Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(5-124)-44/2026 14.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zaminliyin ləğv olunması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zaminliyin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, borcalan Cavabdeh1 ilə “borcverən” “X2” Açıq Səhmdar Cəmiyyəti aralarında bağlanmış 504micKPZ/24 nömrəli, 24 may 2024-cü il tarixli kredit müqaviləsi üzrə zaminliyin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o İddiaçı (şəxsiyyət vəsiqə № AZE 0*******, Fin kod:xxxxxxx, telefon 055 *** ** ** borcalan Cavabdeh1 ilə “X1” Açıq Səhmdar Cəmiyyəti ilə 504micKPZ/24 nönmrəli, 24 may 2024-cü il tarixli, kredit müqaviləsi üzrə zamin olmuşdur. Həmin zaminlik müqaviləsi bağlayarkən borcalan Cavabdeh1 atası onunla birlikdə işləyən iş yoldaşı Cavabdeh2 götürdükləri 30 000 (otuz min) manat krediti 5-6 ay müddətinə ödəyib borcu bağlayacağına inandırdığı üçün ona etibar edib inandığından zamin olmağına razılıq verib. Bu yaxınlarda ona məlum olmuşdur ki, borcalan Cavabdeh1 ilə “X1” Açıq Səhmdar Cəmiyyəti əlavə kredit müqaviləsi bağlanılmış və bu kredit müqaviləsini isə yenə də əvvəlki nömrə ilə 504micKPZ/24 saylı, xx.xx.2024-cü il tarixli, kredit müqaviləsi əsasında bağlamışlar. Ancaq bu dəfə zaminlik müqaviləsi bağlayarkən ona məlumat verməmişlər və onun razılığı olmadan əlavə kredit müqaviləsi bağlanmışdır və kredit müqaviləsinin şərtləri zamin kimi razılığı olmadan dəyişdirilmişdir. Müəyyən səbəblərdən borc alan kreditin ödənişini vaxtında edə bilmir və xəbəri olmadan borclu bankla razılaşaraq borcun ödəniş müddətini xx.xx.2027-ci ilə uzatmışdır. O zamin kimi bu dəyişikliyə razılıq verməmiş və imza atmadığından belə hesab edir ki, zaminliyə xitam verilməlidir. Çünki, o, zamin durarkən borcalan Cavabdeh1 və onun atası onunla birlikdə işləyən iş yoldaşı Cavabdeh2 götürdükləri krediti 5-6 ay müddətinə ödəyib borcu bağlayacağına bankın işçilərinə və ona söz verib öhdəlik götürmüşlər. Hazırda ailəsi və uşaqları ilə aralarında bərk narazılıqlar yaranmışdır. Bir neçə dəfə etiraz üçün Cavabdeh1 yaşadığı evə gedib narazılıqlarını bildirmişlər. Hər dəfə tezliklə krediti bağlayacaqları barədə banka və onlara bildirirlər. Möhtərəm hakim, borcalan Cavabdeh1 razılığı olmadan olduğu zaminlik onun üçün əlverişsiz şərait yaratmışdır. Belə ki, özünə kredit almaq istəyir. Zamin olduğu üçün banklar ona kredit vermirlər. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Hesab edirəm ki, iddia ərizəsinin dəlillərində və xahiş etdi hissəsində qeyrimüəyyənlik və tələbin dəqiq olmaması, cavabdehlərə yönələn tələbi müəyyən etmək mümkün deyildir. Belə ki, cavabdehə yönələn tələb əsaslandırılmamaqla, tələbdə cavabdehlərin hər birinə yönələn tələb göstərilməyərək, ümumi olaraq borcalan Cavabdeh1 ilə “borcverən” “X2”Açıq Səhmdar Cəmiyyəti aralarında bağlanmış 504micKPZ/24 nömrəli, 24 may 2024-cü il tarixli kredit müqaviləsi üzrə zaminliyin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş edilmiş, tələbini əsaslandırdığı halları göstərməmiş nəticədə tələbdə qeyri-müəyyənlik yaratmışdır. Həmçinin zaminlik müqaviləsi “X1” ASC-ilə bağlanılmasına baxmayaraq cavabdehlər başqa şəxslər göstərilmişdir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş sənədlərdə iddia ərizəsinin surəti qoşma kimi göstərilməsinə baxmayaraq iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilməlidir. Həmin Məcəllənin 150.1.1.-ci maddəsinin tələbinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 149.2.3 və 149.2.4–cü maddəslərinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.2.5–ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilməlidir. Həmin Məcəllənin 152.1.1–ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149–cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1–ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunmalıdır ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263–264 və 268–269–cu maddələrini rəhbər tutaraq, qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zaminliyin ləğv olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev İş № 2(5-124)-44/2026 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL 14 yanvar 2026-cı il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən məhkəmənin inzibati binasında iş üzrə tərəflərin iştirakı olmadan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zaminliyin ləğv olunması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxılır. Prosessual hərəkət saat 14:50-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq ərizənin icraata qəbul edilmədən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 14:55-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(5-124)-44/2026
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(5-124)-44/2026
14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver