Məhkəmə qərarları › İş №2(5-123)-202/2026

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(5-123)-202/2026

03.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(5-123)-202/2026 03.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, İddiaçı iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəlləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastırı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı ona məxsus 0,89 ha torpaq sahəsində aparılmış ölçmə işlərinin qanunsuz hesab edilməsini, torpaq sahəsinin yenidən, yerində və obyektiv ölçülməsi öhdəliyin cavabdehin üzərinə qoyulması, ölçmə zamanı yol verilmiş sürüşdürmə və texniki səhvlərin aradan qaldırılmasını, torpaq sahəsinin əvvəlki faktiki və hüquqi sərhədlərinin bərpa olunmasını, dəqiqləşdirilmiş ölçülərə əsasən çıxarışın yenidən verilməsi və məhkəmə xərclərinin cavabdeh tərəfindən ödənilməsi tələbinə dair iddia ərizəsi Göyçay Rayon Məhkəməsinə xx.xx.2026-cı il tarixdə daxil olmuşdur. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 3.2-ci bəndinə görə inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin qərarın 7.1-ci bəndinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 16.1-ci bəndinə görə inzibati mübahisə hüquqi təbiətinə görə mülki mübahisələrdən fərqli olduğundan mülki tələblər inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla,inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla heç bir halda birləşdirilə və onlara birgə baxıla bilməz. Həmin qərarın 15.4-cü bəndinə görə inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2,153.2.1-ci maddələrinə əsasən,ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0,261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq belə bir nəticəyə gəlirəm ki, İddiaçı inzibati orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəlləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastırı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı mübahisə qaldırdığından və tərəflər arasındakı münasibətlər ümumi (publik) hüququn nizamasalma predmetinə aid olduğundan, iddia ərizəsinə mülki icraat qaydasında məhkəmədə baxılmalı olmadığından ərizənin qəbul olunmasından imtina edilməli, İddiaçı inzibati orqana müraciət etmək,müraciəti təmin olunmadığı halda Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263,264,268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb Göyçay Rayon Məhkəməsi qərara aldı: İddiaçı iddia ərizəsini iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilsin. İddiaçıya izah olunsun ki, Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar