Məhkəmə qərarları › İş №2(5-123)-52/2026

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(5-123)-52/2026

13.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(5-123)-52/2026 13.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlu Ərizəçi ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi xüsusi icraat qaydasında Göyçay Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək faktiki sahibliyində olan, BDYP Avtonəqliyyat vasitələrinin axtarışı şöbəsi tərəfindən üzərinə məhdudiyyət qoyulmuş “Hyundai İ30” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən məhdudiyyətin götürülməsini və həmin nəqliyyat vasitəsini onun mülkiyyətinə keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 108.1.3-cü maddəsinə əsasən mülki məhkəmə icraatında xüsusi icraat qaydasında baxılan işlər ürə ərizə verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısına daxildir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəməyə daxil olmuş Ərizəçi xüsusi icraat qaydasında ərizəsi və əlavə edilmiş sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəçi məhkəməyə mürəciət etməmişdən öncə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu ödəməmişdir. Bu səbəbdən də Ərizəçi ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “X4” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilməlidir. Eləcə də, həmin Qanunun 9-cu maddəsində məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri qeyd edilmişdir. Həmin maddədə göstərilmiş halların heç biri Ərizəçi şamil edilmədiyi üçün o, ərizə ilə məhkəməyə müraciət etməmişdən öncə dövlət rüsumunu ödəməli idi. Ərizəçi ərizəsi və əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçinin üzərindən məhdudiyyətin götürülməsini və mülkiyyətinə keçirilməsini xahiş etdiyi “Hyundai İ30” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil onun faktiki sahibliyində olsa da, mülkiyyət hüququ ilə ona məxsus deyil. İş materiallarına əlavə edilmiş və hal-hazırda qüvvədən düşmüş xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, həmin nəqliyyat vasitəsi xx.xx.1967-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X2 mülkiyyətində olmuşdur. Ərizəçi isə həmin nəqliyyat vasitəsini sərəncam vermək hüququ üzrə etibarnaməyə malik olmuş X1 16700 manat məbləğində ödəniş etməklə əldə etmişdir. Daha sonra isə hər iki şəxsin nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamələri mülkiyyətçi Elçin Rəsulov tərəfindən ləğv edilmişdir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-666/2025 nömrəli hökmündə “Hyundai İ30” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin iş üzrə maddi sübut qismində tanınması və faktiki sahibinin saxlancında olması qeyd edilmiş, Ərizəçi isə həmin iş üzrə zərərçəkmiş qismində tanınmışdır. Ərizəçi ərizəsi və əlavə edilmiş sənədlərdən göründüyü kimi ərizəçinin üzərindən məhdudiyyətin götürülməsini və mülkiyyətinə keçirilməsini xahiş etdiyi “Hyundai İ30” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil onun faktiki sahibliyində olsa da o həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi deyil. Azərbaycan Respublikası MPM-nin 305-ci maddəsində məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin növləri göstərilmişdir. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilirsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Ərizəçi tərəfindən xüsusi icraat qaydasında məhkəməyə təqdim edilmiş ərizənin və əlavə edilmiş sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəçinin üzərindən məhdudiyyətin götürülməsini və mülkiyyətinə keçirilməsini xahiş etdiyi “Hyundai İ30” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində deyil və bu hal da gələcəkdə məhkəmədə hüquq haqqında mübahisənin yarana biləcəyini göstərir. Odur ki, qanunla müəyyən edimiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsindən sonra təkrar məhkəməyə müraciət edilən zaman xüsusi icraat qaydasında deyil, ümumi əsaslarla iddia icraatı qaydasında ərizə verməsi Ərizəçi izah edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu ödədikdən sonra iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilməyi izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 108.1.3, 150.1.2, 152.1.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R V E R D İ: Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu ödədikdən sonra iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar