Məhkəmə qərarları › İş №2(5-113)-186/2026

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(5-113)-186/2026

10.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(5-113)-186/2026 10.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi İslamov Tamerlan Cəlil oğlu, Ərizəçi üçüncü şəxs Beyləqan rayon 1 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Ərizəçi üçüncü şəxs Beyləqan rayon 1 saylı Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış, Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən 0,127 ha həyətyanı torpaq sahəsinə mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi məhkəmədən xahiş edilsə də, ərizə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna riayət edilmədən tərtib edilmişdir. Belə ki, ərizəçi tərəfindən mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi barədə tələb iddia icraat qaydasında verilməli olduğu halda, Ərizəçi özünü ərizəçi, Beyləqan rayon 1 saylı Notariat Ofisini isə üçüncü şəxs olaraq qeyd edərək, iddia ərizəsi ilə deyil, ərizə ilə məhkəməyə müraciət etmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilmiş normaları nəzərə alaraq, hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Həmçinin məhkəmənin xx.xx.2026-cı il tarixli, 2(5-113)-84/2026 nömrəli qərardadı ilə Ərizəçi üçüncü şəxs Beyləqan rayon 1 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmış və həmin qərardadda eyni nöqsanlar qeyd edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, qərara aldım: Ərizəçi üçüncü şəxs Beyləqan rayon 1 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən, ümumi qaydada müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Tamerlan İslamov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar