Məhkəmə qərarları › İş №2(5-117)-36/2026

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(5-117)-36/2026

09.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(5-117)-36/2026 09.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlu, İddiaçı Cavabdeh qarşı Cəlilabad şəhər, M.Hadi küçəsində yerləşən döngə 6, ev 2-də olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,1770 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu tanıdan müvafiq məhkəmə qətnaməsini qəbul edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad şəhər, M.Hadi küçəsində yerləşən döngə 6, ev 2-də olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,1770 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu tanıdan müvafiq məhkəmə qətnaməsini qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, İddiaçı iddia ərizəsində Cəlilabad şəhər, M.Hadi küçəsində yerləşən döngə 6, ev 2-də olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,1770 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu tanıdılmasını xahiş etmişdir, lakin, həmin iddia predmeti üzrə tələb, yəni torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsi qanunvericiliklə müəyyən edilmiş inzibati orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə aiddir. Ona görə də iddia tələbi üzrə mübahisə fiziki şəxslə inzibati orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi arasındaki inzibati icraatda baxılan inzibati mübahisədir və inzibati məhkəmədə baxılan tələbdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan mübahisələrdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi iddiaçının tələbində göstərdiyi torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulması inzibati orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin vəzifələrinə aiddir və hazrki mübahisənin kökündə inzibati mübahisə mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəsinin qəbulundan, iddianın yol verilməzliyinə görə imtina edilməli və iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İddiaçı Cavabdeh qarşı Cəlilabad şəhər, M.Hadi küçəsində yerləşən döngə 6, ev 2də olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,1770 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu tanıdan müvafiq məhkəmə qətnaməsini qəbul edilməsi tələbinə dair ərizəsinin qəbulundan, iddianın yol verilməzliyinə görə imtina edilsin. İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar