Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-880/2026 20.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə katibi X4, cavabdehin iştirakı ilə, Füzuli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Füzuli Rayon İcra Hakimiyətinin cavabdeh İmanov Asim Şükür oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Füzuli Rayon İcra Hakimiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Füzuli Rayon İcra Hakimiyyətinə məxsus olan 1049 ha torpaq sahəsindən cavabdeh İmanov Asim Şükür oğlunun çıxarılaraq daşınmaz əmlakın iddiaçı Füzuli Rayon İcra Hakimiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, ************ reyestr nömrəli və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Füzuli Rayon İcra Hakimiyyətinin üzərində mülkiyyət hüququ təsdiqlənən 1049 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən istifadə edən Füzuli rayon Gecəgözlü kənd sakini İmanov Asim Şükür oğlu ilə Beyləqan rayon * saylı notariat ofisində ## ######## 2023-cü il tarixdə, informasiya sistemində 3M-467 reyestr nömrəsilə qeydə alınmış kompensasiya müqaviləsi bağlanaraq ona 31.765 (otuz bir min yeddi yüz altmış beş) manat kompensasiya maraqlı şəxs Maraqlı şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmişdir. Cavabdeh Asim İmanov, müqavilədə qeyd olunan 31.765 (otuz bir min yeddi yüz altmış beş) manat kompensasiyanı aldığını və müqavilə öhdəliklərinə etirazının olmadığını imzası ilə təsdiqləmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsində cavabdeh İmanov X1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, məcburi köçkün kimi mübahisəli torpaq sahəsində məskunlaşmış, 25 il müddətində orada ailəsi ilə birlikdə yaşayıb və təsərrüfatla məşğul olaraq ailəsini dolandırmışdır. Onunla iddiaçı Füzuli Rayon İcra Hakimiyyəti və Maraqlı şəxs MMC arasında kompensasiya müqaviləsi bağlanmışdır. Müqaviləni imzalamış və həmin müqavilə üzrə qeyd olunan 31765 manat kompensasiya məbləğini almışdır. Müqavilənin şərtləri ona məlumdur. O, müqaviləni imzaladıqdan və kompensasiya məbləğini aldıqdan sonra həmin torpaq sahəsini boşaltmalı idi. Lakin həmin müqavilə imzalanan zaman ona şifahi olaraq bildirilmişdir ki, həmin ərazidə 5 ha torpaq sahəsi və həmin torpaq sahəsindən istifadə etmək üçün ona və ailə üzvlərinə su veriləcək və bununla da onlar öz təsərüfatlarını idarə edəcəklər. Həmçinin mal-qaranın da saxlanması üçün onlara kömək olunacaq. Lakin bu deyilənlərin heç birinə əməl olunmadı. Həmçinin bildirmişdir ki, hazırda da mübahisəli torpaq sahəsində yaşayır. Məhkəmədə cavabdehə ünvanlanmış suallara cavab verərkən o bildirmişdir ki, bu qeyd etdikləri yazılı şəkildə rəsmiləşdirilməyib, hüquqi savadı olmadığından sadəcə söz olaraq razılaşmışlar. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC-nin nümayəndəsi iddiaçı ilə eyni mövqedən çıxış edərək iddianın təmin olunmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin (hakim S.Məmmədli) ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, Füzuli Rayon İcra Hakimiyyətinə məxsus olan Füzuli şəhəri Füzuli rayonu ərazisində yerləşən 1049 ha torpaq sahəsindən cavabdeh İmanov Asim Şükür oğlunun çıxarılaraq həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Qətnamədən cavabdeh İmanov Asim Şükür oğlu apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: A.Novruzova, M.Əsədli və P.Əhmədov) *(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə üçüncü şəxs Maraqlı şəxs MMC-nin kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli qərarı ilə şikayət təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, 2(3- *)-***/**** nömrəli qərardadının ləğv edilməsi, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Füzuli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə baxılır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. İzahatlar Prosessual məsələlər Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddianın təmin edilməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, sözügedən torpaq sahəsi ona hələ əvvəldən Füzuli Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2003-cü il tarixli ** saylı sərəncamı ilə təsərrüfat məqsədləri üçün verilmişdir. Təsisçisi olduğu “xxxx” MMC ## ### 2007-ci il tarixdə qeydiyyatdan keçmişdir. ## ### 2007-ci il tarixdə isə Dövlət Statistika Komitəsi tərəfindən uçot vahidlərinin Dövlət Reyestrinə daxil edilmişdir. Bununla yanaşı, cavabdeh işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etirazının olmadığını bildirmişdir. İddiaçı və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC-nin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişlər. İddiaçı Füzuli Rayon İcra Hakimiyətinin nümayəndəsi ərizə təqdim edərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs (Maraqlı şəxs MMC) elektron kabinet vasitəsilə ərizə təqdim edərək MMC-nin nümayəndəsinin iştirakı olmadan və Azərbaycan Respublikası Ali Məhkəmənin mövqeyi nəzərə alınmaqla baxılmasını xahiş etmişdir. Kollegiya iddiaçının iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən mümkün saymışdır. Əsaslandırma MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərinə uyğun olaraq işin aidiyyəti məsələsi müzakirə edilmişdir. Cavabdeh işin aidiyyəti üzrə göndərilməsinə etiraz etməmiş, iddiaçı və üçüncü şəxs buna hər hansı münasibət bildirməmişdir. Cavabdehin izahatından və təqdim etdiyi sənədlərdən görünür ki, sözügedən torpaq sahəsi əvvəldən cavabdehin istifadəsinə təsərrüfat fəaliyyəti üçün ayrılmışdır. Cavabdeh tərəfin bildirdiyinə görə 2003-cü ildən onun istifadəsinə təsərrüfat məqsədləri üçün verilmişdir. Belə ki, Füzuli Rayon İcra Hakimiyəti başçısının ##.##.2003-cü il tarixli sərəncamı ilə onun təsisçisi olduğu “xxxx” MMC-yə ayrılmışdır. İddiaçı hüquqi şəxsdir. Cavabdeh vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Mübahisə İmanov Asim Şükür oğlu (VÖEN **********), Maraqlı şəxs MMC (hüquqi şəxs) və Füzuli Rayon İcra Hakimiyyəti arasında bağlanmış kompensasiya haqqında müqavilədən irəli gəlmişdir. Tərəflər arasında münasibətlər müqavilədən irəli gələn öhdəlik hüquq münasibətidir. Məhkəmə Kollegiyası məruzəni və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini aidiyyət qaydalarını pozmaqla icraata qəbul etmişdir. İşin hallarından görünür ki, Füzuli rayonu, ərazisində 1049 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Füzuli Rayon İcra Hakimiyətinin mülkiyyətindədir. Bu barədə mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İmanov Asim Şükür oğlu, ikinci tərəf Maraqlı şəxs MMC və üçüncü tərəf Füzuli Rayon İcra Hakimiyyəti arasında ##.##.2023-cü il tarixli üçtərəfli müqavilə imzalanmışdır. Kompensasiya haqqında həmin müqavilənin 1.1-ci yarımbəndinə əsasən müqavilənin predmetini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, ************ reyestr nömrəli və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Füzuli şəhəri Füzuli rayonu ərazisində yerləşən icarədə (istifadədə) olan 1049 ha torpaq sahəsi üzərində tikili və qurğuların, avadanlıqların, invertarların və çox illik əkmələrin təhvil verilməsi, boşaldılması və s. müqabilində ödənilməli olan kompensasiya təşkil edir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən birinci tərəf kimi icarə (istifadə) hüququ əsasında kompensasiya alan, ikinci tərəf kompensasiya verən, üçüncü tərəf kimi hüquq sahibi olan Füzuli Rayon İcra Hakimiyyəti başa düşülür. Müqavilənin 2.1-ci yarımbəndinə əsasən müqavilə imzalandığı və notarial qaydada təsdiq olunduğu gündən 30 (otuz) gün ərzində Kompensasiya alan müqavilənin 1.1-ci bəndində göstərilən torpaq sahəsini, üzərində olan tikililəri və s. öz hesabına daşınması şərti ilə boşaldaraq üçüncü tərəfə (Füzuli Rayon İcra Hakimiyyətinə) təhvil verir. Tərəflərin razılığına əsasən verilən Kompensasiyanın məbləği 31765 (otuz bir min yeddi yüz altmış beş) manat müəyyən olunur. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən, qətnamə ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarında göstəriir ki, Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır (Bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12). Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir (23). Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Hazırkı işin mübahisəsiz hallarına görə, iddiaçı dövlət orqanı olmaqla vergi ödəyicisi kimi qeydə alınmışdır, cavabdeh fərdi sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxsdir, üçüncü şəxs isə kommersiya hüquqi şəxsidir. Hazırkı iddia tərəflər arasında ## ######## 2023-cü il tarixdə bağlanmış kompensasiya barəsində üçtərəfli müqaviləyə əsaslanır. Həmin müqavilənin predmetini Füzuli rayon İcra Hakimiyyətinin mülkiyyətində olan Füzuli şəhəri, Füzuli rayon ərazisində yerləşən, icarədə (istifadədə) olan 1049,0 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən tikili və qurğuların, avadanlıqların, inventarların və çox illik əkmələrin təhvil verilməsi, boşaldılması və s. müqabilində ödənilməli olan kompensasiya təşkil etmişdir. İddiaçı Füzuli rayon İcra Hakimiyyəti cavabdehin kompensasiyanı almasını, lakin torpaq sahəsini boşaltmamasını qeyd etməklə, həmin torpaq sahəsindən cavabdehin çıxarılaraq, daşınmaz əmlakın iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, hazırkı iddia tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlı öhdəlik mübahisəsidir. Belə ki, onlar mülki dövriyyənin bərabər hüquqlu subyektləri kimi müqavilə münasibətlərinə daxil olmuş, qeyd olunan müqaviləyə görə üçüncü şəxs cavabdehə kompensasiya ödəməyi, cavabdeh bunun müqabilində torpaq sahəsini iddiaçıya təhvil verməyi, iddiaçı dövlət orqanı isə həmin torpaq sahəsini qəbul etməyi öhdəsinə götürmüşlər. İddiaya görə cavabdeh razılaşdırılmış vəsaiti alsa da, torpağı təhvil verməmiş, bununla da, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icrasından yayınmışdır. Müəyyən edilir ki, cavabdeh İmanov Asim Şükür oğlu vergi ödəyici olan fiziki şəxsdir, vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdadırlar. Bu hal onu deməyə əsas verir ki, tərəflər arasındakı münasibətlər kommersiya fəaliyyəti ilə bağlıdır. Belə olan halda birinci instansiya məhkəməsində işə ümumi məhkəmədə baxılmalı deyildi. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edilmiş, işə səlahiyyəti olmayan hakim tərəfindən baxılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Bundan başqa, mülki işlərin məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Azərbaycan Respublikasının MPM-nin 31-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-nin 387.2.1-ci maddəsinə tələbinə görə, işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin şərtsiz ləğvinə səbəb olur. Kollegiya hesab edir ki, hazırkı iş kommersiya mübahisəsi hesab olunduğundan işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır, ona görə də qətnamə ləğv edilməli, işə mahiyyəti üzrə baxılmaq üçün iş üzrə materiallar aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməlidir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, mahiyyəti üzrə baxılmaq üçün iş məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 31, 32, 385.1, 387.2.1, 387.2.9-cu maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qərara aldı: Cavabdeh İmanov Asim Şükür oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya qaydasında şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(3-9)-880/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-880/2026
20.08.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver