Məhkəmə qərarları › İş №2(5-115)-141/2026

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(5-115)-141/2026

29.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(5-115)-141/2026 29.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aytəkin Güləli qızı, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Lənkəran regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsi cəlb edilməklə) “faktın müəyyən edilməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Lənkəran regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsi cəlb edilməklə) “faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə qeyd edilmişdir ki, Rusiya Federasiyası istehsalı, blok və rama nömrəsi 043024 olan “İj Planet-5” markalı qırmızı rəngli, nömrəsiz motosiklet ərizəçinin istifadəsindədir. Həmin motosikletə dair hər hansı sənədlər mövcud olmadığından X1nin əməkdaşları tərəfindən onun barəsində inzibati protokollar tərtib edilir. Bu səbəbdən, Ərizəçi nəqliyyat vasitəsinin onun istifadəsində olması faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, müvafiq sənədlər geri qaytarılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarınin əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli 3 nömrəli Qərarının: 1.6-cı bəndinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1.2-ci bəndinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. 8.2-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məblğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. İşə baxan məhkəmənin mövqeyi: Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ərizəçi (maraqlı şəxs DİN-in BDYP-nin Lənkəran regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsi cəlb edilməklə) “faktın müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər aşağıdakı səbəblərdən geri qaytartılmalıdır:

1. Ərizədə lazımi sənədləri ərizəçinin ala bilməməsini təsdiq edən sübutlar göstərilməmiş və həmin sübutlar ərizəyə əlavə edilməmişdir;

2. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməmişdir;

3. Ərizəçi tərəfindən əşyanın istifadədə olma faktınının qeydə alınmasından imtina edilməsini təsdiq edən hər hansı sənəd (məsələn: maraqlı şəxs DİN-in BDYP-nin Lənkəran regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinin müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) ərizəyə əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə və ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılmalı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinə əsasən ərizəçiyə qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Lənkəran regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsi cəlb edilməklə) “faktın müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizə verilərkən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM: Aytəkin Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar