Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-968/2026 08.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi nümayəndə1 iştirakları ilə, Sabirabad Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mil-X1 idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, idarənin Beyləqan şəhəri Niyazi adına Uşaq musiqi məktəbinin # #### 2025-ci il tarixli **-K saylı əmrinin ləğv edilərək işə bərpa olunmasını və məcburi işburaxmaya görə ödənilməyən əmək haqqının ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, orta ixtisas təhsillidir. 1992-ci ildə Beyləqan rayonu Niyazi adına Uşaq musiqi məktəbində tar müəllimi işinə qəbul olunmuşdur. O, # #### 2025-ci il tarixdə Bakı şəhərində imtahanda iştirak etmişdir. Ona verilən suallardan ikisinə cavab versə də, attestasiyanı qəbul edən müəllimlərin fikrincə o lazımi nəticəni toplaya bilmədiyinə görə imtahanı uğurla keçə bilməyib. O, hesab edir ki, imtahan özü də qeyri-obyektiv aparılmışdır. Ona muğam, vokal sənətindən sual vermək əvəzinə aidiyyəti olmayan mövzulardan suallar verilmiş, cavabı isə qeyri-qənaətbəxş hesab edilmişdir. Məktəbin direktor əvəzi ona əmrlə işdən çıxmaqdansa öz ərizəsi ilə işdən çıxmasını məsləhət görmüşdür. Bundan sonra o, # #### 2025-ci il tarixdə ərizə vermişdir. Lakin ona ərizəni bir gün əvvəlki tarixə yəni # #### 2025-ci il tarixə imzalatmışlar. Himayəsində yaşı 80-dən çox olan anası var. Onun gəliri ancaq tar müəllimi kimi Niyazi adına Uşaq musiqi məktəbində aldığı əmək haqqından ibarət olmuşdur. İşdən azad olunduqdan sonra ərizəni təzyiq və hədə-qorxu altında verdiyindən həmin ərizənin etibarsız hesab edilməsi barədə ərizə vermiş, eyni zamanda müxtəlif dövlət orqanlarına ərizələr göndərmişdir. Özü könüllü ərizə versəydi, bu qədər şikayət etməzdi. Onu məcbur attestasiyadan keçirmişlər, sonra da öz ərizəsi ilə işdən azad etmişlər. Sabirabad Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Azər İsmayılov) iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı peşəsi üzrə attestasiyadan keçə bilmədikdən sonra öz istəyi ilə işdən azad olunması barədə ərizə yazmış və imza etmişdir. O, işdən çıxma ərizəsini könüllü yazmış və bununla da iddiaçı öz azad iradə ifadəsini göstərmişdir. İddia ərizəsində və məhkəmədə vermiş olduğu izahatında ona işdən çıxması ilə bağlı cavabdeh (işəgötürən) tərəfindən hədə -qorxu gəlinməsi və basqılar edildiyini bildirsə də, bu halları təsdiq edən hər hansı bir mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 3-cü, 68.2-ci, 69.3-cü, 69.5-ci, 69.7-ci, 83-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarını pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamışdır. Ərizə verdikdən bir neçə gün sonra ərizənin etibarsızlığı barədə ikinci ərizə vermişdir və həmin vaxtdan da bu günkü günə kimi məhkəmələrdədir. Məhkəmə qeyd edir ki, təzyiq edilməsi barədə əsaslı sübut təqdim edə bilməmişdir. Rəhbərliyin ərizəni məcbur yazdırması bardə görüntü və ya səs yazısı təqdim etməsi mümkün deyil. Lakin iş materiallarının özündən də müəyyən etmək olar ki, təzyiq nəticəsində işdən azad olunma barədə ərizə vermişdir. Birincisi elə müsabiqənin özü qanunsuz keçirilmişdir. Belə ki, müsabiqə yalnız onun üçün təşkil edilmiş, imtahanda ondan başqa heç kim iştirak etməmişdir. Verilən suallar da onun sahəsinə aid olmamışdır. Ərizə # #### 2025-ci il tarixdə alınmış, lakin əmr 4 iyulda verilmişdir. Halbuki, 4 iyulda imtahanda iştirak etmək üçün Bakı şəhərinə getmiş və axşam radələrində evə qayıtmışdır. Necə ola bilər ki, həmin tarixdə ərizə təqdim etmiş və elə həmin tarixdə də barəsində əmr verilmişdir. Bütün bu hadisələr belə çıxır ki, gecə vaxtı baş vermişdir. Bundan başqa, Elmurad işdən çıxmaq barədə ərizə almaq üçün dəfələrlə zəng vurmuşdur. Lakin ərizəni yazandan sonra bir dəfə də zəng vurmamışdır. Bu özü onu sübut edir ki, Elmurad təzyiq edərək öz məqsədinə nail olmaq üçün, yəni işdən azad olunması üçün bütün imkanlardan istifadə etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, # #### 2025-ci il tarixində məktəbin direktor vəzifəsini icra edən nümayəndə1 tərəfindən ondan işdən çıxma barədə ərizə yazması təklif edilmişdir. Lakin həmin ərizədə tarix kimi # #### 2025-ci il tarixinin qeyd edilməsini bildirmişdir. İkinci dəfə keçirilmiş imtahanda 22 bal toplamışdır. İmtahan üzrə maksimum bal 70 olmuşdur. Xocalı rayonundan məcburi köçkündür və himayəsində 83 yaşlı anası vardır. Bu hallar, həmçinin ailə və sosial vəziyyəti nəzərə alınaraq, işə bərpa olunması ilə bağlı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirdi ki, attestasiyadan keçməyən işçilərlə bağlı müvafiq protokol mövcuddur. Həmin protokola əsasən attestasiyadan keçməyən işçilərin əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilməsi nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işçinin tutduğu vəzifəyə uyğun gəlməməsi müəyyən edildikdə əmək müqaviləsinə xitam verilə bilər. İddiaçıya attestasiyadan keçmədiyi halda, öz ərizəsi ilə işdən çıxması barədə yalnız təklif edilmiş və sonuncunun buna reaksiyası normal olmuşdur. İddiaçı ərizəni yazdığı zaman otaqda tək olmuşdur. Birlikdə işlədikləri müddət ərzində iddiaçı ilə aralarında hər hansı mübahisə və ya problem olmamışdır. Həmçinin iddiaçıya ikinci dəfə attestasiya imtahanında iştirak etmək imkanı verilmişdir. İkinci dəfə keçirilən attestasiya imtahanında keçid balı 70 baldan 35 bal olduğu halda, iddiaçı 22 bal toplamışdır. Bu nəticə ilə o, müəyyən edilmiş keçid balını toplaya bilməmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 387.1-ci maddəsinin tələbinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində qətnamənin qanuniliyinin tam olaraq yoxlanılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işə götürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. ƏM-in 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətini (xüsusi notarius, vəkillik və mediator fəaliyyətini) həyata keçirən vergi ödəyicisi olan fiziki şəxsdir. ƏM-in 11-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. ƏM-in 14-cü maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. ƏM-in 42-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. ƏM-in 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin maddənin 2-ci bəndinə görə əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməyibsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə görə əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin mübahisəsiz hallarına görə İddiaçı # #### 2025-ci il tarixdə attestasiya imtahanında iştirak etmiş, lakin imtahandan keçə bilməmişdir. Bundan sonra o, # #### 2025-ci il tarixdə ərizə ilə müraciət edərək öz xahişi əsasında əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Buna baxmayaraq, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən çıxarılma barədə əmrin ləğv edilməsini və əvvəlki vəzifəsinə bərpa olunmasını xahiş edir. O, tələbini belə əsaslandırır ki, Niyazi adına Uşaq musiqi məktəbinin rəhbərliyinin təzyiqi və hədə-qorxusu nəticəsində işdən azad olunma barədə ərizə vermişdir. Tərkib hesab edir ki, hazırkı mübahisənin predmeti işə bərpa tələbi olsa da, iddiaçının irəli sürdüyü dəlillər faktiki olaraq attestasiya imtahanının nəticələrinin düzgünlüyünün mübahisələndirilməsinə və bundan sonra təzyiq altında onun ərizə yazmağa məcbur edilməsinə yönəlmişdir. Belə olan halda, səlahiyyətli inzibati orqan tərəfindən imtahanın nəticələrinin etibarsız hesab edilməsi və hazırkı iş üçün əhəmiyyət kəsb edən digər hallar barədə müvafiq qərar qəbul edilmədən, həmin halların hazırda araşdırılması və onlara hüquqi qiymət verilməsi mümkün deyildir. Eyni zamanda, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni təzyiq və hədə-qorxu altında yazması barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, ərizənin işçinin həqiqi və sərbəst iradəsini ifadə edib-etməməsi müstəqil hüquqi əhəmiyyət kəsb edən məsələdir. İşçi tərəfindən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin təqdim edilməsi əmək münasibətlərinə xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş hüquqi əsaslardan biridir. Bununla belə, belə ərizənin təzyiq, məcburiyyət, hədə-qorxu və ya işçinin iradə azadlığını aradan qaldıran digər halların təsiri altında verildiyi sübuta yetirildiyi halda, ərizənin işçinin həqiqi iradəsini əks etdirmədiyi nəticəsinə gəlinə bilər. İş materiallarından aşkar olunur ki, iddiaçı # #### 2025ci il tarixdə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə təqdim etmişdir. Əmək qanunvericiliyinin tələblərinə görə əmək münasibətləri tərəflərin sərbəst iradəsinə əsaslanır və işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə vermək hüququna malikdir. İddiaçının öz iradəsini sərbəst şəkildə ifadə edərək əmək müqaviləsinə xitam verilməsi barədə ərizə təqdim etməsi onun bu hüquqdan könüllü istifadə etdiyini göstərir. İş materiallarında həmin ərizənin hər hansı təzyiq, məcburiyyət və ya iradəni istisna edən digər halların təsiri altında verildiyini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Bu baxımdan, iddiaçının sonradan işdən çıxarılma əmrinin ləğvini və işə bərpa olunmasını tələb etməsi, təkcə ərizənin hədə qorxu və təzyiq altında yazılması, habelə imtahan nəticələri ilə bağlı irəli sürdüyü sübut edilməyən dəlillər onun öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə ifadə etdiyi iradənin hüquqi nəticələrini aradan qaldırmaq üçün kifayət etmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə tərkibi yuxarıda qeyd olunanlara əsasən yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi hazırkı nəticə qanuni və əsaslıdır. Buna görə də, apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Beləliklə, məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-968/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-968/2026
08.09.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver