Məhkəmə qərarları › İş №2(5-101)-1498/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(5-101)-1498/2026

19.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-101)-1498/2026 19.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəmənin hakimi Süleymanov Cavid Loğman oğlu, Ərizəçi tərəfindən verilmiş “ölüm faktının müəyyən edilməsi”nə dair (maraqlı şəxs 5 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi) ərizə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair (maraqlı şəxs 5 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi) ərizə ilə məhkəməyə müraciət edərək, əri X1 xx.xx.2026-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıda göstərilən tələbləri pozulduğundan ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2026-cı il tarixdə vəfat etdiyini bildirdiyi əri X1 ölümünün qeydə alınması ilə bağlı ərizə ilə 5 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etmiş, onun müraciətinə cavab olaraq bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X1 ölümünün qeydə alınması mümkün olmamışdır. Lakin ərizəyə Ərizəçi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə alınması üçün aidiyyəti tibb müəssisəsinə müraciət edildiyini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. (“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı, 9.2-ci bənd). Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl ərinin ölümü haqqında tibbi şəhadətnaməni almaq üçün aidiyyəti tibb müəssisəsinə müraciət etməli, yalnız həmin müəssisə tərəfindən müvafiq şəhadətnamənin verilməsindən imtina olunarsa, məhkəməyə müvafiq faktın təsdiq edilməsi ilə bağlı ərizə ilə müraciət etməli idi. Bu baxımdan hazırkı ərizə bu qaydaya riayət edilmədən məhkəməyə təqdim edildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. Maddə 149. İddia ərizəsinin forması və məzmunu. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat. Maddə 150. İddia ərizəsinə əlavə edilən sənədlər. 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə, eyni zamanda bu ərizə ilə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152, 305-310-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi tərəfindən verilmiş “ölüm faktının müəyyən edilməsi”nə dair (maraqlı şəxs 5 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi) ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (xx.xx.2026-cı il tarixli, **********96 nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar