Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-102)-60/2026 06.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdeh “Azneft” İB-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “Azneft” İB-nin Dalğıc Xidmətinə qarşı (“Azneft” İB birgə cavabdeh qismində cəlb edilməklə) əmrin ləğv edilməsi və işə bərpa tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azneft” İB-nin Dalğıc Xidmətinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, sertifikatlaşdırılmış mütəxəssisdir, 1972-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə gənclik illərindən başlamışdır. 1996-cı ildən X6 dalğıc vəzifəsində işləmişdir. Hazırda 6 dərəcəli ixtisasa malikdir. İş rejimim vaxta sistemi ilə olmaqla 15 gün iş, 15 gün istirahət günləri üzrə qurulmuşdu. İşlədiyi müddət ərzində nizam-intizam qaydalarına onun tərəfindən tam surətdə əməl olunmuşdur, heç bir intizam cəzasına məruz qalmamışdır. Bir müddət əvvəl səhhəti ilə əlaqədar peşə xəstəliyi kimi nəzərdə tutulan qıcolmalar (epilepsiya) əlamətləri yaranmışdı. Bu hal 2025-ci ilin sentyabr ayında özünü büruzə vermişdir. Həmin vaxtdan müvafiq müayinə-müalicə prosedurları keçmişdir. Diaqnoz tam təsdiqini tapmasa da, müəyyən əlamətlər var idi və zəruri tədbirlər davam etdirilir. 2025-ci ilin dekabr ayının ikinci on günlüyündə internet şəbəkəsi vasitəsilə əldə etdiyi məlumatlardan ona məlum olmuşdu ki, “səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyi” əsası ilə 18 dekabr 1025-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi barədə məlumat əldə etmişdir. Dəfələrlə müraciətindən sonra Dalğıc Xidməti İdarəsinin barəsində olan əmrinin surəti xx.xx.2025-ci il tarixdə ona təqdim olunmuşdur. Bundan sonra onun tərəfindən Mediasiya Təşkilatına müraciət olunmuşdur. Hesab edir ki, hazırkı halda onun əmək hüquqları işəgötürən tərəfindən kobud surətdə pozulmuşdur. Onun əmək hüquqlarının pozulması özünü onda göstərir ki, əmək müqaviləmə xitam verilməsi ilə bağlı onunla heç bir danışıq aparılmamış, işəgötürənin istinad etdiyi səhiyyə müəssisəsinin rəyi ilə tanış edilməmişdir. Hesab edir ki, həmin rəy ehtimal xarakteri daşıyır və əmək müqaviləsinə həmin əsasla xitam verilə bilməz. Digər bir halda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci bəndinin "b” hissəsində nəzərdə tutulan “səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə" şərtinin onunla bağlanmış əmək müqaviləsində əlavə hal kimi müəyyən edilib-edilməməsi aydınlaşdırılmamışdır. Ona görə müqavilədə belə bir hal nəzərdə tutulmamışdır. Daha bir halda, hətta, səhhətində hər hansı ciddi bir fəsad aşkar olunmadığı halda belə, otuz ilin işçisi olaraq o, sözün kobud mənasında kənara atılmalı" deyildi. Çalışdığı "dalğıc” vəzifəsinin icrası yalnız suya baş vurmaqla məhdudlaşmır. Həmin vəzifənin bir çox yardımçı funksiyaları vardır və onun həmin işlərə cəlb olunmağı ilə bağlı tutduğu vəzifədə saxlanılmağı tamamilə mümkün idi. Həmçinin göstərir ki, hətta qeyd etdiyi fəsad tam təsdiqini tapmış olduğu halda belə, işəgötürən onu başqa bir işlə təmin etməyə borclu idi. Hesab edir ki, əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Belə ki, əmək qanunvericiliyinin göstərilən tələbləri hazırkı iş üzrə cavabdeh tərəfindən kobud surətdə pozulmuşdur. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən qanunsuzluğa yol verilmişdir. İşə bərpa barədə isə cavabdehə müraciətləri nəticəsiz qalmışdır. Bununla da onun Konstitusion hüquqları pozulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsi ilə hər kəsin əmək hüququ təsbit edilmişdir. Həmin maddənin Vİ-cı hissəsində göstərilir: "Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.Göstərilənləri nəzərə alaraq iddiaçı “Azərneft" X1 Xidməti İdarəsinin barəsində olan 18 dekabr 2025-ci il tarixli əmrinin ləğv edilməsi və onun həmin il tarixdən "Azərneft" X1 Xidməti İdarəsinin 6 dərəcəli dalğıc vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasına dair tələbini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh “Azneft” İB-nin nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, tibbi müayinədən keçirilərkən iddiaçıya qoyulmuş diaqnoz onun tutduğu vəzifədə işləməsini istisna etdiyindən və həmin diaqnozla dalğıc işləməsi qadağan edildiyindən iddiaçıya başqa iş təklif olunmuş, lakin iddiaçı həmin vəzifədə işləməkdən imtina etdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş “Azneft” İB-nin Dalğıc Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan aşağıdakı əsaslara görə rədd edilməlidir. İş üzrə “İşəgötürən” qismində “X7” Dalğıc Xidməti ilə “İşçi” qismində İddiaçı arasında bağlanmış 253/2017 nömrəli, xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı ““X7” Dalğıc Xidmətində 5-ci dərəcəli dalğıc vəzifəsinə işə qəbul edilir. Bu Əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi bağlanılan tarixdən 1 il müddətindədək bağlanılmışdır. İşçi xx.xx.2017-ci il tarixdən işə başlayır. İş üzrə “X7” Dalğıc Xidməti tərəfindən verilən sorğuya ”X3” tərəfindən xx.xx.2025-ci il tarixli 185 nömrəli cavab məktubundan görünür ki, ixtisaslı həkim müayinələrinin nəticələrinə müvafiq olaraq İddiaçı XBT10 kodu üzrə G40.4 “Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri diaqnozu qoyulmuşdur. İş üzrə “X3” tərəfindən xx.xx.2025-ci il tarixli 557 nömrəli arayışından görünür ki, xx.xx.1972-ci il təvəllüdlü pasient İddiaçı Həsənağa oğlu xx.xx.2025-ci il tarixində X2 nevroloq, EEQ, kontrastlı MRT müayinələri olunduğu, xəstəyə XBT10 üzrə G40.4 “Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri diaqnozu qoyulması, epileptik tutmaları kontrol altına alınması, epileptik status və digər növləri ağırlaşmaların qarşısını almaq üçün müalicə təyin edilməsi və dinamik müşahidəyə alınması, həmçinin pasientin diaqnozuna əsasən dalğıc işləməsi uyğun olmaması qeyd edilmişdir. İş üzrə “X3” tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tibbi-proflaktik müayinələrin nəticəsi haqqında çıxarışdan - tibbi arayışdan görünür ki, İddiaçı hal-hazırda dalğıc işləməsinə yarasızdır. İş üzrə “Günəşli” yatağı 3 saylı NQÇS-nin MDK sahəsinin 9-cu dərəcəli DİU M.Əliyev, 11-ci dərəcəli mexanik Ş.Məmmədov, 5-ci dərəcəli dalğıc briqadiri S.Alxasov, elektronçu Q.Məmmədov 5-ci dərəcəli dalğıc R.Ağazadə, 5-ci dərəcəli dalğıc N.Xəlilov, 4-cü dərəcəli dalğıc Z.Nəbiyev, çilingər C.Quliyev və dalğıc həkimi A.Ağayev tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, MDK sahəsinin 9-cu dərəcəli DİU Əliyev Murad, 11-ci dərəcəli mexaniki Məmmədov Şəhriyar, dalğıc briqadiri 5-ci dərəcəli dalğıc Alxasov Seymur, 5-ci dərəcəli Ağazadə Rasif, 5-ci dərəcəli dalğıc Xəlilov Nizami, 4-cı dərəcəli dalğıc Nəbiyev Zahid, elektronçu Məmmədov Qürbət, çilingər Quliyev Cavid və dalğıc həkimi Ağayev Azad bu aktı etmişik ondan ötrü ki, həqiqətən də xx.xx.2025-ci il tarixdə səhər saatlarında 6-cı dərəcəli dalğıc İddiaçı əhvalı pisləşmiş, ürəkbulanma, qaytarma və ümumi narahatlıq halları meydana çıxması, özülün tibb məntəqəsinə məlumat verilmişdir, özülün həkimi xəstəni ambulator müayinə edilməsi, ilk yardım göstərilməsi, Xəstənin əhvalı yaxşılaşmasını, həkim nəzarətində saxlanıldığı, həmçinin, xx.xx.2025-ci il tarixdə saat 21.13də 6-cı dərəcəli dalğıc İddiaçı siqaret çəkmək üçün nəzərdə tutulmuş yerdə halı pisləşməsi, rəngi avazımış olması, qısamüddətli özündən getməsi, özülün həkimi xəstəni müayinə etmiş və ilk yardım göstərilməsi, ilk yardım zamanı xəstə özünə gəlməsi və əhvalı yaxşılaşması qeyd edilmişdir. İş üzrə “Azneft” İB-nin Dalğıc Xidmətinin baş mühəndisi ƏMTT üzrə müavini şöbə rəisi B.N.Babayev, personalın uçotu şöbəsinin rəisi A.V.İsmayılova, böyük hüquq məsləhətçisi Y.B.Əyyubov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixində personalın uçotu şöbəsində Mobil dalğıc kompleksi sahəsinin 6-cı dərəcəli dalğıcı İddiaçı xx.xx.2025-ci il tarixində “X4” tərəfindən verilmiş 185 nömrəli məktub və 557 nömrəli tibbi arayış əsasında ona təyin edilmiş “Generalizə olunmuş epilepsiyanın epileptik sindromların digər növləri” diaqnozuna uyğun olaraq dalğıc işlərinə yararsız hesab olunması nəzərə çatdırılmış və ona daha yüngül iş – X5-texniki təchizat şöbəsində “takelajçı” peşəsində işləmək təklif edilmiş, lakin İddiaçı təklif edilən işdən və aktı imzalamaqdan qətiyyətlə imtina etmişdir. İş üzrə 14-2-1-11/3-1K-61/2025 saylı xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə AR ƏMək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmiş, xitamın əsası kimi – səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq peşədə çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyi (tibbi arayış) göstərilmişdir. İş üzrə Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2026-cı il tarixli, MŞB/10/2025-00754 saylı arayışın surətindən görünür ki, İddiaçı əmrin mübahisələndirilməsi barədə tələbə dair mübahisəsi üzrə xx.xx.2026-cı il tarixdə saat 15.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında “Azneft İB” Dalğıc Xidmətinin nümayəndəsi iştirak etməmişdir. İMS üçün ərizənin tarixi – xx.xx.2025-ci il tarixi göstərilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə “Azneft İB” Dalğıc Xidmətində 5-ci dərəcəli dalğıc vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanılmış müddətli əmək müqaviləsi 1 il müddətinə bağlanılmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixədək həmin təşkilatda dalğıc vəzifəsində işləmiş və ixtisas dərəcəsi 06 olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, “Azneft” İB-nin Dalğıc Xidmətinin 14-2-1- 11/3-1K-61/2025 saylı xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə AR ƏMək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Xitamın əsası kimi – səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq peşədə çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyi (tibbi arayış) göstərilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun əmək hüquqları işəgötürən tərəfindən kobud surətdə pozulmuşdur. Onun əmək hüquqlarının pozulması özünü onda göstərir ki, əmək müqaviləmə xitam verilməsi ilə bağlı onunla heç bir danışıq aparılmamış, işəgötürənin istinad etdiyi səhiyyə müəssisəsinin rəyi ilə tanış edilməmişdir. Hesab edir ki, həmin rəy ehtimal xarakteri daşıyır və əmək müqaviləsinə həmin əsasla xitam verilə bilməz. Digər bir halda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci bəndinin "b” hissəsində nəzərdə tutulan “səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə" şərtinin onunla bağlanmış əmək müqaviləsində əlavə hal kimi müəyyən edilib-edilməməsi aydınlaşdırılmamışdır. Ona görə müqavilədə belə bir hal nəzərdə tutulmamışdır. Daha bir halda, hətta, səhhətində hər hansı ciddi bir fəsad aşkar olunmadığı halda belə, otuz ilin işçisi olaraq o, sözün kobud mənasında kənara atılmalı" deyildi. Çalışdığı "dalğıc” vəzifəsinin icrası yalnız suya baş vurmaqla məhdudlaşmır. Həmin vəzifənin bir çox yardımçı funksiyaları vardır və onun həmin işlərə cəlb olunmağı ilə bağlı tutduğu vəzifədə saxlanılmağı tamamilə mümkün idi. Həmçinin göstərir ki, hətta qeyd etdiyi fəsad tam təsdiqini tapmış olduğu halda belə, işəgötürən onu başqa bir işlə təmin etməyə borclu idi. Hesab edir ki, əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Belə ki, əmək qanunvericiliyinin göstərilən tələbləri hazırkı iş üzrə cavabdeh tərəfindən kobud surətdə pozulmuşdur. Göstərilənləri nəzərə alaraq “Azərneft" X1 Xidməti İdarəsinin barəsində olan 18 dekabr 2015-ci il tarixli əmrinin ləğv edilməsi və onun həmin il tarixdən "Azərneft" X1 Xidməti İdarəsinin 6 dərəcəli dalğıc vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki tələb üzrə cavabdehlik daşıyan şəxs kimi yalnız birgə cavabdeh qismində cəlb edilmiş “Azneft” İB qəbul edilməlidir. Çünki iddiaçının cavabdeh qismində qeyd etdiyi “Azneft İB” Dalğıc Xidməti hüquqi şəxs deyil və hazırkı tələbə qarşı subyektiv cavabdehlik daşıyan şəxs kimi qəbul edilə bilməz. Məhkəmə iddiaçının işdən azad olunma əmrinin ləğv edilməsi və onun işə bərpa olunması tələbi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyibişləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnun olması, həmçinin Əmək Məcəlləsinin preambulasında nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında iddiaçının “Azneft” İB –nın Dalğıc Xidmətinində dalğıc vəzifəsinə qəbul edilməsi ilə əlaqədar yazılı formada tərtib edilmiş əmək müqaviləsi bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. AR Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyi olduqda əmək müqaviləsinə xitam verilir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin bağlanması şərtləri AR Əmək Məcəlləsinin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarda müəyyən edilmiş əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalıdır. İşçinin əmək şəraiti normal, ağır, zərərli və təhlükəli ola bilər. Təhlükəli əmək şəraiti istehsalat amillərinin iş növbəsi ərzində təsiri həyat üçün təhlükə, kəskin peşə zədələnmələrinin formalarının yaranmasının yüksək riskini yaradan səviyyələri ilə xarakterizə olunan əmək şəraitidir. İşin faktiki halı ondan ibarətdir ki, iddiaçı təhlükəli əmək şəraiti kimi xarakterizə olunan işdə, yəni dalğıc vəzifəsində işləmişdir ki, həmin işdə işçinin işləməsinin qanuni əsası kimi işçinin tam sağlam olması nəzərə alınmalıdır. Ona görə də işə götürən tərəfindən mütəmadi olaraq həmin vəzifədə işləyən işçilər sağlamlığı ilə bağlı həkim komissiyasında keçirilir və onların rəyi əsasında işçinin həmin vəzifədə işinin davam etdirmə mümkünlüyü müəyyən edilir. İddiaçı növbəti tibbi komissiyadan keçərkən ona “Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri” diaqnozu qoyularaq həmin xəstəliklə onun dalğıc vəzifəsində işləməsinin istisna edilməsi və həmin vəzifədə işləməsinə uyğun olmaması nəticəsinə gəlinmişdir. Bu səbəbdən işə götürən tərəfindən iddiaçıya bununla əlaqədar məlumat verilmiş və ona həmin müəssisədə yüngül iş olan maddi texniki təchizat şöbəsidə “takelajçı” peşəsində işləmək təklif edilmişdir. Lakin iddiaçı həmin təklif edilən işdən imtina etmişdir, bununla bağlı müvafiq akt tərtib edilmişdir. Bu səbəbdən məhkəmə iddiaçının işə götürən tərəfindən onun digər işlə təmin edilməməsi barədə tədbir görməməsinə dair dəlillərini əsaslı hesab etmir. Yuxarıda qeyd edildiyi kimi işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinin mövcudluğu işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının dalğıc vəzifəsində işləməsinin davam etməsinin onun səhhətində yaranmış xəstəliklə əlaqədar mümkün olmaması tibbi rəylə təsdiq olunduğundan, iddiaçı isə ona təklif olunan yüngül işdə işləməkdən imtina etdiyindən işəgötürən təşkilat Qanunun yuxarıda göstərilən tələbləri baxımından əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən cavabdeh təşkilatla iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən, iddiaçının onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur və bu səbəbdən onun ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri - 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh “Azneft” İB-nin Dalğıc Xidmətinə qarşı (“Azneft” İB birgə cavabdeh qismində cəlb edilməklə) “Azneft” İB-nin Dalğıc Xidmətinin xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi və onun həmin tarixdən “Azneft” İB-nin Dalğıc Xidmətinin 6-cı dərəcəli dalğıc vəzifəsinə bərpa edilməsi barədə tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(5-102)-60/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(5-102)-60/2026
06.03.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver