Məhkəmə qərarları › İş №2(5-107)-332/2026

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(5-107)-332/2026

06.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(5-107)-332/2026 06.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu, Ərizəçi (maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsi) qətnamədə yol verilən texniki səhvin aradan qaldırılması barədə ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmənin binasında mülki işin materiallarını məhkəmə iclasından kənar nəzərdən keçirib, m ü ə y y ə n e t d i: Ərizəçi (maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsi) ərizə ilə məhkəməyə müraciət edərək, 1982-ci il tarixli “Boşanma haqqında” çıxarılmış qətnamədə olan texniki səhvin aradan qaldırılaraq adının “X1” qızı kimi yox, “Ərizəçi” qızı kimi dəyişdirilərək düzəliş olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi icraata qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən ərizə ərizəçinin və maraqlı şəxsi göstərilməklə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi kimi qeydə alınmışdır. Lakin ərizədən aydın olur ki, 1982-ci ildə çıxarılmış nikahın pozulması haqqında qətnamədə yol verilən texniki səhvin aradan qaldırılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 228.2-ci maddəsinə görə hakim işdə iştirak edən şəxslərə xəbər verməklə öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, qeyd olunan ərizəyə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi kimi Ağdam Rayon Məhkəməsində baxılması mümkün deyildir. Bundan əlavə məhkəmə qeyd edir ki, 1982-ci ildə çıxarılmış nikahın pozulması haqqında qətnamənin (ərizədə qətnamənin nömrəsi və dəqiq tarixi göstərilməmişdir) Ağdam Rayon Məhkəməsinə aidiyyəti olmasını, yəni həmin qətnamənin Ağdam Rayon Məhkəməsində çıxarılmasını təsdiq edən heç bir sənəd, o cümlədən həmin qətnamənin sürəti ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddianın yolverilməzliyinə görə qeyd olunan iddia ərizəsi icraata qəbul edilməməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı: Ərizəçi 1982-ci il tarixli “Boşanma haqqında” çıxarılmış qətnamədə olan texniki səhvin aradan qaldırılaraq adının “X1” qızı kimi yox, “Ərizəçi” qızı kimi dəyişdirilərək düzəliş olunması barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin . Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar