Məhkəmə qərarları › İş №2(3-9)-888/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-888/2026

18.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-888/2026 18.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X3 və X7 ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) nümayəndəsi X1 iştirakı ilə, İmişli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-828 nömrəli ## ###### 2026-cı il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsini əsaslandırarkən göstərmişdir ki, İmişli regional "ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X4 8İ-828 nömrəli ## ###### 2026-cı il tarixli icra qeydinə əsasən ondan AL/*****/**/** nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 9819,15 manat əsas borc və 1769,49 manat komissiya haqqı üzrə borc olaraq, 11588,63 manat pul və bundan başqa iddiaçıdan 1146,58 manat pul tutulmalıdır. O icra qeydi ilə razı deyil. O, cavabdeh1 ASC-dən götürdüyü kreditin çox hissəsini ödəmişdir və onun banka çox cüzi borcu qalmışdır. Hazırda notarius tərəfindən ona heç bir məlumat verilmədən icra qeydi icra şöbəsinə göndərilmişdir. Bu barədə bildiriş gəlmədən icra qeydi tərtib edilərək icra şöbəsinə göndərilmişdir. İddiaçıya bu barədə bildiriş-xəbərdarlıq gəlmiş olsaydı, bunu məhkəmə qaydasında mübahisələndirərdi. İddiaçı ərizəsində qeyd etmişdir ki, hüquqşünas kimi fəaliyyət göstərdiyindən icra şöbəsinə getmiş, orada olan zaman icra məmuru ona barəsində icra qeydi olduğunu bildirmiş və ona icra qeydi sənədini vermişdir. Həmin vaxtadək barəsində icra qeydinin olmasından xəbərsiz olmuşdur. Belə ki, o, cavabdeh1 ASC-dən üç illik müddətinə on min manat məbləğində kredit kartı götürmüş, ödənişləri vaxtında etmişdir. Lakin bir ödənişi gecikdirdiyi üçün kart cavabdeh1 ASC tərəfindən blok edilmişdir. Buna görə də, hesabından ödənişlərin edilməsinə dair çıxarışları təqdim edə bilmir. Birinci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh1 ASC məhkəməyə ünvanladığı iddiaya etirazında göstərmişdir ki, icra qeydi mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada, iddiaçı xəbərdar olunmaqla və müvafiq bildirişlər göndərilməklə çıxarılmış, iddiaçı həm bank, həm notariat ofisi, həm də icra qurumu tərəfindən kifayət qədər öncədən məlumatlandırılmışdır. Hüquq mübahisələri müstəvisində şikayət vermə mexanizmi hələ qanunvericilikdə öz əksini tapmadığından qeyd olunan münasibətlər hazırda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və II hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-сı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2025-ci il tarixli plenum qərarı ilə tənzimlənir. Həmin qərarda qeyd olunur ki, qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir. Bu baxımdan iddiaçı şikayətvermə müddətini xeyli ötürmüşdür. Eyni zamanda yuxarı instansiya məhkəmələrində formalaşmış məhkəmə təcrübəsinə əsasən icra qeydinin aparılacağı barədə bildiriş göndərilməsi, bildirişi aldıqdan sonra iddiaçının tələbi mübahisələndirməməsi sübuta yetirilirsə, bu halda icra qeydinin ləğvi tələbinə məhkəmədə baxıla bilməz və iş üzrə icraata xitam verilməlidir. Nümayəndə iddia ərizəsinin təmin edilməməsini və icra qeydinin qüvvədə saxlanmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh İmişli regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinin təmsilçisi iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. İmişli Rayon Məhkəməsinin (hakim Z.Pirverdiyev) ## ### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X4 8İ-828 nömrəli ## ###### 2026-cı il tarixli icra qeydinin ləğv edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisindən tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh1 ASC apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh1 ASC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin istinad olunan qərarında notariusun icra qeydinin mübahisələndirildiyi hallar üzrə hüquqi müəyyənliyin, tərəflərin hüquqlarının realizəsinin məhkəmə təminatının müəyyənləşdirilməsi fonunda icra qeydindən şikayətvermə mexanizminin prosessual və maddi əsasları ilə bağlı bir sıra məqamlarla bağlı ümumi məhkəmə təcrübəsini formalaşdıran mövqe təsbit olunmuşdur. Belə ki, bu qərarda icra qeydindən şikayət verilməsi müddəti Mülki Prosessual Məcəllənin 282-ci maddəsində məhkəmə əmrindən şikayət verilməsi mexanizmi ilə eyniləşdirilmişdir. Konstitusiya Məhkəməsi tərəfindən həmçinin bu qəbildən olan məhkəmə işləri üzrə mübahisə predmetinin icra qeydi deyil, həmin icra qeydi üzrə irəli gələn tələb olduğu müəyyənləşdirilməklə iddiaya cavab verməli olan şəxsin (cavabdehin) tələbkar olduğu müəyyənləşdirilib. Birinci instansiya məhkəməsi tərəfindən ümumi məhkəmə təcrübəsinin formalaşdıran qeyd olunan qərarın göstərilən tələbləri nəzərə alınmamış, beləliklə tələbkarın məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüququ pozulmaqla yekunda işin ədalətli həllinə nail olmaq mümkün olmamışdır. Birinci instansiyası məhkəməsi iddiaçının icra qeydinin iddiaçıya təqdim edilməsi anına münasibətdə yalnız iddiaçının izahatını əsas götürməklə bu istiqamətdə kifayət qədər araşdırma aparmamış, beləliklə şikayətvermə müddətinin axımının başlanma və başa çatma anı aydınlaşdırılmamışdır. Şikayətə görə, məhkəmə öz mövqeyinin əsaslandırarkən, iddiaçıya cavabdeh1 ASC tərəfindən göndərilmiş bildirişdə onun çatdırılma tarixi qeyd edilmədiyindən sözügedən bildirişin cavabdehə çatdırılması faktının müəyyən olunmadığını bildirmişdir. Halbuki, bildirişin iddiaçıya göndərilməsi, həmçinin bildirişin imza edilməklə qəbul olunmasına dair təsdiqedici qeydləri əks etdirən qəbz iş materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş bildiriş və çatdırılmaya dair qeydlərin əks olunduğu qəbz düzgün tədqiq olunmadığından bu hallara münasibətdə təsbit olunan mövqe sübut edilməmiş hesab edilməlidir. İzahatlar Prosessual məsələlər Müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, iş birinci instansiya məhkəməsində tam araşdırılmamışdır. İddiaçı iddia tələbini səhv irəli sürmüşdür. cavabdeh1 ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi yox cavabdeh kimi olmalıdır. Məhkəmə öz mövqeyinin əsaslandırarkən iddiaçıya cavabdeh1 ASC tərəfindən göndərilmiş bildirişdə onun çatdırılma tarixi qeyd edilmədiyindən sözügedən bildirişin cavabdehə çatdırılması faktının müəyyən olunmadığını bildirmişdir. Halbuki tərəfimizindən bildirişin iddiaçıya göndərilməsi, həmçinin bildirişin imza edilməklə qəbul olunmasına dair təsdiqedici qeydləri əks etdirən qəbz iş materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş bildiriş və çatdırılmaya dair qeydlərin əks olunduğu qəbz düzgün tədqiq olunmadığından bu hallara münasibətdə təsbit olunan mövqe sübut edilməmiş hesab edilməlidir. Tərəflər apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işdə iştirak etməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin halları ilə müəyyən olunur ki, ##.##.2025-ci il tarixdə cavabdeh1 ASC tərəfindən AL/*****/**/** nömrəli müqaviləyə əsasən 9819,15 manat əsas borc, 1585,39 manat komissiya haqqı, 1146,58 manat məbləğində cərimə borcunun ödənilmədiyi halda icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya bildiriş göndərilmişdir. İmişli regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən İddiaçı AL/*****/**/** nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 9819,15 manat əsas borc, 1769,48 manat komissiya haqqı, 1146,58 manat məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, 12760 manat pulun tutularaq cavabdeh1 ASC-yə ödənilməsinə dair 8İ-828 saylı, ##.##.2026-cı il tarixli icra qeydi verilmişdir. Hazırda iddiaçı İmişli regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-828 nömrəli ## ###### 2026-cı il tarixli icra qeydinin ləğv edilməsini tələb etmişdir. İddiaçı borcun düzgün qeyd edilmədiyini, bildiriş və icra qeydinin ona çatmadığını, icra qeydinin qanunsuz olduğundan ləğv edilməsini xahiş etmişdir. Notariat haqqında Azərbaycan Respublikasının Qanununun: 76-cı maddəsinin birinci hissəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; 76-cı maddəsinin yeddinci hissəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur; 76-cı maddəsinin doqquzuncu hissəsinə əsasən icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və xüsusi icra məmurlarının icraatına yönəldilməsi üçün tələbkara verildiyi hal istisna olmaqla icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarının: 161-ci bəndinin birinci abzasına əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və xüsusi icra məmurlarının icraatına yönəldilməsi üçün tələbkara verildiyi hal istisna olmaqla icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir; 161-ci bəndinin ikinci abzasına əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir; 161-ci bəndinin onuncu abzasına əsasən bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur; 161-ci bəndinin on birinci abzasına əsasən tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır; 161-ci bəndinin on dördüncü abzasına əsasən icra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir; 162-ci bəndinin birinci abzasına əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə; 162-ci bəndinin ikinci abzasına əsasən müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Birinci instansiya məhkəməsində işin halları araşdırılarkən müəyyən edilmişdir ki, tələbkar cavabdeh1 ASC tərəfindən iddiaçıya bildiriş göndərilsə də həmin bildirişdə onun çatdırılma tarixi qeyd edilmədiyindən, bildirişin, habelə ##.##.2026-cı il tarixli icra qeydinin cavabdehə çatdırılması müəyyən edilməmişdir. Məhkəmədə işə baxılan zaman İmişli regional “ASAN xidmət” mərkəzində notariat ofisindən notariat işi materialları tələb edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş İmişli regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 8İ-828 saylı, ##.##.2026-cı il tarixli icra qeydinin aparılmasına əsas olmuş sənədlərdən müəyyən edilmişdir ki, ##.##.2023-cü il tarixli kredit sazişi, icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilmiş ##.##.2025-ci il tarixli bildirişin surəti və həmin bildirişin borcluya çatmasını təsdiq edən sənəd icra qeydinin aparılması barədə ərizəyə əlavə edilərək tələbkar cavabdeh1 ASC tərəfindən notariat ofisinə müraciət edilmişdir. Buna baxmayaraq müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış, habelə alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı icra qeydinin aparılması barədə ərizəyə əlavə edilməmişdir. Belə ki, notarius tərəfindən borcun mübahisəsizliyi borcu müəyyən edən sənədlərin (tələbkar tərəfindən təsdiq olunmuş çıxarış və təfsilatlı maliyyə arayışı) yoxlanılması ilə müəyyən edilir. Bundan başqa ##.##.2025-ci il tarixli bildirişdə komisyon haqqının 1585,39 manat olması qeyd edilsə də, icra qeydinin aparılması barədə ərizədə komissiya haqqı üzrə borcun 1769,48 manat olması göstərilmiş və 8İ-828 saylı, ##.##.2026-cı il tarixli icra qeydi ilə borclu İddiaçı 1769,48 manat komissiya haqqı üzrə borc tutulmuşdur. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iddiaçının tələbi haqlıdır. Beləliklə, Kollegiya apellyasiya şikayətinin təmin edilməsi üçün əsas tapmır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh1 ASC-nin apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddətdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar