Məhkəmə qərarları › İş №2(5-121)-498/2026

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(5-121)-498/2026

06.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(5-121)-498/2026 06.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, hakim X1, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı tərərflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş Aysun, xx.xx.2014-cü il tarixdə doğulmuş Zəhra və xx.xx.2016-cı il tarixdə doğulmuş Əli adlı yetkinlik yaşına çatmayan uşalarının onun himayəsinə verilməsi və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 300 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb, iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi cavabdehin yaşayış yeri üzrə məhkəməyə verilməli olduğu halda Gəncə Şəhər Məhkəməsinə verilmiş, bundan başqa, iddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənildiyi barədə sənəd də əlavə etməmişdir. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə əldə edilmiş məlumatlardan və iş materiallarından müəyyən olunur ki, hazırki işdə cavabdeh olan Cavabdeh yaşayış yeri üzrə Göygöl rayonu, Hacıməlik qəsəbə Ə/D, Haciməlik Qəsəbəsi ünvanında qeydiyyatdadır və iddia tələbində iddiaçı yalnız alimentin deyil, həm də uşaqların iddiaçının himayəsinə verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, həmin tələbə cavabdehin yaşayış yeri üzrə məhkəmədə baxılmalıdır. Bundan başqa, iddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənildiyi barədə sənəd də əlavə etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi hissədə dövlət rüsumunu ödəməkdən azad edilmiş olsa da, iddiaçının uşaqlarının onun himayəsinə verilməsinə dair də iddia tələbi olduğundan və həmin tələb üzrə dövlət rüsumu ödənilməli olduğundan ərizə həm də bu səbəbdən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.5-ci maddəsinə əsasən, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi müəyyən edilir. Həmin Məcəllənin 152.1.3-cü və 152.1.5-ci maddələrinə əsasən, əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, həmçinin müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırılmaqla, cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd edilən nöqsanlar aradan qaldırılmaqla, yenidən iddia ərizəsi ilə cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət edə bilər. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar