Məhkəmə qərarları › İş №2(3-9)-857/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-857/2026

23.07.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-857/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Ərizəçi Ərizəçi xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət edərək, ## ###### 2026-cı il tarixdə Kürdəmir rayonunun Karrar kəndində ölmüş mərhum atası X2 (70 yaşından) ##.##.2000-ci il tarixdən vəfat etdiyi ##.##.2026-cı il tarixədək qulluq etməsi faktı üzrə sosial sığorta stajının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim Xaliq İmanov) ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan narazı qalan ərizəçi Ərizəçi şikayət verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə bilməliydi ki, hazırda o, qulluq etməyə görə stajı başqa cür əldə edə bilmir. Lakin nədənsə hakim tərəfindən buna hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən əmək pensiyaları haqqında qanunun tələbləri kobud şəkildə pozulmuş, həmçinin AR MPM-nin 307-ci maddəsinin tələbləri pozulmuşdur. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, qərardadın qüvvədə saxlanılması və şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim ərizənin qəbul edilməsindən imtina edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçinin tələb etdiyi 70 yaşına çatmış atasına qulluq etməsi faktının sosial sığorta stajının müəyyən edilməsi məqsədilə hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi məsələsi mülki prosessual qanunvericiliyə əsasən xüsusi icraat qaydasında məhkəmə tərəfindən baxılmalı işlər kateqoriyasına aid deyildir. Məhkəmə qeyd etmişdir ki, Ali Məhkəmənin Plenumunun ## ##### 2019-cu il tarixli qərarının 14-cü bəndinə əsasən xəstəyə və ya ahıla qulluq etmə faktının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Bundan əlavə, məhkəmə göstərmişdir ki, "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ahıl şəxsə qulluq edilməsi və bununla bağlı hüquqi nəticələrin yaranması əvvəlcə aidiyyəti icra hakimiyyəti orqanının müəyyən etdiyi inzibati prosedur çərçivəsində həll edilməlidir. Ərizəçinin həmin prosedura əməl etmədən birbaşa məhkəməyə müraciət etməsi nəzərə alınaraq, MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizənin icraata qəbulundan imtina edilmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsində ahıllara (70 yaşına çatmış şəxslərə) qulluq edilməsi müddətinin müəyyən şərtlərlə sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulsa da, həmin norma qulluq etmə faktının hüquqi əhəmiyyətli fakt kimi xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsini nəzərdə tutmamışdır. Bu normanın tətbiqi üçün qanunvericiliklə ayrıca inzibati prosedur müəyyən edilmişdir və həmin prosedura əməl olunmadan birbaşa məhkəməyə müraciət edilməsi yolverilən hesab edilə bilməz. "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 7.1.4-cü maddəsinə əsasən, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumların və ya qanuni nümayəndələrin olmaması çətin həyat şəraitinin əsaslarından biri hesab edilir və bu halın mövcudluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən isə sosial xidmət göstərilməsi üçün əvvəlcə yaşayış yeri üzrə aidiyyəti icra hakimiyyəti orqanına müraciət edilməli, müraciət əsasında qanunla müəyyən edilmiş qaydada araşdırma aparılmalı və müvafiq qərar qəbul olunmalıdır. Eyni zamanda, həmin Qanunun 12-ci maddəsinə əsasən sosial xidmətin göstərilməsi və ya göstərilməsindən imtina edilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Yalnız qanunla müəyyən olunmuş inzibati prosedur həyata keçirildikdən sonra həmin qərarın qanuniliyinə dair mübahisə yarandığı halda məhkəmə müdafiəsi məsələsi gündəmə gələ bilər. Hazırkı işin materiallarından görünür ki, ərizəçi atasına qulluq etməsi faktının sosial sığorta stajına daxil edilməsi məqsədilə aidiyyəti icra hakimiyyəti orqanına qanunla müəyyən edilmiş qaydada müraciət etməmiş, sosial xidmət göstərilməsi və ya bundan imtina edilməsi barədə hər hansı inzibati qərarın qəbul edilməsinə nail olmadan birbaşa xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Halbuki, qanunvericilik belə hallarda əvvəlcə inzibati prosedurun keçirilməsini zəruri şərt kimi müəyyən etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" ## ##### 2019-cu il tarixli Qərarının 13.3-cü və 14-cü bəndlərində məhkəmələrə izah edilmişdir ki, qanunvericiliklə xüsusi inzibati qaydada müəyyən edilməli olan hallar hüquqi əhəmiyyətli fakt kimi məhkəmə tərəfindən müəyyən edilə bilməz, o cümlədən xəstəyə və ya ahıl şəxsə qulluq etmə faktının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmçinin ərizəçi qulluq etməyə görə sosial sığorta stajını başqa qaydada əldə edə bilmədiyini qeyd etsə də şəxsin həmin hüququ həyata keçirməsi üçün qanunvericilikdə xüsusi inzibati mexanizm nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə tərkibi hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qərara aldı: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar