Məhkəmə qərarları › İş №2(3-9)-745/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-745/2026

15.09.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-745/2026 15.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Vəkil Oktay oğlunun iştirakları ilə, Laçın Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Laçın rayon İmanlar kənd tam orta məktəbinin işdən azad olunma barədə əmrinin ləğvini, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini, hər gecikdirilmiş gün üçün ona əmək haqqının bir faizi məbləğdə ödənc verilməsini və 60 manat ödənilmiş mediasiya xərcinin tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı işlədiyi müddət ərzində heç bir əmək intizamı qaydasının pozuntusuna yol verməmiş və intizam cəzası almamışdır. Lakin ## #### 2025-ci il tarixində keçirilmiş müəllimlərin sertifikasiya imtahanında keçid balı 30 olduğu halda 29 bal toplamış, bu səbəbdən Laçın rayonu İmanlar kənd tam orta məktəbinin direktoru X18 ## #### 2025-ci il tarixli ** saylı əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Həmin əmr Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən qanunsuz və əsassızdır. Belə ki, onun himayəsində ##.##.2018-ci il təvəllüdlü ##.##.2022-ci il tarixindən ##.##.2036-cı il tarixinədək əlil, sağlamlıq imkanları məhdud olan Rəsul Turan İdris oğlu adlı övladı vardır. Həmçinin onun digər övladının da sağlamlıq imkanları məhduddur və o da mütamadi olaraq müayinə və müalicədədir. Uşaqlarının xəstə olması səbəbindən ona üstünlük verilməli idi. Laçın Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, əmək qanunvericiliyinin tələblərinə əsasən İddiaçı ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi halda iddiaçının öhdəsində əlilliyi olan uşağının olması Laçın rayon İmanlar kənd tam orta məktəbinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi sahəsində hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilməməlidir. Göründüyü kimi, iddiaçı peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasına dair sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamadığı üçün təkrar sertifikatlaşdırmaya cəlb olunmuş, lakin həmin sertifikatlaşdırma prosesində də müvafiq keçid balını toplamadığından onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmiş və Əmək Məcəlləsinin bütün tələblərinə riayət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv edilməsi qadağan olunan şəxslər sırasında öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş işçilərin adı təsbit edilsə də, bu kateqoriyada olan şəxslər “Təhsil haqqında”xxxx“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndi ilə sertifikatlaşdırmadan keçməyən şəxslərin sırasına daxil edilməmişdir. “Təhsil haqqında”xxxxQaydanın 1.4-cü bəndi ilə Əmək Məcəlləsinin 79-cu maddəsi fərqli ictimai münasibətləri tənzimlədiyindən həmin normalar arasında hər hansı kolliziya mövcud deyil və həmin normalar Konstitusiyasının 35-ci maddəsi ilə ziddiyyət yaratmırlar. Odur ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaradır. İşəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən isə həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır. İddiaçının övladının xəstəliyi və əlilliyi bəlli fakt olsa da, məhkəmə bu hala qiymət verməkdən yayınmış və iddianın əsassız olması qənaətinə gəlmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti verərək onun ləğv olunmasını və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli *(*-*)-***/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Əmək Məcəlləsinin 3cü maddəsinin 5-ci bəndinə əsasən Əmək müqaviləsi – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində göstərilmiş əsasın müəyyən edilməsi mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş əsas həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. Bu işçini imtiyazlı edən sağlamlıq imkanı məhdud olan övlada qulluq, onun sosial, tibbi və digər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlı olmalıdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində göstərilmiş əsas işçiyə imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli-əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. Bu baxımdan, Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndində göstərilmiş əsasın işəgötürən tərəfindən müəyyən edilməsi vəziyyətində işəgötürənin əmək münasibətlərinə son qoymaq hüququ mövcuddur. Lakin bu zaman baş vermiş hadisə ilə qoruma altına alınmış hallar (Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan hallar) arasında səbəbli-əlaqənin mövcudluğu mütləq müəyyən olunmalıdır. Məhkəmələr tərəfindən belə səbəbli əlaqənin mövcudluğunun müəyyən edilməsi halında Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri nəzərə alınmaqla işçi işə bərpa edilməlidir. Lakin baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi iddiaçının himayəsində olan, ##.##.2018-ci il təvəllüdlü və ##.##.2022-ci il tarixindən ##.##.2036-cı il tarixinədək əlilliyi müəyyən edilmiş sağlamlıq imkanları məhdud övladına qulluq etməsi, onun sosial, tibbi və digər qanunla təminat altına alınmış hüquqlarının həyata keçirilməsini təmin etməsi kimi halların iddiaçının təkrar sertifikasiya imtahanında keçid balı 30 olduğu halda, 29 bal toplamasına təsir edib-etmədiyini, yəni həmin hallar ilə imtahanın nəticəsi arasında səbəbli-əlaqənin mövcudluğunu tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, bununla da Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin düzgün və ədalətli həlli məqsədilə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının himayəsində olan sağlamlıq imkanları məhdud uşağın gündəlik qayğı və nəzarətə ehtiyacının həcmini, onun müalicəsi və digər sosial təminat tədbirləri ilə bağlı iddiaçının daşıdığı faktiki yükü, eləcə də həmin halların iddiaçının əmək fəaliyyətinə və sertifikasiya imtahanına hazırlıq imkanlarına təsirini araşdırmalı və müəyyən edilmiş hallar əsasında Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinin nəzərə alınıb-alınmaması ilə bağlı yekun nəticəyə gəlməli idi. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, ##.##.2018-ci il təvəllüdlü övladı Turanın səhhətində ciddi problemlər mövcuddur. Ona mikropolitrioz adlı genetik xəstəlik diaqnozu qoyulmuşdur. Xəstəlik nəticəsində onun sağlamlıq vəziyyətində ciddi məhdudiyyətlər yaranmış, sümüklərində ağrılar müşahidə olunmuş və xüsusilə gecə saatlarında şiddətli ağrılar səbəbindən yatmaqda çətinlik çəkir. Övladında beyin iflici, beynində atrofiya, hərəkət məhdudiyyəti, həmçinin danışma və eşitmə ilə bağlı ciddi məhdudiyyətlər vardır. Hazırda müstəqil şəkildə yeriyə və danışa bilmir. Xəstəliyi ilə əlaqədar olaraq üç dəfə cərrahi əməliyyat keçirilmişdir. Övladının səhhətinin ağır olması ilə bağlı tibbi sənədləri təqdim etmişdir, həmçinin vəziyyətini əks etdirən videogörüntüləri də vardır. Turan səhhətindəki problemlər səbəbindən təhsil almaq imkanından məhrum olmuşdur. Hazırda yaşına görə üçüncü sinifdə təhsil almalı olduğu halda, sağlamlıq vəziyyəti onun məktəbə getməsinə və təhsil almasına imkan verməmişdir. Ailəsi beş nəfərdən ibarətdir. Böyük qızı hazırda 11-ci sinifdə, digər qızı isə 10-cu sinifdə təhsil alır. 10-cu sinifdə təhsil alan qızı Rəsulzadə Gülər II qrup gözdən əlilliyi olan şəxsdir. Əri Rəsulov İdris Seyfi oğlu iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində ayaq barmaqlarının amputasiyası ilə nəticələnən xəsarət almışdır. Səhhəti ilə əlaqədar onun hazırda işləməsinə həkim tərəfindən icazə verilmir. Bu səbəbdən ailənin maddi təminatı ilə yanaşı, uşaqların gündəlik qayğısı və qulluğu da əsasən onun üzərindədir. Ailəsi məcburi köçkün statusuna malikdir və hazırda Qaradağ rayonu X3 Yaşayış Massivində yaşayırlar. Çalışdığı məktəb də həmin ərazidə yerləşir. Müəllimlərin sertifikatlaşdırılmasına qarşı deyil. Hesab edir ki, müəllim daim çalışqan olmalı, peşəkar bilik və bacarıqlarını, eləcə də təhsil səviyyəsini davamlı şəkildə artırmalıdır. Onun ailə vəziyyəti: övladlarının sağlamlığındakı ağır vəziyyət, uşaqların bütün qayğılarının əsasən onun üzərində olması səbəbindən həmin imtahana hazırlaşması və lazımi nəticə göstərməsi üçün imkanları məhdud olmuşdur. Bununla yanaşı, müəllim kimi fəaliyyət göstərdiyi müddətdə tədris etdiyi şagirdlər ali məktəbə qəbul imtahanlarında məhz tədris etdiyi ingilis dili fənni üzrə yüksək nəticələr əldə etmişlər. Bu fakt müəllim kimi pedaqoji fəaliyyətinə məsuliyyətlə yanaşdığını və şagirdlərinin təhsil göstəricilərinin yüksək olmasına çalışdığını təsdiq edir. Hazırda işləmir. İşlədiyi müddətdə aylıq əmək haqqı təxminən 600 manat təşkil etmişdir. Əri də qeyd olunan səhhət problemləri səbəbindən hazırda işləmir. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İddiaçı nümayəndəsi vəkil Vəkil Oktay oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, belə bir vəziyyətdə, yəni cavabdeh üç uşağın qayğısına qalmaqla yanaşı, daimi qulluq tələb edən xəstə övladına baxdığı halda imtahana hazırlaşmışdır. Bu şəraitdə 29 bal toplaması belə, onun göstərdiyi səy nəzərə alınmaqla təqdirəlayiq nəticə hesab edilməlidir. Ailənin məcburi köçkün olması səbəbindən uşaqların qayğısında kömək edə biləcək qohum dəstəyi də yoxdur. Laçın rayonu İmanlar kəndində bərpa işləri başa çatmadığından ailənin həmin əraziyə qayıdışı da hələ baş verməmişdir. Qeyd olunan halları nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. İŞ ÜZRƏ SÜBUTLAR: # ###### 2022-ci il tarixli Şərqi Zəngəzur Təhsil İdarəsi ilə İddiaçı arasında bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən sonuncu Laçın rayonu İmanlar kənd tam orta məktəbində müəllim vəzifəsinə işə qəbul edilmişdir. Laçın rayon İmanlar kənd tam orta məktəbinin ##.##.2025-ci il tarixli ** nömrəli əmri və ##.##.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən xitam verilmiş və bu müvafiq qaydada rəsmiləşdirilmişdir. İddiaçı oğlu Rəsul Turan İdris oğluna ümumi xəstəlik səbəbindən ##.##.2036-cı il tarixinədək əlillik dərəcəsi verilmişdir. “Audiomed” Eşitmə mərkəzinin ##.##.2022-ci il tarixli Bera müayinəsindən görünür ki, ##.##.2018-ci-il təvəllüdlü Rəsul Turan İdris oğlunda hər iki tərəfdə 85dB-də V dalğa forması qeyd edildi. V dalğanın latent dövründə bir qədər ləngimə mövcuddur. Hər iki tərəfdə ağır dərəcədə (IV) sensonevral tipdə eşitmə azlığı mövcuddur. Ambulator kitabçadan çıxarışdan görünür ki, xəstəyə Timpanometriya (səh. 192-193) müayinəsi nəticəsində sul qulaqda yüngül dərəcəli (İ dərəcə) sağ qulaqda orta-ağır dərəcədə (III dərəcə) sensonevral tip eşitmə azlığı diqanozu qoyulmuşdur (səh. 192-193). “Respublika Diaqnostika Mərkəzi”nin10.01.2023-cü il tarixli Bera müayinəsindən görünür ki,hər iki qulaqda 90dB-də V dalğa forması əldə edilməklə bərabər dalğanın latent dövründə ləngimə qeyd edilir. Amulator kitabçadan çıxarışdan görünür ki, Rəsulov İdris Səfi oğlunun ayağın iki və daha artıq barmağının travmatik amputasiyası xəstəliyi diaqnozu qoyulmuşdur (səh. 199). Mukopolisakkaridoz diaqnozuna görə ##.##.2018-ci il təvəllüdlü Rəsul Turan İdris oğlunda nevroloji statusu əqli gerilik, fiziki və motor inkişaf geriliyi, axill vətər qısalığı, ayaq qövsünün yüksəlməsi, özünə qarşı aqressiv davranış müəyyən olunmuşdur (səh. 201). Amulator kitabçadan çıxarışdan görünür ki, ##.##.2018-ci il təvəllüdlü Rəsul Turan İdris oğlunun xəstəliyinin nəticəsi D-z E34.3 - Digər rubrikalarda təsnif olunmayan cırtdanboyluluq, E76.2 - Digər mukopolisaxaridozlar olaraq qeyd olunmuşdur, xəstəliyin gedişi xronikidir (səh. 202). “X5”nın ##.##.2022-ci il tarixli Beyin MRT nəticələrindən görünür ki, ##.##.2018-ci il təvəllüdlü Rəsul Turan İdris oğlunun müayinəsi nəticəsində aşağıdakılar müəyyən olunmuşdur: serebral aftofiya, hər iki serebal hemisferdə periatrial ağ maddədə daha bariz qismən həcm azalması T2 və FLair A encəlmələrdə siqnal artışı, hər iki maksilyar sinusda hipoplazik görünüm və sol maksilyar sinusda mukozal qalınlıq artışları hər iki tərəfdə mastoid hücrələrdə və orta qulaqda maye. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayışdan görünür ki, ##.##.2018-ci il təvəllüdlü Rəsul Turan İdris oğluna H90.6 İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, anadangəlmə lal-kardır. İkitərəfli koxlear nevrit. Neyrosensor ağır eşitmə IV dərəcəli, Mirqasımov adRKX-nin 8139№-li 07.-4.22 tarixli sənədinə əsasən. Ağırlaşma F80.2 Reseptiv nitq pozğunluğu, Artikulyasiya nitqin pozulması ilə. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibb Universiteti X13”nın ##.##.2026cı il tarixli arayışından görünür ki, sağ təpə sümüyünün ön və arxa hissəsində “Bure hole” defekti mövcuddur. Sağ təpə sümüyündə arxada mövcud olan “Bure hole” defektindən girişi olan və bir ucu sağ tərəfdə subdural məsafədə təsvir edilən yığıntı daxilində sonlanan drenaj kateteri izlənilir. Sağ alın və təpə nahiyəsində subdural məsafədə daxilində sərbəst havanın və qana aid hiperdens sahələrin izlənildiyi ən qalın yerində 2 sm.ə çatan yığıntı aşkar edilir. Sol alın və təpə nahiyəsində subdural məsafədə ən qalın yerində 6 mm.ə çatan yığıntı izlənilir (xroniki dövr subdural hematoma). Hər iki yan, III mədəcik və hər iki tərəfdə beyin şırımları atrofiyaya bağlı genişlənibdir. Orta xətdən sola doğru 4 mm. dislokasiya mövcuddur. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli arayışından görünür ki, ##.##.2018-ci il təvəllüdlü Rəsul Turan İdris oğlu ##.##.2023-cü il tarixdə ilkin konsultasiyada olmuş, ##.##.2025-ci il tarixədək konsultasiya və psixoloji seanslarda iştirak etmişdir. Amulator kitabçadan çıxarışdan görünür ki, ##.##.2018-ci-il təvəllüdlü Rəsul Turan İdris oğlu 3.400 kq çəki ilə doğulmuşdur, inkişafı zəif olub. Doğulandan diskomfort üz cizgiləri müşahidə olunub. “X14”nın ##.##.2026-cı il tarixli diaqonistik müayinə nəticələrinə dair çıxarışa əsasən ##.##.2018-ci-il təvəllüdlü Rəsul Turan İdris oğlunun xəstəliyinin nəticəsi aşağıdakı kimi müəyyən olunmuşdur: çeynəməsi yoxdur, qavrama və anlama yoxdur. Aqressivdir, yuxusu narahatdır. Sidik və nəcis ifrazı qeyri-iradidir. Sərbəst yerimir. Kənar şəxsin qulluğuna ehtiyacı vardır. Xəstə nevroloji, genetik sahə həkiminin nəzarətində olmalıdır. “UNİ Klinikanın” ##.##.2025-ci il tarixli müayinə nəticələrindən görünür ki, ##.##.2018ci-il təvəllüdlü Rəsul Turan İdris oğlunun müayinə nəticələrinə dair aşağıdakı nəticəyə gəlinmişdir: Baş beyinin intraparen ximatoz ocaqlı və həcmli dəyişkənlikləri aşkar edilmir. Sağdan fronta parieto temporo oksipital ən geniş yerində 18 mm ölçülü, DW Triksiyası göstərən T2,T1/FLAİR hiperintens siqnallı subdural yığıntılar. Soldan fronta parieta temporal 4-5-mm qalınlığında lövhəvari yığıntı və paximeningeal qalınlaşma. Pasiyentə gərəklilik halında kontraslı müayinə tövsiyyə edilə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin * nömrəli X22 ## ######## 2024-cü il tarixli */**** saylı Həkim psixiatr komissiyasının rəyindən görünür ki, ##.##.2018-ci-il təvəllüdlü Rəsul Turan İdris oğlunda orta kəmağıllılıq, qulluq və müalcə tələb edən ciddi nitq və davranış pozuntusu müəyyən edilmişdir. * saylı X15 X19 Tibbi Kartasından **** saylı çıxarışdan görünür ki, ##.##.2011-ci il təvəllüdlü Rəsulzadə Gülər İdris qızına kəskin bronxit J.20.9 və Enterebioz B.80.0 diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işə götürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. ƏM-in 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq və ya qeyrisahibkarlıq fəaliyyətini (xüsusi notarius, vəkillik və mediator fəaliyyətini) həyata keçirən vergi ödəyicisi olan fiziki şəxsdir. ƏM-in 11-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. ƏM-in 14-cü maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. ƏM-in 45-ci maddəsinin 1-ci bəndinə görə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin maddənin 2-ci bəndinə görə əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməyibsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. ƏM-in 67-2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Qanunda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. ƏM-in 300-cü mddəsinin 1-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. “Təhsil haqqında” Qanunun 36-2.1-36-2.3-cü maddəsinə görə dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi yuxarıda göstərilənlərə istinadən, hazırkı mülki işin materiallarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli qərarındakı məcburi göstərişləri, iddiaçının və nümayəndəsinin izahatlarını, təqdim edilmiş mötəbər və təkzibedilməz sübutları qarşılıqlı şəkildə araşdıraraq, daxili inam və vicdanına söykənərək hesab edir ki, hazırkı mübahisəyə sertifikasiya imtahanının keçmək üçün nisbi olaraq müəyyən edilmiş keçid balı üzərindən yanaşmaq mümkün deyildir. Məhkəmə araşdırması yalnız hüquqi normanın tətbiqinə deyil, həmin normanın konkret insanın (habelə ailəsinin) həyatında doğurduğu nəticələrin müəyyən edilməsinə də xidmət edir. Hazırda həmin imtahanın nəticəsi baxımından qəbul ediləcək qərarın iddiaçının və ailəsinin gələcəyinə necə təsir göstərəcəyi də məhkəmə üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının himayəsində üç övladı vardır. Onlardan biri ##.##.2018-ci il təvəllüdlü olmaqla sağlamlıq imkanları məhdud şəxsdir və ona ##.##.2022ci il tarixindən ##.##.2036-cı il tarixinədək əlillik müəyyən edilmişdir. Digər övladının isə görmə qabiliyyətinə görə II qrup əlilliyi vardır. Eyni zamanda iddiaçının ərinin ayaq barmaqlarının amputasiya olunması səbəbindən əmək fəaliyyəti ilə məşğul ola bilmədiyi və ailənin sabit gəlir mənbəyinin olmadığı müəyyən edilmişdir. Bu kimi hallar göstərir ki, ailənin maddi təminatı və gündəlik qayğısı əsasən iddiaçının üzərinə düşür. Göstərilən ailə vəziyyəti müstəsna xarakterli olmaqla, adi ailə-məişət şəraiti ilə müqayisə edilə bilməz. İddiaçı eyni vaxtda həm sağlamlıq imkanları məhdud övladlarının müalicəsi, reabilitasiyası və gündəlik qayğısını təmin etməli, həm də ailənin maddi təminatını həyata keçirməlidir. Belə çətin bir şəraitin iddiaçının sertifikasiya imtahanına hazırlıq imkanlarına da təsir göstərə bilməsi obyektiv haldır. Məhz bu səbəbdən, iddiaçının imtahan nəticəsi onun həyat şəraitindən təcrid olunmuş şəkildə qiymətləndirilə bilməz. Hazırkı imtahan nəticəsi öz-özlüyündə rəqəmsal və dəyişməz bir nəticə olsa da, həmin nəticəyə gətirib çıxaran şərait insan həyatından kənarda mövcud deyildir. İddiaçının uşaqlarının müalicəsi və qayğısı ilə bağlı üzərinə düşən vəzifələrə sərf etdiyi vaxt, onların daimi qulluğa və xüsusi nəzarətə ehtiyacı, ailənin başqa gəlir mənbəyinin olmaması və bütün bu halların imtahana hazırlıq imkanlarına təsiri iş üzrə mövcud sübutlarla birlikdə qiymətləndirilməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının topladığı nəticə ilə tələb olunan keçid balı arasındakı fərq cəmi 1 baldır. Əlbəttə, bu hal sertifikasiya tələbinin özünü aradan qaldırmır və keçid balının əhəmiyyətini istisna etmir. Lakin əmək münasibətlərinə xitam kimi ciddi hüquqi nəticənin yaranması baxımından həmin nəticənin hansı şəraitdə formalaşdığı və iddiaçının ailə vəziyyətinin buna faktiki təsirinin olub-olmadığı ayrıca qiymətləndirilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş təminatların məqsədi də nəzərə alınmaqla, hazırkı vəziyyətdə sertifikasiya tələbinin tətbiqi iddiaçının konkret ailə və sosial vəziyyəti ilə birlikdə qiymətləndirilməlidir. Burada söhbət sertifikasiya nəticəsinin hüquqi əhəmiyyətinin aradan qaldırılmasından deyil, həmin nəticəyə əsaslanıb əmək münasibətlərinə xitam verilməsinin iddiaçının müstəsna yaşayış vəziyyətinə nəzərən ədalətli olub-olmadığının müəyyən edilməsindən gedir. Beləcə, yalnız iş üzrə müəyyən edilmiş faktiki halların məcmu şəkildə qiymətləndirilməsi sertifikasiya tələbi ilə iddiaçının əmək hüquqları arasında düzgün hüquqi tarazlığın müəyyən edilməsinə imkan verir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Laçın Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunaraq iddia qismən təmin edilməli, İddiaçı işdən azad olunmasına dair Laçın rayon İmanlar kənd tam orta məktəbinin ## #### 2025-ci il tarixli ** nömrəli əmri ləğv edilməli, İddiaçı həmin işə (və ya razılığı ilə bərabər vəzifəyə) bərpa olunmalı və ## #### 2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün pul vəsaiti ödənilməlidir. İddia tələbinin qalan hissədə təmin edilməsi üçün əsas olmadığından rədd edilməlidir. MPM-in 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğvi üçün əsasdır. Bununla yanaşı, məhkəmə tərkibi MPM-in 107, 115 və 119.1-ci maddəsinə uyğun olaraq hesab edir ki, mediasiya xərcinin ödənilməsi ilə bağlı 60 (altmış) manat məbləğdə pul vəsaiti Laçın rayonu İmanlar kənd tam orta ümumi təhsil məktəbindən alınaraq X6 ödənilməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14, 77, 217, 372, 384, 385, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Laçın Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı işdən azad olunmasına dair Laçın rayon İmanlar kənd tam orta məktəbinin ## #### 2025-ci il tarixli ** nömrəli əmri ləğv edilsin, İddiaçı həmin işə (və ya razılığı ilə bərabər vəzifəyə) bərpa olunsun və ## #### 2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün pul vəsaiti ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediyasiya xərcinin ödənilməsi ilə bağlı 60 (altmış) manat məbləğdə pul vəsaiti Laçın rayonu İmanlar kənd tam orta ümumi təhsil məktəbindən alınaraq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar