Məhkəmə qərarları › İş №2(5-129)-25/2026

Xocalı Rayon Məhkəməsi Qərardad — İş №2(5-129)-25/2026

04.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 2(5-129)-25/2026 04.02.2026 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “fakt təsdiqi” barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “fakt təsdiqi” barədə ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxxx 1957-ci il tarixdə Xocalı şəhərində doğulmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1957-ci ildə Xocalı rayonunun Daşbulaq kəndində anadan olmuşdur. Məcburi köçkündür. Müvəqqəti olaraq Yevlax şəhəri, 32-ci məhəllə, bina 8, mənzil 29-da yaşayır. Şəhid ailəsidir. X1 26 fevral 1992-ci ildə Xocalı şəhərində (Xocalı faciəsi zamanı) şəhid olmuşdur. O, anadan olan zaman ona “doğum haqqında şəhadətnamə” verilmişdir. Lakin Xocalı faciəsi zamanı köçkün düşdükləri üçün ona məxsus olan şəhadətnamə orada qalmışdır. İddia ərizəsinə əlavə etdiyi şəxsiyyət vəsiqəsinin surətindən də görünür ki, o, xx xxxx 1957-ci ildə Xocalı şəhərində anadan olmuşdur. Ona yeni doğum haqqında şəhadətnamə verilməsi üçün maraqlı şəxsə müraciət etsə də, 16 dekabr 2025-ci il tarixli məktubla bundan imtina edilmişdir. Onun hazırda şəxsiyyət vəsiqəsi vardır. Lakin bu gün ona şəhadətnamə də lazımdır. Hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyildir və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan göründüyü kimi ərizəçinin doğum haqqında şəhadətnaməsi olmuş, lakin sonradan məcburi köçkün düşdüyü zaman sözügedən sənəd Xocalı rayonunda qalmışdır. Belə olduğu təqdirdə ərizəçi MPM-in 307.2.3-cü maddəsinin tələblərinə əsasən doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməli olduğu halda, o, doğum faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Halbuki mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən həmin faktlar fərqli hüquqi əhəmiyyəti olan faktlardır və həmin faktların xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsinin hüquqi nəticələri də tamamilə fərqlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmçinin ərizədə faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməmişdir. Halbuki MPM-in 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (MPM-in 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri MPM-in 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. MPM-in: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “fakt təsdiqi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar