Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-103)-394/2026 28.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Məmmədov Məmməd Əhməd oğlu, Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi barəsində doğum faktının müəyyən edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsinin əsaslandırıcı hissəsində qeyd olunur ki, ərizəçi 2026-cı ilin yanvar ayında doğum haqqında şəhadətnaməsini itirmiş və yeni şəhadətnamə əldə etmək üçün qeydiyyat şöbəsinə müraciət etdikdə onun barəsində olan doğum akt qeydində soyadının “Əsgərzadə” əvəzinə “Fətillayeva” kimi qeyd edilməsini öyrənmişdir. Ərizənin mahiyyətindən ehtimal olunur ki, ərizəçi Cəbrayıl rayon qeydiyyat şöbəsi tərəfindən onun barəsində aparılmış doğum akt qeydinin düzəldilməsini istəyir. Məhkəmə qeyd edir ki, inzibati orqanların publik səlahiyyətləri ilə bağlı fiziki və hüquqi şəxslər arasında yaranan münasibətlər inzibati münasibətlərdir. Ərizəçi mülki iddia qaydasında deyil, inzibati icraat qaydasında müvafiq inzibati məhkəməyə müraciət etməklə tələbinə baxılmasına nail ola bilər. Belə ki, tərəflər arasındakı münasibətlər vətəndaş ilə dövlət arasında olan publik hüquq münasibətləri hesab edildiyindən və ərizədə qeyd olunan mübahisə predmeti inzibati orqanın publik (hakimiyyət xarakterli) fəaliyyətinin nəticəsi olduğundan inzibati orqanın hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı iddia mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında qaldırılmalıdır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 iyul 2021-ci il tarixli, 363-VİQD nömrəli Azərbaycan Respublikası qanununun 1.104-cü bəndinə əsasən Mülki Prosessual Məcəllədə xüsusi icraat qaydasında baxılan işlərin siyahısından 305.1.7-ci bənd (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında) ləğv edilməklə çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarında qeyd edildiyi kimi, ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırkı müraciətinə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat qaydasında inzibati məhkəmədə baxılmalıdır. Odur ki, ərizənin icraata qəbulundan imtina edilməli, inzibati orqanın hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı iddianın inzibati prosessual hüquq normaları çərçivəsində aidiyyatı inzibati məhkəmədə qaldırılması hüququ ərizəçiyə izah olunmalıdır. Həmçinin iş materiallarından məlum olur ki, ərizəçi tərəfindən dövlət rüsumu ödənilməmişdir. Buna görə də rüsumun geri qaytarılması mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin tələblərinə əsasən, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ərizəyə əlavə olunmuş bütün sənədlər ərizə ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153 və 267-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və ona əlavə edilmiş sənədlərə birlikdə iddiaçıya geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizədə göstərilənlərlə bağlı aidiyyəti inzibati orqana müraciət edə, həmin orqan müraciətinin təmin edilməsindən imtina edərsə, həmin imtinanı məhkəmədə inzibati icraat qaydasında mübahisələndirə bilər. Ərizəçiyə izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən mülki məhkəmə icraatı qaydasında iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(5-103)-394/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(5-103)-394/2026
28.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver