Məhkəmə qərarları › İş №2(5-101)-966/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(5-101)-966/2026

23.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-101)-966/2026 23.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi olmaqla “doğum aktı qeydində ata barədə məlumatın ləğv edilməsi”nə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Müəyyən etdi: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi olmaqla “doğum aktı qeydində ata barədə məlumatın ləğv edilməsi”nə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəsi geri qaytarılmalıdır. Belə ki, ərizəyə tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Eyni zamanda ərizənin forma və məzmununa riayət edilməmiş, iddia icraatı qaydasında məhkəməyə müraciət edilməmiş, X1 və X2 cavabdeh qismində cəlb edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.5-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn digər mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Həmin Qanunun 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edildiyindən tərəflər ilk öncə mediasiya prosesində iştirak etməlidirlər. Tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələbinə riayət edilməsinə dair sənəd ərizəyə əlavə edilmədiyindən, ərizənin müəyyən olunmuş forma və məzmununa riayət edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə ilk növbədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesində iştirak etmək vəzifəsi izah edilməlidir. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən qeyd edir ki, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi olmaqla “doğum aktı qeydində ata barədə məlumatın ləğv edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçi tərəfindən ödənilmiş 100 manat (qəbzin nömrəsi **********75) məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar