ****** nömrəli «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, İmanov X22 rayonunda ##.##.2001-ci ildə ölmüşdür. Sabirabad rayon VVADQ şöbəsi tərəfindən ##.##.2001-ci il tarixdə verilmiş AZ ****** nömrəli «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, İmanova X26 rayonunda ##.##.2001-ci ildə ölmüşdür. Sabirabad rayon Kürkəndi kənd İcra nümayəndəliyi tərəfindən ##.##.2010-cu il tarixdə verilmiş AZ-İ ****** nömrəli «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, İmanov X18 rayonunda ##.##.2010-cu ildə ölmüşdür. Sabirabad rayon Kürkəndi kənd İcra nümayəndəliyi tərəfindən ##.##.2011-ci il tarixdə verilmiş AZ-İ ****** nömrəli «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, İmanov Asif Ayaz oğlu ##.##.2011-ci ildə ölmüşdür. ##.##.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamədən görünür ki, Sabirabad "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu Qurbanov Faiq Ağamoğlan oğlu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, ##.##.2001-ci il tarixdə vəfat etmiş-lMANOV AYAZ ƏLİŞAN OĞLUNUN vərəsələri: ünvan 1 1 ünvanında qeydiyyatda olan İMANOV NİYAZ AYAZ OĞLU (AZE********, ##.##.2017 - Asan-Sumqayıt 3, FIN:*******, d/t:##.##.1967) və o miras əmlakdan tam 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak -DƏDRX-nın Ərazi idarəsi tərəfindən ##.##.2021-ci il tarixdə İMANOV AYAZ ƏLİŞAN OĞLUNA verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sabirabad rayonu, Kürkəndi kəndi ünvanında yerləşən ümumi sahəsi 2 ha olan torpaq sahəsinin ona aid olan hissəsindən ibarətdir. ##.##.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamədən görünür ki, Sabirabad "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu Qurbanov Faiq Ağamoğian oğlu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, ##.##.2001-ci il tarixdə vəfat etmiş-lMANOVA BİRCƏ NÜSRƏT QIZININ vərəsələri: ünvan 1 1 ünvanında qeydiyyatda olan İMANOV NİYAZ AYAZ OĞLU (AZE********, ##.##.2017 - Asan-Sumqayıt3, FIN:*******, d/t:##.##.1967) və o miras əmlakdan tam 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak -DƏDRX-NIN ƏRAZİ İDARƏSİ tərəfindən ##.##.2021ci il tarixdə İMANOVA BİRCƏ NÜSRƏT QIZINA verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sabirabad rayonu, Kürkəndi kəndi ünvanında yerləşən ümumi sahəsi olan torpaq sahəsinin ona aid olan hissəsindən ibarətdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən İmanov Niyaz Ayaz oğlunun adına verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli Çıxarışdan görünür ki, Sabirabad rayonu Kürkəndi kəndində 0,5 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 88,2 kv.m. olan ev İmanov Niyaz Ayaz oğlu, X11, İmanova Bircə Nüsrət qızı, İmanov Ayaz Əlişan oğlu, İmanzadə Zülfiyyə Niyaz qızı və İmanzadə Hüsniyyə Niyaz qızının ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Sabirabad Regional "Asan Xidmət' mərkəzində Notariat Ofisi tərəfindən İmanov Niyaz Ayaz oğluna ünvanlanmış ##.##.2024cü il tarixli, **** saylı məktubdan görünür ki, onun Sabirabad “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə ünvanladığın ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası MM-nin 1291-ci maddəsində göstərilir ki, ‘Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır”. Odur ki, hazırki vəziyyətdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qanuna ziddir. Buna görə də vərəsəlik işi ilə əlaqədar olaraq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə sorğusus əsasında Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Sabirabad Regional "Asan Xidmət' mərkəzində Notariat Ofisi tərəfindən İmanova Bircə Nüsrət qızı və İmanov Ayaz Əlişan oğlunun barəsində aparılmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və qoşma sənədlərin surəti məhkəməyə təqdim edilmiş, məhkəmə həmin sənədləri tədqiq etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1151.1, 1151.2, 1159.1.1, 1160, 213.1, 213.2, 213.4, 223, 1321.1, 1325, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2021-ci il tarixli qərarına istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, sadalanan qanunvericilik normalarının tələblərindən və işin hallarından da göründüyü kimi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələb edilən daşınmaz əmlak paylar müəyyən edilmədən İmanov Niyaz Ayaz oğlu, X11, İmanova Bircə Nüsrət qızı, İmanov Ayaz Əlişan oğlu, İmanzadə Zülfiyyə Niyaz qızı və İmanzadə Hüsniyyə Niyaz qızının ümumi birgə mülkiyyətindədir. Birgə mülkiyyət hüququna xitam verilməsi qaydası da 223-cü maddə ilə tənzimlənmişdir. Yəni, ümumi birgə mülkiyyətdə olan əmlakda payların müəyyən edilməmiş olması mərhum birgə mülkiyyətçilərə çatacaq olan payla bağlı mərhumların yeganə vərəsəsi olan hazırki iddiaçıya münasibətdə miras şərikləri arasında ixtilafın olması kimi qiymətləndirilə və buna görə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilə bilməz. Halbuki, Mülki Məcəllənin 1157-ci maddəsində miras şəriklərinin anlayışı verilmişdir. Həmin normanın tələbinə görə, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Göründüyü kimi, miras şəriklərinin yaranması üçün bir neçə vərəsənin olması zəruridir ki, yuxarıda qeyd edildiyi kimi işdən də görünmüşdür ki, iddiaçı mərhum valideynlərinin yeganə vərəsəsidir, yəni digər vərəsə mövcud deyildir. Bu xüsusda miras şəriklərinin mövcudluğundan da söhbət gedə bilməz. Digər tərəfdən o da vurğulanmalıdır ki, yuxarıda qeyd edilmiş Konstitusiya Məhkəməsinin sərgilədiyi hüquqi mövqedə də göstərilmişdir ki, hətta miras şəriklərinin mövcudluğu olsa belə, müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər. İşdən də göründüyü kimi, iddiaçının vərəsə olması mübahisə predmeti olmamış, bub xüsusda notariat orqanı tərəfindən ona daha əvvəl də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Xüsusi olaraq o da qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq istər hazırki iddiaçının, istərsə də digər birgə mülkiyyətçilərin gələcəkdə payların müəyyən edilməsini, həmçinin birgə mülkiyyətə son qoyulmasını tələb etmək hüququ vardır. Hazırki iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi digər mülkiyyətçilərin birgə mülkiyyətdə olan payına təsir göstərə və xələl gətirə bilməz. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarının tələblərini, Plenum Qərarının mövqeyini və işin hallarını ümumiləşdirərək hesab edir ki, notariat ofisinin hazırki iddiaçıya miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə əlaqədar ixtilaf olmasını əsas gətirərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verməsindən imtina etməsi əsassız və qanunsuz olmuşdur. Odur ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamənin onların hüquq və və vəzifələrinə toxunan İmanlı Ayaz Asif oğlu apellyasiya şikayəti vermiş, şikayətində göstərmişdir ki, miras qoyanlar babası İmanov Ayaz Əlişan oğlu və nənəm İmanova Bircə Nüsrət qızı eyni gündə, yəni ##.##.2001-ci ildə vəfat etmişlər. Məhkəmə qətnaməsi ilə vərəsəlik şəhadətnaməsi verilən əmisi İmanov Niyaz Ayaz oğlu baba və nənədən miras qalan evdə yox, Sumqayıtda yaşamışdır və hazırda da yaşayır. Mənim anam İmanova İlahə Bahir qızı 2003-cü ildə atası İmanov Asif Ayaz oğlu ilə faktik, ##.##.2011-ci ildə rəsmi nikaha daxil olmuşlar. Atası və anası miras evdə yaşamışlar. O, ##.##.2003-cü ildə bu evdə doğulmuşdur. Atası İmanov Asif Ayaz oğlu ##.##.2011-ci ildə vəfat etmişdir. Yəni atası vəfat edənədək birinci növbə vərəsə kimi mirası faktik olaraq qəbul etmişdi. Çünki, əmisi olan İmanov Niyaz Ayaz oğlu başqa ünvanda yaşayırdı. Hazırda o və anası bu evdə yaşayırlar. Məhkəmə qətnaməsi ilə vərəsəlik şəhadətnaməsi almış əmisi İmanov Niyaz Ayaz oğlu ilk dəfə 2021-ci ildə vərəsəlik şəhadətnaməsi almışdır. Ev üçün isə vərəsəlik şəhadətnaməsi haqqında şikayət vermiş olduğu məhkəmə qətnaməsi qəbul edildikdən sonra qətnamənin icrası qaydasında almışdır. İndi isə İmanov Niyaz Ayaz oğlu onları, yəni onu və anasını evdən çıxarmaq istəyir. Bundan sonra ona məlum olmuşdur ki, haqqında şikayət vermiş olduğu qətnamə çıxarılmış və İmanov Niyaz Ayaz oğlu vərəsəlik qaydasında onların yaşadığı evin mülkiyyətçisinə çevrilmişdir. Miras qoyanlar ##.##.2001-ci ildə vəfat etmişlər. Hesab edir ki, mirasda mərhum atası Asif İmanovun da birinci növbə vərəsə kimi payı vardır . Mirasın faktik qəbul edilməsindən əlavə atası İmanov Asif ##.##.2011-ci ildə vəfat etdiyindən ən azı atasının payı irsi transmissiya qaydasında tam olaraq ona aiddir. Odur ki, işdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs olaraq hesab edir ki, Sabirabad rayon məhkəməsinin iddiaçı İmanov Niyaz Ayaz oğlunun iddiası təmin edilərək Sabirabad rayonu, Kürkəndi kəndində torpaq sahəsi üzərində yerləşən sahəsi 88,2 kv.m olan evdən birgə mülkiyyətçilərdən olan mərhum valideynləri-İmanov Ayaz Əlişan oğluna və İmanova Bircə Nüsrət qızına çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin cavabdeh Sabirabad Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə həvalə edilməsi barədə ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi yuxarıda göstərilənlərə əsasən ləğv edilməli və bundan sonra mülki qanunvericiliyin tələblərinə uyğun olaraq yeni vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Miras qoyanlar babası və nənəsi İmanov Ayaz Əlişan oğlu, İmanova Bircə Nüsrət qızı ##.##.2001-ci ildə vəfat etdikdən sonar mirası atası İmanov Asif Ayaz oğlu faktik qəbul etmişdir. Atam İmanov Asif Ayaz oğlu vəfat edən günə dək miras evdə yaşamışdır. Anam miras evə gəlin gəlmişdir. O, miras evdə doğulmuşdur və hazırda da bu evdə yaşayır. Lakin məhkəmə baxışı zamanı qeyd olunanlar araşdırılmamış və bu səbəbdən o, hüquq və vəzifələrinə toxunan şəxs kimi məhkəməyə cəlb edilməmişdir. Əgər atası tərəfindən mirasın faktik qəbulunu bir kənara qoysaq birinci növbə vərəsə olan atası İmanov Asif Niyaz oğlu ##.##.2011-ci ildə vəfat etdiyindən, yəni miras qoyanlardan sonra vəfat etdiyindən və İmanov Niyaz Ayaz oğlu mirasa vərəsəlik haqqənda şəhadətnaməni qeyd olunan məhkəmə qətnaməsindən (##.##.2025-ci ildən sonar) aldığından atası İmanov Asif Ayaz oğlunun miras payı irsi transmissiya qaydasında mənə keçməlidir. Lakin məhkəmə baxışı zamanı bu hala da diqqət yetirilməmişdir. Hesab edir ki, iş üçün əhəmiyyət kəsb edən əhəmiyyətli hallar araşdırılmamışdır. Məhkəmə baxışı zamanı notariat ofisinin İmanov Niyaz Ayaz oğluna nəyə görə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etməsinin səbəbləri, imtina məktubunda göstərilən vərəsələr arasında ixtilaf olmasının nə demək olması müəyyən edilməli idi. Mirası faktik qəbul etmiş mərhum atam İmanov Asif Ayaz oğlunun vərəsəsi kimi, onunla, anası ilə razılıq olmadığından İmanov Niyaz Ayaz oğluna vərəsəlilk haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı İmanov Niyaz Ayaz oğlu izahatında bildirdi ki, İmanlı Ayaza vərəsə kimi pay verilməsinə etiraz etmir. Onun da payı tanına bilər. Apellyasiya baxışında iştirak edən qətnamənin onların hüquq və və vəzifələrinə toxunan İmanlı Ayaz Asif oğlu və onun nümayəndəsi İmanova İlahə Bahir qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Hal-hazırda qəbul edilmiş qətnamə onun hüquq və və vəzifələrinə toxunan İmanlı Ayaz Asif oğlu tərəfindən qətnamədən apellyasiya şikayəti verildiyindən və şikayətdə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1245. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Maddə 1255. Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.3.-cü maddəsinə əsasən Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi proses iştirakçılarının izahatlarını, apellyasiya şikayətinin dəlillərini, iş materiallarında olan sübutları ayrı-ayrılıqda və məcmu halında araşdırıb hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna verilmiş konstitusion təminat, bir tərəfdən, mülkiyyətçinin öz əmlakının ölümündən sonrakı hüquqi taleyini müəyyən etmək imkanını, digər tərəfdən isə qanunla və ya vəsiyyətnamə ilə vərəsəliyə çağırılmış şəxslərin mirası qəbul edib ona sahib olmaq hüququnu ehtiva edir. Vərəsəlik institutu mülkiyyət hüququnun hüquqi davamlılığını təmin edir. Fiziki şəxsin ölümü onun sağlığında əldə etdiyi əmlak hüquqlarının hüquqi baxımdan sahibsiz qalması ilə nəticələnmir. Miras qoyanın şəxsiyyəti ilə ayrılmaz surətdə bağlı olmayan əmlak hüquqları və öhdəlikləri qanunda müəyyən edilmiş qaydada onun vərəsələrinə keçir. Bununla da mülki dövriyyədə hüquqi müəyyənlik, əmlak münasibətlərinin sabitliyi və ailə üzvlərinin əmlak mənafelərinin müdafiəsi təmin olunur. İş materiallarından görünür ki, iddiaçı İmanov Niyaz Ayaz oğlu miras qoyanlar İmanov Ayaz Əlişan oğlunun və İmanova Bircə Nüsrət qızının övladıdır. Apellyasiya şikayəti verən İmanlı Ayaz Asif oğlunun atası İmanov Asif Ayaz oğlu da həmin miras qoyanların övladı olmuş və mirasın açıldığı ## ###### 2001-ci il tarixdə sağ olmuşdur. Bu səbəbdən həm İmanov Niyaz Ayaz oğlu, həm də İmanov Asif Ayaz oğlu miras qoyanların qanun üzrə birinci növbəli vərəsələri sırasında olmuşlar. Məhkəmə tərkibi qeyd edir ki, şəxsin qanunda göstərilən vərəsələr dairəsinə daxil olması ilə miras əmlakı əldə etməsi eyni hüquqi anlayışlar deyildir. Mirasın açılması ilə qanunda göstərilən şəxsdə mirası qəbul etmək hüququ yaranır. Lakin miras əmlakın həmin şəxsin hüquqi sahəsinə keçməsi üçün onun mirası qanunda nəzərdə tutulmuş üsullardan biri ilə qəbul etməsi tələb olunur. Başqa sözlə, qohumluq münasibəti şəxsin vərəsəliyə çağırılmasının hüquqi əsasıdır, mirasın qəbul edilməsi isə həmin şəxsin vərəsəlik hüququnu faktiki həyata keçirməsinin hüquqi şərtidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə, yaxud əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras onun tərəfindən qəbul edilmiş sayılır. Beləliklə, qanunvericilik mirasın qəbul edilməsinin iki üsulunu müəyyən edir: mirasın formal üsulla, yəni notariat orqanına müvafiq ərizənin verilməsi vasitəsilə qəbul edilməsi, mirasın qeyri-formal və ya faktiki üsulla, yəni əmlaka sahiblik və ya onun idarə edilməsi ilə bağlı konkret hərəkətlər vasitəsilə qəbul edilməsi.Bu üsullar hüquqi nəticələrinə görə bir-birinə bərabərdir. Vərəsənin notariat orqanına müraciət etməməsi onun mirası qəbul etmədiyini avtomatik göstərmir. Eyni zamanda şəxsin miras qoyanla qohum olması və ya miras əmlakda qeydiyyatda olması da ayrıca götürüldükdə mirasın qəbul edildiyini təsdiq etmək üçün kifayət etmir. Hər bir halda şəxsin davranışının mirası qəbul etmək iradəsini şəksiz nümayiş etdirib-etdirmədiyi müəyyən olunmalıdır. Miras əmlakın faktiki qəbul edilməsi vərəsənin konkret hərəkət və davranışları ilə mirası qəbul etmək niyyətini açıq şəkildə ifadə etməsidir. Faktiki sahiblik vərəsənin əmlakı faktiki olaraq ələ keçirməsini və ona sahib durmasını, faktiki idarəetmə isə əmlakın qorunması, saxlanılması və normal təsərrüfat fəaliyyətinin aparılması üçün adətən mülkiyyətçi tərəfindən görülən hərəkətlərin həyata keçirilməsini nəzərdə tutur. İddiaçı İmanov Niyaz Ayaz oğlunun miras qoyanlara məxsus digər daşınmaz əmlakla əlaqədar notariat orqanına müraciət etməsi və ## #### 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr alması onun mirası qəbul etməsini təsdiq edir. Mirasın bir hissəsinin qəbul edilməsi bütün mirasa şamil olunduğundan, iddiaçının mübahisəli yaşayış evində miras qoyanlara çatası paylara münasibətdə də vərəsəlik hüququ mövcuddur. Lakin iddiaçının mirasın bir hissəsini qəbul etməsi və onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi başqa vərəsənin də mirası qəbul etməsi müəyyən edilərsə, həmin vərəsənin miras əmlaka payını aradan qaldırmır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə mərhum İmanov Asif Ayaz oğlunun qəbul etdiyi miras payı da daxil olmaqla, miras qoyanların mübahisəli yaşayış evindəki bütün payına dair vərəsəlik hüququ yalnız İmanov Niyaz Ayaz oğlunun adına müəyyən edilmişdir. Həmin qətnamə İmanov Asif Ayaz oğlunun vərəsəsi İmanlı Ayaz Asif oğlunun əmlak və vərəsəlik hüquqlarına birbaşa təsir göstərməsinə baxmayaraq, o, birinci instansiya məhkəməsində işdə iştirak etməyə cəlb edilməmiş, məhkəmə iclası barədə məlumatlandırılmamış, sübut və izahat təqdim etmək imkanından məhrum edilmişdir. Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsinə əsasən, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxsin hüquq və vəzifələrinə dair məsələni onun hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişdirsə, bu hal qətnamənin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır. Belə ki, işdə iştirak etməyə cəlb edilməyən şəxsin hüquqlarının məhkəmə aktı ilə həll olunması həmin şəxsin çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinə əsaslanan prosesdə iştirak etmək imkanından məhrum edilməsi deməkdir. Belə pozuntu şəxsin məhkəmə müdafiəsi hüququnun mahiyyətinə toxunduğundan qətnamənin ləğvini tələb edir. Bu səbəbdən birinci instansiya məhkəməsinin yol verdiyi prosessual pozuntu formal xarakter daşımır. İmanlı Ayaz Asif oğlu işdə iştirak etsəydi, atasının mirası faktiki qəbul etməsinə dair sübutları və müvafiq hüquqi dəlilləri təqdim etmək imkanına malik olardı. Onun prosesdən kənarda saxlanılması işin nəticəsinə birbaşa təsir etmişdir Vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsəlik hüququnu yaradan deyil, qanun və mirasın qəbul edilməsi əsasında artıq yaranmış hüququ rəsmiləşdirən və təsdiq edən sənəddir. Vərəsəlik şəhadətnaməsinin hüquqtəsdiqedici xarakter daşıması o deməkdir ki, şəhadətnamənin olmaması mirası faktiki qəbul etmiş şəxsin vərəsəlik hüququnun mövcud olmamasını göstərmir. Eyni qaydada, şəhadətnamənin yalnız bir şəxsin adına verilməsi də işin halları ilə digər vərəsələrin mirası qəbul etməsi müəyyən olunarsa, onların vərəsəlik hüquqlarını avtomatik aradan qaldırmır. Belə ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbul edilməsi faktını rəsmiləşdirən hüquqtəsdiqedici sənəddir və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsi mənasına gəlmir. Miras əmlaka faktiki sahiblik və ya onu faktiki idarəetmə yolu ilə mirası qəbul etmiş şəxsin hüquqları sırf şəhadətnamənin olmaması səbəbindən inkar edilə bilməz. İş materiallarından və apellyasiya instansiyası məhkəməsində verilmiş izahatlardan müəyyən olunur ki, İmanov Asif Ayaz oğlu miras qoyanlar İmanov Ayaz Əlişan oğlu və İmanova Bircə Nüsrət qızı vəfat etdikdən sonra mübahisəli yaşayış evində yaşamağa davam etmiş, həmin evdən yaşayış yeri kimi istifadə etmiş və əmlaka faktiki sahiblik etmişdir.İmanov Asif Ayaz oğlunun mirasın açılmasından sonra mübahisəli evdə yaşaması sadəcə yaşayış sahəsindən müvəqqəti istifadə kimi deyil, konkret işin halları baxımından miras əmlaka sahiblik edilməsi və həmin əmlakın faktiki qəbul olunması kimi qəbul edilməlidir. Apellyasiya şikayəti verən İmanlı Ayaz Asif oğlunun həmin evdə doğulması, atası İmanov Asif Ayaz oğlunun ölümünədək ailəsi ilə birlikdə bu evdə yaşaması, ailənin miras qoyanların ölümündən sonra da evə faktiki sahiblik etməsi və hazırda da həmin evdən istifadə etməsi İmanov Asif Ayaz oğlunun davranışlarının davamlı xarakter daşıdığını göstərir. Bu hallar onun mirası qəbul etmək niyyətini faktiki hərəkətlərlə nümayiş etdirməsi barədə nəticəyə gəlməyə əsas verir. İş üzrə həmin hallar apellyasiya şikayətinin əsas dəlilləri sırasında göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında İmanov Asif Ayaz oğlunun arvadı və İmanlı Ayaz Asif oğlunun anası İmanova İlahə Bahir qızı yazılı ərizə təqdim edərək ərindən qalmış mübahisəli miras payına iddia etmədiyini, həmin payın oğlu İmanlı Ayaz Asif oğlunun adına müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin iddiaçı İmanov Niyaz Ayaz oğlu apellyasiya baxışı zamanı vermiş olduğu izahatında bildirmişdir ki, İmanlı Ayaza vərəsə kimi ½ hissədə pay verilməsinə etiraz etmir. İş üzrə müəyyən edilmiş vərəsəlik ardıcıllığı, İmanova İlahə Bahir qızının mübahisəli paya iddia etməməsi və həmin payın İmanlı Ayaz Asif oğlunun adına müəyyən edilməsinə etirazının olmaması, adları qeyd edilən şəxslərdən başqa digər vərəsələrin olmaması, habelə İmanov Niyaz Ayaz oğlunun buna etiraz etməməsi nəzərə alınmaqla, miras qoyanlara çatası miras payının 1/2 hissəsi İmanov Niyaz Ayaz oğlunun, digər 1/2 hissəsində isə İmanlı Ayaz Asif oğlunun payı müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi iddianı tam təmin edərkən İmanov Niyaz Ayaz oğlunun miras qoyanların yeganə vərəsəsi olması barədə nəticəyə gəlmişdir. Lakin məhkəmə həmin nəticəyə gələrkən miras qoyanların digər övladı İmanov Asif Ayaz oğlunun mirasın açıldığı vaxt sağ olmasını, onun miras qoyanların qanun üzrə birinci növbəli vərəsəsi olmasını, mirasın açılmasından sonra mübahisəli evdə yaşamasını, həmin evə faktiki sahiblik etməsini və ondan istifadə etməsini, onun vəfatından sonra hüquqlarının öz vərəsələrinə keçməsini, İmanlı Ayaz Asif oğlunun və anasının mübahisəli evdə yaşamağa davam etməsini nəzərə almamış və bu hallara lazımi hüquqi qiymət verməmişdir. Bundan başqa, məhkəmə tərkibi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin qoyulmasına dair tələbə münasibətdə qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, vərəsəliklə bağlı mübahisələrə baxılarkən şəxsin miras əmlakdakı pay hüququnun məhkəmə qaydasında tanınması onun hüquqlarının müdafiəsi üçün kifayət hesab olunur. Vərəsəlik hüququ haqqında şəhadətnamənin əldə edilməsində əsas məqsəd vərəsəyə çatası miras payı üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının təmin edilməsidir. Hazırkı iş üzrə qəbul edilən qətnamə ilə iddiaçının miras əmlakdakı pay hüququ müəyyən edildiyindən, həmin qətnamə müvafiq əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müstəqil hüquqi əsas təşkil edir. Bu baxımdan, ayrıca olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulmasına zərurət yoxdur. Buna görə də iddia vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin qoyulmasına dair hissədə hüquqi əsaslı olmadığından təmin edilə bilməz Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında işə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır. Apellyasiya icraatının məqsədi yalnız birinci instansiya məhkəməsinin buraxdığı səhvləri təsbit etməkdən ibarət deyil. Apellyasiya instansiyası iş üzrə təqdim edilmiş sübutları yenidən qiymətləndirmək, faktiki halları müəyyən etmək və mübahisəyə düzgün maddi hüquq normasını tətbiq etməklə tərəflərin pozulmuş hüquqlarını bərpa etmək səlahiyyətinə malikdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar, eləcə də əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, birinci instansiya məhkəməsinin iddianı tam təmin etməklə mirasın bütövlükdə İmanov Niyaz Ayaz oğluna aid edilməsi barədə nəticəsi işin faktiki hallarına və tətbiq edilməli maddi hüquq normalarına uyğun olmamışdır. Beləliklə apellyasiya şikayəti qismən təmin edilməli, mərhum İmanov Ayaz Əlişan oğlundan və mərhum İmanova Bircə Nüsrət qızından miras qalan Sabirabad rayonu, Kürkəndi kəndində 0,5 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 88,2 kv.m olan fərdi yaşayış evi üzərində 1/2 hissədə İmanov Niyaz Ayaz oğlunun, digər 1/2 hissəsində isə İmanlı Ayaz Asif oğlunun payı müəyyən edilsin. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə tərkibi qət etdi: İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan İmanlı Ayaz Asif oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Mərhum İmanov Ayaz Əlişan oğlunun və mərhum İmanova Bircə Nüsrət qızının paylarından Sabirabad rayonu, Kürkəndi kəndində 0,5 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 88,2 kv.m olan fərdi yaşayış evi üzərində 1/2 hissədə İmanov Niyaz Ayaz oğlunun, digər 1/2 hissəsində isə İmanlı Ayaz Asif oğlunun payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar