Məhkəmə qərarları › İş №2(5-114)-656/2026

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(5-114)-656/2026

13.03.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(5-114)-656/2026 13.03.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan və Bakı şəhərində yerləşən məktəblərin birində ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməsi, işə bərpa edilənədək məcburi iş buraxmağına görə olan müddət üçün kompensasiyasının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbulundan imtina olunmalıdır. İddia ərizəsinin yolverilməzliyindən bəhs edən Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)- 4171/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-29-69/3-2-13F/2024 nömrəli əmri İddiaçı hissəsində və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X2 Regional Təhsil İdarəsi Ağdam rayon 71 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 37 nömrəli əmri ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə, yəni Ağdam rayon 71 nömrəli tam orta məktəbin sinif müəllimi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 Regional Təhsil İdarəsina qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbi barədə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R V E R D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar